Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:40

Ulu Öndər haqqında dəyərli tədqiqat əsəri

Azərbaycan xalqının Ulu Öndəri, müasir Azərbaycan dövlətçiliyinin, Azərbaycanda yeni ordu quruculuğunun memarı Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun "Azərbaycanda Ali Baş Komandanlıq İnstitutunun Heydər Əliyev mərhələsi" adlı irihəcmli tədqiqat əsəri işıq üzü görmüşdür. Bu tədqiqat əsəri Ulu Öndərin müasir Azərbaycanın hərbi təhlükəsizlik sisteminin yaradılması, bu sistemin möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsindəki tarixi fəaliyyətinin fundamental tədqiqinə həsr edilmişdir. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor, Azərbaycanda Əliyevşünaslıq məktəbinin yaradıcılarından biri olan Əli Həsənovdur. Kitaba yazdığı ön sözdə Əli Həsənov Ümummilli Liderin dövlətçilik fəaliyyətinə işıq salmaqla bu dahi şəxsiyyətin Azərbaycanda hərb quruculuğu sahəsindəki fəaliyyətinin də dərindən öyrənilməsinin əhəmiyyətini qeyd etmişdir.
Adı çəkilən kitabda Ulu Öndərin hərb quruculuğu sahəsindəki fəaliyyətinin tədqiqinə Ali Baş Komandan İnstitutu prizmasından yanaşılmışdır. Müəllifin də qeyd etdiyi kimi, Heydər Əliyevin xalqın istəyi ilə Bakıya qayıdışına qədər Azərbaycan Ordusunun, bütünlükdə Azərbaycanın müdafiəsinin təşkilinin ağır böhrana düşməsinin başlıca səbəblərindən biri respublikada Ali Baş Komandanlıq institutunun formalaşdırılmaması, müstəqilliyini yenicə əldə etmiş ölkənin və xalqın müdafiəsinə dövlətin rəhbərliyinin təmin edilməməsi idi. Bu isə ordunun parçalanmasına, xalqın çox ciddi sınaqlarla qarşılaşmasına yol açdı, dövlət idarəçilik sistemi iflic vəziyyətə düşdü. Yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya dönüşündən sonra xalq özündə bir inam və sabaha ümid hiss etməyə başladı. Heydər Əliyev addım-addım ölkəni, ölkənin ordusunu böhrandan çıxarmağa başladı, Azərbaycanı Ermənistanın və onun havadarlarının təcavüzündən qorumağa qadir olan ordusunun əsasını qoydu, dövlətin və xalqın yaradıcı potensialını həm də güclü ordunun yaradılmasına istiqamətləndirdi.
M.Süleymanov tərəfindən Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Azərbaycanda milli hərbi işin canlandırılması sahəsində gördüyü işlər arxiv mənbələri əsasında dərindən təhlil edilmişdir. Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti illərində bu Muxtar Respublikanın Ermənistanın təcavüzündən müdafiəsi, Naxçıvan ərazisində yerləşən Sovet hərbi hissələrinin bütün əmlakının Muxtar Respublikada saxlanılması sahəsindəki fəaliyyəti də ilk dəfədir ki, geniş şəkildə təhlil edilmişdir.
Ümumən, adı çəkilən kitabda hərb quruculuğu sahəsində Azərbaycanda Heydər Əliyev siyasətinin formalaşması və həyata keçməsi haqqında geniş bilik əldə etmək mümkündür və ona görə də bu tədqiqat əsəri Ulu Öndərin doğum günü ərəfəsində Azərbaycan Ordusunun tarixi ilə, ordu quruculuğu məsələlərinin nəzəriyyəsi və praktikası ilə maraqlananlar üçün qiymətli bir töhfə sayıla bilər.

"Azərbaycan Ordusu"