Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:24

“Böyük Qələbə günü ərəfəsindəyik”

Rubrikamızın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.
Cəbi müəllim 2018-ci ilin tariximizə əlamətdar bir il kimi daxil olduğunu,   Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. "2018-ci ildə həyata keçiriləcək tədbirlərin miqyası çox böyükdür. Bir əsr öncə  xalqımız müsəlman Şərqində ilk demokratik dövlət yaratdı. Bu, tariximizin ən şərəfli səhifələrindən biridir. Dövrün çətinliklərinə, problemlərinə baxmayaraq, o zaman Cənubi Qafqaz Seymində təmsil olunan 44 nəfərdən 26-nın bilavasitə iştirakı ilə mayın 27-də Tiflis şəhərində Milli Şura yaradıldı. Mayın 28-də isə müstəqil dövlətin yaradılması haqqında İstiqlal Bəyannaməsini  qəbul edildi. Amma bu heç də asanlıqla baş vermədi. Çünki müstəqilliyə gedən yol ağır sınaqlardan keçir. Alimlərimiz tərəfindən tariximizin bu səhifəsi tədqiq edilib. Hələ Sovet dönəmində ilk dəfə olaraq bu mövzunun araşdırılması hazırda Prezident Administrasiyası katibliyinin rəisi, tarix üzrə fəlsəfə doktoru, professor Dilarə Seyidzadə tərəfindən həyata keçirilib. Onun tədqiqat işinin mövzusu məhz cümhuriyyətin görkəmli şəxslərinin fəaliyyəti ilə bağlı olub. "Azərbaycan deputatları Rusiya Dövlət Dumasında" adlı əsər yazılıb. Onun istər  tarix üzrə fəlsəfə doktoru, istərsə də tarix üzrə elmlər doktoru dissertasiyalarının   mövzusu Cümhuriyyətə qədərki dövrdə Rusiya Dövlət Dumalarında təmsil olunan böyük şəxsiyyətlərimizin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Məmməd Yusif Cəfərovun və bir çoxlarının fəaliyyəti ilə bağlı olub. Sovet dönəmində qadağan olunan bu mövzunun işlənməsi  akademiyanın müxbir üzvü mərhum Əlövsət Quliyevin elmi rəhbərliyi altında həyata keçirilib. Müəllifin 2004-cü ildə "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol" adlı qiymətli əsəri Azərbaycan və ingilis dillərində çapdan çıxdı. Bu əsər mükəmməl və yeni faktlarla zəngin olan bir tədqiqat əsəridir. Əsərdə Cümhuriyyət dövrü geniş tədqiq olunub".
1991-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin institutda yaradıldığını bildirən müsahibim qeyd etdi ki, şöbədə Cümhuriyyətin tarixi bütün spektrləri ilə bərabər tədqiq olunur. "Burada, əlbəttə ki, dövlətin əsas atributlarından biri olan ordunun yaradılma tarixindən ta Cümhuriyyətin süqutuna qədər olan dövr  alimlərimiz tərəfindən araşdırılıb. Cümhuriyyət ordusunun yaranma tarixi Azərbaycanın müdafiə məsələlərində, xüsusilə də erməni separatizminə qarşı mübarizədə rolu əsərdə tam araşdırılıb".
Cəbi müəllim söhbətində onu da bildirdi ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü il noyabrın 2-də "dahi rəhbərin müraciətindən sonra 100 mindən çox Azərbaycan vətəndaşı ordu sıralarına qoşuldu. Qısa müddətdə Füzuli rayonunun 20-dən artıq kəndi işğaldan azad  olundu. Ümummilli Liderimiz böyük güc sərf edərək yeni modernləşdirilmiş ordunun yaradılması üçün konkret qərarlar qəbul etmişdi. Ulu Öndərin işləyib hazırladığı yeni milli dövlət  quruculuğu strategiyasının ana xəttini ölkəmizin təhlükəsizliyini təmin edən ordunun yaradılması təşkil edir. 2004-cü ildən başlayaraq Ümummilli Liderin yolunu uğurla davam etdirən  Prezident İlham Əliyevin atdığı addımlar nəticəsində bu  gün Azərbaycan Ordusu Qafqazda ən  qüdrətli bir orduya çevrilib. Ordumuz öncül yerlərdən birini tutur. Son illərdə nüfuzlu beynəlxalq bir təşkilatın verdiyi hesabatda 106 ölkənin qərarlaşdığı siyahıda Azərbaycan Ordusunun 50-ci yerdə olduğu göstərilir. Bu fakt məndə qürur hissi yaratdı".
Prezident İlham Əliyevin Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı  sərəncamından irəli gələn bəzi vacib məsələlərə toxunan alim bildirdi ki,  erməni daşnakları, Andranik başda olmaqla, xarici havadarlarının maliyyə dəstəyi ilə Urmiya, Xoy vilayətlərində, Təbrizdə və Cənubi Azərbaycanın digər ərazilərində 140 min azərbaycanlını məhv etmişlər. "Bu qətliamların həyata keçirilməsində xarici missioner təşkilatların böyük fəaliyyəti olub. Belə faktları təsdiq edən arxiv sənədləri var. Biz bu sənədləri əldə etmişik. Şimali Azərbaycana gəldikdə isə soyqırımı cinayətlərinin tarixi coğrafiyası Bakıdan başlayıb İrəvanda, Qarsda, Ərzurumda bitir. Bakıda azərbaycanlı əhalisinə qarşı törədilən soyqırımı cinayətlərinin əsas səbəbkarları Sovet Rusiyası, onun rəhbəri Vladimir İliç Lenindir. 1917-ci il dekabrın 16-da Leninin sərəncamı ilə başkəsən, cəllad, quldur S.Şaumyana 500 min rubl pul  ayrılır. 1918-ci il fevralın 14-də  Leninin imzaladığı digər bir sənədlə yenə də daşnak S.Şaumyana 31.8 milyon rubl pul ayrılıb. Beləliklə, erməni-bolşevik hərbi qüvvələri həmin vəsaitlərin gücünə Bakıda, Şamaxıda, Qubada və digər ərazilərdə azərbaycanlı əhalisinə qarşı kütləvi soyqırımı cinayətləri törədib. Bilirsiniz, əgər cinayət bir millətə irqi, dini, milli mənsubiyyətinə görə edilibsə, deməli, bu soyqırımı cinayətidir. Cənab Prezidentin imzaladığı sərəncam bu faktların daha dərindən öyrənilməsi baxımından tarixi bir sənəddir".
Cəbi müəllim Tarix İnstitutunda "Azərbaycan tarixi: arxiv sənədlərində" adlı layihənin də uğurla həyata keçirildiyini dedi və bu barədə bəzi məlumatları oxucularımızın diqqətinə çatdırdı: "Bu layihənin əsasında biz Rusiya Federasiyası ərazisində səhifəsi 1 milyondan  çox olan arxiv sənədi əldə etmişik. Gürcüstan, Orta Asiya Respublikaları, Hindistan, İran, Avropa ölkələrindən - İngiltərə, Fransa, Almaniya, Polşa və xüsusilə Türkiyənin Osmanlı arxivindən sayı bilinməyən sənədlər əldə olunub. 1918-ci il 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı  36 cildlik təhqiqat komissiyasının sənədləri də bizim Milli Dövlət Arxivində  saxlanılır. Bu sənədlərin elmi dövriyyəyə təqdim olunması prosesi həyata keçirilir. Bölgələr üzrə Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, o cümlədən Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törədilən soyqırımı aktını araşdıran müəlliflər qrupu var. Onlar arxiv sənədlərini elmi dövriyyəyə gətiriblər. Bu əsərlər ən azı üç dildə - ingilis, rus, Azərbaycan dilində nəşr olunur. Həmin əsərlərin dünya ölkələrində yayılması prosesi də həyata keçirilir. Biz ilk növbədə, Azərbaycan vətəndaşı olaraq, Azərbaycan alimləri olaraq, xalqımız, dövlətimiz qarşısında vətəndaşlıq borcunu yerinə yetirərək tariximizin qaranlıq səhifələrinə işıq salırıq. Bəli, xalq öz tarixi keçmişini bilməlidir".
Kütləvi informasiya vasitələrində, xüsusilə də televiziya kanallarında ordumuzu, hərb tariximizi təbliğ edən verilişlərə münasibətini açıqlayan alim onu da bildirdi ki, milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamaq baxımından belə verilişlərin hazırlanması çox vacibdir." Mübariz İbrahimov, Fərid Əhmədov, Əlif Hacıyev, Şirin Mirzəyev, elə son  aprel döyüşlərinin qəhrəmanlarına həsr olunan silsilə verilişlərin hazırlanması təqdirəlayiqdir. Onların haqqında çəkilən bədii, sənədli filmləri orta, ali məktəblərdə təhsil alan gənclərə, hərbi xidmət keçən əsgərlərə vaxtaşırı nümayiş etdirmək lazımdır."
Cəfakeş alim son illər orduda aparılan irimiqyaslı islahatlara da münasibətini bildirdi. "Orduda əsaslı şəkildə böyük dəyişikliklər baş verib. Genişmiqyaslı təlimlərin keçirilməsi, ordu rəhbərliyinin tez-tez döyüş bölgələrində əsgər və zabitlərlə görüşməsi fəxr ediləsi haldır. Orduda aparılan islahatlar xalqımızda gələcəyə böyük ümidlər yaradıb. Aprel döyüşləri ordumuzun gücünü, qüdrətini düşmənə bir daha göstərdi. Qısa zamanda ordumuzun təmas xəttində yerləşən hərbi birləşmələri tərəfindən düşmən hücumunun qarşısının əks-həmlə ilə alınması erməni ordusunun məğlubedilməzliyini sabun köpüyünə çevirdi. Bütün bunlar uğurlu ordu quruculuğu siyasətinin, Silahlı Qüvvələrimizin Ali Baş  Komandanı cənab İlham Əliyevin orduya yüksək diqqət və qayğısının nəticəsidir".
Tarix üzrə fəlsəfə doktoru C.Bəhramov söhbətinin sonunda Vətənimizin keşiyində ayıq-sayıq dayanan hərbçilərimizə cansağlığı və Azərbaycanımızın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı naminə - Böyük Qələbə  naminə müqəddəs xidmətlərində uğurlar arzuladı. O, əminliklə bildirdi ki,  qəhrəman, vətənpərvər əsgər və zabitlərimizin hesabına tezliklə Şuşa, Xankəndi, Laçın və digər işğal altında olan torpaqlarımızı azad edəcəyik. "Bizim heç kəsin torpağında gözümüz yoxdur. Xalqımızın igid övladları istər Xocalı soyqırımı qurbanlarının, istərsə də 1918-ci il 31 mart qırğınlarının qurbanı olmuş soydaşlarımızın qisasını  mənfur ermənilərdən alacaqlar".

Söhbəti apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"