Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 10:43

Qələbənin qazanılmasında Bakı neftinin rolu

Milix YEVDAYEV, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri

Təqdim edilən məqalə Vaşinqtonda çıxan "Jewish Journal" qəzetində "Azərbaycan Hitlerin məğlub olmasına necə kömək etdi" başlığı ilə dərc olunub.
İkinci Dünya müharibəsi başlananadək Bakı nəhəng bir ölkənin əsas neft mərkəzi olub. Bütün SSRİ-də hasil edilən neftin təxminən dörddə üçü Azərbaycan paytaxtının payına düşürdü. Bakı nefti olmadan gözlənilməz, qəflətən başlanan müharibədə Sovet ordusunun faşist Almaniyası kimi son dərəcə hazırlıqlı rəqiblə üz-üzə gələcəyinin nə dərəcədə çətin olacağı aydın idi. Məlumdur ki, üçüncü Reyxin rəhbərləri Azərbaycanın neft yataqlarını ələ keçirməyə və bununla Sovet qoşunlarının yanacaqla təmin olunmasının qarşısını almağa can atırdılar.
1941-ci il idi. Bakı neftçiləri əvvəlki illərdə olduğu kimi, zərbəçi əmək növbəsinə dururdular. Plana görə, 923 min metr qazma işi aparmaq və 23 milyon ton neft hasil etmək nəzərdə tutulurdu. Ancaq faşist Almaniyasının SSRİ-yə qəfil hücumu bu plana yenidən baxmağa, döyüşən cəbhə bölgələrinin tələbatını qarşılamaq üçün neft emalı sahəsini yenidən qurmağa vadar etdi. İkinci Dünya müharibəsinin tərkib hissəsi sayılan Böyük Vətən müharibəsi mühərriklər müharibəsi oldu. Neft döyüş texnikasını həm quruda, həm havada, həm də dənizdə hərəkətə gətirən əsas hərəkətverici qüvvəsi olaraq qalırdı. SSRİ-nin Cənubunda Qərbi neft rayonlarının və kömür hövzəsinin faşistlər tərəfindən işğalı ilə əlaqədar Bakı neftinin əhəmiyyəti qat-qat artırdı. Bunu dərk edərək, cəbhəni yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etmək məqsədilə Bakı neftçiləri özlərinin bütün yaradıcı enerjisini sərf edirdilər.
Bütün çətinliklərə baxmayaraq, 1941-ci ildə Bakı şəhəri artıq ölkənin neft sənayesi tarixində rekord həcmdə - 23 milyon 541 min ton neft istehsal etmişdi. Qeyd etmək lazımdır ki, müharibə dövründə Sovet Azərbaycanının yarım milyondan çox oğul və qızları cəbhəyə - ölüm-dirim savaşına atılmışdı. Onların yarısı Vətənin azadlığı və müstəqilliyi uğrunda öz həyatlarını qurban verdi. Faşist işğalçıları ilə ən ağır cəbhələrdə döyüşərək həlak oldular.
Yerlərinin tez-tez dəyişmələrinə baxmayaraq, sənaye müəssisələri bütün tapşırıqları uğurla yerinə yetirirdi. 1943-cü ildə Bakı neftçiləri cəbhəyə 5 milyon tondan çox müxtəlif neft məhsulları, o cümlədən, 795 min ton benzinin müxtəlif növlərini, 640 min ton solyar, gəmi mazutu və 420 min ton aviayanacaq yolladılar.
Böyük Vətən müharibəsi illərində Bakı neftayırma sənayesinin kollektivi olmazın çətinliklərə sinə gərərək, çox böyük ixtiralara imza ataraq bütün resursları səfərbər etdilər. Cəbhəni, xalq təsərrüfatı sahələrini neft məhsulları ilə fasiləsiz təchiz etmək üçün qəhrəmancasına mübarizə apardılar. Bununla onlar faşist qəsbkarlarının darmadağın edilməsinə, dünyanın sülhsevər xalqlarının Hitler Almaniyası üzərində qələbəsinə böyük töhfə verdilər.
Bəs, müharibədən əvvəl Bakı nefti hansı mərhələləri keçmişdi? Qeyd olunmalıdır ki, Bakı neftçiləri hər zaman təcrübəsi, bu sahədə yeniliklərlə tanış olmaq və onu tətbiq etmək bacarığı ilə seçilmişlər. Hələ neft sənayesinin kapitalistcəsinə təşkilinin lap başlanğıcında Azərbaycanda zərbə (vurma) üsulu ilə qazmadan istifadə olunub. 1889-cu ildə ABŞ-da ilk dəfə fırlanma üsulu ilə quyu qazılmış və bu metod XX əsrin əvvəlində tez bir zamanda zərbə üsulunun yerini tutdu. Yeni ixtisaslı və müxtəlif peşəli fəhlələrə tələbat yarandı. 1925-ci ilin fevralında 19 neft işçisindən ibarət qrup Amerikada neft mədənlərində praktiki işlər üçün Bakıdan okeanın o tayına göndərildi. Tezliklə Bibiheybətdə fırlanma metodu ilə quyuların istismarına başlanıldı. Bundan başqa, neft mədənlərinin elektrikləşdirilməsi prosesi sürətlə gedirdi. Bununla da, texniki yenidənqurma işləri neft sənayesi müəssisələrinin rentabelliyini xeyli artırmağa imkan verdi.
Azərbaycan neftçiləri ucsuz-bucaqsız ölkənin digər bölgələrində də neft yataqlarının kəşfi və işlənməsinə misilsiz töhfə veriblər. Bakı və Qroznı şəhərlərindən sonra Sibir, Orta Asiya, Samara vilayəti və keçmiş SSRİ-nin digər rayonlarında da neft hasilatına başlandı. Bakının çoxminli və çoxmillətli neftçi kollektivi tarixdə silinməz izlər qoydu.
Böyük Vətən müharibəsi Berlində Reyxstaq üzərində Qələbə Bayrağının sancılması ilə başa çatdı. Bu qələbədə Azərbaycan neftçiləri də öz tutarlı sözlərini dedilər. Sovet Bakısı cəbhə bölgələrini və xalq təsərrüfatı sahələrini neft məhsulları ilə fasiləsiz təmin edir və yüzminlərlə mühərriki havada, yerdə, dənizdə hərəkətə gətirirdi. Əfsanəvi sərkərdə Georgi Jukov öz xatirələrində yazırdı: "Bakı netçiləri cəbhəyə və ölkəyə düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazımsa, o qədər də yanacaq vermişlər".
Bu Böyük Qələbədə Azərbaycanın dağ yəhudiləri bir də ona görə fəxr edirlər ki, o çətin illər Azərbaycan neft sənayesinin inkişafında, eləcə də neft hasilatının təşkil olunmasında əməyini əsirgəməyən mühüm simalardan biri - yəhudi xalqının layiqli oğlu, qocaman partiya işçisi (1928-ci ildən bəri), Bakı Partiya Komitəsinin katibi, sonralar isə Kuybişev vilayəti Partiya Komitəsinin katibi vəzifələrində çalışmış Yakov Mixayloviç Aqarunov olub.
Məhz Yakov Mixayloviç Aqarunov yüksək təşkilatçılıq bacarığı ilə neft hasilatının artırılmasına və sənayenin inkişafına öz töhfəsini verib.
Əlbəttə, həmin dövrdə Azərbaycan neftçiləri gördükləri işlərin nə dərəcədə böyük olduğunun fərqinə varmırdılar. Onlar namusla, əzmlə və fədakarcasına Sovet hökumətinin qabaqcadan müəyyənləşdirdiyi göstərişləri yerinə yetirir, ölkəni yeni-yeni zirvələrə doğru aparırdılar. Bu nəticədə onlara ölməzlik qazandırdı. Bu gün biz ata və babalarımızın əmək və qəhrəmanlıq salnaməsi ilə nurlanmış qəhrəman keçmişinə qürur və iftixar hissi ilə baxırıq...