Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2018 08:56

Azərbaycan Ordusu beynəlxalq hərbi əməkdaşlıq müstəvisində

Dünyada geosiyasi oyunların çox sürətlə cərəyan etdiyi müasir dövrdə beynəlxalq müstəvidə yeni güc mərkəzlərinin yaranması dövlətlərarası əlaqələrin, xüsusilə hərbi əlaqələrin inkişafını labüd edir. Bu gün qloballaşan dünyanın ən həssas nöqtələrindən birində yerləşən Azərbaycan üçün ölkənin ərazi bütövlüyünü qoruyan ordunun formalaşdırılması, daim yüksək səviyyədə saxlanılması, torpaqların işğaldan azad edilməsi üçün hərbi əməliyyatlara hazır olması, yüksək  hərbi texnika ilə təchiz edilməsi və ən əsası hərbi əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi günün tələbi kimi ortaya çıxır. Hazırda Azərbaycan dövləti yerləşdiyi regionun geostrateji və geosiyasi üstünlüklərindən faydalı şəkildə bəhrələnmək, milli maraqlarını maksimum səmərəli realizə etmək üçün beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Bu əməkdaşlıq ordumuzun müasir hərbi standartları mənimsəməsinə, modern yenilikləri tətbiq etməsinə şərait yaradır.
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkir.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasəti, o cümlədən beynəlxalq hərbi əməkdaşlığı tələb edir.  Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələr ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Müdafiə Nazirliyi hərbi, hərbi-siyasi, hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli, üçtərəfli və çoxtərəfli formatda beynəlxalq hərbi əməkdaşlığı həyata keçirərkən Hərbi Doktrinanı və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası"nı əsas götürür, əməkdaşlığın əsas prinsiplərini, istiqamətlərini, həyata keçirilmə formalarını və hərbi əməkdaşlığın inkişafının perspektiv yollarını müəyyənləşdirir.
Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan dövlətinin beynəlxalq arenada mövqeləri daha da möhkəmlənib, xarici əlaqələri çoxşaxəli olub, nəticədə digər dövlət qurumları kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də qarşılıqlı, faydalı və bərabərhüquqlu münasibətlərə üstünlük verib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasət respublikamızı dünya miqyasında çox etibarlı, layiqli tərəfdaş ölkə kimi tanıdıb. Dünya birliyində də etiraf olunur ki, Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasəti açıq və müstəqildir.
Bütün bu amilləri nəzərə alaraq Müdafiə Nazirliyinin rəhbərliyi beynəlxalq əməkdaşlıq üçün ölkəmizdə yaradılmış münbit şəraitdən bəhrələnərək ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda dünya dövlətlərinin müvafiq qurumları ilə, çoxsaylı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaradıb. Bu əlaqələr daim inkişaf edir və öz bəhrəsini verir.
Respublikamız həm NATO ölkələri, həm də Rusiya ilə sıx hərbi əməkdaşlığa malikdir. Hazırda qeyri-rəsmi formada NATO standartları adlandırılan yüksək dünya standartlarının ordumuzda tətbiq edilməsi, eyni zamanda hərbçilərimizin beynəlxalq tədbirlərdə və təlimlərdə iştirakı vacib məsələlərdəndir.
Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olduğundan bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasdadır və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb edir. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır.
Müdafiə Nazirliyi beynəlxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadə nəticəsində Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını, müasir hərbi texnika və silahlarla təchizi məsələsində region və digər dövlətlərlə münasibətləri prioritet məsələ kimi diqqətdə saxlayır, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir.
NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Hazırda Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı baxımından Rusiya ilə əməkdaşlığın inkişaf dövründədir. Bu gün Azərbaycan-Rusiya münasibətləri ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. Açıq və səmimi xarakter daşıyan əlaqələr sayəsində ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus və əməkdaşlığın gələcək inkişafına xidmət edəcək sistemli yanaşma mövcuddur. Bütövlükdə, dövlət başçılarının görüşləri sayəsində Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, iki dövlətin və onun xalqlarının iradəsini əks etdirir. Azərbaycanın müdafiə sahəsində genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var.
Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Respublikamızın əsas tərəfdaşı olan Türkiyə beynəlxalq arenada daim Azərbaycanın müdafiəçisi və tərəfdaşı kimi çıxış edir. İkitərəfli əlaqələr hərbi sahəni də əhatə edir. Təsadüfi deyil ki, əvvəllər olduğu kimi 2018-cü ilin ötən beş ayında da Azərbaycan müdafiə sahəsində daha çox Türkiyə ilə əməkdaşlıq edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfəri də yuxarıda söylədiklərimizin bariz sübutudu. Sözügedən səfər Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq sahəsində çoxtərəfli əlaqələrin olduğunu bir daha təsdiqləyir. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatıb. Bu mənada Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanan bütün müqavilələr iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir. Bu müqavilələr, həmçinin iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığına da müsbət töhfələr verməkdədir.
İkitərəfli formatda olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, artıq üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan formatına qədəm qoyub. Belə görüşlər gələcəkdə yeni siyasi formatın yaranmasına zəmin yaradır. Məlumdur ki, hər 3 ölkə çox sıx əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və s. iri beynəlxalq əhəmiyyətli layihələr, həmçinin xarici siyasətdə uyğunluqlar bu ölkələrin daha yaxından əməkdaşlıq etməsini şərtləndirir. Müdafiə nazirlərinin son görüşü isə artıq hərbi sahədə genişmiqyaslı əməkdaşlıqdan xəbər verir.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və dəfələrlə açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış  "İkitərəfli Hərbi Əməkdaşlıq Planı" da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.
Bu il aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına səfəri də müasir silahlar siyahısında təkrar istifadə olunan hipersəs təyyarə, süni intellekt sistemləri, supersəs mühərriklər, lazer silahları, relsli aparatlar, peykləri və dronları məhv etmək üçün müxtəlif vasitələrin əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
Bu gün Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatlarla həyata keçirdiyi ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı müasir qloballaşan dünyada uğurlu nailiyyətlər və güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur. Hərbi sahədə potensialın inkişaf etdirilməsi, elmi və praktiki biliklərə nail olunması, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində görülən işlər daim Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Məqsəd müstəqilliyimizin qarantı olan Azərbaycan Ordusunun güc və imkanlarını genişləndirmək, sarsılmazlığına inamı artırmaqdır. Bu gün Azərbaycan xalqının Ali Baş Komandanına, ordusuna, onun güc və imkanlarına, sarsılmazlığına inamı böyükdür. Tezliklə bizi tarixi torpaqlarımıza qovuşduracaq Böyük Qələbə yuxarıda qeyd etdiklərimizin təsdiqi olacaq.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"
Müdafiə Nazirliyi və Mətbuat  Şurasının birgə təşkil etdiyi “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü  ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir