Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2018 10:11

143 yaşlı qürurumuz

Azərbaycanda milli mətbuatımızın yaradılmasından 143 il ötür. Tarixə nəzər saldıqda iftixarla deyirik: bizim ilk mətbəəmiz, ilk teatrımız, ilk universitetimiz, ilk qəzet və jurnalımız olmuşdur. Bununla belə ilk mətbəənin yaranması mütərəqqi hadisələrdən biri idi.
İlk qəzetlər eramızdan əvvəl birinci əsrdə Roma imperatoru Yuli Sezarın dövründə meydana çıxdı. Yuli Sezarın göstərişi ilə gipsdən hazırlanmış lövhələrdə mühüm hökumət qərarları, hərbi yürüşlər və Roma həyatı ilə bağlı digər hadisələr haqqında məlumatlar verilirdi. Qəzet sözünə gəldikdə isə bu Venetsiyada xırda gümüş pul vahidi olmuşdur. Kiçik vərəqələrdə cəmiyyəti maraqlandıran bəzi məlumatlar yazılırdı və onlar bir "qazetta"ya satılırdı. İndi bizim başa düşdüyümüz mənada qəzet sözü, fransız naşiri Renodonun 1631-ci ildə Parisdə "La qazzetta" adlı dövrü nəşri buraxmağa başladığı vaxtdan geniş yayıldı.
"Əkinçi" ana dilində nəşr olunan ilk qəzetimizdir. 1875-ci il 22 iyulda nəşrə başlayan bu qəzetin yaranma tarixi ilə Azərbaycanda "Milli mətbuat və jurnalistika" günü kimi qeyd olunur. Həsənbəy Məlikov başladığı bu yolun çətinliyini anlaya bilirdi. Lakin o, başladığı bu mübarizdə qalib gəldi. Ana dilli ilk qəzet yarandı. O deyirdi: "Hər bir vilayətin qəzeti, gərək o vilayətin aynası olsun. Yəni, o, vilayətin sakinlərinin elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər dərdi, xahişi o qəzetdə çap olunsun ki, qəzetə baxan xalqı aynada görən kimi görsün". Milli mətbuatımızın ilkin missiyası maarifləndirmək olmuşdur. Qəzet səhifələrində nəşr olunan "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri" və digər şöbələr oxucuların bu nəşrin məzmunundan asanlıqla baş çıxarmağa kömək edirdi.
"Əkinçi"dən sonra mətbuatımız "Ziya", "Kəşkül", "Kaspi" kimi qəzetlərlə zənginləşməyə başladı. "Əkinçi" həm də "Təkamül", "Dəvəti-qoç", "Füqəra sədası", "Haqq" və digər mətbu orqanlarımız üçün bir mənbə, istinad yeri idi.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalı işıq üzü görür. "Molla Nəsrəddin"çilər xalqın anlayacağı dildə sadə və səlis yazırdılar. Bu jurnal cəmiyyətlə mətbuat arasında birgə fəaliyyətə nail oldu. Onunla eyni ildə çap olunmağa başlayan "Füyuzat" jurnalı isə bunun tam əksi idi. Qəliz və mürəkkəb cümlələr yalnız elitar təbəqənin anlayacağı dilə uyğun idi.
1992-ci ildə nəşrə başlayan "Azərbaycan Ordusu" qəzeti səngərdə olan əsgərlərimizlə bizi birbaşa ünsiyyətdə saxlayır. Ordumuzun, texnikamızın gücündən xəbər verir.
Mətbuat cəmiyyətlə əlaqə yaratmağın ən asan yollarından biridir. Fəxarətlə deyə bilərik ki, milli mətbuatımız böyük mübarizə və müstəqillik yolu keçərək indiki səviyyəyə çatdı. Müstəqillik əldə olunandan sonra yazılarda əlvanlıq və fikrin səlis ifadəsi aydın nəzərə çarpdı. İndi ölkə ərazisində mətbuat və söz azadlığı qorunur. Tarixi bir yol keçmiş milli mətbuatımız bu gün ölkədə söz azadlığının tribunasıdır.

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi