Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2018 09:24

Ölkənin dövlət maraqları ciddiliklə nəzərə alınmalıdır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin “Konflikt jurnalistikası məktəbi” adlı birgə layihə Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən dördüncü dəfədir keçirilir. Layihəyə əsasən dinləyicilər hadisə yerinə tələsən reportyorun ərazini tanıması, səmtləməni bilmə, obyektin uzaqlığını gözlə təyin etmə, səsin uzaqlığını müəyyən etmə və s. barədə mühazirələr dinləyir, hərbi hissədə təcrübi vərdişlər öyrənirlər.
Müsahibimiz "Dinc Dünya" Araşdırma Mərkəzinin sədri, ehtiyatda olan zabit, jurnalist Əlisafa Mehdiyevdir.

- Əlisafa müəllim, 2014-cü ilin avqustunda Qarabağda düşmənlə qoşunlarımızın təmas xəttində yaranan gərginlik zamanı bəzi redaksiyalarda, daha çox da elektron mediada hərbiyönümlü  informasiyaların dərc edilməsində qeyri-peşəkarlığa yol verildiyini xatırlayırsınızmı?
- Xatırlayıram. O zaman müharibə şəraitində yaşayan Azərbaycanın informasiya məkanında belə halların gələcəkdə təkrarlanmaması üçün dövlət səviyyəsində təcili və zəruri tədbirlər oldu. O tədbirlərdə ölkəmizin müdafiə qabiliyyətinə xələl gətirən bu cür informasiyaların yayımlanması üçün KİV-in məsuliyyət anlayışı daha da qabardıldı. Nəticə etibarı ilə, həmin il sentyabrın 24-də ölkə Prezidenti "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələrinin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam verdi. Bu da ölkəmizin informasiya təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsi üçün təcrübə-təlim bazasının yaranmasına zəmin oldu.
- Keçmiş zabit və bu gün peşəkar hərbi media eksperti kimi bu mövzuda yazan jurnalistlərə tövsiyələriniz.
- Hər şeydən öncə hər bir media təmsilçisi ilk növbədə ölkəmizin milli və dövlət maraqlarını ciddiliklə qorumağı öyrənməlidir. Bir səs-küy eşidən kimi ora qaçan "reportyor" bu sahənin peşəkarı ola bilməz. Uzun illərin təlim-dərslərini keçməlidir. Bu, mənəvi borcdur, vətəndaş vəzifəsidir, qaçılmazdır, keçilməzdir. Torpaqlarının bir qarışı belə işğal altında olan jurnalist informasiya cəbhəsində düşmənlə döyüşürmüş kimi normalara əməl etməlidir. Bu şəraitdə hər kəs vətəndaşlıq mövqeyində ciddi olmalıdır.
Hərbi mövzuda yazan KİV əməkdaşı aldığı informasiyanı dəqiqləşdirmədən və yoxlamadan yayırsa, jurnalistikanın əsas qanunlarını pozmuş olur. Çünki belə hallarda cəmiyyətdə çaşqınlıq yaşanır, KİV-in cəmiyyət qarşısında öhdəlikləri pozulur. Bu xəbərləmə dövlətin informasiya siyasətinə zədə vurursa, birmənalı şəkildə vətənə xəyanət motivləri ilə cinayət törətmiş olur.
Artıq demək olar ki, akademik səviyyədə təhsil bazası formalaşdırmışıq. Tövsiyəm bu sahədə çalışanların təlimə gəlməsidir.
- İnformasiya təhlükəsizliyi dövlət qanunları ilə tənzimlənir. Bunları bildiyi halda və konkret halda hərbi mövzuda yazan jurnalist məxfiçiliyin qorunmasında hansı məqamlara ciddi nəzər yetirməlidir?
- Məsələn, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətin sayı barədə məlumatlar və eyni zamanda "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mühafizə olunan dövlət sirri təşkil edən məlumatların yayılması həmin qanunun 5-ci maddəsinə əsasən qadağandır. Hərbi sahədən material hazırlayan KİV nümayəndəsi, bir qayda olaraq, ilk növbədə Müdafiə Nazirliyi ilə faktı dəqiqləşdirməli və verəcəyi xəbərə həssaslıqla yanaşmalıdır. Onu da deməliyəm ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan KİV-i keçən nöqsanlardan ciddi nəticə çıxararaq və görülən tədbirlər nəticəsində qanunlara söykənərək tələblərə uyğun hərəkət etdi.
- Ölkə Prezidentinin məlum sərəncamından irəli gələn tələblərlə bağlı 29 oktyabr 2015-ci il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonada fəaliyyətinin tənzimlənməsi" haqqında əmr imzaladı. Sərəncamda əks olunan məsələlərin  yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Müdafiə Nazirliyi ilə sizin rəhbərlik etdiyiniz "Dinc Dünya" Araşdırma Mərkəzi ilk olaraq "Ekstremal şəraitdə fəaliyyət göstərən jurnalistlərin psixoloji hazırlanması və təcrübi bilgiləndirməsi" adlı birgə layihəni gerçəkləşdirdi. Məhz sizin təşəbbüsünüzlə reallaşan bu layihə barədə məlumat verməyinizi xahiş edirik.
