Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:53

“Yazıçı əbədiyyətdə xalqın vəkilidir”

Rubrikamızın qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru, şöhrət ordenli Çingiz Abdullayevdir.

- Çingiz müəllim  ordu-cəmiyyət əlaqələrinə hansı şərhi verərdi?
- XIV əsrdə ingilislərdə belə bir deyim məşhur idi: "Əgər sən istəmirsən ordunu maliyyələşdirəsən, onda qonşu orduya pul verib saxlayacaqsan". Təbii ki, cəmiyyətdə ən böyük hörmət, ən böyük dəstək öz orduna olmalıdır  və ən böyük vəsait öz orduna ayrılmalıdır. Ona görə də güclü ordun varsa, sərhədlərini güclü müdafiə edə biləcəksən. Həkim, müəllim, mühəndis hörmətli peşədir. Lakin dövlətimizi müdafiə edən, xalqımızı, torpaqlarımızı qoruyan ordudur, onun şəxsi heyətidir, hərbçilərimizdir.  Cəmiyyətimizdə də ən böyük hörmət o insanlaradır ki, gecə-gündüz xalqımızın,  Vətənimizin, torpaqlarımızın, keşiyindədirlər.
- Yaradıcılıqda, ədəbiyyatda ordu mövzusu tarixin bütün dönəmlərində aktual olub. Dünya şöhrətli bir yazıçı olaraq bu barədə fikrinizi bilmək oxucularımıza maraqlıdır.
- Bəli, ədəbiyyat tarixən orduyla bağlı olub. Çünki müharibələrdə, döyüşlərdə qəhrəmanlar doğulur. Onları tərənnüm etmək, gələcək nəsillərə tanıtmaq lazımdır. Bu səbəbdən də orduyla ədəbiyyat qoşa addımlayır. Qədim yunan ədəbiyyatında Homer Troyadan yazanda döyüş, qəhrəmanlıq səhnələrini əsərinin süjet xətti kimi verirdi. Azərbaycan şifahi xalq ədəbiyyatında nə qədər qəhrəmanlıq dastanlarımız var. Böyük Vətən müharibəsi illərində xalq şairi Səməd Vurğun "Müsəlləh əsgərəm mən də bu gündən" deyib səngərlərdə, döyüş meydanlarında  yazdığı yeni şeirləriylə əsgərləri  faşizm üzərində qələbəyə ruhlandırırdı. Digər şair və yazıçılarımız da ön cəbhələrdə döyüşən əsgərlərimizin qəhrəmanlığını qələmə alırdı.
Qarabağ döyüşlərində şəhid olan neçə jurnalistimiz, şairimiz, yazıçımız var. Onlar qəhrəmanlıq göstəriblər, qələmlərini süngiyə çevirib Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər. 11 nəfər şair, yazıçı övladı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olub. Xalq şairi Xəlil Rzanın oğlu Təbriz Qarabağ müharibəsi başladığı ilk gündən könüllü olaraq cəbhəyə gedib, döyüşlərdə hünər göstərib. Xalam oğlu Nuru da Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub.  Şair, yazıçı həmişə  ədəbiyyatı ilə, yaradıcılığı ilə ordusunun yanındadır.  Bunu biz hər zaman belə görmüşük.
Azərbaycan Yazıçılar Birliyində vətənpərvərlik bölməsi var. Orada təmsil olunan şair və yazıçılar, yaradıcı insanlar cəbhə bölgələrinə gedir, hərbçilərimizlə görüşür, onlara kitablarını bağışlayırlar. Mən özüm də dəfələrlə cəbhə xəttində, ordu hissələrində əsgər və zabitlərimizlə görüşlər keçirmişəm. Bunu biz etməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur. Hərbi hissələrdə, Daxili Qoşunlarda, Dövlət Sərhəd Xidmətində və Hərbi Dəniz Qüvvələrində şəxsi heyətlə maraqlı görüşlərimiz olur. Biz həmişə ordumuzun yanındayıq. Bu görüşlər tez-tez olmalıdır. Hərbçilərimiz səngərdən, odun-alovun içindən yazan, qəhrəmanlığı tərənnüm edən yazıçısını və şairini lap tez-tez görməlidir, onunla tez-tez təmasda olmalıdır. Qarabağ müharibəsi mövzusu bitməməlidir. Düzdür, bu mövzuda çoxlu sayda əsərlər yazılıb, indi də yazılır, mən deyərdim ki, daha çox yazılmalıdır. Nə vaxtacan  torpaqlarımız düşmən işğalı altındadır, o vaxtacan Qarabağ müharibəsi  davam edəcək. Biz vətənpərvərlik təbliğatını daha da genişləndirməliyik, övladlarımızı, gənclərimizi vətənpərvərlik ruhunda böyütməliyik. Bu ədəbiyyatın birinci məqsədidir.
- 2016-cı ilin oktyabrında   Müdafiə naziri general-polkovnik Zakir Həsənovun xalq şair və yazıçıları, tanınmış elm xadimləri, ədəbiyyat nümayəndələri ilə görüşü keçirildi. Görüş barədə təəssüratlarınız.
- Bu görüşün əhəmiyyəti barədə çox danışmaq olar. Qısaca deyim ki, çox maraqlı və tarixi bir görüş idi. Nazirlə keçirilən qəbulda ordumuzun aprel döyüşlərindəki uğurlu qələbələrindən, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orduya göstərdiyi yüksək diqqət və qayğısından geniş söhbətlər apardıq.  Bu görüşdə, həmçinin ordu şair, yazıçı əlaqələri və ordu ziyalı əlaqələri barədə də ətraflı bəhs olundu. Mən özüm də ehtiyatda olan zabitəm və hərbçilərə böyük hörmətim var. Biz ordumuzla fəxr edirik, qürur duyuruq.
- Ötən əsrin 90-cı illərindəki ordumuzla bugünkü ordumuzun fərqini necə qiymətləndirirsiniz?
- 1991-ci ildə müstəqilliyini yenicə bərpa edən Azərbaycanda ordu quruculuğu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə ordu pərakəndə, dağınıq ordudan nizami və dünyanın ən müasir ordusuna çevrildi. Bu bir tarixi həqiqətdir. Diqqət edin, yadınızdadırsa, ölkəyə rəhbər gəldiyi ilk günlərdə Ümummilli Liderimiz cəbhə xəttində yerləşən hərbi hissələrə  gedirdi, döyüşən əsgər və zabitlərlə görüşürdü, onların qayğıları ilə maraqlanırdı. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirir və ölkənin ordu quruculuğunu prioritet məsələ hesab edir, daim diqqətində saxlayır. Bu gün dövlətimizin orduya ayırdığı vəsait Ermənistanın büdcəsindən qat-qat çoxdur. Azərbaycanın müdafiə qüdrəti gündən-günə daha da möhkəmlənir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün ordumuz dünyanın 50 ordusu sırasında yer alıb. Ordumuz dünyanın ən müasir silah və texnikası ilə təchiz olunur. Ölkəmizin müdafiə sənayesi müasir silah və texnikanın istehsalında önəmli yer tutur,  bir çox dövlətlərin təşkil etdiyi sərgilərdə iştirak edir. Ordumuzun 100-cü ildönümü ilə bağlı keçirilən  möhtəşəm parad bütün dediklərimizi sübuta yetirir. Azərbaycan Ordusunun silahlanmasına daxil olan ən müasir texnikalar, təyyarələr, gəmilər paradda nümayiş olundu.
- Ordumuzun aprel qələbəsi və bu qələbənin cəmiyyətə təsiri haqqında nə deyə bilərsiniz?
- Aprel döyüşlərindən danışarkən onu xüsusi qeyd etmək istəyirəm ki, gənclərimizdə olan ruh yüksəkliyi, qəhrəmanlıq, qorxmazlıq, döyüş əzmi, düşmənə nifrət, hər kəsin orduya bağlanması məni çox qürurlandırırdı. Gənclərimiz orduya səfərbər olunması üçün lazımi yerlərə müraciətlər edirdilər. Hər an Ali Baş Komandanın əmrini gözləyirdilər. "Neftçi" futbol klubunun iki nəfər üzvü döyüşə getməyə hazır idi.
