Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2018 10:37

Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

III məqalə

Heydər Əliyev hər şeydən əvvəl ordu quruculuğuna dövlət rəhbərliyini təmin etdi, bu prosesi dövlətin müstəsna səlahiyyətləri çərçivəsinə saldı, ordunu siyasətdən kənarlaşdırdı, ordunun ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi. Orduya siyasi qüvvələrin nüfuz etməsinin qarşısı birdəfəlik alındı, onun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlarla normalaşdırıldı. Heydər Əliyev orduya vahid komandanlığın praktiki əsaslarını yaratdı, idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin və şəxsən Heydər Əliyevin gündəlik qayğısı ilə əhatə olundu, ordunun ehtiyacları vaxtlı-vaxtında aradan qaldırıldı və bununla bağlı dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlət tərəfindən dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi, bu siyasətlə ordu quruculuğu qarşısında dayanan vəzifələr və onların icra yolları konkretləşdirildi, dövlətin yetərli müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.
Heydər Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi siyasəti hazırlandı. Ulu Öndər bildirirdi ki, güclü ordu üçün güclü iqtisadiyyat lazımdır. Bunun üçün də onun rəhbərliyi və təşkilatçılığı altında ölkənin iqtisadiyyatının yenidən qurulması başlandı, xalqımızın rifahının yaxşılaşmasına və ölkəmizin inkişafına xidmət edən neft strategiyası uğurla həyata keçirildi, ölkəyə çox böyük miqdarda xarici investisiya cəlb edildi, köklü iqtisadi islahatlara start verildi. Heydər Əliyevin müstəsna fəaliyyəti ilə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik iqtisadi inkişaf üçün əlverişli zəmin yaratdı. Ölkənin iqtisadiyyatının güclənməsi ilə isə ordunun maddi-texniki vəziyyəti yaxşılaşdı, orduda zəruri infrastruktura yaradıldı, ordu yeni silah və hərbi texnika ilə təmin edildi, ordunun təchizat mənzərəsi günü-gündən dəyişməyə başladı. Ordunun maddi-texniki bazasının təkmilləşməsi isə onun döyüş qabiliyyətini gücləndirdi, müdafiə imkanlarını daha da artırdı.
Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha səmərəli və səmimi etdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu isə xalqın bir parçası sayırdı. O əmin idi ki, xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biridir. Heydər Əliyev təkidli şəkildə bildirirdi ki, xalqın ayrılmaz hissəsi sayılan ordumuz xalqın və vətəndaşların qayğısı altında olmalıdır. “Xalq ordunu daim sevməli, ona kömək etməlidir. Əgər xalq azad, sərbəst yaşamaq istəyirsə, ölkəsini, torpaqlarının toxunulmazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin. Ordunun hörmətini qaldırmaq lazımdır. Hərbi peşə Azərbaycanda ən hörmətli peşələrdən biri olmalıdır. Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir", - deyən Heydər Əliyev ordu quruculuğunda mənəvi əhval-ruhiyyənin və hərbi vətənpərvərlik tərbiyəsinin qaldırılmasının xüsusi əhəmiyyətini qeyd edirdi. Azərbaycan Ordusunun uğurla formalaşmasının səbəblərindən biri də budur ki, cəmiyyətdə orduya, orduda xidmətə münasibət dəyişdi. Azərbaycanın müstəqilliyinə sədaqət, onun müstəqilliyini müdafiə etmək hərbi xidmətə münasibətin əsas məzmununu təşkil etdi. Heydər Əliyevin şəxsi nümunəsi bütün hərbi qulluqçularda Azərbaycan dövlətçiliyinə xidmətin sağlam hisslərini formalaşdırdı. Mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması üçün hərbi hissələrdə nizam-intizamın yaradılması, tələbkarlıqla qayğının əlaqələndirilməsi təmin edildi, qanunçuluğa əməl edilməsi ciddi nəzarət altına götürüldü. Xalqın və dövlətin mübarizlik hissləri, düşmənə barışmazlıq qətiyyəti ordunun şəxsi heyətinin mənəvi keyfiyyətlərini müəyyənləşdirən əsas amillərə çevrildi. Bu keyfiyyətlərin formalaşdırılmasında Heydər Əliyev Azərbaycan xalqının hərbi irsinin öyrənilməsinə xüsusi diqqət yetirirdi.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi təhsilin mükəmməl sistemi yaradıldı. Bu isə imkan verdi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün zəruri olan zabit kadrları respublika daxilində hazırlansın. Milli kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi üçün Azərbaycanda mövcud olan ali hərbi məktəblərin fəaliyyəti tamamilə yenidən quruldu, dünya ölkələrinin qabaqcıl təcrübəsi yerli xüsusiyyətləri nəzərə almaqla bu məktəblərin işinə tətbiq edildi. Bundan başqa Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı, bütün səviyyəli kadrların hazırlığı üçün ordu sistemində təlim mərkəzləri təşkil edildi. Eyni zamanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı. Sonradan bu filial Heydər Əliyev adına Hərbi Liseyə çevrildi. Heydər Əliyev dəfələrlə gənc zabitlərin buraxılış mərasimlərində iştirak edərək, onların qarşısında çıxış etdi, onlara öz xeyir-duasını verdi. Böyük əminliklə qeyd etmək olar ki, Azərbaycanın hərbi təhsil sisteminin formalaşdırılması da ulu öndər Heydər Əliyevdən Azərbaycan xalqına irs qalan dəyərli miraslardan biridir.
Ordu quruculuğunda ardıcıllıq, elm və təcrübənin əlaqələndirilməsi, hərbi qulluqçuların sosial qayğısının təmin edilməsi və s. cəhətlər də Heydər Əliyevin rəhbərliyi altında aparılan ordu quruculuğunun uğurlarının şərtlərindən hesab oluna bilər. Heydər Əliyev ordu quruculuğuna qayğı göstərməklə bərabər, ordunun şəxsi heyəti qarşısında ciddi tələblər də qoyurdu. Həmin tələblər hərbi qulluqçuların qarşısında dayanan başlıca vəzifələr kimi bu gün də aktualdır və onların yerinə yetirilməsi hər zaman da aktual olaraq qalacaqdır. Heydər Əliyev hərbi qulluqçulara olan tələbləri belə müəyyənləşdirirdi: "Ordu, Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin komandanları, bütün Silahlı Qüvvələr dövlətin, xalqın onlara göstərdikləri qayğıya layiq xidmət etməlidirlər. ...Ordumuz, hərbi hissələrimiz, Silahlı Qüvvələrimiz, əsgərlər və zabitlər bu qayğıya cavab olaraq, birincisi, gərək sədaqətlə xidmət etsinlər. İkincisi, gərək onlar hərbi hissələrdə yüksək vətənpərvərlik, sədaqət, mənəviyyat əhval-ruhiyyəsi yaratsınlar, bu keyfiyyətlərə malik olsunlar. Ordu siyasətə qarışmamalıdır. Ancaq orduda xidmət edən hər bir əsgər, zabit, general bilməlidir ki, o, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlətinin, dövlətçiliyinin, əzminin müdafiəsi, ölkəmizin konstitusion əsaslarının qorunması hər bir əsgərin, zabitin, döyüşçünün borcudur. Zabitlərin öz peşəkarlığını artırması, ali hərbi məktəblərdə təhsil sisteminin yaxşılaşdırılması, hərbi hissələrdə sağlam mənəvi mühitin yaradılması və bütün yabançı meyillərin aradan qaldırılması komandirlərimizin, zabitlərimizin, Silahlı Qüvvələrin rəhbərlərinin müqəddəs vəzifəsidir".
Azərbaycan xalqının ulu öndəri, Azərbaycan Ordusunun xilaskarı və qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi bu vəzifələr, bütünlükdə ordu quruculuğu ilə bağlı Heydər Əliyev təlimi, Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyev tərəfindən müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə sədaqət və yaradıcı münasibət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları sırasında özünə layiqli yer tutmasına yol açmışdır.
Ölkə başçısı İlham Əliyevin gündəlik qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu öz inkişafının yeni bir səviyyəsinə qalxmışdır. Müvafiq dövlət siyasətinin izlənilməsi ilə indi ordunun maddi-texniki təchizatı ən müasir tələblərə cavab verir. Ali Baş Komandan İlham Əliyev prezidentliyinin hələ ilk illərində bildirirdi  ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi səviyyəsinə qaldırılacaqdır. Verilən vədə əməl edilməsi nəticəsində bu hədd də artıq xeyli geridə qoyulmuşdur. Təxminən son 10 il ərzində Azərbaycanın hərbi büdcəsi 20 dəfə artaraq Ermənistanın dövlət büdcəsini də xeyli ötmüşdür. Bu da imkan verdi ki, Azərbaycan Ordusunun maddi-texniki təchizat səviyyəsi xeyli yaxşılaşsın. Bu gün Azərbaycan Ordusu dünyanın ən qabaqcıl silahları və hərbi texnikası ilə silahlanmışdır.
Ordunun mənəvi əhval-ruhiyyəsinin sağlamlaşdırılması, milli kadr hazırlığının uğurla davam etdirilməsi, struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması Azərbaycan Ordusunun güclənməsinə imkan yaratmışdır. Bunların nəticəsində Azərbaycan Ordusu hazırda Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilmişdir. 2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində yaratdığı təxribatların qarşısının alınması zamanı hissə və bölmələrin göstərdiyi şücaət, igidlik və qətiyyət də bunun təsdiqidir. İndi şübhə yoxdur ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və İlham Əliyevin Prezidentliyi dövründə inkişafının şərəfli dövrünü yaşayan Azərbaycan Ordusu Azərbaycanın müstəqilliyinin etibarlı qarantı, Azərbaycan xalqının güvənc yeridir.

Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik