Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2018 09:32

Azərbaycan Prezidenti İlham ƏLİYEV: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür

Dünyanın enerji xəritəsini zənginləşdirən, Xəzər regionu ilə Avropanı birləşdirən "Cənub" qaz dəhlizinin reallaşdırılması istiqamətində görülən işlər yekunlaşdırılıb. Məlum olduğu kimi, iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi münasibəti ilə təntənəli mərasim keçirilib.
TANAP layihəsinin Azərbaycan, eyni zamanda qardaş Türkiyə də daxil olmaqla, Avropa dövlətləri üçün xüsusi iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu qeyd etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası özünün karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq üçün neft və qaz boru kəmərləri marşrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə üstünlük verir. İlk dəfə bu təşəbbüslə xalqımızın ümummilli lideri Heydər Əliyev çıxış etmişdir. Xatırladaq ki, "Əsrin müqaviləsi" imzalanan zaman Ulu Öndər Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün şimal və qərb istiqamətləri ilə yanaşı, əsas ixrac marşrutunun - Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də inşasının zəruriliyini bəyan etmişdi. Zaman bu uzaqgörən ideyanın həqiqiliyini sübut etmiş və Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrilmişdir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı Azərbaycanda uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin qaz ehtiyatlarının dünya bazarına ixracı üçün şaxələndirilmiş boru kəməri sisteminin yaradılmasına xüsusi önəm verir. Hazırda Azərbaycan təbii qazını dörd istiqamətdə ixrac etmək imkanına malikdir. Bununla belə,  ölkəmizin zəngin qaz ehtiyatları daha geniş imkanlara malik ixrac boru kəməri marşrutunun yaradılmasını tələb edirdi. Təsadüfi deyil ki, uzun illər Azərbaycan qazının Avropaya çıxarılması üçün müxtəlif variantlar qızğın müzakirə obyekti olmuşdur. Nəhayət, bu sahədə uzun müddət davam edən müzakirələr öz müsbət həllini tapmış, Azərbaycan qazının Avropaya nəqli üçün ən etibarlı marşrut dəqiqləşdirilmişdir. Bu, Trans-Anadolu qaz kəməri (TANAP) marşrutu idi.
TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Türkiyə və Azərbaycan qardaşlığının növbəti təzahürü olan, ölkələrimizin birgə layihəsi kimi xalqlarımızın rifahına xidmət edəcək  Trans-Anadolu qaz kəməri ideyası 2011-ci ildə həyata vəsiqə almışdır. Belə ki, 2011-ci il oktyabrın 25-də Türkiyənin İzmir şəhərində "Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" saziş imzalanmışdır. 2012-ci il iyunun 26-da isə qardaş ölkənin İstanbul şəhərində "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişə imza atılmışdır. 2012-ci il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş  müzakirəyə çıxarılaraq təsdiqlənmişdir. Dövlətimizin başçısı  İlham Əliyev isə Azərbaycan və Türkiyə hökumətləri arasında bağlanan sazişin təsdiq edilməsi haqqında qanunu imzalamışdır. Beləliklə, yaxın illərdə Azərbaycanı Avropa ölkələrinin qaz bazarları ilə birləşdirəcək Trans-Anadolu ixrac boru kəməri ilə bağlı hüquqi bazanın  yaradılması təmin olunmuşdur.
"Cənub" qaz dəhlizinin əsas komponentlərindən sayılan TANAP layihəsi real fəaliyyət sahəsinə çevrilmiş, kəmərin istismarına faktiki olaraq start verilmişdir. Əskişəhər şəhərində kəmərin istismara verilməsi ilə bağlı təşkil edilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2" qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan "Cənub Qaz Dəhlizi" icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın".
TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə  reallaşdırılacaq daha bir  enerji layihəsidir. Gələcəkdə Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaracaq Trans-Anadolu boru kəməri hər iki ölkənin  iqtisadi vəziyyətinin daha da  yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də  möhkəmləndirilməsinə səbəb olacaq. Bununla da, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni mərhələ başlanacaq. Eyni zamanda, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüstan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsi, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsi, qaz bazarlarına daha çox maye qazın çıxarılması və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə töhfənin verilməsidir. TANAP layihəsi, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində tranzit ölkəyə çevrilmək imkanı əldə edəcəkdir. Nəticədə Azərbaycan  dünya arenasında iqtisadi və siyasi müstəqilliyini bir daha təsdiqləyəcək dövlətə çevriləcək.

"Azərbaycan Ordusu"