Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2018 09:40

Böyük Qələbəyə gedən yoldayıq

Bu ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər geri qaytarıldı. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz ilkin mövqelərdən 3-6 kilometr dərinliyə irəlilədi və daha əlverişli mövqelərdə möhkəmləndi. Nəticədə Günnüt kəndi ətrafındakı yüksəkliklər - Qızılqaya dağı və Qaraqaya dağı ordumuzun nəzarəti altına keçdi. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarətə götürüldü. Günnüt əməliyyatı son illərdə həyata keçirilən ən uğurlu hərbi əməliyyat kimi tarixdə öz yerini alacaqdır.
Rayon mərkəzindən 22 km məsafədə yerləşən kənd 1992-ci ildə erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb və əhalisi Mahmudkəndə köçüb. Magistraldan ayrılıb maşınlarla yeni salınmış yolla Günnütə doğru hərəkət edirik. Yolun sağ və solunda  çobanlar öz sürülərini arxayınlıqla düzənliklərə və dağların yamaclarına yayıblar. Ərazilərə yeni gətirilmiş arı yeşikləri də diqqətimizi çəkir. Artıq 26 ildən sonra burada başlanan həyatın nəfəsi duyulur, yaz fəslində çiçəklərin ətri duyulan kimi. Təxminən bir ay əvvəl əsgərlərimizin xidmət etdiyi yüksəkliklərdə qurduğu postları geridə qoyaraq irəliləyirik. Düşmən tapdağından təmizlənmiş Günnütə və əsgərlərimizin mövqe qurduğu yeni postlara çatmağa tələsirik.
Yolboyu texnikalar işləyir, işğaldan azad edilən yüksəkliklərə yollar çəkilir. Düşmənin bir neçə addımlığında həyata keçirilən bu işlər, necə deyərlər, elə düşmən bağrı çatladandır. Bunu həzm edə bilməyən düşmən texnikaya atəş açmaqla susdurmağa, dayandırmağa, işə mane olmağa çalışır. Lakin nə faydası. Traktor açılan atəşlərdən zədələnsə də, "döyüş tapşırığını" yerinə yetirir və məqsədinə çatmaq üçün irəliyə doğru hərəkət edir, geniş  yol açır. Gecə-gündüz aparılan işin nəticəsi olaraq qısa zamanda ərazinin  etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 km-dən artıq yol çəkilib, 60 km-dən artıq yararsız yol isə bərpa edilib.
Yeni qurulan postlardan birinə çatırıq. Qısa vaxtda əsgərlərin yaşayışı və xidməti üçün burada lazımi şərait yaradılıb. Ərzaq təminatları da yüksək səviyyədədir. Əsgərlərlə görüşürük. Hərəsi bir qəhrəmandır. 26 ildən sonra düşmənin ayağını bu torpaqlardan kəsmək şərəfi onlara nəsib olub. Qalib əsgərlərlə birgə Günnütdə bayrağımızı dalğalandırır, qələbə sevincimizi bölüşür və bu anı fotoda əbədiləşdiririk.
Kənddəki məzarlığa baş çəkirik. Daşı daş üstdə qoymayan ermənilər qəbirlərin bir çoxunu dağıtsa da, tamamilə məhv edə bilməyib. Düşmən nə qədər cəhd göstərsə də, gerçək tarixi gizləyə bilməz. Torpağın ən dərin qatlarından gec-tez o tarix baş qaldırar və həqiqəti söyləyər: "Bu ərazilər azərbaycanlılara məxsusdur və onların əzəli ata-baba ocağıdır. Biz öz torpaqlarımızdayıq. Niyə təlaş edirsiniz? Nədir bu narahatlıq?" Bizi kəndin ərazisində görüb bir neçə dəfə atəş açırlar. Sizcə bu atəş səsləri bizim qəlbimizdəki torpaq həsrətini, yurd sevgisini susdura bilərmi? Nədən qorxmalı, nədən geri çəkilməliyik? Düşmənlə üz-üzə postlardan biri əsgər Adil Tatarovun şəhid olduğu postdur və bu gün o posta "Tatar postu" adı verilib, Vətən oğlunun şərəfinə.
Növbəti gün yolumuzu düşməndən azad edilən digər ərazilərdən salırıq. Ümumilikdə 11 min hektar ərazinin təhlükəsiz istifadəsi təmin edilib. Geri qaytarılan ərazilərin 8 min hektardan artığı kənd təsərrüfatı, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir.
Sədərəyə məxsus şərab zavodu illərdir ki, düşmənin nəzarəti altında idi. Artıq ərazi əsgərlərimizin nəzarətindədir. Zavodun yerləşdiyi geniş sahə, bir neçə addımlıqda yerləşən ermənilərin məskunlaşdıqları kəndlər, eləcə də Qarabağa gedən yol ordumuzun tam nəzarətinə keçib.
Növbəti gün yolumuz dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqayayadır. O Qızılqayaya ki, zirvəsinə qalxmaq üçün quşqonmaz  yollardan keçməlisən. Enişli-yoxuşlu dağ yollarını qızmar günəşin altında qət etmək üçün gücü ana torpaqdan alacaqsan. Dizlərinə təpər, qollarına qüvvət gələcək 9 kilometr yolu gedib qayıtmaq üçün. Qızılqayanın strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.
Qızılqayadan Qərbi Azərbaycan torpaqları, o cümlədən ermənilərin adını dəyişərək Areni qoyduqları Arpa kəndi görünür. Eləcə də ermənilərin bu istiqamətdə yerləşən postları ordumuzun nəzarətindədir. Uzun illərdir burada mövqe quran və əl içi kimi görünən erməni postlarının şəraitsizliyindən isə bəhs etməyə dəyməz.
Qızılqayaya bayrağımızı sancan Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində sədaqətlə dayanıb. Bir də bu torpaqlara düşmən ayağı dəyməsin deyə. Biz gecə-gündüz rahat uyuyaq, çalışaq  deyə qızmar günəşin altında sayıqlığını itirməyərək düşmənlə üzbəüz mövqedə məğrurcasına dayanıb. Onların hərəsi bir qəhrəmandır. Zirvələrdən Vətəni qoruyan əsgərimizin hər biri bir zirvədir. Qızılqayanı fəth edən Azərbaycan əsgərinin bu qayalarda sinəsini sipər etməsi düşmənə sədd çəkməsi may zəfərinə kölgə salmağa cəhd edən ermənilərə və ermənipərəst qüvvələrə layiqli bir cavabdır.
Bir qədər aşağıda ağır texnikalar dağların bağrını yararaq,  parçalayaraq Qızılqayaya yol açır. Texnikanın səsi uzun illərin sükutunu pozub. Hər kəs yorulmadan, inamla çalışır. Hər daşı, hər qayası qızıldan da qiymətli olan Qızılqaya fatehlərinə uğurlar arzulayıb axşamüstü geri qayıdırıq.
Yolboyu düşünmüşəm, bu qayaları, bu səngərləri özünə məskən seçən əsgərlər-igidlər səni, məni, bizi-bu vətəni qoruyur, məğrurcasına, şərəflə. Əsgərin alın təri, ürəyinin hərarəti, qolunun gücü, əzmi ilə alınıb o torpaqlar! O əzmin, o iradənin, o Vətən sevgisinin qarşısında baş əyirəm! Azərbaycanlı adını daşıyan hər kəs qürur duysun və bilsin ki, biz artıq qələbəyə gedən yoldayıq. Bu yolda addımlamağa bizə cığır açan, meydan verən Azərbaycan Ordusuna eşq olsun!


Ruhiyyə RƏSULOVA, Naxçıvan televiziyasının baş redaktoru