- Elə o sərəncama əsaslanaraq "Dinc Dünya" Araşdırma Mərkəzinin ehtiyatda olan zabit üzvləri və jurnalistika mütəxəssisi olan üzvləri "Ekstremal jurnalistika"nın Azərbaycanda ilk dəfə peşəkar səviyyədə öyrədilməsi ilə bağlı Müdafiə nazirinə əsaslandırılmış məntiqlə layihə təklifi ünvanladı. Bundan sonra nazir layihənin Müdafiə Nazirliyinin bazasında qurulmasına bütün şəraiti yaratdı. İndi, 4 ildən sonrakı fərqi özünüz dəyərləndirin. Nazirliklə birgə qurulan layihəmiz deyilən istiqamətlərdə uğurla reallaşır. Onu qeyd edim ki, "Ekstremal şəraitdə fəaliyyət göstərən jurnalistlərin psixoloji hazırlanması və təcrübi bilgiləndirilməsi" adlı ilk  birgə layihəmiz mərkəzimizin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının və Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin təşkilati dəstəyi ilə gerçəkləşir. 2015-ci ilin noyabr-dekabr aylarında keçirilən təlimlərdə hərbi mövzuda yazan jurnalistlərə nəzəri-təcrübi biliklər aşılanmışdı. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması məsələlərini ciddi öyrənmək üçün qurumumuz layihələrini bu gün səngər yaxınlığında poliqonlarda yüksək şəraitdə reallaşdırır.
- Əvvəlki illərlə müqayisədə kiçik nöqsanlar nəzərə alınmazsa, hərbi mövzuda yazan jurnalistlərdə ciddi peşəkarlıq hiss olunur. Bu barədə də fikrinizi bilmək maraqlıdır.
- Media rəhbərləri, bəzi dövlət qurumlarında təmsil olunan şəxslər deyirlər ki, keçirilən layihələrin nəticəsi var. Deməli, təlimlər öz bəhrəsini verir. Əlbəttə, hər bir insan əməyinin, çəkdiyi zəhmətinin bəhrəsini görəndə sevinməyə bilməz. Təlimlər davamlı olaraq keçirilirsə, deməli, "Konflikt Jurnalistikası Məktəbi" öz səmərəsini verir. Təlim həm də internet üzərindən aparılır.
- Keçirilən təlim kurslarında indiyədək neçə nəfər media nümayəndəsi iştirak edib?   
- Bu il 20 nəfər təlim alan KİV əməkdaşını da  nəzərə alsaq, ümumilikdə 140 nəfərə diplom vermiş olacağıq. Təbii ki, minlərlə hesablanan Azərbaycan jurnalistlərinin ölçüsündə bu çox azdır. Biz davamlı olaraq min, iki min nəfərə təlim keçməliyik ki, bunların sırasından gələcəkdə 20-30 nəfər peşəkar müxbir, reportyor və operator, mövzu üzrə mütəxəssis kimi fəaliyyət göstərməyi bacarsın.
- Əlisafa müəllim, “Konflikt Jurnalistikası Məktəbi”ni yaradarkən hansı beynəlxalq və ayrıca ölkənin təcrübəsindən yararlandınız?
- Türkiyə Cümhuriyyətinin Anadolu Ajansındakı Savaş Mühabirliyi Okulunun və həm də Moskva Dövlət Universitetinin nəzdində yerləşən Ekstremal Jurnalistika Mərkəzinin təcrübələrini götürdük. Onu da deyim ki, bunlar fərqli-fərqli məktəblərdir. Savaş Mühabirliyi Okulunda hadisə yerində sağqalma təlimləri keçirilir. Amma MDU-nun Ekstremal Jurnalistika Mərkəzində daha çox informasiya müharibəsinə yön verilir. Dezinformasiyalar, alınmış informasiyanın yönəldilməsi və sairə. Biz isə hər iki qurumun qarışığı olan Azərbaycan mühitinə və dövlətçiliyinə xidmət edən bir məktəb yaratdıq. Beləliklə, Azərbaycanda konflikt jurnalistikası məktəbinin akademik modelə oxşar formasını ortaya qoya bilmişik.
Onu da əlavə edim ki, Sərhədsiz Jurnalistlər Təşkilatı (RSF) araşdırmalar mövzusu üzrə xeyli beynəlxalq təcrübə verdi. Ümumdünya Mülki Cəmiyyət Qurumları ciddi maddələrlə sözünü deyən təşkilatdır. Onların təcrübələrini diqqətlə öyrənirik. NBC Nyus-un təlimləri ekstremal halların işıqlandırılması zamanı hər hansı komissiyanın, ya komitənin məsləhətlərinə deyil, təcrübəli, peşəkar jurnalistlərin yaxşı təcrübəsinə söykənmək gərək olduğunu deyir. Bu tipli fövqəladə vəziyyət bəzən o qədər kəskin olur ki, hadisələrin təqdimatında redaktorlar dəqiqlik, vaciblik, mülahizələrin düzgünlüyü, olayların inkişafını anlamaq, qərəzsizlik, informasiyanın harmoniyalılığı kimi məsələlərdə çox diqqətli və ehtiyatlı olmalıdır. Bax, bu deyilənlər az qala “Konflikt Jurnalistikası Məktəbi”nin kredosudur.
- Dörd il ərzində təlim keçənlər neçə mühazirə dinləyib?
- Mühazirələrin sayı 100-ü keçib. Burada həm dövlət qanunları, həm cəmiyyət qaydaları, həm də jurnalistikanın qızıl qaydaları (yəni, təlimə qədər) öyrədilir. Ekstremal vəziyyətdə səngərdə, dağda, meşədə sağqalma qaydaları öyrədilir. Sonra isə toplanan faktların necə və hansı formada istehlakçıya ötürülməsi prosesi öyrədilir. Zaman-zaman mövzular çoxalır. İnanıram ki, yaxın gələcəkdə bütün redaksiyalar jurnalistlərini, reportyorlarını “Konflikt Jurnalistikası Məktəbi”nə təlim kurslarına göndərəcək.
- Təlim kurslarında ilkin olaraq jurnalistlər hansı vərdişlərə yiyələnir?
- Təbiidir ki, ekstremal hadisə yerinə gedən jurnalist ekstremal jurnalistikanın universal qaydalarını bilməlidir. Əgər sadə bir cümlə qurmağı bacarırsa və gedib oradan “qəhrəman” kimi qayıdırsa, hərbin qanunlarını, hərbi davranışı, silah və texnikanı bilməyə-bilməyə gəlib dövlətin informasiya təhlükəsizliyi prinsiplərini pozursa, bu jurnalistika deyil. Biz elə bu məsələləri öyrədirik: silahla təmasda olmaq, hərbi qulluqçularla təmasda olmaq, zirehli texnika ilə təmasda olmaq və özünü bu mühitin bir nümayəndəsi kimi tanımaq, elə bil özü barədə danışırmış kimi cəmiyyətə informasiya  vermək. Bizim təlimlərimiz bunlara köklənib. Yüksək rütbəli zabit dostumuz bir dəfə söhbətində dedi ki, səkkiz il oxuduqdan sonra leytenant rütbəsi aldım, lakin hərbidən danışmağa ehtiyat etdim. Amma bu jurnalistlər səkkiz cümlə yazandan sonra istəyirlər ki, hərbidən roman yazsınlar. Biz istəyirik ki, jurnalist hərbin içində olsun. Yalnız bundan sonra o, nəyin necə yazılacağını və həm də dövlətin informasiya təhlükəsizliyinə xələl gətirməyəcəyini müəyyənləşdirə bilər.
Bununla birgə, təlimalanlar təhlükəsizlik qaydalarına qol çəkirlər, sığorta olunurlar, tibbi müayinədən keçirlər, stringer forması geyinirlər və s.
- “Konflikt Jurnalistikası Məktəbi”ni perspektivdə nə gözləyir?
- Məktəbin artıq keçən ilin oktyabrından planları tutulub. Tədris proqramı var. Bu ilin sentyabrından BDU-nun jurnalistika fakültəsində konflikt jurnalistikası mövzusu tədris edilməsi planlaşdırılıb. Ekstremal jurnalistika konflikt jurnalistikanın tərkib hissəsidir. Yəni, biz təkcə döyüşdə, yanğında, seldə, daşqında, uçqunda, texnogen hadisələrdə deyil, sadəcə olaraq vətəndaşla, məmurla qarşılıqlı münasibətlərin tənzimlənməsində də konfliktləri öyrənirik və  öyrədirik. Ona görə də bizim məktəb, demək olar ki, çox geniş akademik səviyyəli mövzu yükünə malikdir.
- Son sözünüz?
- Qeyd etdiyim kimi, artıq dördüncü ildir media təmsilçilərinin Azərbaycan Ordusunda təcrübə kursları keçməsi üçün Müdafiə Nazirliyi böyük əmək sərf edir, maddi vəsaitini xərcləyir. Mən Müdafiə naziri general-polkovnik Zakir Həsənov başda olmaqla, bu layihənin gerçəkləşməsində əməyi olan bütün zabit heyətinə minnətdarlığımı bildirirəm. Müdafiə Nazirliyinin şərait yaratması bu məktəbin araya-ərsəyə gəlməsini reallığa çevirdi. Müdafiə Nazirliyi qapısını açdı, mütəxəssislərini verdi, səngərini verdi, poliqonlarını verdi. Məhz ona görə də Azərbaycan konflikt jurnalistikası bu təcrübələrin bazasında yarandı.

Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"