- Ordu tariximizə də diqqətinizi çəkmək istərdim.
- Azərbaycanlılar orduda xidmət etməsələr də, amma görün, çar imperiyasında,   Cümhuriyyət tarixində, ondan sonrakı dönəmlərdə necə bizim tanınmış sərkərdələrimiz, qəhrəmanlarımız olub. Tam artilleriya generalları Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, Həzi Aslanov, Ziya Bünyadov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqaları dünya müharibələri tarixində xalqımızın qəhrəmanlıq salnaməsini yaradıblar. Qəhrəman xalqımız Heydər Əliyev kimi sərkərdə generalını yetışdirib. Onların hər birinin ömrü şanlı hərb tariximizin qızıl səhifələridir. Bu gün Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində xalqımızın cəsur övladları ata-babalarımızın o qəhrəmanlıq ənənələrini davam etdirir.
- Çingiz müəllim, yaradıcılıq planlarınızda yenə də Qarabağ mövzusu varmı?
- Bu mövzu yaradıcılığımın daimi mövzusudur. Həmişə məni narahat edir. Xalqımızın qan yaddaşına yazılan faciədə, həm də  şahidi olduğumuz Xocalı soyqırımında şəhidlik zirvəsinə ucalan dörd qəhrəmanımız var. Onlar haqqında sənədli əsər yazmağı düşünürəm. Qarabağ mövzusundan çox yazmışam. İstəyirəm ki, bu dəfə sənədli bir bədii əsər olsun. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində vaxtilə Xocalı sakini olmuş bir xanım çalışır. O, 11 yaşında olarkən Xocalı müsibətlərini, Xocalı dəhşətlərini öz gözləri ilə gördüyünü deyir. Anasının ermənilər tərəfindən vəhşicəsinə güllələndiyini, atasının da pusquda duran erməni cəlladları tərəfindən ağaca bağlanaraq yandırıldığını danışdıqca insanı dəhşət bürüyür. Göz yaşlarını saxlaya bilmirsən. Özü də bütün bu dəhşətlər o zaman kiçik yaşlarında olan bacı və qardaşlarının gözü önündə baş vermişdi. Qarabağda dinc insanların başına gətirilən belə hadisələri sənədli əsərlərə çevirmək lazımdır. "Əclafların qanunu" romanım sırf Qarabağla bağlıdır. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra İbrahim Şükürovla birlikdə üç günə "Qara Yanvar" kitabını rus dilində hazırladıq və Moskvaya göndərdik. O zaman həmin kitabı bütün SSRİ deputatlarına paylamışdılar. Bu gün  Heydər Əliyev Fondu Qarabağ həqiqətləri ilə bağlı kitabları xarici dillərə çevirərək dünyaya yayır. Görün, Xocalı soyqırımı ABŞ-ın  neçə ştatında tanınıb. Qəzet, jurnal, radio, televiziya ən böyük təbliğat vasitəsi olduğu kimi, kitab da bunların sırasında ən böyük təbliğat vasitəsidir. Kitabda nəyisə yazırsansa o qalacaq. Ona görə kitab ən gözəl təbliğat vasitəsidir. Mən həmişə deyirəm ki, yazıçı əbədiyyətdə xalqın vəkilidir.
- Çingiz müəllim, söhbətimizin sonunda ənənəvi bir sual: ordumuzun şəxsi heyətinə arzu və istəkləriniz?
- İstəyim yalnız Qarabağımızın, torpaqlarımızın azadlığını görməkdir. Ordumuzun aprel döyüşlərində yazılan zəfər dastanı bizi Böyük Qələbəyə səsləyir. İnanıram ki, güclü ordumuzun sayəsində Ali Baş Komandanın rəhbərliyi altında Böyük Qələbəyə  nail olacağıq.

Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"