Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2018 10:23

Tarixin yaddaşı və yaxud Hüseyn əfəndi kimdir?

İllər  keçsə də unudulmayan, yaşadılan, yaşayan tarixi hadisələrin mahiyyəti dəyərini həmişə saxlayır, əbədiyyən saxlayacaq. Tarixi hadisələr bəzən təəssüflə (28 aprel 1920-ci il), bəzən qürurla, sevgilərlə (15 sentyabr 1918-ci il, 28 may 1918-ci il, 17 noyabr 1991-ci il) daha həssaslıqla yenidən yaşanılır. Onda özünü o hadisələrin iştirakçısı bilirsən. Zamanın geriyə dönüşü olmasa da, sənə elə gəlir ki, yaşından çox-çox böyük olan o hadisələri görübsən. O hadisələr xalqla, dövlətlə, dövlətçiliklə bağlıdırsa, duyumun, duyğuların bir ürək tutumunca incələşir...
Azərbaycanımızın dövlətçilik tarixində mühüm mərhələ olan Xalq Cümhuriyyəti "Mən azərbaycanlıyam!" - deyənlərin hamısının ruhunun dövləti olub. Üçrəngli bayrağımızın ilk dəfə göy üzünün göylüyünü süslədiyi gündən neçə on illər keçib. Hələ ictimaiyyətə təfsilatıyla məlum olmayan hər hansı hadisə haqqında düşünəndə marağa söykənən sevginin, sevgiyə söykənən ehtiramın bir əli məsuliyyətdən yapışır, bir əli könül xoşluğundan; zamanında tarix yazanların sırasında olan bir insanı 100 ildən sonra necə tanıtmalı, hansı bədii təsvir vasitələrinə güvənməli...
100 il əvvəl olanlara həmişə ruhumun gözləriylə baxmışam, eşitdiklərimi, oxuduqlarımı mənəvi borc kimi ruhuma hopdurmuşam.
1972-ci ilin yazında tələbə yoldaşım Nizaməddinlə Şamaxıya gedirdik. Ceyrankeçməzin döngələrinə çatınca yoldan bir qədər aralıda bir tənha məzar gördüm. Baxışlarımın hara dikildiyini hiss edən Nizaməddin "Türkün qəbridi..." - dedi...
Qəbri ziyarət  etdik. İçimdə qımıldanan duyğuların qınağı ürəyimi titrətdi...
Şəhid türk adıyla tanıdılan şəhid mehmetçiyi ilk ziyarətim idi bu. Bu ziyarət mənə Qafqaz İslam Ordusunu daha əhatəli sevdirdi, Nuru paşanı, Nuru paşanın mehmetçiklərini daha səmimiyyətlə sevdirdi. O tənha məzarı dəfələrlə ziyarət etmişəm. Hər dəfə türklüyün qüdrətindən sinəm ürəyimə darlıq edib, "Məlum qəhrəmanlar sırasındasan, naməlum mehmetçik..." - pıçıldamışam. Bu pıçıltını da ruhun ruha borc ödəməsi bilmişəm...
Kimliyi əzizlərindən savayı kimsəyə bəlli olmayan bir mehmetçik haqqında bilgilərimin cazibəsindəyəm. Qafqaz İslam Ordusunun mehmetçiyi Hüssün Mustafaoğlunun ruhunu ruhumla ziyarət edirəm. Bu ziyarət məni Dağüstü parkda "Türk şəhidliyi" abidəsinə çəkməkdədi...
Kimdi Hüssün Mustafaoğlu? 1918-ci ilə kimi Türkiyədə-Ərzurumda Hüssün Mustafaoğlu kimi, 1920-ci ildən 1936-cı ilə kimi Azərbaycanda - Gəncədə Hüseyn əfəndi - Türk Hüseyn kimi tanınan, türk mehmetçiyi kimdi? Kim olub? İlk nəfəsi Ərzuruma, son nəfəsi Gəncəyə ad olan Hüseyn əfəndini - Türk Hüseyni sayğılarla, ehtiramlarla, sevgilərlə tanıtmağı özümə mənəvi borc bilirəm...
Hüssün Mustafaoğlu türk idi. Əski uyğur mənbələrində türk sözü milli mənsubiyyətlə yanaşı, həm də "güclü", "qüvvətli" anlamını verir;  Hüseyn əfəndi - Türk Hüseyn həqiqətən türk olub...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla 2018-ci il “Cümhuriyyət İli” elan edilib. 2018-ci il həm də Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasıyla Azərbaycana gəlişinin 100 illiyidi. 2018-ci il həm də Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin - təmizlənməsinin 100 illiyidi. Nuru paşanın komandanlığıyla Azərbaycana gələn mehmetçiklərin hamısının  ruhu hamımız üçün  çox əzizdi. Ərzurumlu Hüssün Mustafaoğlu - Gəncəli Hüseyn əfəndi onlardan biridi...
...20-ci əsrin əvvəllərində ermənilərin Türkiyədə törətdiyi vəhşiliklər haqqında Mustafa oğlu Hüssün də eşidirdi. Erməniliyin təzahürləri onun da qəzəbini, kinini-nifrətini, türklük heysiyyətini silələyirdi. Yaşadığı illərin çoxunda - 30 yaşı vardı - o da acılar yaşamışların acılarını ruhunda hiss edənlərdəniydi. Ermənilərin Azərbaycanda törətdiklərindən də xəbəri vardı. Dədəsindən, babasından eşitdiklərini unutmamışdı, unutmayacaqdı.
Nuru paşanın könüllülərdən ibarət ordusunun tərkibində o da Azərbaycana gəldi - Emin əfəndinin dəstəsindəydi...
...Qaraməryəmdə bolşevik-daşnak qüvvələri ciddi müqavimət göstərirdi. Emin əfəndinin əmriylə Hüssün başqa iki mehmetçiklə sağ cinahda atışanların sırasına qoşulmuşdu. Ağır döyüş gedirdi. Gün yaxmışdı. Üç kölgənin sürünə-sürünə, sağ tərəfə çəkilməsi Hüssünün diqqətindən yayınmadı. Məlumat verməyə, onbaşıdan müvafiq əmr almağa vaxt yoxuydu. Güllə səsləri onun kəlmələrini çiliklədi: "Mehmet, mən o səmtə çəkilirəm!..".
Araları 30-40 addım ancaq olardı.
Ermənilər duyuq düşsə, atacağı atəşdən yayınardı, tələssə, güllələri hədəfə dəyməzdi, geciksə, düşmənlər uzaqlaşardı; barmağı tətiyi vaxtında sıxmalıydı. Nələri xatırladı o anlarda? - qonşu köylərdə süngüyə keçirilən körpələrimi, qapısı bağlanan evlərdə diri-diri yandırılanlarımı, kəsilən başları, ovulan gözlərimi,...?.. Və tətiyi çəkdi. Ermənilərdən biri yerə sərildi. Sonra ikinci, üçüncü erməni qaçsa da, çox uzaqlaşa bilmədi. O da ölümünü Hüssünün gülləsindən  aldı...
...Qazaxda tanış olmuşdular.
Həmid onların sırasına Qazaxda qoşulmuşdu. O gündən səngərdaşıydılar. Nəfəs-nəfəs döyüşür, nəfəs-nəfəsə yatırdılar. Hərdən "Erməninin burnunu ovandan sonra ya sən Qazaxda qalacaqsan, ya da mən Ərzuruma gedəcəm..." - deyərdi Həmid.
Şamaxının girəcəyindəydilər. Bir azdan hücum başlayacaqdı. Hüssün Ərzurumdan özüylə gətirdiyi Osmanlı beşaçılanının qundağını sıxmaqda, Gün çeşt yerinə çatmaqdaydı. Üzücü sükutu Emin bəyin əmri pozdu: "İrəli, mehmetçiyim! Zəfər sənin zəfərin olacaq, irəli!".
Döyüşürdülər...
Ölüm yüklü güllələrdən çəkinmədən atışırdılar. Qurtuluşa yaxınlaşa-yaxınlaşa atışırdılar. Bakıya çatmaq, Bakını azad etmək üçün atışırdılar...
Hüssün də atışa-atışa evlərə yaxınlaşırdı. Hansı duyumun təsiriyləsə dönüb soluna baxdı.  Həmid sağ çiyni üstə torpağa döşənmişdi. Qənşərinə sancılan güllələrə məhəl qoymadan özünü qardaşı Sahid bildiyi Həmidə yetirdi. Son nəfəsiydi Həmidin. Dostunu  döyüşdən çıxarda bilsə də, onu yaşada bilmədilər. İki damla göz yaşı yanaqlarında közə döndü Hüssünün: "Əfv et məni, arkadaşım. Səni yaşada bilmədik. Əfv et...". Son nəfəsinəcən bu ağrı ruhunun can köynəyi oldu...
Qurd qapısı istiqamətində döyüşdə  sol qolundan yaralandı. Həmdi sarıdı yarasını. "Onbaşıya demə..". - bu  kəlmələr, bu rica mehmetçiyin döyüşmək istəyiydi. Həmdi heç kimə heç nə demədi. Buna nə vaxtı oldu, nə də imkanı - ağır döyüş gedirdi...
Bu da Bakı!
Bu da Ərzurumdan üzü bu yana hər mehmetçiyin görmək istədiyi şəhər - Can Azərbaycanın başı bəlalı şəhəri. Tarixin dönəlgəsi burada dönəcəkdi. Döndü də! Bakı bolşevik-daşnak qüvvələrindən təmizləndi; Qafqaz İslam Ordusu  Bakıya qalib yerişlə daxil oldu...
Qurtuluş, xilaskarlıq ordusunun tərkibində mehmetçik Hüssün  Mustafaoğlu Qarabağda da döyüşdü. Türk olaraq, türk mehmetçiyi olaraq döyüşdü - Nuru paşanın komandanlığıyla xilaskarlıq missiyasının mehmetçiklərindən biri kimi döyüşdü...
Mudros müqaviləsi bu missiyanın sonacan yerinə yetirilməsinə imkan vermədi.
1918-ci il oktyabrın 30-da I Dünya müharibəsinin nəticələrinə görə məğlub olan Türkiyə Mudros müqaviləsini imzalamağa məcbur oldu. Azərbaycan ingilis qoşunlarının nəzarəti altına düşdü. General Tomson türk əsgər və zabitlərinin son nəfərinədək  Azərbaycanı tərk etməsi haqqında əmr imzaladı. Nuru paşa da, Türkiyədən gəlmiş əsgər və zabitlərin bir hissəsi də Azərbaycanda qalmaq, Azərbaycanda xidmət etmək - Azərbaycana xidmət etmək istəyirdi. Tomson rejimi bunu yasaqlayırdı.
Qalan qaldı...
"Azərbaycan möhkəmlənməyincə qayıtmayacam!" - deyənlərin, Azərbaycanda qalanların sırasında mehmetçik Hüssün Müstafaoğlu da vardı.
Azərbaycan, belə demək mümkünsə, şəhər-şəhər, kənd-kənd, ev-ev nəzarətdəydi. Qafqaz İslam Ordusunun Türkiyədən gələn, Mudros müqaviləsindən sonra Türkiyəyə qayıtmayan əsgər və zabitləri aşkar edilincə güllələnirdi. ADR süquta uğradıqdan sonra Tomsonçuluğu bolşevizm davam etdirirdi. O illərdə - 1920-ci ilin aprelindən sonra istər siyasi baxışlarına, istərsə də milli mənsubiyyətinə - türklüyünə, Türkiyəliliyinə görə "qara siyahıya" düşənlərin taleyini güllələnmə, Sibirə sürgün izləyirdi; müsavatçı olubsan - xalq düşmənisən, Türkiyədən gəlmisən, Türkiyədə qohumların var - xalq düşmənisən. Qafqaz İslam Ordusunun mehmetçiyi Hüssün Mustafaoğlu - Hüseyn əfəndi - Türk Hüseyn 20 il bu xofun sıxıntılarıyla yaşadı.
 İlk vaxtlar yenidən hərbi mundir geyinəcəyini - Azərbaycan Ordusunda xidmət edəcəyini gözləyə-gözləyə günləri ay, ayları il etdi...
Azərbaycan Vətən oldu Hüssün Mustafaoğluna.
Ərzurumdan gələndə özüylə xeyli qızıl-gümüş sikkə gətirmişdi. 25 ədəd qızıl pula torpaq sahəsi aldı, ev tikdi. Sövdələşmə sənədi indi də Hüseyn əfəndidən əziz xatirədək saxlanmaqdadır. Goranboyun Hazırzəhmədli kəndindən Günəş xanımla ailə qurdu.
Hüseyn əfəndi çörəkçiliklə məşğul olub. Hazırda Heydər Əliyev prospekti 1 ünvanındakı binanın zirzəmisi qonşuların sevgilərlə, ehtiramlarla Türk Hüseyn çağırdıqları Hüseyn əfəndinin çörək sexi idi.
7 övladı olub Hüseyn əfəndinin - Mustafa, Şakir, Münəvvər, Səhiyyə, Hədiyyə, Səfiyyə, Əhməd. Səfiyyəylə Əhməd çox az yaşayıb...
Türkiyəyə - Ərzuruma qayıtmaq, əzizləriylə görüşmək, əzizlərini əzizləriylə görüşdürmək istəyirdi Hüseyn əfəndi. Gərək olan sənədləri Türkiyənin Batumidəki konsulluğundan ala bilmişdi. "Oğul-uşağın boğazından kəsə-kəsə” 10 min rubl pul da toplamışdı. Görürdü, eşidirdi, repressiyalar Türk Hüseyni niyyətindən çəkindirdi. Can qorxusu deyildi bu. Övladlarının rus imperiyasının çək-çevirindən, işgəncələrindən xilas etmək niyyətiydi...
... Ərzurumdan sevərək gəldiyi, qurtuluşu üçün sevərək döyüşdüyü, sevərək yaşadığı Azərbaycanda - Gəncədə aldı son nəfəsini. 1938-ci ildə. Gümanlarım deyir ki, həmin gün Ərzurumun qədiyini burum-burum qar bürüyüb...
Goranboyun Hazırzəhmədli kənd qəbiristanlığında dəfn edilib. 83 yaşlı qızı Səhiyyə deyir ki, böyük bacılarımdan, qardaşlarımdan eşitmişdim - atamı bir Tut ağacının yaxınlığında dəfn ediblər. Müəyyən səbəblərdən zamanında qəbrin üstünü götürtmək mümkün olmayıb. Qəbrin yeri bilinmir; nəvələri, nəticələri, kötükcələri Hüseyn əfəndinin  - Hüssün Mustafaoğlunun məzarını deyil, ruhən ruhunu ziyarət edirlər. Bütün türksevərlər kimi, Qafqaz İslam Ordusunu sevənlər kimi, Azərbaycan Xalq Cümhuriyyətini sevənlər kimi - bizlər kimi... Günəş xanım 48 yaşında vəfat edib, Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunub; nəvə-nəticələri Günəş xanımı ziyarət edəndə qəbri bəlli olmayan ulu babalarını da ziyarət edirlər sanki; ruhun ruhu ziyarətidi bu...
Hüssün Mustafaoğlu Qafqaz İslam Ordusunun zabiti Emin əfəndinin (onun yüzbaşı olduğunu güman edirik) dəstəsində vuruşub - Mudros müqaviləsi imzalanana kimi. Emin əfəndi də Türkiyəyə qayıtmayıb, Hüssün Mustafaoğlunun düşüncələrinin eynini düşünüb - Mudros müqaviləsinin buludu dağılandan sonra Azərbaycan Ordusunda xidmət etmək. Qayıtmayıb, Azərbaycanda qalıb. Tam artilleriya generalı Əlağa Şıxlinski ilə qohum olub, Şəmkirin Düyərli kəndində məskunlaşıb. 2000-ci ildə Hüseyn əfəndinin oğlu Mustafa ata ruhunun işığında Düyərliyə gəlib; türk zabitinin övladlarıyla, nəvələriylə türk əsgərinin övladlarının, nəvələrinin görüşü türklüyə ehtiram kimi yaşanılıb...
... İllər keçsə də unudulmayan, yaşadılan, yaşayan tarixi hadisələrin mahiyyəti dəyərini həmişə saxlayır. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi kimi. Bu ordunun hər zabiti, hər əsgəri tarixdə də yaşayır, yaşadılır. 34 nəvənin babası, yüzdən çox nəticənin-kötükcənin ulu babası olan Ərzurumlu Hüssün Mustafaoğlu da unudulmur, unudulmayacaq...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist