Böyük Vətən müharibəsində Azərbaycan xalqı da alman faşizminə qarşı mübarizə aparıb. Azərbaycanın qəhrəman oğul və qızları faşistlərə qarşı döyüşərək fədakarlıqlar göstəriblər.
Bu il də xalqımız Qələbənin 73-cü ildonümünü böyük təntənə ilə bayram edir. Bu qələbənin əldə edilməsində həmvətənlərimizin də böyük rolu olub. Onlar müharibənin ilk günlərindən əllərinə silah alaraq faşistlərə qarşı amansızcasına vuruşublar. Döyüşənlər arasında müxtəlif peşə sahibləri - fəhlə, həkim, müəllim, tələbə, neftçi və s. var idi. Müharibənin başlanması xəbərini eşidəndə onlar yaşlarından asılı olmayaraq hərbi komissarlıqlara gedərək könüllü cəbhəyə yollanmaları üçün ərizə ilə müraciət ediblər. Hərbi forma geyinərək keçmiş ittifaqın müxtəlif şəhərlərinin müdafiəsinə qalxıblar. Elə bir cəbhə olmayıb ki, bizim həmvətənlərimiz orada döyüşməsinlər.
Müharibənin ağrı-acılarını hər ailə yaşayıb. İllər keçdikcə bu ağrı-acılar bir qədər yumşalsa da unudulmayıb. Söhbətlərdə, xatirələrdə, bədii və sənədli ədəbiyyatda, kinolarda yaşadılır. Mən bu ağrıları həm də atamın söhbətlərində yaşamışam, yaşadıram, son nəfəsiməcən yaşadacam. Həmişə qürurlanmışam ki, atam Böyük Vətən müharibəsi iştirakçısıdı, Qafqazdan Berlinədək döyüş yolu keçib.
Aşağı siniflərdə oxuyurdum. Mayın 9-u idi. Atam evə bir dəstə çiçəklə qayıtdı. Maraqlandım. Anam dedi ki, bu gün atan üçün əziz gündü. Qələbə günüdü. Atan bu günü il ərzində böyük sevgilərlə gözləyir. Həmin gün anam bayram süfrəsi açmışdı. Atamın arada qəhərləndiyini də gördüm.
Atamın son nəfəsinəcən mayın 9-nu belə qarşılayırdıq.
Bakıda yaşadığımız illərdə atam bizi də parada aparardı. Onun döyüşçü yoldaşları ilə görüşü məni hər dəfə kövrəldər, qəhərləndirərdi. Saatlarla söhbətləşərdilər, ayrılmağa çətinlik çəkərdilər.
Tarixə qızıl hərflərlə yazılmış 9 May Qələbə Günü könülləri coşduran bayramdır. Böyük Vətən müharibəsinin iştirakçıları 9 May Qələbə Gününü həm də atalarının hünər, rəşadət, qəhrəmanlıq xatirələrinin yaşam bayramı kimi daha həssaslıqla qeyd edirlər...
Leytenant Nəsib Cəlal oğlu Yusubov müharibənin ilk günündən başlayaraq Qələbənin əldə olunmasına qədər keçmiş ittifaqın bir çox şəhərlərinin - Stalinqradın, Moskvanın, Kurskun və s. faşist işğalçılarından azad edilməsində iştirak edib. Onun iştirak etdiyi ən ağır, qızğın döyüşlərdən biri Berlinin almanlardan azad edilməsi olub. Komandanlıq tərəfindən əmr gəlib ki, bütün qüvvələr Berlin şəhərinə doğru istiqamətləndirilsin. Sovet qoşunları şəhərə yaxınlaşanda düşmənin güclü müqavimətinə rast gəliblər. Qızğın döyüş gedib. Döyüşçülər düşmənin cəmləşdiyi rayonun səngərlərini, artilleriya mövqelərini güclü atəşə tutublar. Bu döyüşlər zamanı çoxlu sayda düşmən əsgəri məhv edilib. Sovet qoşunları Berlin şəhərinə daxil olmaq üçün son və həlledici döyüşə hazırlaşıb.
1945-ci ilin mayı idi. Döyüş maşınlarının, təyyarələrin üzərində iri hərflərlə "Berlinə doğru", "Təslim ol, düşmən" sözləri yazılıb. Şəhərin hər bir meydanı, küçəsi döyüşçülər tərəfindən mərdliklə alınıb. Nəticədə düşmən istehkamları yarılıb. Düşmən qüvvələri şəhəri qoyub qaçıb. Hər tərəfi qara bulud alıb. Nəhayət, şəhər faşistlərdən azad olunub. Həmin gün şəhərdə qalanlar sevinclə əsgərləri qarşılayıblar. Bu böyük qələbə idi. Qələbədən 10 gün sonra leytenant Nəsib Yusubov doğma Vətəninə qayıdıb. Ali təhsilini davam etdirməyə başlayıb. Müxtəlif vəzifələrdə çalışıb. 1941-1945-ci illər ərzində göstərdiyi igidliklərə görə Ali Baş Komandan tərəfindən döş nişanları, fəxri fərmanlar, orden və medallarla təltif olunub.
Svetlana YUSUBOVA, "Azərbaycan Ordusu"