Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:42

Müstəqilliyimizin beynəlxalq dayaqları uğurlu hərbi əməkdaşlıqda möhkəmlənir

Cümhuriyyətin ordu diplomatiyası tarixinə qısa baxış

Beynəlxalq mürəkkəb şəraitdə müsəlman Şərqində öz dövlət müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti ilk növbədə ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı istiqamətində zəruri addımlar atdı. Hökumət qısa müddətdə fəal və uğurlu xarici siyasət yürüdərək dövlət quruculuğunun tərkib hissəsi sayılan milli ordusunun da beynəlxalq aləmə çıxışını reallaşdırdı. Cümhuriyyət hökuməti xarici siyasətində ordu məsələlərinə xüsusi önəm verirdi. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə yaranan təhlükənin aradan qaldırılması məsələsi ən ciddi və həm də taleyüklü məsələ idi. Belə bir tarixi şəraitdə 1918-ci il iyunun 4-də Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq haqqında müqavilə - Batum sülh müqaviləsi imzalandı. Bu müqavilənin Cümhuriyyət üçün həmin dönəmdə əhəmiyyətli olan dördüncü maddəsində göstərilirdi ki, Osmanlı hökuməti, əgər zəruri olarsa, sülh və əmin-amanlığın möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Cümhuriyyətinə hərbi yardım göstərməyi öz üzərinə götürür.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiya tarixində mühüm əhəmiyyətə malik olan Batum sülh müqaviləsi Azərbaycana Osmanlı ordu hissələrinin göndərilməsinin mümkünlüyünü nəzərdə tuturdu. Beləliklə, bir hissəsi bolşevik diktaturasının əlinə keçmiş torpaqlar üzərində siyasi hakimiyyəti təsdiq və ərazi bütövlüyünü tam bərpa etməsi məsələsində Cümhuriyyətə hərbi yardım etməkdən ibarət tarixi missiyanı Türkiyə öz üzərinə götürdü. 15 sentyabr 1918-ci ildə xilaskar türk ordusu milli qoşun hissələri ilə birlikdə Bakını bolşevik-daşnak qoşun hissələrindən azad etdi. Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən paytaxt olaraq Bakıya köçürüldü.
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq hərbi diplomatiyasının ən böyük uğurlarından biri də Gürcüstanda Hərbi Attaşeliyin yaradılması idi. Bu uğurlu əməkdaşlığın nəticəsi olaraq  Azərbaycan Ordusunda və hərbi təhsil sistemində milli kadrlarla yanaşı, gürcü əsilli zabitlər də xidmət edirdilər. Eyni zamanda, ordu quruculuğunda milli zabit kadrların çatışmazlığı probleminin aradan qaldırılması məqsədilə 1919-cu ilin əvvəllərində Cümhuriyyət Ordusunun 9 nəfərdən ibarət hərbi qulluqçusu kapitan Firudin bəy Qacarın başçılığı ilə Gürcüstandakı Tiflis aviasiya məktəbinə üç aylıq kursa göndərildi. Həmin dəstənin rəisi podporuçik Xan Teymurçin Əfşar təyin olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq hərbi diplomatiyasında İtaliya dövlətilə imzaladığı sazişlər mühüm yer alırdı. Cümhuriyyət hökuməti İtaliya ilə iqtisadi-siyasi əlaqələri gücləndirmək məqsədilə Azərbaycan Ordusunun generalı İbrahim ağa Usubovun başçılığı ilə Romaya nümayəndə heyəti göndərdi. Heyət "hərbi missiya" adlanırdı və əsasən hərbi-iqtisadi sahədə işlər görməli idi. İtaliya hökuməti 1920-ci il yanvarın 17-də Azərbaycanı de-fakto tanıması haqda qərarını general-mayor İ.Usubova təqdim edir və ölkəmizlə hərbi əməkdaşlığa üstünlük verir. General İ.Usubov Romada sənayeçi-senator S.E.Konti ilə görüşür. Görüşdə məqsəd, Azərbaycan Ordusunun maddi-texniki təminatının gücləndirilməsi üçün İtaliyadan hərbi geyim, silah və texnika alımaq idi. 1920-ci ilin fevralında isə S.E.Kontinin başçılığı ilə 35 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəldi. Əməkdaşlıq nəticəsində İtaliya Azərbaycandan neft, Azərbaycan isə İtaliyadan ordu üçün silah və hərbi geyimlər almalı idi. Lakin bolşevik işğalı Azərbaycan Ordusunun hərbi diplomatiya sahəsindəki uğurlu addımlarının reallaşmasına imkan vermədi. Yüz il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin başladığı hərbi diplomatiya siyasəti mürəkkəb tarixi şərait baxımından gerçəkləşə bilməsə də, bu gün onun varisi, müasir Azərbaycan o tarixi missiyanı - beynəlxalq hərbi əməkdaşlıq siyasətini uğurla davam etdirir.

Azərbaycan “Təhlükəsizlik çətiri”nin etibarlı dayağıdır

Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra qədim dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə sadiq qalaraq çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçdi. Hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm verdi. Digər tərəfdən də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağda başlanan erməni separatizmi və eləcə də hərbi təcavüzün genişlənməsi dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini tarixi zərurətə çevirir. Buna görə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, Azərbaycanımızın suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün ölkənin ardıcıl və fəal xarici siyasətini, o cümlədən beynəlxalq hərbi əməkdaşlığını labüd edir.
1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev Şimali Atlantika Alyansı ilə hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini balanslaşdırılmış xarici siyasət doktrinasının prioritet vəzifələrindən biri kimi müəyyənləşdirərək bu istiqamətdə praktik addımların atılmasını təmin etdi. Alyansın beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu nəzərə alan Ulu Öndər respublikanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulması barədə qətiyyətli qərar verərək, 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində yaradılmış xüsusi taborun şəxsi heyəti beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasının üzvü kimi 1999-cu ilin sentyabrında Türkiyə taboru ilə birlikdə Kosovoda, Əfqanıstanda və İraqda sülhyaratma missiyasını həyata keçirməyə başladı. Bu gün də ordumuzun sülhməramlı qüvvələri Əfqanıstanda öz missiyalarını uğurla davam etdirir. Azərbaycan Ordusunun şəxsi heyətinin bir qrupu NATO sülhməramlılarının tərkibində adı çəkilən ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak hüququ qazanması respublikamızın müstəqilliyinin ilk illərində beynəlxalq nüfuzunun daha da güclənməsinə təkan verdi.
NATO-ya üzv dövlətlərin 10-11 yanvar 1994-cü il tarixdə keçirilmiş Brüssel sammitinin yekun bəyanatında ilk dəfə olaraq Cənubi Qafqazda vəziyyətə dair rəsmi münasibət əksini tapdı. Birgə bəyanatın 21-ci bəndində təşkilatın regiondakı münaqişələr və mürəkkəb vəziyyətlə bağlı narahatlığı ifadə olunurdu, sülhün, təhlükəsizliyin başlıca şərti kimi dövlətlərin ərazi bütövlüyü prinsipi önə çəkilirdi. NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və başqa imkanlar yaratmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə, regionun mühüm enerji layihələrinin təhlükəsizliyinin gerçəkləşdirilməsinə də əsaslı təminat kimi nəzərdən keçirilir.
Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə hərbi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşularaq (MDB-də 4-cü ölkə) hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olmasının göstəricisidir. 2001-ci ildə  Azərbaycanda "Kooperativ Determineyşn-2001" çoxmillətli komanda-qərargah təlimlərinin keçirilməsi milli ordumuzun Avropa və dünya standartlarına doğru uğurlu addımı kimi dəyərləndirilməlidir. Ölkəmizi layiqincə təmsil edən hərbçilərimiz beynəlxalq hərbi təlimlərdə fəal iştirak etməklə peşəkarlıq səviyyəsinə görə diqqəti çəkir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə ordu quruculuğuna göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Müstəqilliyimiz bərpa ediləndən sonrakı illərdə, xüsusilə 1994-2000-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın vəziyyəti daha sıx və ümidverici görünürdü. O dövrdə Türkiyə Azərbaycanın Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması işinə böyük töhfə verdi. 2010-cu ildə imzalanmış "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində intensiv irəliləyişlər ümidini yaratdı. Bu ölkələr arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar mövcuddur və Türkiyə Azərbaycana hər zaman hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Türkiyə Respublikasının bu mövqeyi hər il birgə keçirilən irimiqyaslı təlimlərdə özünü bir daha təsdiqləyir.
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev NATO-nun ən yüksək kürsülərindən bəyan edərək bildirir ki, Azərbaycan həqiqi etibarlı tərəfdaşdır, biz dünyanın müxtəlif yerlərində həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakçıyıq. Biz artıq sübuta yetirmişik ki, tərəfdaşlıqda möhkəmik.
Vaxtilə NATO-nun baş katibi olmuş Yaap de Hoop Sxeffer də Azərbaycan dövlətinin beynəlxalq hərbi əməkdaşlığını yüksək qiymətləndirərək deyirdi ki, mən Azərbaycana və onun Prezidentinə Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakına görə NATO-nun təriflərini ünvanladım. “Azərbaycan Əfqanıstandakı əməliyyatlarda da iştirak edir, NATO əməliyyatları olmasa da İraqda sülhməramlı əməliyyatlarda iştirak edir. Beləliklə, əməkdaşlıq üçün əla əsas var.”

“...Azərbaycan bölgədə sabitləşdirici ölkədir”

Bu ilin aprelində Azərbaycan Müdafiə Nazirliyi ilə Çin Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənədin imzalanması Azərbaycanın beynəlxalq hərbi müstəvidə qazandığı uğurlarının davamıdır. Sənədi Çin Dövlət Şurasının üzvü, Milli Müdafiə naziri Vey Fenxen və bu ölkədə səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov imzalayaraq hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər.
Azərbaycan Respublikası Rusiya Federasiyası ilə də hökumətlərarası razılaşmaya əsasən uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığa malikdir. Mövcud çərçivədə ölkəmizə ən yeni hərbi texnikaların plana uyğun çatdırılmasını misal göstərmək olar.
Dünya hərb sənayesində özünəməxsus yeri olan Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, Cənubi Afrika Respublikasının şirkətlərinin iştirak etdiyi sərgilərdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi texnika və silahların nümayişi təqdir olunası haldır. "Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm", - deyən Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Prezident çıxışlarının birində onu da vurğulamışdır ki, biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir.
Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən xarici və hərbi siyasət Azərbaycanın bölgədə tam müstəqilliyinin mövcudluğuna əbədi təminatdır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu" 

Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir