Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:35

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.

Suallar:  
1. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.
2. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanununun Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.
Ulu Öndərin vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində də Heydər Əliyevin rolu danılmazdır.
Ümummilli Liderin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Xalqımızın Ümummilli Liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının kəlamı, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanda yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman kompleksləri, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. "Azərbaycan 2020 - gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürətli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dövlətçiliyimizin qorunub saxlanılmasında və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının formalaşmasında, bu siyasətin gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilələrin bağlanmasında və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var.
İlham Əliyev ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilən İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu sübut etmişdir.
Hazırda Azərbaycanın beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya miqyaslı mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.
Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı...".
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Ölkə başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolunu və nüfuzunu getdikcə artırır.
Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdir: "Ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Artıq bu istiqamətdə çox böyük dəyişikliklər mövcuddur və bu proses davam edəcəkdir. Azərbaycanın müdafiə potensialı güclənəcəkdir. Bu, bizim strateji xəttimizdir. Azərbaycan Ordusu güclü ordudur. Biz çalışacağıq və əminəm, nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Ordusunun hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və ordunun peşəkar zabit kadrlarına olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.
Bu gün ərazisinin 20 faizi  işğal altında olan, mühüm geostrateji məkanda yerləşən və zəngin yeraltı, yerüstü sərvətlərə malik Azərbaycanın ordusu döyüş qüdrətini artırmaqla Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu hər bir tapşırığı yerinə yetirməyə həm peşəkar, həm də mənəvi-psixoloji baxımdan hazırdır. Azərbaycan Ordusu günü-gündən möhkəmlənir və mətinləşir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  Füzuli rayonunun ərazisindəki "N" hərbi hissəsinin əsgər və zabitləri ilə görüşündə demişdir: "Azərbaycan bölgədə ən güclü orduya malik olan ölkədir. Burada bütün cəhətlərdən - həm peşəkarlıq baxımından, həm də texnika baxımından ən güclü hərbi potensial bizdədir, ən güclü ordu bizdədir".
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləridir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşü onlara mübarizə əzmi aşılayır.
Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Lakin ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə bitmir. Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək və müasir standartlara uyğunlaşdırmaqdır. Yekun məqsəd, başlıca niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, torpaqlarımızı işğaldan azad etməkdir. Bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir. Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub.
Ordu quruculuğunu daim diqqət mərkəzində saxlayacağını bəyan edən Ali Baş Komandan Azərbaycan Ordusunun qarşısında hər an torpaqlarımızı azad etmək üçün hazır olmaq vəzifəsini qoyaraq demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin həllini sülh yolu ilə istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". Aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlar bunun bariz nümunəsidir. Bu döyüşlər bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə və ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.
                                                                        
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi