Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2018 11:35

Ordu idmançılarının qələbələrinin davamlı olacağına inanırıq

Bu günlərdə Moskvada hərbçilər arasında keçirilən güləş üzrə 33-cü dünya çempionatında idmançılarımız uğurlu çıxış edərək Vətənə 11 medalla qayıtdılar. Bu ölkəmizdə güclü güləş məktəbinin olduğunun təsdiqidir. İstedadları yetişdirən, qayğısına qalan, püxtələşdirib peşəkar güləşçi olması üçün çalışan böyük məşqçi əməyi var. Müsahiblərimiz Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləş məşqçiləri beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və dünya birinciliklərinin dördqat qalibi, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilovla söhbətimizə  başladıq...
- Hərbçilər arasında keçirilən dünya çempionatını necə qiymətləndirirsiz? - sualına cavab olaraq mayor Nazim Əlicanov bildirdi ki, hərbçilər arasında keçirilən bu yarış dünya səviyyəli güləş yarışları ilə bərabər səviyyədədir. - Nəzərə almaq lazımdır ki, turnirin adı   hərbçilər arasında dünya çempionatı olsa da, burada sırf hərbçilər deyil, müxtəlif ölkələrin hərbi idman klublarını təmsil edən dünya, Avropa və digər beynəlxalq miqyaslı yarışların qalibləri də iştirak edirdilər. Rusiya Federasiyası yarışları yüksək səviyyədə təşkil etmişdi. Ümumilikdə yarışlara 22 ölkədən 350-dən çox idmançı qatılmışdı. Yarışda iştirakçıların hamısı qələbə qazanmaq üçün bütün gücünü, istedadını ortaya qoymuşdular. Hansısa rəqibin güclü və ya zəif olduğunu demək olmazdı.
- 11 medal qazanmaq, komanda hesabında 4-cü yerə layiq görülmək, həqiqətən, uğurlu nəticədir. Hiss olunur ki, komandamız bu turnirə çox ciddi şəkildə hazırlaşıb...
- Təlim-məşqlərin yüksək səviyyədə keçirilməsinə şərait yaratdıqlarına görə Müdafiə Nazirliyinin və MOİK-in rəhbərliyinə, Azərbaycan Güləş Federasiyasına  bütün kollektiv adından dərin təşəkkürümü bildirirəm. İdmançılarımızın turnirə hazırlaşmaları üçün hər cür imkan yaradılmışdı. Hər gün hazırlıqlarımız çox ciddi şəkildə aparılırdı. Gündə iki dəfə, bəzən üç dəfə məşq keçirdik. İdmançılarımız da təlim-məşqlərə böyük həvəs və ruh yüksəkliyi ilə qatılırdılar. Komandamızda ümumi əhval-ruhiyyə yüksək səviyyədə idi. Güləşçilərimiz qarşısında qoyulan əsas məqsəd isə dünya çempionatından Vətənə qızıl medallarla qayıtmaq idi. Bütün iştirakçıların etimadı doğruldub medal aktivimizi zənginləşdirəcəklərinə inanırdıq. MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev də yarışqabağı daim idmançılarımızın yanında olmaqla onlara böyük stimul verirdi. Yarışlara gəlincə, bütün idmançılarımız daha çox bayrağımızın dalğalanması, himnimizin səslənməsi üçün döşəkdə əzmlə mübarizə aparırdılar. 2 qızıl, 3 gümüş, 6 bürünc medal komandamızın çıxışının müsbət olduğunun sübutudur. Biz bilirdik ki, orada bizim düşmənlərimiz - erməni komandası da iştirak edir. Hərbçi kimi onlarla güləşmək bizdən birə-beş diqqətli olmağı tələb edirdi. Digər silahdaşlarımız necə səngərlərimizdə düşmənlə ayıq-sayıq mübarizə aparırlar, eləcə də biz döşək üzərində düşməni məğlub etməli idik. Bildiyiniz kimi, idmançılarımız qarşılaşdıqları erməni rəqiblərinin hamısını məğlub etdilər.  Qadın güləşçilərimizin də çıxışını xüsusilə qeyd etmək istəyirəm. 3 qadın idmançı ilə təmsil olunduğumuz yarışda komandamız 1 qızıl, 1 bürünc medal qazandı. Uğurlarımız təsadüfi deyil və bu həqiqətən yaxşı nəticədir, - deyə mayor Taleh İsrafilov bildirdi.
- Güləşçilərimizin ümumi çıxışını qənaətbəxş hesab etmək olar?
- İlk olaraq mayor İsrafilovun qeyd etdiyi kimi, qadın güləşçilərimizin uğurlu çıxışları haqqında danışmaq istəyirəm, - deyə mayor Əlicanov bildirdi. "Qadın güləşçilərimiz bu yarışlarda ikinci dəfədir iştirak edirlər. Yarışları birinci yerdə başa vuran, 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadənin keçirdiyi görüşlər barədə məlumat verim. Xanım idmançımız ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək hərbçilər arasında dünya çempionu adını qazandı. Qələbə sayəsində o, 33-cü dünya çempionatında Azərbaycan komandasının aktivinə ilk qızıl medalı yazdırdı. Qadın güləşində digər medalçımız isə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Sona Tumarxanovadır. Təəssüf ki, o ilk görüşdə Qazaxıstan təmsilçisinə məğlub oldu. Lakin təsəlliverici görüşdə o etimadı doğrultdu və Monqolustan təmsilçisini məğlub edərək turniri üçüncü yerdə başa vurdu, komandamızın hesabına ilk medalı əlavə etdi. 53 kiloqramda qurşaq tutan xanım güləşçimiz Tatyana Varansova medal qazana bilmədi.
Sərbəst güləşçilərimizin çıxışına gəlincə bildirim ki, 9 idmançımız güləşin bu növündə öz güclərini sınadılar. Onlardan dördü ölkəmizə medalla qayıtdı. Medalların biri gümüş, üçü isə bürüncdür. Əfsuslar olsun ki, sərbəst güləşçilərimizdən qızıl medal qazanan olmadı. Sərbəst güləş üzrə döşək üzərinə ilk olaraq 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Əfqan Xaşalov çıxdı. Əfqan bu yarışı keçən il üçüncü yerdə başa vurmuşdu. Bu il onun qızıl medal qazanmasına ümid edirdik. Amma ilk görüşdəcə Şimali Koreya təmsilçisinə gözlənilməz məğlubiyyəti bu istəyin üstündən xətt çəkdi və o  yarışları beşinci yerdə başa vurdu. Müvafiq olaraq 61, 70, 79, 92 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçilərimiz Pərviz İbrahimov, Pənah İlyaslı, Orxan Abbasov, Asxab Həmzətov ilk görüşdə məğlub olaraq turniri medalsız başa vurdular. 65, 74, 97 kiloqram çəki dərəcələrində qüvvələrini sınayan Ağahüseyn Mustafayev, Coşqun Əzimov və Roman Bəkirov üçüncü oldular. Məşqçi kimi məni ikiqat qalib Ağahüseyn Mustafayevin görüşü həyacanlandırdı. Çünki qızıl medalı məhz ondan gözləyirdik. Lakin bu idmandır - üstünlüyü əldən verməyə bir neçə saniyə də bəs edir. Gümüş medalçımız 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Əliyev də favoritlərimiz siyahısındaydı. Qızıl medalın bir addımlığında olan cəngavərimiz hakimlərin qərəzli mövqeyi nəticəsində rus idmançısına məğlub olaraq ikinci oldu. İnanırıq ki, gələcək yarışlarda qızıl medallarımızın sayı çox olar.
Yunan-Roma güləşi üzrə komandamızın məşqçisi mayor Taleh İsrafilov bildirdi ki, bu turnir yunan-Roma güləşində qüvvələrini sınayan idmançılarımız üçün uğurlu keçdi. “9 təmsilçimizdən 5-i Vətənə medalla qayıtdı. 1 qızıl, 2 gümüş, 2 bürünc medalla güləşçilərimiz 22 komanda arasında üçüncü yerə çıxdılar. Çempionatın kubokuna da layiq görüldük. Bu tip turnirlərdə əsas məqsədlərimizdən biri də, rəqib olan erməni təmsilçilərini məğlub etməkdir. Yarışda bütün fikrimi və diqqətimi erməni rəqiblərlə mübarizəyə cəmləmişdim. 60 və 72 kiloqramda mübarizə aparan Murad Məmmədovla Ülvi Qənizadə bu baxımdan bizləri sevindirdilər. Hər iki güləşçimiz rəqib idmançıya göz açmağa imkan vermədilər. Təəssüf ki, sırf hakimlərin qeyri-obyektivliyi ucbatından hər iki təmsilçimiz yalnız final görüşündə uduzaraq qızıl medallarına qovuşa bilmədilər və fəxri kürsünün ikinci pilləsinə yüksəldilər. 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rafiq Hüseynov İsveçrə təmsilçisini məğlub etdikdən sonra belaruslu güləşçiyə də qalib gələrək onu yarışlardan kənarlaşdırdı. Yarımfinal görüşündə R.Hüseynov Rusiya təmsilçisinə məğlub olaraq yarışlarda mübarizəni üçüncü yer uğrunda davam etdirdi və Almaniya təmsilçisinə qalib gələrək üçüncü oldu. 87 kiloqram çəki dərəcəsində güləşçimiz İslam Abbasov əvvəlcə Braziliya, sonra isə Çin təmsilçisinə qalib gələrək yarımfinala yüksəldi. Bu mərhələdə rusiyalı rəqibinə məğlub olaraq mübarizəni üçüncü yer uğrunda davam etdirdi. Bu idmançımız da Almaniya təmsilçisinə qalib gələrək 3-cü oldu. Digər təmsilçilərimiz medal qazana bilmədi. 77 kiloqram çəki dərəcəsində mübarizə aparan MOİK-in nümayəndəsi Həsən Əliyev isə macar, iranlı və Finlandiya güləşçiləri üzərində inamlı qələbə qazanaraq finala çıxdı. Burada o güclü rus idmançısını məğlub edərək yarışları birinci yerdə başa vurdu, qızıl medala layiq görüldü.
Məşqçilərimiz sonda vurğuladılar ki, qarşıda keçirilən turnirlərdə də bu uğurlarımız davamlı olacaq, idmançılarımız ölkəmizi layiqli səviyyədə təmsil edəcəklər.
 
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"