Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:35

Qəbələ qalasını Ulu Öndər xilas etdi

Polkovnik Telman ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun rəisi

Elə tarixi şəxsiyyətlər var ki, onun xatirəsi heç vaxt unudulmur, unudulmayacaq. Azərbaycanlı olmasıyla həmişə fəxr edən ulu öndər Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir. 95 illiyini qeyd etdiyimiz dahi rəhbərlə bağlı bir hadisəni heç vaxt unutmayacam. Bu hadisə xalqımızın qədim tarixinə çox həssas, heysiyyətli münasibətlə bağlıdır...
Heydər Əliyevin adı və xidmətləri təkcə onun doğum, anım günlərində deyil, hər yerdə və həmişə hörmət və ehtiramla yad edilir.
Heydər Əliyevin həyatı, fəaliyyəti və onun xidmətləri haqqında çox deyilib, çox yazılıb. Müasir dünyanın ən mötəbər siyasətçiləri, nüfuzlu dövlət xadimləri, onu yaxından tanıyan çox məşhur elm və sənət adamları Heydər Əliyev fenomenini səxavətlə səciyyələndirərək bu dahi şəxsiyyətin örnək ola biləcək keyfiyyətləri barədə mülahizə və fikirlərini bildirmişlər.
Heydər Əliyevin əməli fəaliyyətinin ayrı-ayrı aspektləri, tarix və memarlıq abidələrinə, onların mühafizəsinə, tədqiqinə və təbliğinə diqqət və qayğısı xüsusi araşdırma tələb edən kifayət qədər geniş bir tədqiqat mövzusudur.
Böyük tarixi şəxsiyyətin Azərbaycan xalqının mədəniyyəti, tarixi və mədəni irsi ilə bağlı gördüyü işlər tarixin çığırdaşı olub.
Ümummilli Lider, dünya şöhrətli strateq, istetadlı rəhbər, Ulu Öndər - bu epitetlər məhdud deyil. Onların ən önəmlisi Dahi İnsan epitetidir...
Azərbaycanın müxtəlif şəhər və kəndlərinə səfəri zamanı Heydər Əliyev daim oradakı memarlıq və mədəniyyət abidələrinin vəziyyəti ilə maraqlanırdı. Onlara xüsusi məhəbbət və qayğı ilə yanaşırdı. O, fəxr edirdi ki, insanlar Azərbaycanın nə qədər qədim və zəngin keçmişə malik olduğunu görüb heyrətə gələcəklər və onu qorumaq üçün əlindən gələni əsirgəmirdi.
Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələrkən ilkin olaraq gördüyü tədbirlərdən biri Azərbaycan ərazisindəki tarix və memarlıq abidələrinin qeydiyyatının dəqiqləşdirilməsi və onların yenidən yoxlanılması oldu. Bu məqsədlə bölgələrə Elmlər Akademiyasının alimləri və Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupları göndərildi. Nəticədə, əvvəllər dövlət qeydiyyatında olmayan bir çox yeni abidə aşkar edilərək qeydiyyata alındı. O da müəyyən olundu ki, əvvəllər dövlət qeydiyyatına alınmış bəzi abidələr ötən əsrin 50-60-cı illərində müəmmalı şəkildə yoxa çıxıb. Bəzi abidələrin üzərindəki kitabələrin qoparıldığı, yazılarının məhv olunduğu, yaxud da, onlara məqsədli şəkildə bu və ya digər saxta əlavələr edildiyi üzə çıxdı. Azərbaycana məxsus tarixi-mədəni dəyərlərin oğurlanıb Ermənistana aparılması, yaxud sındırılıb məhv edilməsi faktları da aşkarlandı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində, bir tərəfdən ermənilərin iç üzü açıldı, digər tərəfdən xalqımıza məxsus tarixi və memarlıq abidələrinin mühafizəsinə və təbliğinə münasibət dəyişdi.
Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin sabiq rəisi, əməkdar inşaatçı, mərhum polkovnik Adil Əliyevin "Mənim xatirələrim" kitabından götürülmüş Ulu Öndərin tarixi-mədəni irsimizə münasibəti ilə bağlı prinsipial və ibrətamiz bir məqamı yada salmaq istərdim.
"1978-ci ilin aprel ayı idi. Komandir polkovnik Pitelev toplantıların birində elan etdi ki, may ayında Sov. İKP MK Siyasi Bürosu üzvülüyünə namizəd, Azərbaycan Kommunist partiyasının Birinci katibi Heydər Əliyev Qutqaşenə (indiki Qəbələyə - red.) gələcək. Ona görə də hərbi hissələrdə nizam-intizama xüsusi fikir verməli və tikinti obyektlərində işimizi daha da sürətləndirməliyik. Artıq Moskvadan bir-birinin ardınca böyük generallar gəlirdi. Ən axırda isə SSRİ Nazirlər Soveti sədrinin müavini Smirnov və onunla birgə ordu generalı gəldi. May ayının 28-də onlar Qutqaşendə Heydər Əliyevi qarşıladılar.
Azərbaycanın böyük oğlu Heydər Əliyev vəziyyətlə ətraflı maraqlanırdı. Ona ilk öncə RLS-in tikintisi haqda məruzə etdilər. Onu rayona yol, qaz, su çəkilməsi xüsusi maraqlandırırdı. Məruzə vaxtı o çıxış edənlərə bu sosial layihələrin həyata keçirilməsi cavabdehliyini şəxsən tapşırdı. Birdən gözlənilmədən RLS-in layihəçilərinə üz tutub elektrik xəttinin haradan keçdiyini soruşdu. Ona dərhal RLS-i təmin edən sxemin marşrutunu göstərdilər. Bir anlığına sükut yarandı və o, üzünü general Y.P.Kudrayvtsevsə tutaraq soruşdu: "Yuriy Petroviç, siz bu marşruta özünüz baxmısınız?". Kudrayvtsev belə cavab verdi: "Yox, mənim işçilərim baxıb". "Siz bilirsinizmi, layihədəki elektrik xəttini "Qəbələ" qalasının içindən aparıblar. Qəbələ qədim Alban dövlətinin paytaxtı olub, siz onu məhv etmək istəyirsiniz?"
Bir an hamı susdu. O zaman general Qelovani dedi ki, yoldaş Əliyev, biz bu səhvi aradan qaldırarıq. O, dərhal da göstərişlərini verdi.
Həmin görüşdə iştirak edən Qutqaşen  rayonunun birinci katibi Abdulla Bullayev ayaqüstə sanki qurumuşdu. Axır ki, Heydər Əliyev yaranan gərginliyi aradan götürdü. İnşaatçılara öz minnətdarlığını bildirdi və tövsiyələrini verdi.
Bu böyük toplantıdan sonra Müdafiə Nazirliyinin inşaat üzrə müavini, nazirliyin mülki və hərbi mütəxəssisləri, demək olar ki, bizimlə bərabər Qutqaşendə qulluq edirdi.
Layihə institutunun işçiləri tezliklə layihədə dəyişikliklər etdilər. Qəbələ qalası işıq xəttinin marşrutundan kənarda qaldı və beləcə, bu tarixi abidəmiz xilas olundu"...
Bir neçə gündən sonra Qəbələ məsələsi Mərkəzi Komitənin büro iclasının müzakirəsinə çıxarıldı. Heydər Əliyevin təklifi ilə tarixi-mədəni irsi dağıtmaq cəhdlərinə görə çox yüksəkçinli hərbçilərdən bir neçəsinə ağır partiya cəzası verildi. Olaya münasibətdə seyrici mövqe tutduqlarına və prinsipsizliklərinə görə Elmlər Akademiyasının və Qəbələ rayonunun bir neçə məsul işçisi də MK bürosu tərəfindən cəzalandırıldı. Aradan bir neçə gün keçəndən sonra məhz Heydər Əliyevin tapşırığı ilə Qəbələ şəhərinin ərazisi tarix və mədəniyyət qoruğu elan edildi. Orada çox genişmiqyaslı tədqiqat və bəndsalma işlərinə başlanıldı.
Ulu Öndərin keçmişimizin yadigarı olan tarix və mədəniyyət abidələrinə olan diqqət və qayğısını əks etdirən çoxsaylı misallar çəkmək olar. Onun İçəri şəhərdə abidələrin konservasiyası və qorunması, Şirvanşahlar sarayı, Atəşgah, Möminəxatun türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Şabran şəhərinin arxeoloji tədqiqi ilə bağlı tarixi əhəmiyyətli sərəncam və göstərişləri, sözün əsl mənasında, hər bir dövlət xadimi və hökumət rəsmisi üçün tarixi-mədəni irsə qayğıkeş münasibət nümunəsidir.
Çağdaş dönəmdə Ümummilli Liderin layiqli davamçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva mədəni irsin qorunması və zənginləşməsi istiqamətində böyük işlər görürlər. Hazırda Bakı və Azərbaycanın digər şəhərlərinin infrastrukturunun sürətli inkişafı nəticəsində çoxsaylı mədəni obyektlərin qorunması zəruriyyəti daha da aktuallaşmışdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev unikal abidələrin mühafizəsinin, sözün əsl mənasında, qarantıdır. O, abidələrin ilkin görkəminin saxlanmasına yönəlmiş fərmanlar və sərəncamlar imzalamışdır. Bunlardan "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" və "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" sərəncamlar xüsusilə böyük önəm daşıyır.
Bir çox genişmiqyaslı mədəni layihələr  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir. Bu işlər, ilk növbədə, beynəlxalq səviyyəli festivalların, sərgilərin keçirilməsi, tarixi və dini abidələrin bərpası, mədəniyyət mərkəzləri və muzeylərin tikintisi və s. layihələrin reallaşdırılması ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev  gələcəyə daim inamla baxırdı, Azərbaycan xalqının şüuru, özünü dərketmə qabiliyyətinin inkişaf etdirilməsi üçün mühüm addımlar atırdı. O, sabahla yaşayır, keçmişi düzgün dəyərləndirirdi və bunu başqalarına da öyrədirdi. Heydər Əliyevin yaradıcılığa yönəldilən yenilməz səyləri, tükənməz enerjisi və Vətənə hədsiz sevgisi sayəsində bu gün Azərbaycan mədəniyyəti bütün dünyada tanınır. Hər il daha çox insan Azərbaycanı, onun unikal tarixi-mədəni irsini, o cümlədən Ulu Öndərimizin irsini kəşf edir.
Ulu öndər Heydər Əliyevin adı daim xalqımızın, ölkəmizin, mədəniyyətimizin dirçəlişi ilə birgə anılacaq.