Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2018 09:49

“Biz ordumuzla fəxr etmişik, fəxr edirik”

Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Kürdəmir rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri vəzifəsində çalışır.
- Yaqut xanım, yaradıcılığınız folklorla sıx bağlıdır. Qəhrəmanlıq və vətənpərvərlik mövzusu da sizə yad deyil. Aprel döyüşlərinin qəhrəmanlarından biri olan təyyarəçi Əbu Bəkir İsmayılov haqqında "Hay ver mənə, cənab leytenant" kitabını yazmısınız.
- Aprel döyüşlərinin davam etdiyi günlər Azərbaycan xalqının milli qürur günüdür. İgid oğullarımız torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşdular. Böyük uğurlar qazandığımız bu döyüşlərdə şəhidlərimiz də oldu. Ancaq bu günlər ərzində cəsur zabit və əsgərlərimiz Azərbaycan tarixinin şanlı qəhrəmanlıq salnaməsini yazdılar. Hamı kimi mən də o günlərdə mətbuatı, kütləvi informasiya vasitələrini həyacanla izləyirdim. İtki xəbərini qəhərlə, kədərlə qarşılasam da, ordumuzun rəşadətini fərəh, qürur hissi ilə qarşılayırdım. Mühüm əhəmiyyətli yüksəkliklərin alınmasında, düşmənin bir sıra artilleriya qurğularının, silah-sursatının və canlı qüvvəsinin, atəş nöqtələrinin sıradan çıxarılmasında igidlik göstərən Mİ-24 hərbi helikopterinin və onun ekipajının aprelin 2-də düşmən tərəfindən vurulması məni də sarsıtmışdı. Həmin helikopterdə şəhid olan üç igiddən biri mənim həmyerlim, ata-anasını, qohum-əqrabasını yaxından tanıdığım, uşaqlıqdan gözümün qarşısında böyüyən  Əbu Bəkir İsmayılov idi. İnana bilmirdim, onun ölümünə. Çox gənc idi - 26 yaşı vardı. Təzə evlənmişdi, arzuları vardı...  Şəhidlərimizin nəşləri geri alınanadək mən də anasına, doğmalarına dəstək olmaq, dərdlərinə şərik çıxmaq üçün hər gün dolub-boşalan həyətə gedirdim. Əbu Bəkirin cənazəsi gecə yarı minlərlə insan izdihamının müşayiəti ilə evlərinə gətirilərkən və səhəri gün izdihamla İkinci Fəxri  xiyabanda dəfn olunarkən keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Həmin gündən Əbu Bəkirin xatirəsini əbədiləşdirməyi, göstərdiyi qəhrəmanlığı sözə gətirməyi düşünürdüm...
- Qəhrəmana, qəhrəmanlığa həsr olunmuş bu kitabı yazarkən hansı hisslər keçirdiniz?
- 40 gün əzizlərinə təskinlik vermək, onları tək qoymamaq üçün evlərinə tez-tez baş çəkirdim. Doğmalarının keçirdiyi hissləri müşahidə edir, xatirələrə qulaq asırdım. Özümü o ailənin üzvü, Əbu Bəkiri öz balam hesab edirdim. Övlad itkisinin, gənc ər itkisinin, qardaş, dost itkisinin nə demək olduğunu qəlbən hiss edirdim. Adı harda çəkilsəydi gözüm dolur, qəhərlənirdim. İndi də bu hisslərlə yaşayıram...
- Kitabınızı qəhrəmanlıq dastanlarımızın davamı kimi qiymətləndirmək olar?
- Əlbəttə! Hamımız yaxşı bilirik ki, mifik qəhrəmanları da xalq yaradır və onlar xalqın içərisindən çıxan, seçilmiş igid, cəsur oğulların əfsanələşdirilən obrazlarıdır. Müasir həyatımızın Koroğluları, Babəkləri, Qaçaq Nəbiləri də Vətən, torpaq uğrunda şəhid olan igidlərimizdir. Düşünürəm ki, onların hər birinə əbədi abidələr qoyulmalıdır. Hər bir yaradıcılıq nümunəsi - istər bədii, istər elmi, istərsə də publisistik əsər olsun, yuxusuz gecələrin, axtarışların, zəhmətin bəhrəsidir. Hərəsinin öz çətinliyi var. Bu mövzu bir az ağrılıdır. Dərdi çəkməyən dərdlini anlaya bilməz. Mən o itkini içimdən keçirib sonra yazmışam. Bir az obrazlı desək, arada qələmimi göz yaşlarıma da batırmışam...
- Bu mövzunu davam etdirmək fikrindəsiniz?
- Düşünürəm ki, bugünkü stabil həyatımıza görə hər birimiz Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ruhu qarşısında borcluyuq. Mən borcumu azacıq da olsa verə bilmişəmsə, nə xoş. Mövzu ruhumu silkələyib tərpətməlidir, qələmimə ürəyimdən və qəlbimdən sızmalıdır. Məncə belə mövzular planlaşdırılmır, içdən gəlir. İçimiz isə, Vətən, torpaq uğrunda canını qurban verən qəhrəmanları vəsf edən mövzularla dolub boşalacaq.
- Müharibə, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılmış əsərlərin bədii dəyərini yüksək qiymətləndirirsiniz?
- Tam mənada, xeyr. Məncə torpağı işğal olunan, ərazisində müharibə gedən, bir milyondan çox məcburi köçkünü, qaçqını olan bir dövlətin yaradıcı şəxsləri - yazarları, rejissorları, ssenaristləri, rəssamları, heykəltaraşları, bəstəkarları, jurnalistləri və s. bunu unutmamalı və vətənpərvərlik ruhunda daha çox, daha təsirli əsərlər yaratmalıdılar. Yazılan bu əsərləri isə hər şeydən əvvəl Qələbə ruhu birləşdirməlidir.
- Bu yaxınlarda kitabınızın Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təqdimat mərasimi keçirildi. Kursantlarla olan bu görüş, bu ünsiyyət yaddaşınızda hansı izlər buraxdı?
- Keçən ilin aprel ayından bu kitabın müxtəlif  təşkilatlarda, ümumtəhsil müəssisələrində təqdimatı keçirilib. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbir ömrüm boyu yadımdan çıxmayacaq. Şəhid ailəsini və məni ayaqüstə alqışlayan nizam-intizamlı, hərbi geyimli kursantların qarşısında keçirdiyim həyacan, fəxarət, qürur... unudulmaz hisslərdir. Hər görüşdən, hər tanışlıqdan yeni bir mövzu pöhrələyir. Təbiidir ki, belə də olmalıdır. İnsan onu əhatə edən aləmə, eşitdiklərinə, oxuduqlarına həmişə yaradıcı yanaşmalıdır.
- İndi hansı əsər üzərində işləyirsiniz?
- İnsanı sabahlara istiqamətlənmiş düşüncələr, arzular yaşadıb aparır. Hazırda əlimdə bir sıra vacib yazılar var. Muzeydə gündəlik işlərimlə məşğul olsam da, yaradıcılığımdan qalmıram. Bu il əlamətdar hadisələrlə zəngin bir ildi. Qarşıda yeni maraqlı tədbirlərimiz, görüşlərimiz var. Yəqin ki, bundan sonra mütləq yeni əsərlər yazılacaq. Qəhrəmanlıq isə ədəbiyyatın şah mövzularından biridir. Deməli, bu istiqamətdə başladığım işlər öz axarı ilə davam edəcəkdir.
- Zabit və əsgərlərə ünvanlanacaq ürək sözləriniz... 
- 2016-cı ilin aprelində şəhid olanların və yaralananların valideynləri ilə görüşü zamanı Prezidentimiz cənab İlham Əliyevin nitqindən bu sözləri diqqətinizə çatdırmaq istəyirəm: "Qəhrəman Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmən təxribatının qarşısını aldılar, düşmənə layiqli cavab verdilər və təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirdilər... Biz öz torpaqlarımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir."
Mən də bu haqq işimizdə ordumuza - əsgər və zabitlərimizə uğurlar arzulayıram. Qoy bizim ordumuz tarixə öz adını qalib ordu kimi yazsın! O zaman şəhidlərimizin ruhu da dinclik tapar.
- Yaqut xanım, yeri gəlmişkən bu günlərdə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirildi. Parad haqqında təəssüratlarınız...
- Bu paradın möhtəşəmliyi təkcə texnikaların nümayişi ilə məhdudlaşmır. Paradın möhtəşəmliyi ona vətəndaşların münasibətilə ölçülməlidir. Paradda yaşlılar da vardı, gənclər də, uşaqlar da. Hamısı bu paradı eyni istəklə, eyni arzuyla izləyirdi. Hamısı inanırdı ki, ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikir - "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır" - ziyalıları da qürurlandırır. Biz ordumuzla fəxr etmişik, fəxr edirik, fəxr edəcəyik.
Söhbəti apardı: Vahid MƏHƏRRƏMOV