Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:48

“Mən də qəhrəman olacam”

Həyat yolunu mənalı və məqsədli şəkildə quran, daim öz üzərində çalışan insanlardan biri də həyatını Vətəninə xidmətə həsr edən, öz bacarığı, qabiliyyəti və əməyi ilə ucalan baş gizir Əhməd Əhmədov 1980-ci ilin isti yay günlərindən birində Lənkəranda dəmirçi ailəsində dünyaya göz açıb. Böyüyüb boya-başa çatdığı Girdəni kəndində Əhmədin atası Mirqasım kişi zəhmətsevərliyi ilə hamının hörmətini qazanıb.
Əhməd böyüyür, ata sənətindən hali olur. Öz işinə bağlı olan Mirqasım kişi dəmir döyməyi, forma verməyi və sahibi olduğun peşəyə bağlılığı oğluna aşılayır.
Təhsil aldığı məktəb 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Məhəmməd Bağırovun adını daşıyırdı. Zaman ötdükcə təhsilində uğurlar qazanan məktəbli Əhməd əmisi Akirin də təsiri ilə hərbçi olmaq istəyir. Yuxarı siniflərə çatanda Əhmədin daha bir qabiliyyəti üzə çıxır - taxtanı yonaraq gözəl fiqurlar hazırlayır, dəmiri döyərək istədiyi formaya salır. 
Əhməd ixtisas seçimində tərəddüd edir. Kimi ona dəmirçi, kimi incəsənət adamı, kimi də hərbçi olmağı məsləhət görür. 1998-ci ildə orta məktəbi bitirəndə müddətli həqiqi hərbi xidmətə yollanır. Düşmənlə üzbəüz mövqedə yerləşən hərbi hissələrdən birində Vətən borcunu yerinə yetirməyə başlayır. Əhməd nizam-intizamı ilə fərqlənir. Xidmətini düzgün qurmağı, Vətənə necə layiqincə xidmət etməyi bölük komandirindən - hazırda polkovnik olan Polad Həşimovdan öyrənir. Təcrübəli və vətənpərvər zabit bütün əsgərləri kimi, Əhmədə də hərb elminin sirlərini öyrədir. Əhməd komandirinin əmr və tapşırıqlarını vaxtında icra edir. Pulemyot manqa komandiri vəzifəsinə təyin olunur. Təyinatının ilk günlərində kiçik komandir birləşmə üzrə keçirilən pulemyotçular yarışına göndərilir. Yarışda avtomatik və tək-tək atışda bütün iştirakçıları qabaqlayan Əhməd birinci yerə layiq gorülür.
Xidmət müddətini uğurla başa vuran manqa komandiri fəxri fərmanları və ürəkaçan xidməti xasiyyətnaməsi ilə doğma Girdəni kəndinə qayıdır. Yenə ixtisas seçimi, tutmalı olduğu həyat yolu aktual məsələyə çevrilir. Mirqasım kişi dəmirçi olmasını, ata sənətini davam etdirməsini, Cəmilə ana isə gözünün ağı-qarası Əhmədinin daha asan işlə məşğul olması üçün təhsil almasını istəyir. Lakin ən düzgün və şərəfli yolu hərbçi əmisi Akir kişi göstərir. "Əhməd, nə qədər ki, Azərbaycan var, nə qədər ki, torpaqlarımız işğaldadır, biz Vətənə xidmət etməliyik. Sən hərbçi olsan, heç vaxt peşman olmayacaqsan". Əmisinin sözlərindən sonra komandiri Polad Həşimovun dediyi "Vətənin bizlərə -  sağlam, iradəli və bacarıqlı döyüşçülərə ehtiyacı var. Qarabağı azad etməli, üçrəngli bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə... dalğalandırmalıyıq" sözlər Əhmədin fikrini qətiləşdirir. O, şərəfli həyat yolunu ömür yoluna çıraq edir. 2002-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində motoatıcı ixtisası üzrə gizir hazırlığı kursuna  daxil olur. O, hərbi xidmətdə öyrəndiklərini təkmilləşdirir. Təlimlər zamanı keçdiyi döyüş və fiziki hazırlıq dərslərinə, təlim atış çalışmalarına həvəslə diqqət yetirir və təcrübəli zabitlərin hərbi biliklərini mənimsəyir. Kursu başa vurduqdan sora "N" hərbi hissəsində xidməti vəzifəsinə başlayır.
Əhmədlə tanışlığımız da xidmət başında olub. Baş gizir rütbəsi ilə təmir taqımının komandiri vəzifəsindədir. Uzun illər, çətin və şərəfli keçən xidmət yolu əl qabiliyyətini, atasının öyrətdiyi dəmirçilik sənətini ondan ala bilməyib. Gördüyü işlər və bacarığı yuxarı komandanlığın da diqqətindən yayınmayıb və bu vəzifəyə təyin olunub. Komandiri olduğu taqım döyüş və sülh zamanı təyinatına uyğun olaraq sıradan çıxmış texnikanı qısa müddətdə bərpa edir, bərpası mümkün olmayan texnikanın təxliyəsini həyata keçirir.
Əhmədlə söhbətimizdə daim mütaliə etdiyini öyrənirik.
"Atam dəmirçi, anam təhsilli, əmimsə hərbçi olmağımı istəyirdi. Düzdür, qərarımı verdikdə hər birinin inanılmaz dəstəyini gördüm. Mən şərəfli yol seçdim. Vətənimə xidmət edən hərbçiyəm, ata sənətinin davam etdirən dəmirçiyəm, anamın istədiyi kimi savadlıyam. Düşünürəm ki, Vətənimə də, ailəmə də xeyirli övladam. Bu həyatda mənə daim dəstək olan ailəmə, xidmətimi daim qiymətləndirən Milli Qəhrəmanımız general-leytenant Rövşən Əkbərova dərin minnətdarlığımı bildirirəm".
Vətənpərvərliyi, bacarığı, gördüyü işləri ilə hamı tərəfindən sevilən Əhmədi yuxarı komandanlıq daim mükafatlandırır.
"Xidmətimi nöqsansız qurmağa çalışmışam. Bacardığımı da düşünürəm. Çünki bütün komandirlərim tərəfindən hər zaman mükafatlara, fəxri fərmanlara layiq görülmüşəm. Bunlar arasında mənim üçün əvəzedilməzi isə Milli Qəhrəman general-leytenant Rövşən Əkbərovun Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə üzərində adının həkk olunduğu saat hədiyyə etməsi oldu. Bu saata ömrümün sonuna qədər baxaraq xidmət illərimi xatırlayacam", - deyə Əhməd bildirdi.
Həmsöhbətimizin gözəl əl qabiliyyəti olduğunu bildiyimiz üçün kiçik emalatxanasına da baş çəkdik. Taxtadan yonulmuş müxtəlif fiqurlar, tariximizi əks etdirən atributlar, hazırladığı qılınc və qın valeh edəcək dərəcədə gözəldir. Emalatxananın ən hündür yerində Milli Qəhrəman medalını əks etdirən şəkil olduğunu görürəm. Fotoya diqqətlə baxdığımı görən Əhməd deyir: "Qəhrəman olmaq hər bir azərbaycanlının arzusudur. Lakin qəhrəman kimi ölmək hər kəsə qismət olmur. Mən tezliklə Ali Baş Komandanımız  İlham Əliyevin sərkərdəliyi ilə Qarabağımızın azad edilməsinin arzusundayam. Qəhrəman kimi döyüşüb, qəhrəman olmaq istəyirəm". 
Emalatxanada gördüyüm və diqqətimi çəkən balaca yaş kötük barəsində soruşuram.
"Yaş kötüyə önəmli tarixlər həkk olunur. Mən də Qarabağın işğaldan azad olunma tarixini və ehtiyata buraxılma əmrimi bu kötüyə həkk edəcəm", - baş gizir Əhməd Əhmədov dedi.
Vətənpərvər, xalqına, millətinə bağlı insanlarla, bacarıqlı hərbçilərlə qürurlanırsan. Torpaqlarımız işğaldan azad olacaq. Əhməd kimi  ömür payını ləyaqətlə, vicdanla, kişi kimi yaşayanlar həmişə ehtiramla anılacaq...


Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR