Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2018 11:24

Xalqın müqəddəratının həll olunduğu gün

Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan, onun gələcək həyatını müəyyən edən, böyük başlanğıcın əsasını qoyan bir çox əlamətdar günlər var. Belə əlamətdar günlərdən biri də dövlətçilik tariximizdə  mühüm ictimai-siyasi əhəmiyyət daşıyan 15 İyun Milli Qurtuluş Günüdür. Bu tarix ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Müxtəlif ölkələrə və mədəniyyətlərə nəzər yetirərkən görürük ki, azadlıq və müstəqilliyi qorumaq, davam etdirmək ən azı onu qazanmaq qədər böyük məsuliyyət və təcrübə tələb edir. 1991-ci ildə dövlət suverenliyini yenidən bərpa edən Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində bir sıra ictimai, siyasi və iqtisadi problemlərlə qarşılaşdı, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə çətin dövrlərini yaşadı.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn, ciddi risklərə baxmayaraq xalqının qurtuluş missiyasını cəsarətlə üzərinə götürən ulu öndər Heydər Əliyev illərin siyasi təcrübəsinə əsaslanaraq ölkəni xaos mühitindən çıxarmağı və ictimai tarazlığı təmin etməyi bacardı. Məhz 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunun əsası qoyuldu. Ümummilli Lider ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ulu Öndərin sayəsində dövlətimizin, xalqımızın tarixi müqəddəratı həll olundu. Nəticədə qurtuluş savaşında irəliyə doğru dönüş başlandı.
Ümummilli lider Heydər Əliyevin xalqımız, tariximiz qarşısında ən böyük xidməti budur ki, geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə dövlətçiliyimizi xilas etdi, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin, dövlətçiliyimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin təminatı qurtuluşudur.
Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev Azərbaycan xalqının inamını özünə qaytardı. Ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Bununla da sübut etdi ki, özünün qeyd etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimi, əbədi və dönməz olacaqdır...
Ümummilli Lider Azərbaycanın müharibə vəziyyətində olmasını nəzərə alaraq düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü vəziyyəti düzgün dəyərləndirdi. Ölkəni düşdüyü vəziyyətdən çıxarmaq məqsədilə  atəşkəs rejiminə nail oldu. Xalqımızın adı və dili, qüdrətimiz bərpa olundu, milli varlığımız qorundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Ulu Öndərin zəhmətidir ki, Azərbaycan xalqı vətəndaş müharibəsinə düçar olmadı. Azərbaycan Respublikası dünya arenasında demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmağa başladı. Heydər Əliyev zəkasının məhsulu olan Konstitusiyamız  qəbul olundu.  Nəticədə hakimiyyətin hər üç qolu demokratik dəyərlər üzərində quruldu, eyni zamanda  xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrildi. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli münasibətlərə malikdi. Azərbaycan türk dünyası və islam dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür.
Ulu Öndər dünyanın siyasi mənzərəsində Azərbaycanın yerini müəyyən etməklə yanaşı, ölkənin iqtisadi həyatını da dirçəltməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını başladı. Ölkənin iqtisadi inkişafının təminatına çevrilən "Əsrin müqaviləsi" imzalandı. Əsrin ən böyük layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz Ümummilli Liderin  iştirakı ilə qoyuldu.
Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Heydər Əliyev rəhbəri olduğu Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxartdı, müasir və müstəqil dövlətimizin etibarlı bünövrəsini yaratdı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda olan problemlər də öz müsbət həllini tapdı, vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. Heydər Əliyevin sayəsində orduda həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb oldu.
Danılmaz həqiqətdir ki, Heydər Əliyev bugünkü Azərbaycanın inkişafının təməlində dayanan bir amildir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.  Ölkə başçısı tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Bütün bunlar onu göstərir ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər, qazanılan uğurlar əsası ümummilli liderimiz Heydər Əliyev  tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"