Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2018 09:20

“Gənc Heydərçilər”in yay istirahət düşərgəsi davam edir

Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyəti tərəfindən "N" hərbi hissəsində təşkil olunan "Gənc Heydərçilər"in hərbi vətənpərvərlik təmayüllü düşərgəsindəyik. Xəfif meh əsir, ara-sıra yağış çisələyir. Yay fəsli olsa da, bu gün bütün əlamətləri ilə payız havasıdı elə bil. Təbiət havası ruhumuza sığal çəkir...
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti Əfqan Əliyev dedi ki, təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin döyüşlər zamanı şəhid olmuş və cəbhə xəttində xidmət edən zabitlərin övladlarının iştirak etdiyi  "Gənc Heydərçilər" layihəsi artıq 5-ci ildir gerçəkləşir və gəncliyin Vətənə sədaqət ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyətə malikdir. "Müasir dövrdə hər bir ölkənin inkişaf siyasətinin əsasında dayanan amillərdən biri də gənclərin dünya görüşünün hərtərəfli inkişafının təmin edilməsidir. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi üçün mühüm amillərdəndir. Çünki möhkəm və güclü dövlətin varlığı gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların Vətənə sevgisindən çox asılıdır. İnsanın Vətənə bağlılıq hissinə malik olması onun ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında birincilərdən hesab olunur. Bu məsələ cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir. Bu hiss onun əsas komponentlərini də - doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, uğrunda çalışmaq, ona əməlləri ilə faydalı olmaq, onu qorumaq kimi keyfiyyətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlılıq, sədaqətlilik əlamətlərini də yada salır. Vətənə sədaqət ruhu ilk növbədə ailədən, uşaqlıq çağından  başlamalıdır. Həmin vaxtdan aşılanan fikirlər uşağı gələcəkdə bir şəxsiyyət olaraq formalaşdırır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Vətənpərvərlik, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq da vətənpərvərlikdir.” Tədbirin keçirilməsində məqsəd məhz bu hisslərin təbliğidir.  Nəzərə almaq lazımdır ki, uşaqlarda bu hiss tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. "Gənc Heydərçilər" layihəsində iştirakçıların intellektual və vətənpərvər ruhda formalaşması istiqamətində lazım olan bütün addımlar atılır və müsbət nəticə əldə edilir. Gələcək əsgərlərimizin hərbi təlimatlarla, şəxsi heyətin gündəlik həyat və fəaliyyəti ilə, hərbi hissədəki şəraitlə,  hərbi hissənin silah və döyüş texnikası,  əsgərlərin gündəlik həyatı ilə tanış olması üçün  hər cür şərait yaradılıb. Yeniyetmələrin ordu haqqında təəssüratları xeyli zənginləşib. Uşaqların təlim-tərbiyə işləri ilə hərbi hissənin zabit, gizir və çavuşlarından ibarət qrup, Səbail rayonunun orta məktəblərində çalışan idman və hərbi hazırlıq müəllimləri, universitetlərin fəal tələbələri məşğul olurlar. "Gənc Heydərçilər"in  hərbçilərlə yaxından təmasını təmin etməklə həm gələcəkdə hərbi xidmətə daha yaxşı hazırlaşmalarına, həm də hərbçi peşəsinə  maraqlarının artırılmasına çalışırıq.
Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada yeniyetmələrin istirahəti üçün bütün imkan yaradılıb: "Düşərgənin hərbi vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar xüsusi geyim forması ilə təmin edilib. Günün birinci yarısınadək keçirilən dərslərdə uşaqlara hərbi xidmətlə bağlı ilkin anlayışlar aşılanır. İkinci yarısında mədəni-kütləvi tədbirlər keçirilir. Yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunurlar. Onların təbiət qoynunda nahar etmələri də  təşkil edilir. Lahiyə iştirakçıları ölkəmizin Şimal rayonlarının görməli yerlərini ziyarət ediblər.”
Zabit Əfqan Əliyev "Gənc Heydərçilər"in hərbi xidmət haqqında müəyyən məlumatlar əldə etdiyini, bir çoxunun gələcəkdə bu peşənin davamçıları olacağına əminliyini vurğuladı.
Yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif oyunlar, yarışlar, viktorinalar keçirilir. "Gənc Heydərçilər"in dünyagörüşünün formalaşmasına xidmət edən  inşa müsabiqəsi belə tədbirlərdəndir. Mahiyyət etibarilə vətənpərvərlik duyğularının daha da yüksəldilməsini təmin edən belə müsabiqələr həm də yaradıcılıq imkanlarının genişləndirilməsi üçündür. Müsabiqədə heç bir şərt - inşanın həcmi, konkret mövzu olmur.
Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi yazır: "Vətənə xidmət etmək çətin və məsuliyyətli olsa da şərəflidir." Hərbi xidmətin şərəfli olduğunu duyan, bu şərəfi yaşayan gələcək cağırışçı, gələcək əsgər, təbii ki, Vətən üçün yaşanılan ömrün dəyərli olduğunu dərk edir. "Gənc Heydərçilər"in yay düşərgəsi bu baxımdan dəyərləndirilir.
Yusif Cəfərzadə Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsidi, universitetin "İqtisadi Vətənpərvərlər Mərkəzi"nin sədridi. "Gənc Heydərçilər"in vətənpərvərlik təmayüllü yay düşərgəsində təlimatçı kimi iştirak edir. O yazır: "Belə tədbirlərin işğaldan azad edilmiş torpaqlarda keçirilməsini arzulayırıq. O torpaqları sən azad edəcəksən, Azərbaycan əsgəri!" Bu amalla yaşayan çağırışçı, təbii ki, bu amalla xidmət edən əsgərlərin ruh qardaşıdı.
"Əsgər, əgər sən varsansa, Vətən də var. Əsgər qardaşım, biz sənə inanırıq, güvənirik. Vətənə xidmətinizlə hamımızın əzizisiniz" - bu cümlələri Səbail rayonu 91 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fariz Quluzadə yazıb. Belə duyğusal müraciət əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xidmət etmək istəyidir. Çağırışçılar əsgərlərimizin bu ruhda xidmət etməsini arzulayır.
Fariz Abdullayev inşasında şəhidlərimizi xatırladır, Azərbaycan əsgərinə xitabən yazır ki, onların amalını siz gerçəkləşdirəcəksiniz. Bu, bir xalqın istəyi olsa da, ümumilikdə xalqın istəyidir.
Amin İslamov inşasında vətənpərvərlik təmayüllü yay düşərgəsinin onun düşüncələrinə təsirindən, hərbi xidmətdə olmaq istəyindən danışır, həm də o qədər sevgilərlə danışır ki, onun səmimiliyinə tərəddüdsüz inanırsan.
Elmir Salahlı Quba rayonunda anadan olub. "Düşərgəyə gəlməmişdən əvvəl də hərb həyatı ilə maraqlanırdım. Televiziyalarda göstərilən hərbi məzmunlu verilişləri böyük maraqla gözləyir və izləyirdim. Burada özümü əsgər kimi hiss edirəm. Səhər 06:00-da yuxudan oyanırıq. Səhər gimnastikasından sonra bizə otaqlarda səliqə-sahman yaradılması üçün vaxt verilir. Səhər yeməyindən sonra sıra hazırlığı məşğələsi  keçirilir. İstər səhər yeməyi, istərsə də günün digər vaxtları üçün yeməklər çox dadlıdır. Biz, həmçinin hərbi hissədə olan yeni silahlarla da tanış oluruq. Onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat öyrənir, praktiki olaraq göstərilən formada söküb-yığmağa çalışıram. Asudə vaxtımızın səmərəli keçməsi üçün tarixi abidələrlə tanışlığımızı deməyi unutmayım. Bir sözlə, həm istirahət edir, həm də biliklərimizi təkmilləşdiririk. Mən burada həm də yeni dostlar qazandım. Bizə yaradılan şəraitdən məmnunuq."
Onur Musazadə aprel döyüşlərində şəhid olmuş pilot Təbriz Musazadənin oğludu. 10 yaşlı Onur "Atatürk lisesi"ndə təhsil alır. “Hər zaman atamla fəxr edirəm və ona layiqli övlad olmağa çalışıram.  Düşərgənin başlamasını səbirsizliklə gözləyirdim. Hərbi qayda-qanunları sevirəm. Mən də atam kimi pilot olmaq istəyirəm".
Seyid Məmmədovun da atası hərbçidir. O da həmin istəklə yaşayır - zabit olmaq.
Yeniyetmələrin fikirlərini dinləmək xoşdur.
 
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar Rəhim YUSİFLİNİNDİR