Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2018 10:11

“Oğullar Vətəni qorumaq üçün doğulur”

Ana daim narahat bir ömür yaşayır. Körpəsinin ilk  tərbiyəsini beşikdən başlayır. Ona Vətən, Torpaq sevgisini laylalarında, bayatılarında aşılayır, qız övladının ana, oğul övladının böyüyəndə əsgər olmasını  Allahdan arzulayır.
...Bu dünyada bir Bətulə ana var. O da başqa analar kimi nankor qonşularımız ata-baba torpaqlarımıza hücum edəndə "Oğullar Vətəni qorumaq üçün doğulur" deyib yeganə oğul övladı Əlini cəbhəyə - Qarabağımız uğrunda gedən döyüşlərə yola saldı. Bətulə ana hər duranda, oturanda üzünü göylərin sahibi  Ulu Tanrıya tutaraq "mən oğul böyütdüm Allah eşqinə, xalqımın gələcəyi və ölkəmizin azadlığı naminə Azərbaycan uğrunda savaşa göndərdim", - deyə hər zaman Tanrı ilə kəlmələşir.
Bu günlərdə redaksiyanın tapşırığına əsasən, Bətulə xanımla telefon əlaqəsi yaradıb oğlu Əli Cabbarov haqqında xatirələrini qələmə almaq istəyimizi ona bildirdim və  yaşadığı evin ünvanını soruşdum. "Qızıl Şərq Hərbi şəhərciyi 98...", - deyə söylədi Bətulə ana. Deyilən ünvana yollanırıq. Bu da Azərbaycanımızın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda özünü odun-alovun içərisinə atan Vətən oğullarından biri Əlinin vaxtilə yaşadığı bina, mənzil... Əli bu mənzildə son dəfə ata-anası, bacıları ilə görüşüb müqəddəs bir yola - əbədiyyət yoluna çıxdı. O yol Azərbaycanımızın ürəyi Qarabağa, Şuşaya gedən yol idi... Bu müqəddəs yola çıxan minlərlə Vətən oğlunun sırasında Əli də var idi.
Əli bir neçə dostu ilə birlikdə  yenicə yaradılmaqda olan ordu sıralarına könüllü yazıldı. Dostları Ağdam, Goranboy, Füzuli cəbhəsinə, o isə əvvəlcə Laçının,  sonra  Şuşanın müdafiəsinə göndərilir.  Əli dəmir atın belində Laçının, Şuşanın dağlarında düşmənə qarşı amansızcasına vuruşurdu.
Şuşa-Laçın yolu... 1992-ci il... Mayın 8-i... Səhər tezdən erməni quldur dəstələri Şuşa şəhərini güclü artilleriya atəşinə tutur. Ermənilər Laçına gedən yolu kəsməklə Şuşanı tam mühasirəyə almışdılar. Hərbi texnika və canlı qüvvə baxımından qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə Əli başından ağır yaralanır. Onu döyüş mövqeyindən çıxara bilmirlər. Şuşa erməni təcavüzkarları tərəfindən işğal olunanda Əli  bir neçə döyüş yoldaşı ilə birlikdə itkin düşür...
Haşiyə. Bu müharibədə bir tək yurdumuz, Vətənimiz itkin düşmədi. Qədim milli mədəniyyətimiz, tariximiz, eyni zamanda günahsız insanlarımız, Qarabağımız uğrunda döyüşlərə atılan neçə-neçə gəncimiz itkin düşdü. İllərdir övladı şəhid olan, itkin düşən analarla görüşüb qəzetimizə yazı hazırlayırıq. Onların göz yaşlarına şahid olub ana yanğılarını dinləyirik. Sonra da bu yanğıları sözlərə çevirib məqalə hazırlayırıq...
...1971-ci ildə Telman kişinin ailəsində dünyaya göz açmışdı Əli. Həmyaşıdları kimi o da dərdsiz-qəmsiz, qayğısız böyüyürdü. Əlinin uşaqlıq illərində böyük maraqla baxdığı filmlərdəki odlu-alovlu müharibə səhnələrində diqqətini cəlb edən "düşmən" əsgərlərinə qarşı cəsarətlə döyüşən tanklarımız olur. Məhz uşaqlıq çağlarındakı marağı, həvəsi onu C.Naxçıvanski adına hərbi məktəbə gətirib çıxarır. 1985-1988-ci illərdə ibtidai hərbi təhsil alan Əli burada ilkin hərbi vərdişlərə yiyələnir. Taleyini hərb peşəsinə bağlayacağını qarşısına məqsəd qoyan Əli Vətənə, Torpağa sədaqət andı içərək Daşkənd tank hərbi məktəbinə daxil olur. Bu vaxt Sovet imperiyasının dağılan  və 1988-ci ilin qarmaqarışıq çağlarıydı. Xalqlar həbsxanası sayılan imperiya artıq çökməkdəydi. İmperiya boyunduruğundan xilas olmağa çalışan xalqlar milli azadlıqları uğrunda mübarizəyə qalxmışdılar. Azərbaycanımızın qismətinə isə müqəddəs torpaqlarını yadelli işğalçılardan qorumaq və onun müdafiəsində dayanmaq məsuliyyəti düşmüşdü. Daşkənddə Əliyə qarşı münasibət də elə bundan sonra dəyişmişdi. Erməni fitnəsinin qurbanı olan Əlini hərbi məktəbdən çıxarıb Aşqabada hərbi xidmətə göndərirlər. Oradan isə Əfqanıstana yola salırlar. Əfqanıstan müharibəsinin ölüm qoxuyan nəfəsindən sağ-salamat qurtaran Əli 1991-ci ilin yayında hərbi xidmətini başa vurub doğma Vətəni Azərbaycana qayıdır. Bir müddət Bakıda mətbəədə işləyir. Lakin erməni silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı elan olunmamış müharibə qeyrətli Vətən övladları kimi onu da əlinə silah götürməyə məcbur edir. 1991-ci ilin dekabrında milli ordunun tərkibinə daxil olur...
... Ağsaçlı ananın nur çilənmiş simasında xoş təbəssüm görünür. Bətulə ana köhnə albomlardan saralmış fotoları götürüb bir-bir stolun üzərinə düzür və onlar haqqında danışmağa başlayır: "Bu, Əlinin babasının şəklidir. O da hərbçi olub. Polkovnik İdris Cabbarov. Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının tərkibində Mozdokdan Berlinədək döyüş yolu keçib. Çoxlu orden və medalları var idi. Əli də onun yolunu davam etdirmək istəyirdi. Qismət olmadı. Yeri gəlmişkən deyim ki,  qız nəvəm Məmmədrəfi Kərimov C.Naxçıvanski adına Hərbi Liseydə oxuyur. O dayısının qısa, lakin şərəfli ömür və döyüş yolunu davam etdirəcək. Bu da mənə bir təsəllidi."
Bətulə ana "nə xoş bir gündə görüşürük", - deyə bildirir: "Bu gün Əlinin doğum günüdür. 47 yaşı tamam olur. Vətən uğrunda, Torpaq uğrunda döyüşüb şəhid olan, itkin düşən övladlarımız heç zaman ölmürlər. Onların  narahat ruhları bizimlədir. Tezliklə, düşmən işğalında olan Qarabağımız, Şuşamız azad olunacaq, qaçqın və köçkünlük həyatı yaşayan həmvətənlərimiz öz ata-baba yurduna dönəcək. O zaman onların da ruhları  rahatlıq  tapacaq."
Yaddaşının dərinliyində qoruyub saxladığı Əli ilə bağlı şirin uşaqlıq xatirələrini də bizə danışmaqdan məmnunluq duyur Bətulə ana. Əlinin uşaqlıqda hərbi formada çəkdirdiyi şəkillərini göstərir və deyir: "Onun hələ kiçik yaşlarından hərbiyə böyük marağı var idi. Əli babasının hərbi papağını başına qoyub deyərdi: Baxın mənə, necə gözəl yaraşır, böyüyəndə mən də hərbçi olacam”. Oldu da. Vətənin dar günündə əyninə əsgər formasını  geyinib, silaha sarıldı. İçdiyi Hərbi anda sonadək sadiq qaldı. Əli çox vətənpərvər, cəsur, həm də çox qorxmaz övlad idi. Hərbi məktəbdə oxuyanda bəzi silahların atış qaydalarını mükəmməl öyrənmişdi. Həm də tankçı idi. Tankı idarə etməyi bacarırdı. O deyirdi ki, mən bu torpağın oğluyam. "İndi Vətən dardadır. Onu qorumağa biz oğullar borcluyuq. Vətən qarşısında övladlıq borcumuzu verməyə biz hər an hazır olmalıyıq. Xocalı faciəsinin qurbanlarının qisasını almalıyıq."  Mən bir ana kimi oğlumla qürur duyuram. Qürurluyam ona görə ki, Vətən üçün dünyaya gətirdiyim oğul, Vətən yolunda şəhid olub... Axı oğullar Vətəni qorumaq üçün doğulur."
Bətulə ana həyat yoldaşı Telman  müəllimin bir neçə il öncə dünyasını dəyişdiyini söylədi: "Atası da həmişə Əlinin sözlərini təsdiqləyər və deyərdi ki, çox düz deyirsən, oğlum. "Vətən darda olanda onun övladları ayağa qalxıb silaha sarılar. Hər gün cəbhədən acı xəbərlər alırıq.  Vətəni sən qoruma, o qorumasın. Bəs kim qorusun?" Bu gün mən fəxr edirəm ki, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman, mərd oğulların döyüş yolunu Azərbaycan gəncləri özlərinə örnək bilirlər.  Azərbaycan Ordusunun sıralarında vətənpərvər, cəsur oğullar xidmət edir. Onların hamısı mənim övladlarımdır. Bu gün bizim güclü ordumuz var. Müstəqil, azad Vətənimizin keşiyində dayanan qəhrəman hərbçilərimiz şəhid olan, itkin düşən Əli kimi yüzlərlə oğullarımızın qisasını alıb, bundan sonra da alacaqlar."
Qeyd edək ki, bir müddət öncə Bətulə ana  şəhid olan və itkin düşən vətəndaşların bir qrup ailə üzvləri ilə birlikdə  redaksiyamızda olmuşdu. Onlar  Prezident İlham Əliyevin imzaladığı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında fərmanı ilə əlaqədar olaraq qəzetimiz vasitəsilə dövlət başçımıza minnətdarlıqlarını ifadə etdilər. Ölkə rəhbərinin bu fərmanı onlara dövlətimizin diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirildi.
Bətulə ana  söhbətinin sonunda bir daha dövlətimizin onlara göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək ölkə rəhbəri Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Günü-gündən çiçəklənən müstəqil Azərbaycanımıza həmişəyaşarlıq, xalqımıza xoş, firavan günlər arzuladı.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"