Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 10:15

Səngərləri sərhədlərə köçürəcəyik!..

Hərbi mükəlləfiyyəti ifadə edən əsgər kəlməsinin bir yozumu da xarakterdi - əsgər kimi mətinsənsə, dəyanətlisənsə, dövlətə, dövlətçiliyə sədaqətlisənsə, müharibə şəraitində daha qətiyyətli vətəndaş olmaqla Vətənə xidmət edirsənsə, Vətənin əsgərisən....
Başlanğıcı əsgər ürəyi olan Vətəndə müharibəyə görə torpağa düşən səngərlər sərhəd deyil, onların ömrü qələbə gününəcəndi. Səngərin varlığı səngərsiz sərhədlər üçün xidmət edən əsgərin ruhunu  sıxır. Əsgərin belə sıxıntılarını ruhumuzda hiss edirik. Bu sıxıntılardan qurtarmaq üçün Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan ictimaiyyətə arxalanan əsgərlərimiz azad edəcək. İctimaiyyət bizik - mən, sən, onlar. Vətənə xidmət etməliyik, əsgərləşməliyik ki, güvəndiyimiz əsgərlər bizə daha dönməzliklə arxalansın...
Soyuqda-sazaqda səngərmi əsgəri isidir, səngərləri sərhədlərə köçürmək amalıyla xidmət edən əsgərin nəfəsimi səngəri? Səngərə dönən dağ-daş bilər, müharibəyə görə torpağa düşən səngərlər bilər - Vətən bilər. Əsgərə oğul deyən Vətən işğal olunmuş torpaqlarımızın  harayı varlığını titrədənə də, torpaqların yaralarının sızıltısını, giziltisini ruhunda hiss edənə də, əsgərin Vətən sevgisini yaşanılan, yaşanılacaq aylara-illərə göyqurşağı bilənə də, yaşam fəlsəfəsi Vətən olana da, 2016-cı ilin aprel döyüşlərinə Böyük Qələbənin başlanğıcı deyənə də, zəfər yolunun əsgərin döyüş növbətçiliyindən başladığına əmin olana da, səngərlərin o üzünə döyüş növbətçiliyi aparanların ürəyinin gözüylə baxanlara da əsgər deyir Vətən. "Vətənə xidmət etməlisən, Vətən üçün əsgər olmalısan". Bu xatırlatma dövlətçiliyimizin xatırlatmasıdı. Dədə Qorqudun, Qazan xanın, ... , Xətainin, ... , Cavad xanın , ... , şəhidlərimizin xatırlatmasıdı...
Ön xətdə - səngərlərdə döyüş növbətçiliyinə gedən, döyüş növbətçiliyindən qayıdan əsgərlərlə kəlmələşənlərin qüruru bir boy da dikəlir. Əsgərlərin baxışlarının izinə düşən baxışları səngərlərin o üzünə yönəlir. Əsgərlərin ürəyindən keçənləri Dədə sözü - Vətənin sözü bilir, sevgilərlə: "Lələtəpənin, Bayraqtəpənin sağında-solunda ot göyərtmiş yollar sizi Cıdır düzünə çatdırsın, Azərbaycan əsgəri! Səngərləri yaxın vaxtlarda dövlət sərhədlərimizə köçürün. Köçürün ki, dağıdılmış evlərimiz daş-daş dikəlsin, söndürülmüş ocaqlarımız alışsın!" - deyir. Ürəyini telləndirən kəlmələrin eynini yerin göyə, göyün yerə sədaqəti biçimində dinləyir: “Dağıdılmış evlərimiz daş-daş dikələcək, söndürülmüş ocaqlarımız alışacaq!..”. 
Tovuzda, Adsız yüksəklikdə əsgər Səlim Həsənovdan eşitdiklərim ürəyimi dağa döndərmişdi: "Bizdən əvvəl xidmət edənlər "Ürəyimi bu dağlarda qoyub gedirəm. Əsgər olduğumu mülki həyatda da unutmayacam. Elə biləcəm ki, Ali Baş Komandan döyüş əmri verənəcən məzuniyyətə buraxılmışam...". Mən də, əsgər yoldaşlarım da qalib əsgər kimi tərxis olunmaq, qələbənin sevincini əsgər kimi yaşamaq istəyirik".
Səlim Həsənovun da, digər əsgərlərin də baxışlarında dönməz bir sevgi görmüşdüm. Bu sevgi Vətənə sevgiydi. Ona görə belə qətiyyətliydi, ona görə belə bənzərsiziydi, ona görə baxışlarım sağollaşanacan əsgərlərin  baxışlarından üzülməmişdi.
Hər görüşəndə ürək yanğısıyla,  yanğı içində qürurla şəhidlərimizdən danışırıq. Əsgərlərimiz qardaşı şəhid olan bacının qardaşı kimi, oğlu şəhid olan ananın oğlu kimi, atası şəhid olan uşağın əmisi-dayısı kimi danışır. Onda Məhəmməd Hadinin bir kəlamını da xatırladıram: "Məfkurə yolunda tökülən qan hədər getmir". Belə xidmət edən əsgərlərin əhatəsində Vətənə xidmətin gərəkliyini necə ömür düsturu bilməyəsən, necə əsgərləşməyəsən? Duyğusallıqla, dönməz istəklə, murazla, niyyətlə deyilən "Qalib əsgər olmaq istəyirəm!" - kəlmələri eşidənin yaşantılarının işığına, gözlərinin nuruna, ürəyinin təpərinə dönməyə bilərmi?
Bağanis Ayrım, Ağdaban, Meşəli, Qaradağlı, Xocalı faciələrinin kəsilməz harayını eşitmək də Vətənə xidmətdi, eşidib əsgərləşmək də...
Gədəbəydə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə əsgərlərin əhatəsində söz sözə söykək olmuşdu, söz sözü çəkmişdi. O ucalıqda ilahilik nuruna sığınan mətləblər bir məcrada birləşmişdi: "Torpaqlarımız işğaldan azad edilməlidi! Ali Baş Komandanın əmriylə biz azad edəcəyik. Bizdən sonra əsgərlər dövlət sərhədlərimizdə xidmət edəcək". Bu qətiyyəti aprel döyüşlərinin davamı olacaq döyüşlərin - Böyük Qələbənin uvertürası bilmişdim. Bu inam indi daha kəsərlidi, daha dönməzdi. Onda əsgərlərimizə birinci Qarabağ müharibəsində, Ağdərə ətrafında gedən döyüşlərdə olmuş bir hadisəni xatırlatmışdım:
Əks-hücum səngimişdi. Kapitan Yusif Mirzəyev sövq-təbii sağ tərəfdə vuruşan əsgərə baxmışdı. Əsgər atışmırdı. Tələsik onu səsləmişdi. Cavab gəlməmişdi. Yusifin qəlbinə daman dammışdı: əsgər şəhid olub...
Rəhimin sol əli sinəsinə uzalı qalmışdı. Barmaqları Azərbaycanımızın üçrəngli bayrağına örtük olmuşdu. Yusifin gözləri dolmuşdu. Dodaqlarını dişləriylə sıxmışdı. Rəhimin üstünə döşənmişdi. İçin-için ağlamışdı. Başını qaldıranda başqa əsgərləri də ətrafında görmüşdü. Hamısının yanağını göz yaşları yandırırdı. Hamısının əlində Azərbaycanımızın bayrağı dalğalanırdı; hamısı döyüşə bayrağımızla qoşulubmuş,  hamısı bayrağımız eşqinə vuruşurmuş, hamısı bayrağımızı şəhidlik kəfəni bilirmiş...
Xatırlatmışdım və "Dövlət bayrağının işığında vuruşanlar məğlub olmur, ya qələbə qazanır, ya şəhid olur. Azərbaycan əsgəri kimi..." - demişdim.  Tovuzda Adsız yüksəklikdə əsgərdən eşitdiyim "Biz Böyük Qələbənin əsgəri olacağıq" - inamı bu ucalıqda uca mətləblərin səyyarəsinə dönmüşdü. "Mübarizlərimiz, Raquflarımız, Samidlərimiz, Çingizlərimiz, ... minlərlədi. Mübarizləşməyə, Çingizləşməyə hər birimiz hazırıq!" - demişdilər. Belə işıqlı kəlmələri eşidənlər necə əsgərləşməyə bilər? - əsgərlərin əhatəsində əsgərləşməmək mümkün deyil. Əsgərləşirsən və bu qürur sənin ömürdaşına dönür. Ruhun əsgər ruhuna çataqlıdırsa, səngərlər, döyüş növbətçiliyi aparanlar bəzən "gözündən uzaq olsa da, könlündən iraq" deyilsə, əsgərsən, Vətənə xidmət edirsən, əsgər səni də Vətənin əsgəri bilir...
Birinci Qarabağ müharibəsində Ağdamda Şirin Mirzəyevdən, Füzulidə Rasim İbrahimovdan, Tərtərdə Vəzir Orucovdan, Ağdərədə Yusif Mirzəyevdən, ...eşitdiklərimin eynini səngərlərdə də eşitmişəm: kürəyində xalqın nəfəsini hiss edən əsgər daha güclü olur. Onda bir daha əmin olmuşam ki, əsgər sənin ruhunun əlini çiynində, nəfəsini kürəyində hiss edirsə, onların sırasındasan. Bu, Vətənə xidmət deməkdi...
2016-cı ilin aprelində yeniyetmələr də döyüşə can atırdı, çağırışçılar da,  yaşlılar da, Qarabağ müharibəsi əlilləri də. Bu coşqu Azərbaycan əsgərinin döyüş ruhunu, qələbə əzmini kükrətmişdi; aprel döyüşləri kimi tarixləşən Böyük Qələbə qazanıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu döyüşlər haqqında dediyi "Aprel döyüşləri dərsliklərə salınmalıdır" kəlamı vətənsevərləri də əsgərləşdirib. İndi çoxumuz özünü ruhən əsgərlərin sırasında hiss edirik; jurnalist-əsgərlər də, şair-əsgərlər də, həkim-əsgərlər də, mühəndis-əsgərlər də,...ruhən Böyük Qələbəni qazanacaq əsgərlərin sırasındadı. Hamı o sırada olmalıdı. Azərbaycançılığımızın tələbidi bu. Əsgərlər Murovdağda da belə dedilər, Alagöllərdə də, Tovuzda, Qazaxda, Ağdamda da belə deyirlər. İnamla, qətiyyətlə deyirlər, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qürurla dediklərini xatırlayaraq deyirlər: "... aprel zəfərimiz orduda yüksək vətənpərvərlik tərbiyəsinin nəticəsidir və döyüş ruhunun qələbəsidir"...
Əsgərlərin əhatəsində Vətən ünvanlı söhbətlər vətənpərvərlik dərsidi. Döyüş növbətçiliyi aparanlardan vətənpərvərlik dərsi alanlar, əlbəttə ki, Vətənə xidmət etməklə Vətənin əsgəri olacaq; əsgərdən yazanlar da Vətənin əsgəridi, düşüncələri yazılanların işığıyla nurlananlar da. Azərbaycan əsgərinin yazdığı tarixi yaddaşlara köçürən, düşüncələrə hopduran mətbuatımız həm də əsgərləşdirmə missiyasının icraçısıdı; mətbuatımız Vətənə xidmət edir...
İkinci Kəlbəcər əməliyyatında Qamışlı körpüsü yaxınlığında ağır döyüşlər gedirdi. Sağ cinahda atəşin dayandığını hiss edən Sahib Aslanov o səmtə baxmışdı: Yaşar qan içindəydi. Yan-yörəsinə sancılan güllələrə məhəl qoymadan özünü ona yetirmişdi. Yaşar şəhid olmuşdu. Şəhid dostunu kaha misallı qayalığa çəkib daldalamışdı.  "Döyüşdən sonra çıxardaram," - pıçıldamışdı. Pıçıltısını kimsə eşitməmişdi...
Tək qalmışdı. Sağ - düşmən, sol - düşmən, ön-arxa -  düşmən.  Qayalıq massivi keçə bilsəydi, ölümdən, ölümdən də betər olan əsirliyin can sitəmindən, mənəvi sıxıntılarından qurtara bilərdi. Qayalığı keçib dərəyə enməyi qərara aldı. Güllələri azalmışdı. Əl qumbarasını Yaşar yaralanan anlarda düşmənə tərəf atmaq istəmişdi. Atmamışdı. Buna ehtiyac qalmamışdı, yaxınlaşan dörd erməninin dördünü də öldürmüşdü. İndi qumbara ona nə qədər gərəkliydi...
Əsgər dostunu ölümdən xilas etmək istəmişdi. Ölümə gücü çatmamışdı, düşmən əlinə keçməməsi üçün nəşini daldalamışdı. Sonra ...sonra düşmənlərin içindən çıxa bilmişdi. Neçə gün Murovdağın qar qalanmış sinəsiylə sürünə-sürünə, səntirləyə-səntirləyə irəliləmişdi, olmazın əziyyətlərə qatlaşmışdı...
"İgidliyinə layiq dəfn edə bilmədik səni, qardaş" - illərdi bu acı təəssüf Sahibin ürəyinə yük olub. Bu təəssüfü Sahib kimi yaşamaq da Vətənə xidmətdi, yaşayıb əsgərləşmək də...
2016-cı ilin aprelində Talış kəndi yaxınlığında gedən döyüşdə əsgər Vahid Əliyev yaralanmışdı. Əsgər Kamil Həsənov atışa-atışa ona yaxınlaşmışdı, nə qədər təhlükəli olsa da, əsgər dostunu döyüşün içindən çıxartdığı anda özü də ağır yaralanmışdı. Hospitalda özünə gələndə soruşmuşdu: "Vahid sağdımı?". Əsgər dostluğudu bu. Bu hadisəni eşidən, bu anların kövrəkliyini yaşayan əsgərləşməyə bilərmi? - yox, bunu bacarmaz. Qətiyyən bacarmaz; Kamilin son nəfəsini duymaq da Vətənə xidmətdi, duyub əsgərləşmək də...
Murovdağda xatırladığım, əsgərlərə xatırlatdığım bu kövrəklik ruhumuzu titrətmişdi. Əsgərlərin əlləri avtomatın qundağını sıxmışdı. Baxışları nəhayətsizliyə yönələn əsgər Valeh Səmədov "Azərbaycan əsgərinin gücü  həm də əsgər dostluğundadı..." - demişdi. Sağ əlim ahəstəcə yanımdakı əsgərin çiyninə enmişdi. "Azərbaycan əsgərinin dostluğu yaşarı dostluqdu, ölümsüz dostluqdu..." kəlmələrinin istisi, hərarəti qışın sazağını sındırmışdı; qışın sazağını sındırmağa qadir olan kəlmələri könülə köçürmək də Vətənə xidmətdi, köçürüb əsgərləşmək də...
Mübariz İbrahimovun qəhrəmanlığı Mübarizləşmə təyini yaratdı. Çingiz Qurbanovun qəhrəmanlığı Çingizləşmə. "Hər sadə, mürəkkəb cümləsinin əzəl mübtədası" (S.Vurğun) Vətən olanlar da, Mübarizləşən, Çingizləşən əsgərlərimiz də ordu - ictimaiyyət  münasibətlərini Vətənə xidmət bilir...
Ötən ilin mayında Müdafiə nazirinin əmriylə xidmət etdiyi posta Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verildi. Salman kişiylə həmin postdaydıq. Bir vaxtlar oğlunun ayaq izləri düşmüş cığırla irəliləmək atanı kövrəltmişdi. "Mənim oğlum idin, indi Vətənin oğlusan. Bir qardaşın vardı, indi minlərlə qardaşın var..." - atanın baxışları obeliskdən üzülmürdü. Ata həmin qaynar baxışlara, həmin incə, munis təbəssümə sarı əyildi: "Vətən üçün yaşanılan ömür dəyərli ömürdü, oğul. Dəyərli ömür yaşadın..." - qəhərlə, qəhər qarışıq qürurla dedi...
Bir vaxtlar oğlunun müşahidə apardığı yerdə dayanan Salman kişi. "Səni əvəz edirəm, oğul. İcazə versələr, döyüşdə də əvəz edərəm", - deyirdi elə bil. Yumruqları düyünlənmişdi. Bir əli qürurun, bir əli kövrəkliyin əlində olan bu səssiz mükalimələşmənin mətləbini duymaq da Vətənə xidmətdi, duyub əsgərləşmək də...
...Vətənə xidmət edirik, Vətənin əsgəriyik.
Sənə xidmət edirik, Vətən! Əsgərlərin döyüş ruhunun, qələbə əzminin əsgəriyik - sənin əsgərinik, Vətən! Yaxın vaxtlarda əsgərlərin Ali Baş Komandanın əmriylə səngərləri sərhədlərimizə köçürəcək!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist

Müdafiə Nazirliyi və Mətbuat  Şurasının birgə təşkil etdiyi “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət  edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir