Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:16

“Vətəni şəhidlərimizin sevdiyi qədərincə sevirik!..”

Hər şəkil zamanın bir anının yaddaşıdır. Bu bir an xalqla, dövlətçiliklə bağlıdırsa, Vətən sevgisinin təzahürüdürsə, daha dəyərlidir və əbədiyyən bu dəyəriylə yaşadılır; hər baxılanda tarixin o anı yenidən yaşanılır və yaşanıla-yaşanıla ömür yaşadılmalılara köklənir.
Şəhidlik Vətən sevgisinin təsdiqidir...
Şəhidlər vətənsevərlərin Vətən sevgisini təsdiqləyir.
Tədbirlərdən birində azyaşlı bir uşaq xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini dedi. O ağrıları yaşaya-yaşaya dedi, ürəyinin səsiylə dedi. Şəhidliyin nə olduğunu bu yaşda uşaqların da bu səviyyədə dərk etməsi könlümü riqqətə gətirdi. Şəhid analarının yanaqlarında közə dönən göz yaşlarının eynini gördüm o uşağın yanağında...
Samid İmanov, Raquf Orucov,... kimi igidlərin şəhid olduğu aprel döyüşləri qəhrəmanlıq tarixi kimi yaşadılır, yaşadılacaq. Bu qələbə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının qələbəsidi, ordu ilə xalqın birliyinin - milli-xəlqi ruhun qələbəsidi. Həm də Böyük Qələbənin başlanğıcı kimi yaşadılan qələbədi. Bu qələbə həm də şəhidliyə ehtiramın qələbəsidi...
Aprel döyüşlərinin iştirakçılarının xatirələri, söhbətləri yaşarı tarixdi və bu yaşarı tarix həmişə maraqla, qürurla dinlənilir. Belə söhbətlər günümüzün əsgərləri üçün daha maraqlıdı, daha gərəklidi;  olmuşları kitabdan, qəzetlərdən, sosial şəbəkələrdən oxuyanlar müəyyən məlumata malik olur. Olmuşların döyüşlərin iştirakçısından eşidilməsi həmişə daha təsirli olub. Zamanında Böyük Vətən müharibəsi iştirakçılarının söhbətlərini dinləyərdik, illərin o üzündə qalanları qürurla yaşayardıq. Atalarımızla, babalarımızla, əmi-dayılarımızla fəxr edərdik. Bu günün yeniyetmələri də belədi; aprel döyüşləri haqqında döyüşənlərin söhbətini dinləmək istəyirlər, dinləyə-dinləyə o sevinci hər söhbətdə yenidən yaşamaq istəyirlər. O sevincin işığında Böyük Qələbənin sevincini görürlər.
Gənc əsgərlər aprel döyüşləri zamanı yeniyetməydi - məktəbliydi, tələbəydi. Aprel döyüşləri haqqında qəzetlərdən oxumuşdular, bu döyüşlər haqqında televiziyadan eşitmişdilər. Hərbi xidmətdə o döyüşlərin iştirakçılarıyla xidmət etmək onları qürurlandırır.
Hərbi xidmətdə şəhidlərə ehtiramı görən əsgərin vətənpərvərlik duyğuları daha mətinliklə formalaşır.
"N" hərbi hissəsində aprel döyüşlərinin şəhidlərinin xatirəsinə ucaldılan abidəyə hər səhər sevgilərlə baxan əsgərlərin duyumları - vətənpərvərliyinin söykənməli olduğu məqamlar həmin döyüşün iştirakçılarından eşitdikləri ilə tamamlanır, çulğaşır, dönməzləşir. Vətən uğrunda şəhid olanlara ehtiramdı bu söhbətlər, torpaqlarımızı işğaldan azad etməyə içilən anddı - qələbənin əsgəri olmaq istəyidi. Söhbət edən də, söhbəti dinləyən də bu amal üçün xidmət edir. Onların amalı hamımızın amalıdı - məmləkətin amalıdı...
Kapitan Şahin Qubadov aprel döyüşlərindən danışır, xatirəsi əbədiləşdirilən şəhidlərdən, onların qəhrəmanlığından danışır, qəhrəmanlığın Vətənə sevginin təzahürü olduğunu xatırladır; "Vətəni sevin" - deyir abidə də, kapitanın abidədən üzülməyən baxışları da. Əsgərlərin baxışlarından oxunan mətləb də Böyük Qələbənin uzaqda olmadığının təsdiqidi: Vətəni şəhidlərimizin sevdiyi qədərincə sevirik!.." ...
..."1945-ci ilin 9 may gününün  tarixə qızıl hərflərlə yazılmasını" istəyirdi xalq şairi Səməd Vurğun. Azərbaycan əsgəri çox da uzaqda olmayan hansı ayın hansı gününüsə tarixə qızıl hərflərlə yazacaq!
Belə söhbətlər bu mətləb üçündü...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist