Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2018 10:05

Ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətə, dövlətçiliyə dərin sevgilərlə, qürurla dediyi bir fikri qürurla xatırlayıram: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". "Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir" - kəlamını da bu duyğularla xatırlayıram. Ölkə Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasət məhz bu qətiyyətdən rişələnir...
Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlıdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının siyasi-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi, ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərdi... Bu tarix 2016-cı ilin aprelidi - aprel döyüşləridi, 2018-ci ilin mayıdı - Naxçıvan əməliyyatıdı. Bu tarix 2018-ci ilin iyunudu - Bakıda keçirilən hərbi paraddı. Bunlar təsdiqlədi ki, Azərbaycan Ordusu işğala birdəfəlik son qoymağa qadirdir. Bu reallığı dünyanın aparıcı dövlətlərinin hərbi ekspertləri də deyir, reallığa milli prizmadan deyil, elə reallıq prizmasından yanaşan erməni politoloqları, hərbi ekspertləri də etiraf edir.
Zəif ordu tarix yazmağa qadir deyil. Azərbaycan Ordusu 2016-cı ilin aprelində tarix yazdı, bu tarixi Azərbaycan Respublikasının Prezidenti "Aprel zəfəri dərsliklərə salınmalıdır" - kimi dəyərləndirdi. Bu tarix sülh danışıqları baş tutmasa, BMT-nin məlum qətnamələri yerinə yetirilməsə, Azərbaycan əsgərinin yazacağı daha möhtəşəm tarixin başlanğıcı olacaq. Bu tarixə Böyük Qələbə deyəcəyik - səngəri sərhədlərimizə köçürdüyünə görə, ərazi bütövlüyümüzü bərpa etdiyinə görə, işğaldan azad edilmiş Horadizlərdə, Lələtəpələrdə, Bayraqtəpələrdə, Günnütlərdə Azərbaycan bayrağı dalğalandığına görə, işğaldan azad edilmiş kəndlərimizin hər birinin Cocuq Mərcanlı kimi yenidən qurulduğuna görə, Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici siyasəti məhz buna hesablanıb. Bu çıxış bu inamın çıxışıdır. Bu çıxış bu qətiyyəti işğalçı dövlətə də, onun havadarlarına da çatdırma çıxışıdı. Bu çıxış Azərbaycan Ordusunun qüdrətinə inam çıxışıdı...
Bu dönməz inamı Azərbaycan Respublikasının Prezidentinin qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin qüdrəti gerçəkləşdirəcək. Həm də yaxın vaxtlarda. Ölkə Prezidentinin dediyi kimi, "...münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək". Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu bu kəlamın gerçəkləşəcəyinin təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Qoşulma Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirildiyini, Azərbaycan siyasətinə dəstək göstərildiyini də xatırlatdı. Bu xatırlatma dünya dövlətlərinin siyasətinə təsir göstərmə səviyyəsində xatırlatmadı. Bu təsir ədalətdir, bu təsir işğala, işğalçılığa təsirdir. Bu təsir Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə sayğıdır, etibardır. Ordumuzun gücünə, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına inanan, güvənən Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə deyir: "İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, tələb kimi deyilib, tələb kimi də qəbul edilməlidir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında olduqca mühüm bir məqama  da aydınlıq gətirib. Ermənistanın rəhbərliyinə ünvanlanan fikirlər olduqca ciddi və əsaslandırılmış ittihamlardır. Bu ittihamlar 25-26 il əvvəlin siyasi mənzərəsi fonunda səsləndirildi və torpaqlarımızın işğal səbəbləri Azərbaycan Ordusunun gücsüzlüyü ilə deyil, Ermənistan ordusunun gücü ilə deyil, başqa amillərin hesabına işğal edildiyini xatırlatdı: "...Ermənistan torpaqlarımızı xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə zəbt etmişdir". Torpaqlarımız hansı şəraitdə işğal edilib? - hakimiyyət səriştəsizliyi, yerli müdafiə batalyonlarının ambisiyalara xidmət etməsi, vahid komandanlığın olmaması, separatçılığa meyillər, separatçılıq... Necə işğal edilib? - xarici havadarların bilavasitə hərbi yardımı ilə. Dünyanın böyük dövlətləri bunları bilir, lakin etiraf etmir. İkili standartlar davam etməkdədir. Azərbaycan Respublikası Prezidentinin bu çıxışı məhz buna etiraz kimi qəbul edilməlidir: “Necə ola bilər ki, bizimlə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi əlaqələrin ola, ancaq həqiqəti müdafiə etməyəsən. Necə ola bilər ki, olduqca möhtəşəm layihələrə tərəfdaş olasan, işğalçıya işğalçı deməyəsən. Ermənistan bu təsiri hiss etmədiyinə görə sülh danışıqlarını müxtəlif bəhanələrlə uzadır, status-kvonu saxlamağa cəhd göstərir. Bu, Cənubi Qafqazda, eləcə də dünyada sülhün bərqərar olunmasında çox ciddi maneədir..."
Xalqın təkidi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət  Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun yeni mərhələyə keçməsini təmin etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu prosesi də uğurla davam etdirir. Azərbaycanda ordu quruculuğunun İlham Əliyev mərhələsi kimi tarixləşən bu mərhələ ordumuzun döyüş qabiliyyətinin artmasını, ordunun yeni döyüş texnikalarıyla, silah-sursatla təmin edilməsini, şəxsi heyətin döyüş əzminin, qələbə ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəlməsini təmin etdi; dövlətə, dövlətçiliyə sədaqət əsasında formalaşan ordumuz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləriylə desək, indi nəinki bölgədə, dünyada ən güclü ordular sırasındadır.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərinin vizual başlanmasının və gedişinin (elan olunmamış müharibənin) analitik təhlilini, Ermənistanın  keçmiş hakimiyyətinin (dövlətin) xarakterinin siyasi qiymətini verdi. Ermənistan münaqişənin sülh yolu ilə həllinə maraq göstərməsə, Azərbaycanın təcrid siyasəti Ermənistanın iqtisadiyyatını daha da ağırlaşdıracaq, başlanğıcı 2016-cı ilin aprel zəfəri olan Böyük Qələbə onu çökdürəcək. Bu fikirlər kifayət qədər ciddi xəbərdarlıqdır və bu xəbərdarlıq Azərbaycan dövlətinin tolerantlığının, sülh tərəfdarı olduğunun təsdiqidir.
Azərbaycan Respublikasının xarici siyasətini dünyanın əksər dövlətləri, beynəlxalq təşkilatlar səmimiyyətlə dəstəkləyir. Bu və ya digər beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılır, Azərbaycan Respublikası Prezidentinin bəşərililiyə, tolerantlığa, beynəlxalq hüquqa əsaslanan mövqeyi qətiyyətlə müdafiə olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə də müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında səslənən fikirlərin mahiyyəti də Nazirlər Kabinetinin iclasında deyilən fikirlərlə eynilik təşkil edir; Azərbaycanın bu münaqişəyə münasibəti sabitdir, dəyişməzdir, qətiyyətlidir. Dünya ictimaiyyəti  Azərbaycan Respublikası Prezidentinin Brüsseldə dediklərini Azərbaycanın bu işğalla barışmayacağı, Azərbaycanda ikinci erməni dövlətinin yaranmayacağı kimi qəbul etməlidir. Yəqin ki, edəcək də...

Rəşid HÜSEYNOV,  "Azərbaycan Ordusu"