Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2018 11:12

Qürur, bayram, dövlətçilik

Azərbaycan qədim dövlətçilik tarixinə malikdir. Zamanında mövcud olmuş qüdrətli Azərbaycan dövlətləri dünyəvi siyasətiylə tanınırdı. Xalq dövlətçiliyi uğrunda həmişə mübarizə aparıb. Şərqdə ilk diplomat qadın da azərbaycanlı olub - Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun.
Gülüstan müqaviləsi Azərbaycanın müstəqilliyini parçaladı. Lakin xalq tarixin gedişini dəyişmək, dövlətçiliyini bərpa etmək üçün mübarizəsini davam etdirdi. Nəhayət, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə qəbul edildi, Şərqdə ilk demokratik dövlət yarandı - Azərbaycan Xalq Cümhuriyyəti. Qısa müddətdə dövlətçilik atributları təsis edilərək qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı qürurla dalğalandırıldı. Hamı inandı ki, Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enməyəcək.
Dünyanın əksər dövlətləri ilə diplomatik əlaqələr quruldu.
Qısa müddətdə dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyan ordu yaradıldı. Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Cəmşid Naxçıvanski,... kimi sərkərdələr bu orduda xidmətə başladı; Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət yetirildi. Tam artilleriya generalı Əlağa Şıxlinskinin bilavasitə iştirakı ilə Milli Hərbiyyə Məktəbi fəaliyyətə başladı...
Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi dövlət idi. Dövlətin rəsmi nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirdi ki, bu da istər dövlətin tanıdılmasında, istərsə də müxtəlif miqyaslı əlaqələrin formalaşmasında əhəmiyyətli idi.
Dövlətçilik atributu olan bayraq həm də dövlətin hansı amallar üçün yaşadıldığının rəmzidir. Azərbaycan Xalq Cümhuriyyəti müasirləşmə, türkləşmə, islamlaşma məramlı dövlət kimi tanınırdı.
Bunların hamısının başlanğıcı 28 may tarixi idi. 28 aprel tarixi 28 may tarixini unutdura bilmədi; xalq yüksəltdiyi bayrağı ruhun ucalığında dalğalandırdı, 1991-ci ilin noyabrında - 71 ildən sonra yenidən var səsiylə "Bayrağım - varlığım, bəxtiyarlığım!" - dedi...
Tariximizə, mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza olduqca həssas yanaşan, onların öyrənilməsini tövsiyə və tələb edən böyük tarixi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycanı Xalq Cümhuriyyətinin varisi elan etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncam imzaladı.
...Hələ neçə yüz illər keçəcək, 28 may tarixi qürur, sevinc, dövlətçilik bayramı kimi yaşadılacaq. O tarixi yazanların ruhu həmişə ehtiramla anılacaq.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"