Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:15

“Şəxsi heyəti milli-mənəvi dəyərlərlə silahlanan ordu ən güclü ordudur”

Rubrikamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin həqiqi üzvü, İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoyludur.

Akademik söhbətinə xalqımızın  ümummilli lideri Heydər Əliyevin hərbi quruculuq məsələlərindən bəhs edən dərin məzmunlu çıxışından sitat gətirməklə başladı. "Ulu Öndər deyirdi: "...Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji hazırlığı mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir.” Ümummilli Liderimiz hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə ölkədə hərbi quruculuq sahəsində ilk uğurlu addımlarını atmışdı. Belə ki, C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması ordu quruculuğunda atılan uğurlu addımların başlanğıcı idi."
Müasir Azərbaycan Ordusunun Cümhuriyyət Ordusunun varisi hesab edildiyini deyən akademik onu da vurğuladı ki, ötən əsrin əvvəllərində təməli qoyulan, əsrin sonlarında müstəqillik illərində yenidən gerçəkliyə çevrilən ordu quruculuğu işləri Azərbaycanda yeni,  mütərəqqi dəyərlər əsasında həyata keçirildi.
Direktor M.Nağısoylu ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi,  2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması barədə imzaladığı sərəncamları, eyni zamanda respublikamızın Silahlı Qüvvələrinin 100 illiyinə hazırlığını dövlətçilik tariximizdə mühüm hadisə adlandırdı.
Akademik söhbətində Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin verdiyi mühüm  qərarlardan birinin də Ana  dili məsələsi ilə bağlı olduğunu dedi və bu istiqamətdə atılan addımlardan danışdı: "Ana dili millətin ən böyük milli-mənəvi sərvətidir. Dünyada hər bir xalq dövləti, dili və dini ilə tanınır. Hər bir xalqın  Ana dili onun  varlığıdır, kimliyidir. Ulu öndər Heydər Əliyev deyirdi ki, xalqı xalq edən, milləti millət edən onun Ana dilidir. Cümhuriyyət dövründə kadrların əksəriyyəti, xüsusilə də hərbçi kadrlar çar Rusiyasında təhsil alıb, o ölkənin ordusunda xidmət etmişdilər. Ona görə də onların birdən-birə doğma Ana dilinə keçməsi asan məsələ deyildi. Ana dilində işlədilməsi gərəkli olan hərbi terminləri öyrənmək üçün vaxt tələb olunurdu. Çox sevindirici haldır ki, müstəqillikdən sonra ordu quruculuğunda əski türk sözləri işlədilərək  yenidən həyata vəsiqə qazandı. Məsələn: taqım, çavuş, gizir, görürsünüz, necə gözəl səslənir. Hərbi quruculuqda Ana dili məsələsi Cümhuriyyət dövründə aktual olduğu kimi, müstəqillikdən sonra müasir ordu quruculuğunda da aktual idi və milli hərbi terminlərdən istifadə qaydaları əsas şərt kimi qəbul edilirdi. Nümunə olaraq deyə bilərəm ki, farağat, düzlən, hazır ol, atəş kimi  terminlər Ana dilimizin daxili imkanları hesabına yaranan milli hərbi terminlərdir."
Sovet dönəmində təməli Ümummilli Liderimiz tərəfindən qoyulan C.Naxçıvanski adına Hərbi Məktəbdə Ana dilinin daha geniş tədris edildiyini, kursantların da əsasən azərbaycanlılardan ibarət olduğunu deyən Möhsün Nağısoylu söhbətinə davam edərək bildirdi ki, o dövrdə  bizə təkcə kondisioner zavodu lazım deyildi, eyni zamanda gələcəkdə Ana dilini gözəl bilən milli hərbçi kadrları yetişdirən C.Naxçıvanski adına Hərbi Məktəb də lazım idi. Qarabağ müharibəsində, aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan və hünər göstərən vətənpərvər hərbçilərimizin sırasında həmin məktəbin məzunları da var idi.
Akademik dövlətimizdə Ana dili məsələsinin həm də azərbaycançılıq məfkurəsi ilə sıx bağlı olduğunu dedi: "Konstitusiyamızda ayrıca bir maddə - 21-ci maddə Ana dili ilə bağlıdır. "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir". Ana dili  məsələsi dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmaqla yanaşı, əsas amillərindən biri sayılır. Bütün bunların hamısı mənəviyyat məsələsidir. Şəxsi heyəti milli-mənəvi dəyərlərlə silahlanan ordu ən güclü ordudur. Cümhuriyyətin Ana dili haqqında qərarının  qəbul edilməsindən də bir əsr vaxt  keçir. Dilçilik institutu olaraq,  Ana dilimizin keşiyində duran  biz alimlər düşünürük ki, ayrıca sessiya keçirək."
Dilçi alim söhbətində Ana dilimizin geniş imkanlarından da bəhs etdi. "Böyük ziyalı Ömər Faiq Nemanzadə deyirdi ki, doğma Ana dilinə olan sevgi bütün sevgilərdən üstündür. Çünki biz ilk dəfə dil açanda ana deyirik. Mən fars, ərəb, ingilis dillərini bilirəm. İnanın ki, Azərbaycan dili dünya dilləri sırasında özünün ahəngdarlığına, musiqiliyinə, zəngin söz ehtiyatına görə seçilən dillərdən biridir. Ümumiyyətlə, müsəlman Şərqində üç dil - ərəb, fars və türk dili hakim dil olub. İslam mədəniyyətinin yaranmasında  da  bu xalqların nümayəndələri iştirak ediblər: ərəblər, farslar və türklər. O zaman ərəb dili elm dili, fars dili şeir dili, türk dili isə ordu dili olub. Yəni, türk dili hərb dilidir. İslam ordusunun əsas dayaqları da türklər olub. Türk dili daha çox hünər dili kimi dünyada tanınır. Farsların bir məsəli var: farsi şəkərəz (fars dili şəkər kimi şirindir), torki hünərəz (türk dilində hünər var). Bu dildə qəhrəmanlıq var. Azərbaycan dili oğuz dil qrupuna daxildir”.
Akademik M.Nağısoylu Vətənimizin keşiyində dayanan hərbçilərimizə müraciət edərək bildirdi ki, Ana dilimiz dünyada ən zəngin dil qrupuna daxil olan bir dildir. "Ona görə doğma Ana dilinizi sevin, yaşadın, bu dildə danışmağınızla fəxr edin. Ana dilimiz qəhrəmanlıq, döyüş dilidir. Görün, hərb terminləri bizim dildə necə möhtəşəm səslənir. Qoy, sizin Ana dilinizlə Ana Vətəniniz Azərbaycan qürur mənbəyiniz olsun. Görkəmli dramaturqumuz C.Məmmədquluzadənin 1917-ci ildə yazdığı "Azərbaycan" adlı məqaləsi var. O məqalədə üç sözü üç dəfə təkrar edir: Vətən, millət, dil. Bununla yazıçı demək istəyir ki, hər bir insan üçün üç amil mühüm rol oynayır. Onun Vətəni, onun milləti, onun dili. Vətənin də, millətin də keşiyində kim durur, onları kim qoruyur?  Əlbəttə ki, əsgər."
