Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 10:16

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu.

Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.
2. Azərbaycanın müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.
3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət

Azərbaycan öz müstəqilliyni elan etmə ərəfəsində Rusiya imperiyasının tərkibində idi. Rusiyanın 1914-cü ildə I Dünya müharibəsinə qoşulması nəticəsində ölkədə yaranan ağır iqtisadi vəziyyətdən, cəbhədəki uğursuzluqlardan məharətlə istifadə edən bolşeviklər xalq kütlələrini çar hakimiyyəti əleyhinə qaldırmağa müvəffəq oldular. 1917-ci il fevralın 27-də Rusiyada baş verən çevriliş nəticəsində çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu. Rusiyada hakimiyyət müvəqqəti hökumətin əlinə keçdi.
1917-ci il martın 9-da Müvəqqəti Hökumət tərəfindən Zaqafqaziyanın idarə edilməsi üçün Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Dövlət Dumasının yerli üzvləri daxil edilmişdi.
Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif sahələrində müsəlman milli şuraları yaradıldı. Bu şuralar öz fəaliyyətlərini  milli məqsədlər istiqamətində qurmağa  çalışırdılar. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Bu şuranın tərkibinə milli-azadlıq  hərəkatının liderləri olan Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Mehdi bəy Hacınski kimi ziyalılar daxil idilər. Özünün ümummilli xətti ilə kütləviliyini artıran şura Bakıda siyasi üstünlüyə malik idi.
Milli hərəkatın fəallarının xalqın hüquqlarının təmin edilməsi yolunda irəli sürdükləri tələblər milli-siyasi ideyaların təcəssümü kimi cəmiyyətdə əməli surətdə müdafiə olunurdu. Bu tələblər yalnız xalqın ağır yaşayışından doğan cari problemlərin həllinə deyil, eyni zamanda ümummilli mənafeləri əks etdirən mühüm vəzifələrin həllinə doğru istiqamətləndirilmişdi.
1917-ci il oktyabr inqilabından sonra Zaqafqaziya Xüsusi  Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın  11-də hakimiyyəti öz üzərinə götürəcək müvəqqəti orqan kimi Zaqafqaziya Komissarlığı yaradıldı.  Komissarlığın tərkibinə Azərbaycandan Məhəmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov və Xəlil bəy Xasməmmədov təyin edilmişdi.
1918-ci il fevralın 23-də  Tiflisdə Zaqafqaziya Seymi yaradıldı. Seymdə  Azərbaycanı 44 nümayəndə təmsil edirdi. Yaranan ilk gündən azərbaycanlı, gürcü və erməni fraksiyaları arasında fikir ixtilafları mövcud idi. 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan edilsə də,  ziddiyyətlər qalırdı.

Azərbaycanın müstəqilliyini elan etməsi. Azərbaycan Xalq   Cümhuriyyəti dövründə dövlət quruculuğu

1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı və həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də Tiflisdə canişin sarayında Həsən Bəy Ağayevin sədrliyi ilə keçirilən və keçmiş seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi iclasda Azərbaycan Milli Şurası yaradıldı və şura Azərbaycanın idarə olmasını öz üzərinə götürdü. Mayın 28-də M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın ilk iclası oldu. İclasda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi.
Milli şuranın 28 may tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin təşkil edilməsi Fətəli Xan Xoyskiyə tapşırıldı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibi müəyyənləşdirildi.
İyunun 4-də Azərbaycanın nümayəndə heyəti Batumidə Osmanlı dövləti ilə daimi sülh və dostluq münasibətləri haqqında müqavilə imzaladı. Azərbaycan hökumətinin xahişinə cavab olaraq Türkiyə  hökuməti Azərbaycana 2 milyon türk lirəsi ayırdı.
1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdü.
İyunun 17-də Gəncədə F.Xoyskinin rəhbərliyi ilə ikinci hökumət təşkil edildi. İyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
Qatı millətçi Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin ixtiyarında olan əsasən, erməni və ruslardan təşkil olunan 18 minlik hərbi qüvvə iyunun 10-da Gəncə istiqamətində yürüşə başladı. İyunun 12-də Kürdəmiri işğal edən qoşunlar iyunun 27-də Göyçaya yaxınlaşdılar. Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun hissələri Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladılar. İyunun 20-də mühüm strateji məntəqə olan Şamaxı azad edildi. Sentyabrın 15-də Azərbaycan hərbi hissələri və türk  qoşunları Bakı şəhərini azad etdilər. Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox I Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. Azərbaycan öz mənafeyi naminə Osmanlı qüvvələrinin qalib gəlməsini arzulayırdı. Lakin Türkiyə ilə Antanta dövlətləri (Fransa, İngiltərə və ABŞ) arasında bağlanan 1918-ci il 30 oktyabr Mudros müqaviləsinə görə məğlub sayılan Türkiyə, qoşunlarını Azərbaycandan çıxarmalı, Antanta qüvvələrinin Bakıya girməsinə mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Bakıda ingilis general-qubernatorluğu yaradıldı. İngilis qoşunlarının komandanı general U.Tomson Azərbaycanın müstəqilliyini tanımaq  haqqında bəyanat verməkdən imtina etsə də, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə üzərinə öhdəliklər götürdü. Dekabrın 7-də  Azərbaycan Parlamentinin ilk iclası oldu. Parlamentin tərkibi 120 deputatdan ibarət idi. Parlamentdə azərbaycanlılara 80, ermənilərə 21, ruslara 10, yəhudi, alman, gürcü və polyak icmalarının hərəsinə 1, həmkarlar İttifaqı Şurası və Neft sənayeçiləri İttifaqı üçün 3 yer ayrılmışdı. Parlamentin ilk iclasında F.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. Hökumətin təşkili F.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi.
1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə diplomatik əlaqələr qurmağa nail oldu.
Hökumətin Gəncədə fəaliyyəti dövründə 1918-ci il iyun ayının 27-də Azərbaycan dilinin dövlət dili elan olunması haqqında fərman imzalandı. İyunun 27-də üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri  olan qırmızı rəngli bayraq Dövlət Bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu.
1918-ci ilin avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul edildi. 1920-ci ilin yanvarında artıq 30 min nəfər piyada 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.
Təhsil sahəsində də mühüm nailiyyətlər qazanılaraq orta məktəblərin milliləşdirilməsi işinə başlandı və 1919-cu il sentyabrın 1-də indiki Bakı Dövlət Universitetinin əsası qoyuldu. 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri

Azərbaycan beynəlxalq aləmdə tanınmasına baxmayaraq ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Rusiyanın cənubunda Denikinin qoşunlarına qalib gələn  bolşeviklər Bakı neftinə sahib olmaq üçün öz qüvvələrini Azərbaycan sərhəddinə cəmləşdirərək işğala hazırlaşırdılar.
Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətini gücləndirirdilər. 1920-ci ildə A.Mikoyanın rəhbərliyi ilə yaranmış Azərbaycan kommunist (bolşevik) partiyasının əsas məqsədi  ölkədaxili vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşeviklərin hakimiyyətə gəlməsinə şərait yaratmaq idi.
Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycanın hökumətini devirmək üçün Qarabağ və Gəncəbasarda məskunlaşan erməni əhalisinin qiyamını təşkil etmək təklifini verdilər.
1920-ci ilin mart ayında Qarabağda kütləvi erməni hücumlarının başlanması ilə əlaqədar Azərbaycan Ordusunun əsas qüvvələri bu bölgədə yerləşdirilmişdi.  Şimal sərhədlərini qoruyan qüvvələrin böyük bir hissəsi də Qarabağa göndərilmişdi.  Erməni silahlı birləşmələri ilə döyüşlərdə Azərbaycan Ordusunun hissələri canlı qüvvə, silah-sursat və əmlak itkilərinə məruz qalmışdılar.  Aprelin 27-də parlamentin iclasında Hərbi nazir Səməd bəy Mehmandarov ölkəni müdafiə barədə sorğuya cavab olaraq bildirdi ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərməyə qadir olsa da,  bolşeviklərin hücumunun qarşısını almaq üçün kifayət qədər qüvvəyə malik deyildir.
1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI Qırmızı Ordu Azərbaycanın sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Aprelin 26-dan 27-nə keçən gecə XI Qırmızı Ordunun hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar.
Aprelin 27-də saat 12:00 -da Azərbaycan parlamentinə  hakimiyyəti təhvil  vermək haqqında ultimatum verildi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. Aprelin 28-də Azərbaycan Xalq Komissarları Soveti yarandı.
Aprel işğalı nəticəsində Azərbaycanda formalaşan bolşevik rejiminin ömrü 70 il çəkdi. Lakin bu illərdə xalq  özünün istiqlal arzularını unutmadı, nəsildən-nəsilə ötürdü.
Nəhayət, 1991-ci ildə Azərbaycan  yenidən öz müstəqilliyini bərpa etdi.  Müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət quruculuğunda Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsindən istifadə xətti götürüldü. Həmin dövrün dövlət rəmzləri yenidən qəbul edildi. Lakin Azərbaycan Respublikasının yarandığı ilk günlərdən Ermənistan tərəfinin ərazi iddiaları, hakimiyyət uğrunda ölkədaxili çəkişmələr dövlət quruculuğunu ləngidir, müstəqilliyimizə təhlükə yaradırdı. 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətin dövlətçiliyimizi təhlükə altına qoyduğunu dərk edən hakimiyyət xalqın təkidi ilə görkəmli dövlət xadimi, böyük idarəetmə təcrübəsinə malik olan Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Məhz  Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət  nəticəsində Azərbaycan Respublikasının dövlət quruculuğunda  və bu quruculuğun vacib sahələrindən biri olan ordu quruculuğunda əsaslı dönüş yarandı. Bu gün Azərbaycan nəinki öz müstəqilliyini qoruyub saxlaya bilmiş, hətta dünya dövlətləri arasında böyük nüfuza malik olan bir dövlət kimi öz layiqli yerini tutmuşdur.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi