Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2018 13:37

Dövlətçiliyimiz yaşadıldı, yaşadılacaq

Sovet dönəmində uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev respublikamızın iqtisadi, siyasi, sosial və mədəni tərəqqisi üçün böyük işlər görmüşdü. O zaman sənayenin, kənd təsərrüfatının dirçəldilməsi, ölkəmizdə müasir zavod və fabriklərin inşasına nail olmaq, iqtisadi inkişafın həlledici amillərindən olan böyük enerji layihələrinin gerçəkləşdirilməsi, su-elektrik stansiyalarının tikintisi, əslində, Azərbaycanın iqtisadi potensialının artırılmasını təmin etmişdi. Əsas kənd təsərrüfatı sahələrindən olan pambıqçılığın və üzümçülüyün genişləndirilməsi yekunda insanların maddi rifahının xeyli yüksəlməsinə gətirib çıxarmışdı.
Azərbaycan gənclərinin İttifaqın ən yüksək reytinqli elm və təhsil ocaqlarına göndərilməsi, ölkəmizdə yeni təhsil ocaqlarının açılması, insan kapitalına qoyulan ən əhəmiyyətli yatırımlar ölkəmizin gələcəyinə hesablanmış mühüm addımlar idi.  Onlar qazandıqları bilik və bacarığı sonradan müstəqil Azərbaycan naminə istifadə edəcəkdilər.
Ümummilli Liderin Azərbaycan naminə ən böyük xidməti  dövlətçiliyimizi xilasetmə missiyası idi. Sanki SSRİ-nin süqutu və müstəqilliyimizin ilk illərində Azərbaycanda seçim imkanı yaranmışdı: ölkəyə rəhbərlik edən siyasi liderləri fəaliyyətlərinə görə müqayisə etmək və xalqı təhlükələrdən xilas etmək gücündə olan siyasi xadimin ətrafında birləşərək bütün fəlakət və çətinliklərdən qurtarmaq.
Həmin mürəkkəb və keşməkeşli illərdə ölkəmizin rəhbərliyində təmsil olunmuş qüvvələrin siyasi baxımdan qeyri-peşəkarlığı, tarixin gedişini düzgün qiymətləndirməməsi və hadisələrin inkişafını  obyektiv dəyərləndirməməsi nəticəsində xalqımız ağır sınaqlardan keçməli olmuşdu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı günü - 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Müstəqilliyimizin ilk illərində Ulu Öndərin rəhbərliyi və gərgin fəaliyyəti nəticəsində  Azərbaycan xalqı tənəzzül və xaosdan azad olmağı bacardı. Prezident Heydər Əliyev dövlət çevrilişi cəhdlərini, müxtəlif maneələri cəsarət və qətiyyətlə dəf edərək ölkəmizi ağır böhrandan xilas etdi, inkişaf və tərəqqi yoluna çıxartdı. Böyük iradəsi və gərgin zəhməti bahasına ölkə daxilində sabitlik və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Ümummilli Liderimizin müdrik siyasəti nəticəsində ölkəmizin iqtisadi tərəqqisində əhəmiyyətli rol oynayan  "Əsrin müqaviləsi" imzalandı. Dövlətimiz faktiki olaraq bununla dinamik inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderin rəhbərliyi dövrü - 1993-2003-cü illər ölkəmiz üçün həlledici zaman oldu, o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi, ölkəmiz faktiki olaraq  dünya birliyinə qovuşdu.
O illərdə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi ilə siyasi sistem möhkəmləndirildi və ölkəmizin hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradıldı. Mahiyyət etibarilə həmin illər ərzində görülmüş işlər ölkəmizin hazırkı uğurlu inkişafının təməli oldu.
Böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi, başqa sahələrdə olduğu kimi, ordu quruculuğunda da ciddi islahatların həyata keçirilməsi üçün dönüş nöqtəsi oldu. Ölkəmizdə ordu quruculuğu prosesi məhz Ulu Öndərin adı ilə bağlıdır. Öncə  orduda neqativ halların aradan qaldırılması, mənəvi-psixoloji mühitin sağlamlaşdırılması üçün ardıcıl tədbirlər görüldü. Hərbi intizamın, vahid komandanlıq prinsipinin möhkəmləndirilməsi, döyüş hazırlığı problemlərinə və təlim prosesinə diqqət yetirilməsi, ordunun maddi-texniki təminatının ilbəil yüksəldilməsi nəticəsində Silahlı Qüvvələrdə köklü dəyişikliklər baş verdi.
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır. Çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.
Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında mühüm rol oynayan ölkədir.
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində ən böyük nailiyyətlərindən biridir. Azərbaycan 2011-ci ildə BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətin dəstəyini əldə edərək 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  inamlı qələbə qazandı. Bu, Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun göstəricisinə çevrildi.
2005-ci ildə Avropa Şurasının Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamə qəbul edərək Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini rəsmən tanıdı. AŞ PA həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə  birmənalı dəstək ifadə etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistanın Azərbaycan ərazilərini dərhal işğaldan azad etməsini tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığını xatırlatdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin fəaliyyətini daim diqqətində saxlayır. Ordu quruculuğu bu gün Azərbaycan rəhbərliyinin ən çox önəm verdiyi strateji məsələlərdəndir.
Dövlətimizin və müstəqilliyimizin qarantı olan Azərbaycan Ordusu bu gün ən müasir silah və texnika ilə silahlanmış, yüksək təchizata, intizama və döyüş hazırlığına nail olmuş qüdrətli güc strukturudur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu beynəlxalq reytinq təşkilatları tərəfindən ən güclü ordular sırasına aid edilir.
Ulu Öndərin formalaşdırdığı və yaratdığı zəmin üzərində inkişaf etmiş Azərbaycan Ordusunun bu gün nəyə qadir olduğu aprel döyüşlərində təsdiqləndi. Ordumuz bir daha sübut etdi ki, işğal edilmiş ərazilərimizi azad etməyə və Vətənimizin ərazi bütövlüyünü təmin etməyə qadirdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “...Bu gün Azərbaycan Ordusu dünyanın ən gücül 50 ordusu sırasındadır”. Bu fikir Azərbaycanda ordu quruculuğunun həmişə prioritet olmasının nəticəsidir.
Qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsi dinamik surətdə inkişaf edir, edəcəkdir...

"Azərbaycan Ordusu"