Ordu və cəmiyyət əlaqələrinin də hər zaman aktual və zəruri olduğunu bildirən dilçi alim dedi ki, orduda xidmət edən hər bir əsgər və zabit bizim övladımızdır. Orduda xidmət keçən əsgər biləndə ki, onun arxasında valideyni ilə bərabər,  xalqının şairi, yazıçısı, ziyalısı dayanır, o zaman hər bir əsgər daha  qürurlu olur və daha da əzmlə, böyük iradəylə tutduğu vəzifəsini yerinə yetirir. Millət vəkilləri, ziyalılarımız, şair və yazıçılarımız, elm, mədəniyyət, incəsənət nümayəndələri  həmişə ordunun yanındadır. Onlar döyüş bölgəsində yerləşən hərbi hissələrə gedib əsgər və zabitlərimizlə görüşlər keçiriblər. Keçən il tanınmış xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə başda olmaqla bir qrup ziyalı ölkə Prezidentinin sərəncamından sonra yenidən bərpa olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edərək orada yaradılan yeni quruculuq işləri ilə tanış olmuşdular. Ordu-xalq birliyi həmişə mövcuddur. Xalqımızda bu ənənə var. Lakin bu ənənəni daha da inkişaf etdirmək lazımdır.  Ordu və cəmiyyət, ordu və ziyalı əlaqələrinin daha da dərinləşməsi orduda əsgər və zabitlərimizin döyüş əhval-ruhiyyəsinin yüksək olmasına stimul verən şərtlərdən biridir. Ordu ilə cəmiyyət, xüsusilə ordu ilə ziyalı əlaqələrinin olması olduqca vacibdir. Görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, bizə qılıncla yanaşı, söz də gərəkdir.Yəni, sözün özü də qılınc qədər kəsərlidir. Xalq şairi Səməd Vurğun İkinci Dünya müharibəsində döyüş gedən cəbhələrdə olur, əsgərlərlə görüşüb onları şeirləri ilə düşmən üzərində yeni-yeni qələbəyə ruhlandırırdı. Bunun özü böyük bir qaynaqdır. Ordu və cəmiyyət, ordu və ziyalı əlaqələrinin daha da dərinləşməsi istiqamətində görüləsi işləri sürətləndirmək lazımdır. Çünki belə məsələlər taleyüklü məsələlərdir. Ordu və cəmiyyət, ordu və ziyalı əlaqələrinin möhkəmlənməsi işlərində təbliğat da vacib amildir. Mən deyərdim ki, hər bir ziyalının ordusunun yanında olması onun vətəndaşlıq mövqeyidir, vəzifə borcudur, şərəfli missiyasıdır."
Akademik Möhsün Nağısoyludan ordumuzun aprel döyüşləri ilə bağlı düşüncələrini qəzetimizin oxucuları ilə bölüşməyi xahiş etdik. O qeyd etdi ki, mən öncə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan danışmaq istəyirəm. "Onun vətənsevərliyi,  qəhrəmanlığı gənc nəslə bir nümunədir. Mübariz göstərdiyi döyüş şücaətinə görə Qarabağ müharibəsi tarixində yeni səhifə açdı. Mən  övladlarıma da, vətəndaşlarımıza da deyirəm ki, Mübariz kimi Vətənə gərəkli oğul olmaq lazımdır. Biz Mübariz ənənəsinin davamını aprel döyüşlərində gördük. Ordumuzun qəhrəman oğullarının sayəsində nə qədər ərazilərimiz düşmən tapdağından azad olundu. Aprel döyüşlərində neçə-neçə hünərli Azərbaycan oğlu Vətən uğrunda canından keçdi. Şəhidliyə hazır olmayan xalq, xalq ola bilməz. Mənim namizədlik işim "Şühədanamə" adlanır. Yəni, "Şəhidlər kitabı". O kitabı yenidən  çapa hazırlayıram. Kitabda ibrət alınası bəzi məqamlar var: insan gərək qarşısına məqsəd qoysun, iradəli, əzmli olsun. Düşmən səndən sayca çox ola bilər. Lakin əsas sayın çoxluğu deyil, əsas insandakı iradədir, əzmdir, qəhrəmanlıqdır. Bütün bu xüsusiyyətlər ordumuzun şəxsi heyətində cəmlənən xüsusiyyətlərdir. Aprel döyüşləri göstərdi ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidliyə hazır olan əsgərlərimiz, zabitlərimiz var. Onlar necə mərdliklə, cəsarətlə döyüşürdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Dilçi alim söhbətinin sonunda  ordumuzun şəxsi heyətinə  arzu və istəklərini belə ifadə etdi: "Siz Vətənimizin keşiyində dayanan xalqımızın mərd oğullarısınız. Xalqımız sizə güvənir. Vətəni qorumaq müqəddəs vəzifədir və eyni zamanda şərəf işidir. İnsanın həyatda bir izi olur. Şair, yazıçı əsəriylə, memar tikdiyi binasıyla, sizsə Azərbaycan adlı bir məmləkətin, ölkənin keşiyində dayanaraq müqəddəs əməlinizlə tarixdə iziniz qalır. Bu müqəddəs işdə sizə sarsılmaz iradə, möhkəm qətiyyət və əzm arzulayıram."

Söhbəti apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"