Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:38

Hüquqi biliklərin artırılmasına təsir edən başlıca amil...

Ölkəmizdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təklifi ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində mütəmadi şəkildə  silsilə tədbirlər keçirilir. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu günlərdə kursantların hüquqi biliklərini daha da zənginləşdirmək məqsədilə "Azərbaycanda və dünyada insan hüquqlarının müdafiə mexanizmi" mövzusunda tədbir keçirildi. Belə mərasimlərin keçirilməsi kursantların hüquqi biliklərinin artırılmasına təsir edən başlıca amillərdəndir.
Tədbiri mayor Natiq Rəhimov açaraq mövzunu iştirakçıların diqqətinə çatdırdı. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər.
Naibə Şəmşiyeva çıxışında bildirdi ki, insan hüquqları irqindən, cinsindən, sosial və əmlak vəziyyətindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə aiddir: "Hər kəs bu hüquqlara malikdir və kimsə bu hüquqlardan məhrum edilə bilməz".
Naibə Şəmşiyeva daha sonra ölkəmizdə qəbul olunmuş qərar və qanunlar haqqında da tədbir iştirakçılarına məlumat verərək dedi:
“Hazırda insan hüquq və azadlıqlarının qorunmasına diqqətin artması, eləcə də Azərbaycanın sivil dünyaya inteqrasiya imkanlarının genişlənməsi ölkəmizdə insan haqlarının qorunması sahəsində yeni mexanizmlərin işlənib hazırlanması və mövcud problemlərin aradan qaldırılması labüdlüyü ilə nəticələnib. Azərbaycanda  insan hüquqlarının təməli hələ XX əsrin əvvəllərində atılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu yöndə  bir sıra tədbirlər həyata keçirilmişdi. Belə ki, ölkəmiz o dövrdə şərq dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququ verməklə  demokratik ölkə imicini  təsdiqləmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra  70 ildən artıq bir dövr ərzində keçmiş SSRİ-nin tərkibində insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı, bir sıra hallarda isə qadağan olunduğu bir cəmiyyətdə yaşamaq Azərbaycan xalqının müstəqil dövlətçilik və qanunçuluq sahəsində də təşəbbüs ruhunu zəiflətmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Amma ölkədə həmin dövrdə mövcud olan qeyri-sabit vəziyyət, hakimiyyət böhranı bu tələbatların təmin edilməsini əngəlləyirdi. Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ictimai-siyasi və iqtisadi ab-havanın dəyişməsinə, ölkədə gedən proseslərin hüquqla tənzimlənməsinə əsaslı zəmin yaratdı.
Ölkəmizdə qanunçuluğun bərqərar edilməsi yönündə Ulu Öndərin atdığı ilk addım Azərbaycan Respublikasının demokratik dəyərlərə söykənən Konstitusiyasının hazırlanaraq xalqın müzakirəsinə çıxarılması oldu.
Konstitusiyada əsas ideya hakimiyyətin mənbəyində xalqın dayanması idi. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etdi. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi - referendumda  Əsas Qanunumuz yekdilliklə qəbul edildi. Bu, ölkəmizin Avropa məkanına, qərb dünyasına inteqrasiyasını sürətləndirdi.
Naibə Şəmşiyeva onu da qeyd etdi ki, XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın monomilli təmizləmə siyasəti yürütməsi nəticəsində yüzlərlə azərbaycanlı ailəsi öz dədə-baba torpaqlarından zorakı şəkildə deportasiya olunaraq Azərbaycana pənah gətirdi. Daha sonra Ermənistan böyük güclərin dəstəyi ilə ölkəmizin tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonları işğal edərək oradakı yerli əhalini ağlasığmaz təzyiqlərə və işgəncələrə məruz qoydu".
Mövzunun daha əhatəli çatdırılması üçün slayd və videomateriallardan da geniş istifadə edildi.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey