Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2018 09:34

Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

II məqalə

Sovet dövründə Naxçıvanda 75-ci mexanikləşdirilmiş motoatıcı diviziyası və 41-ci sərhəd dəstəsi yerləşirdi. Azərbaycan öz müstəqilliyini elan edəndən sonra İttifaq qoşunlarına rəhbərliyi əlinə almış MDB qoşun komandanlığı bu hissələri bütün əmlakı ilə birlikdə Naxçıvandan çıxarmaq istəyirdi. Heydər Əliyev çox böyük səriştə və müdrikliklə bu təxribatın qarşısını aldı, 75-ci diviziyanın və 41-ci dəstənin rəhbərliyi ilə dəfələrlə danışıqlar apardı, yaranmış yeni tarixi şəraiti onlara anlatdı və onlardan tələb etdi ki, Zaqafqaziya qoşun komandanlığı ilə əlaqə saxlayaraq hərbi əmlakın təhvil verilməsini razılaşdırsınlar. İstər Zaqafqaziya qoşun komandanlığı, istərsə də MDB qoşun komandanlığı Naxçıvandakı hərbi əmlakın bütünlüklə təhvil verilməsinə razı deyildi. Bununla belə Heydər Əliyevin iradəsi və ardıcıllığı burada da qalib gəldi və qəbul edilən bütün hərbi əmlak Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil verildi.
1993-cü ilin iyununda Azərbaycan xalqının tələbi ilə respublika rəhbərliyinə qayıdandan sonra Heydər Əliyevin öz üzərinə götürdüyü xilaskarlıq missiyası həm də Azərbaycan Ordusunun xilası ilə bağlı idi. Respublikada son dərəcə mürəkkəb bir vəziyyətdə rəhbərliyə dəvət olunan Heydər Əliyev Azərbaycanın müstəqilliyini, Azərbaycan Ordusunu məhv olmaqdan xilas etdi, Azərbaycan xalqını sonsuz fəlakətlərdən qurtardı. 1993-cü ilin yayında Azərbaycanda ən yüksək zirvəsinə çatmış gərginliyin daxili səbəblərinin bir tərəfində siyasi böhran dayanırdısa, bir tərəfində də Azərbaycan Ordusunun böhranı dayanırdı. Çünki siyasi xaosun, daxili çəkişmələrin, hakimiyyət uğrunda, hakimiyyəti idarə etməyə qabiliyyəti və haqqı olmayan insanların daxili mübarizəsinin alovlandığı bir vaxtda ayrı-ayrı şəxslər ordunu parçalayıb qanunsuz əməllərin icrasına səfərbər etməklə Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini çox ciddi və təhlükəli sınaqlar qarşısında qoydular. Gəncədə vətəndaş müharibəsi təhlükəsini yaradan da parçalanmış ordu qüvvələrinin qanunsuz əməllərə cəlb edilməsi idi, Lənkəranda separatizmin alovlanmasına yol açan da yenə buradakı cinayətkar şəxslərin ordu hissələrinə nəzarətin ələ keçirilməsi idi. Belə hallar bütün cəbhə boyu da müşahidə edilirdi.
Azərbaycanın ərazi bütövlüyünün qorunması, erməni təcavüzünə qarşı mübarizə aparılması üçün yaradılmış olan ordu hissələri siyasi qruplara bölünərək bir-birinə qarşı cəbhə tutmaqla xalqın özünü fəlakətə sürükləyirdilər. Dövlət rəhbərliyi isə belə bir vəziyyətdə aciz duruma düşərək iflic olmuşdu. Tarix bir daha sübut etdi ki, xalqı ağır durumdan onu öz ətrafında birləşdirməyi bacaran böyük şəxsiyyətlər çıxara bilərlər. Heydər Əliyev də belə böyük bir şəxsiyyət idi. Xalqının ağır durumunda o, xalqın ümid yerinə çevrildi, xalqı öz ətrafında birləşdirərək onun dəstəyinə arxalandı, onu rastlaşmış olduğu böyük fəlakətlərdən xilas etdi. Heydər Əliyevin müstəsna fəaliyyəti, davamlı ardıcıllığı, milli mənafelərə sədaqəti nəticəsində ölkə vətəndaş qarşıdurmasından nicat tapdı, onun çağırışı ilə ayağa qalxmış xalqın qəzəbi isə respublikanı etnik əlamətlərinə görə parçalamaq istəyənləri pərən-pərən saldı.
Heydər Əliyev həm də yeni ordu quruculuğunun əsasını qoydu. Bu quruculuğun tarixi isə onun radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciətindən başlayır. Bu müraciət Azərbaycanda hərbi-siyasi vəziyyətin son dərəcə mürəkkəbləşdiyi bir zamanda ortaya çıxdı. Heydər Əliyevin diplomatik fəaliyyəti nəticəsində Ermənistan rəhbərliyi dəfələrlə atəşin kəsilməsinə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə söz versə də, erməni tərəfi xislətinə uyğun olaraq öz sözünə əməl etmədi, əldə olunmuş qısa müddətli atəşkəslərdən isə öz hərbi qüvvələrinin bərpası, yenidən qruplaşdırılması üçün istifadə etdi. Bu təcavüzə layiqli müqavimət göstərə biləcək qüvvələr isə Azərbaycanda yox idi. Mövcud olan hərbi hissələrin çoxu da dövlətin deyil, hələ də ayrı-ayrı adamların nəzarəti altında idi və belə hissələr, bir qayda olaraq, cəbhə bölgəsində təxribatlar törətməklə məşğul idilər. Belə bir zamanda Heydər Əliyev xalqa müraciət etdi, xalqa güvəndiyini bildirdi və xalqdan da kömək istədi.
Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti Azərbaycanda ordu quruculuğunun əsaslarını müəyyənləşdirəcək tarixi bir sənəddir. Bu sənəddə hərb quruculuğunun dünya təcrübəsinin Heydər Əliyev təfəkküründən keçmiş qənaətləri öz əksini tapmışdır. Bu qənaətlər daha çox Heydər Əliyevin dövlətçilik təfəkkürünə və təcrübəsinə əsaslanır və ona görə də bu müraciətdən əldə edilən qənaətlər həyati olmaqla, həm də Azərbaycan reallıqlarını əks etdirirdi.
Strateji planda ordu quruculuğunun istiqamətlərini müəyyənləşdirəcək elə bir məsələ yoxdur ki, bu müraciətdə öz əksini tapmamış olsun. O cümlədən ordu və dövlət, ordu və maddi baza, ordu və mənəviyyat, ordu və xalq, ordu və milli kadrlar, ordu və nizam-intizam və s. kimi əsaslı məsələlərin vəziyyəti, əhəmiyyəti və əldə edilməsi yolları Heydər Əliyev zəkasının işığında bu müraciətdə son dərəcə aydın və anlaşıqlı şəkildə təhlil edilmişdir.
Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciətində əvvəlcə ölkədə yaranmış mürəkkəb vəziyyətin səbəbləri əhatəli şəkildə təhlil olundu, belə vəziyyətin davam etməsinin hara gətirib çıxara biləcəyi açıqlığı ilə xalqa çatdırıldı və həmin vəziyyətdən çıxmağın yolları ətrafında fikir mübadiləsi aparıldı. Heydər Əliyev birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan Ordusu yenidən qurulmalıdır, bu ordu xalqın, dövlətin və müstəqilliyin müdafiəsində durmağa qadir olan bir orduya çevrilməlidir. Xalqımızın böyük rəhbəri belə bir ordunun yaradılması yollarını da göstərdi,  qarşıda dayanan vəzifələri müəyyənləşdirdi.
Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli müraciəti yeni ordu quruculuğunun nəzəri əsaslarını müəyyənləşdirən konseptual bir sənəd olmaqla bərabər, həm də xalqa edilən bir çağırış idi. Ulu Öndər bu müraciətlə bütün xalqı, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün cəmiyyəti Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifə ətrafında birləşməyə çağırdı və onun bu çağırışı cəmiyyətdə və xalq arasında böyük əks-səda doğurdu. Xalq şübhə etmədi ki, bu çağırış böyük xilaskarın çağırışıdır və bu çağırışa səs verməklə Azərbaycanın müstəqilliyini xilas etmək, Azərbaycan xalqının güvən yeri olacaq Vətəninə, xalqına sədaqətli yeni milli ordunu formalaşdırmaq olar.
2 noyabr 1993-cü il tarixli müraciət ilk növbədə Heydər Əliyevin özü tərəfindən fəaliyyət proqramına çevrildi, bu müraciətdə qaldırılan məsələlərin icrası üçün onun tərəfindən yorulmaz fəaliyyət ortaya qoyuldu. Heydər Əliyev müraciətindən dərhal sonra respublika ictimaiyyətinin ən müxtəlif nümayəndələri, müharibə veteranları, siyasi partiyaların nümayəndələri ilə görüşdü, onlarla məsləhətləşmələr apardı, yerlərdə qaldırılan təşəbbüslər Heydər Əliyev tərəfindən dəstəkləndi, yeni ordu formalaşdırılması üçün təşkilati işlər geniş vüsət aldı.
Heydər Əliyev müraciətində toxunduğu nöqsanların aradan qaldırılması üçün çevik qərarlar qəbul etdi, orduya rəhbərliyi çətinləşdirən əhəmiyyətsiz idarəetmə strukturları ləğv edildi, ayrı-ayrı şəxslərin nəzarətində olan azsaylı hissələr ki, siyahı üzrə adı keçən bütün şəxsi heyətin təminatını alırdılar, ləğv edildilər, nizam və intizamı lazımi tələblərə cavab verməyən şəxslər ordudan uzaqlaşdırıldılar.
Ordu quruculuğuna sağlam bir nəfəs gəldi, onun bünövrəsi mövcud çirkinliklərdən kifayət qədər təmizləndi, şəxsi heyətində bir canlanma yarandı, yeni-yeni hərbi hissələrin formalaşdırılmasına başlandı. Bu yeni hərbi hissələrin rəhbərliyinə Vətəninə sədaqətli zabitlərin gətirilməsi nəzarət altına alındı.
İstər 2 noyabr 1993-cü il tarixli müraciətdə, istərsə də Heydər Əliyevin sonrakı çıxış və müraciətlərində hərbi səfərbərlik işinin yenidən qurulması, bu işə məsuliyyət daşıyan hərbi komissarlıqlar sistemində mövcud olan qanunsuzluqların tezliklə aradan qaldırılması məsələləri kifayət qədər ciddi vəzifə kimi qarşıya qoyuldu. Ulu Öndər bu məsələlərlə bağlı həm dövlət strukturlarının nümayəndələri, həm də ictimaiyyətin nümayəndələri ilə təkrar-təkrar görüşlər keçirdi. Bununla Heydər Əliyev bir tərəfdən çağırış-səfərbərlik işlərinə bir nizamlılıq, qanunilik gətirdi, bir tərəfdən də bu işə ümumxalq münasibəti yaratdı, xalqın çağırış işinə qayğısını gücləndirdi, hərbi xidməti tərk etmiş kontingentlə konkret işlər aparıldı, onların xidmətə qayıtmaları üçün qayğı ilə əhatə olunmuş tələbkar mühit yaradıldı.
Bunların ardınca da Heydər Əliyev bir-birinin ardınca cəbhə boyunca yerləşən hərbi hissələrə yollandı, orada yerləşən rayonların ictimaiyyəti ilə görüşlər keçirdi. Silahlı Qüvvələrin yenidən formalaşdırılmaqda olan hissə və bölmələrinin vəziyyəti, cəbhə qayğıları, döyüş əhval-ruhiyyəsi yerində yoxlanıldı, görülməli olan işlərin icrası üçün konkret tapşırıqlar müəyyənləşdirildi.
Heydər Əliyev Azərbaycan torpaqlarının müdafiəsi üçün bir tərəfdən bütün dövlət orqanlarını hərbi-təşkilati işə səfərbər etdi, onların gərgin və davamlı fəaliyyətinə nail oldu, bir tərəfdən də, bütün xalqı Vətənin müdafiəsinə səfərbər etdi, xalqla cəbhə arasındakı əlaqələri gücləndirdi, xalqın cəbhədə vuruşanlara göstərdiyi qayğısına bir canlanma gətirdi.
Bütün bunlar da tezliklə öz nəticələrini göstərməyə başladı. Azərbaycanın hərbi qüvvələrinin əvvəlcə Füzuli istiqamətində, sonra da Ağdam-Tərtər istiqamətində apardığı uğurlu döyüşlər Azərbaycan Ordusunun simasının dəyişdiyini nümayiş etdirdi və bu dəyişiklik düşmən qüvvələrini də təşvişə saldı. Heydər Əliyevin yenicə yaratmağa başladığı qüvvələr qarşısında böyük itkilər verən düşmən qüvvələri atəşin dayandırılmasına daha ciddi yanaşdılar və bunun nəticəsi kimi 1994-cü ilin mayında cəbhədə atəşkəs elan edildi.
Atəşkəsin əldə edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasının yeni bir dövrünün başlanğıcını qoydu. Döyüşlərin dayandırılması Silahlı Qüvvələrin daha dinc şəkildə təşkilatlanması üçün münasib bir fürsət yaratdı. Xalqımızın Ümummilli Lideri bəyan edirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının dinc yoluna üstünlük verir və bütün fəaliyyəti boyu da bu istiqamətdə xüsusi bir ardıcıllıq nümayiş etdirdi. Bununla belə, Heydər Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təkmilləşdirilməsini və gücləndirilməsini dövlətin prioritetləri səviyyəsinə qaldırdı, bu sahəni daimi diqqət altına aldı. O, Azərbaycan Ordusunu müstəqilliyin atributlarından biri kimi görürdü və bildirirdi ki, döyüşlərin gedib-getməməyindən asılı olmayaraq Azərbaycan Ordusu möhkəmləndirilməlidir. Heydər Əliyev bunu Azərbaycanın müstəqilliyinin davamlılığının  şərtlərindən biri kimi qəbul edirdi.
2 noyabr 1993-cü il tarixli müraciətindən sonra ordu quruculuğu sahəsində başlanan uğurlu işlər atəşkəs dövründə daha yaradıcı şəkildə davam etdirildi və qısa müddətdən sonra Azərbaycan Ordusu çox qüdrətli bir qüvvəyə çevrildi. Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini çox böyük məmnunluqla qeyd edirdi. O deyirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
Azərbaycan Ordusunun qısa müddət ərzində böyük inkişaf yolu keçməsinin və  bölgənin ən güclü qüvvələrinə çevrilməsinin bir sıra səbəbləri vardır. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, sözsüz ki, ordu quruculuğuna rəhbərliyin Heydər Əliyev tərəfindən edilməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan və ona öz həyatını belə bağışlamağa hazır olan böyük zəka sahibi, həmişəyaşar ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi və onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Mehman SÜLEYMANOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri  doktoru, ehtiyatda olan polkovnik