Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 10:17

Veteranların sağlamlığı daim diqqət mərkəzindədir

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Azərbaycan Respublikası Veteranlar Təşkilatı veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup tibb işçisini mükafatlandırmışdır.
Mərasim ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Hospitalın rəis müavini, tibb xidməti polkovniki Vüqar Mürsəlov tədbiri açıq elan edərək bildirdi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi səhiyyə sahəsi də durmadan inkişaf edir. "Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi avadanlıq və cihazlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür. Bu gün şöbələrdə yaradılan şərait xəstələrə ən yüksək səviyyədə, həmçinin qısa vaxtda keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir. Hospitalımızda mövcud olan müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra hospitalı da fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsini təmin edir. Bütün bu sadalananlar dövlət başçısının hərbçilərin sağlamlığına və onların sosial məsələlərinin həllinə həssaslıqla yanaşdığını nümayiş etdirir. Uğurlu aprel döyüşləri də təsdiq etdi ki, Azərbaycan Ordusunun tibbi təminatı və hərbi-həkim heyətinin peşəkarlığı yüksək səviyyədədir."
Veteranlara göstərilən tibbi qayğıya toxunan natiq vurğuladı ki, bu hərbi səhiyyə müəssisəsi yarandığı gündən zabit və əsgər heyətinə, həmçinin veteranlara da daim yüksək səviyyədə tibbi xidmət göstərir. "Arzu edirəm ki, veteranlar xəstələnməsinlər. Bu gün veteranlarımıza "sağ olun" deyirik. Biz təkcə sözdə deyil, həm də əməldə qəhrəmanlarımıza diqqət göstərməyə çalışırıq. Hospitalın rəhbərliyi heç zaman müharibə veteranlarını unutmur və əlindən gələni edir ki, onlar burada özlərini rahat hiss edib, sağlam həyata qovuşsunlar. Onlar Böyük Qələbənin əldə edilməsində rəşadət və fədakarlıq göstərmişlər. Bu nümunələr heç vaxt tarixdən silinməyəcək. Veteranların həyat və fəaliyyətləri nəsillər üçün örnək, özləri isə bizlər üçün canlı əfsanə simvoludurlar."
Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov hospitalla olan sıx əməkdaşlıqdan söhbət açdı. "Millət, dövlət güclüdür ki, hörmətlə yad edilməli qəhrəmanları var. Bizim vəzifəmiz müharibə veteranlarının qəhrəmanlığını, cəsarətini və sonsuz Vətən sevgisini onların öz dilindən nəsillərin diqqətinə çatdırmaqdır. Lakin zaman-zaman veteranlar yaşlandıqca xəstəliklər onları üstələyir. Bu səbəbdən də onlar üçün tibbi təminat məsələləri vacibdir. Hospitalda veteranlar maksimum diqqət və qayğı ilə əhatə olunublar, onların sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu sahədə görülən işlər yüksək qiymətə layiqdir. Böyük Vətən müharibəsi veteranlarına xüsusi münasibət cəmiyyət tərəfindən də təqdir olunur”.
Sədr müavini hospitalda müharibə veteranlarını ziyarət etdiyi zaman yaranan təəssüratlarını da tədbir iştirakçıları ilə bölüşdü: "Palatalarda olan unikal tibbi avadanlıq və cihazlar xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyə şərait yaradır. Xəstələrin müalicəsinə olduqca həssas və diqqətli yanaşan həkimlər və tibb bacıları daim öz yüksək peşəkarlıqlarını təsdiqləyirlər. Veteranlar bu tibb ocağında nəinki sağalır, ən sağlam həyatı yaşayırlar. Veteranlara göstərdiyiniz bu cür dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm."
Sonda Azərbaycan Respublikası Veteranlar Təşkilatı adından veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim və tibb bacısına yubiley medalları və fəxri fərmanlar təqdim olundu, xatirə şəkilləri çəkildi.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"