Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:19

Dövlətçiliyimizin 100 illiyi

1918-ci il mayın 28-də "İstiqlal Bəyannaməsi" imzalandı. Bununla da Azərbaycanda Şərqin ilk demokratik respublikası quruldu. Onun müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Bəyannamənin əsas müddəalarında deyilirdi: "Azərbaycan tamhüquqlu və müstəqil dövlətdir". "Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində millətindən, dinindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verdi".
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə böyük öhdəliklər götürdü və onu şərəflə yerinə yetirdi. Azərbaycanın sərhədləri müəyyənləşdi, üçrəngli bayrağı, himni, gerbi yaradıldı, ana dili dövlət dili elan olundu, hərbi islahatlar keçirildi.
Azərbaycanın hərbi dəstəyə ehtiyacı olduğu vaxt Nuru paşa Qafqaz İslam Ordusu ilə yardıma gəldi. Bu ordu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilələr təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məmməd Əmin Rəsulzadə deyirdi: “Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi.” Göründüyü kimi vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi.
Başlanan ordu quruculuğu və müdafiə tədbirləri böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, Port-Artur döyüşlərində böyük şücaət göstərmiş general Əlağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.
Gənclərin təhsil alması üçün 1919-cu il sentyabrın 1-də "Bakı Universiteti"nin yaradılması barədə fərman verildi. Noyabrın 15-də BDU fəaliyyətə başladı. Yüzlərlə gənc ali təhsil almaq üçün xaricə göndərildi.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı, onun həyata keçirəcəyi bir çox tədbirlər də yarımçıq qaldı.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Xalq Cümhuriyyətinin himni, gerbi, üçrəngli bayrağı yenidən qəbul olundu. Bizi müstəqilliyə doğru aparan 28 may tarixi əbədiləşdirilərək qələbə günü kimi qeyd olunur. Bu, dövlətçiliyimizin qələbə günüdü.

Hüsniyyə İDRİSOVA, BSU-nun I kurs tələbəsi