Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:23

Əlahiddə Azərbaycan Korpusunun komandiri

Azərbaycanın sərkərdə oğulları, Cümhuriyyət generalları heç zaman unudulmur, həyat və döyüş yolları tarixin hər dönəmində gələcək nəsillərə təbliğ edilir. 2014-cü ildə ölkə Prezidenti İlham Əliyevin generallar - Əlağa Şıxlinskinin 150, Cəmşid Naxçıvanskinin 120 və 2015-ci ildə isə Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi barədə imzaladığı sərəncamlar xalqımızın, dövlətimizin hərb tarixinə, Cümhuriyyət tarixinə verdiyi diqqətin bariz nümunəsidir.
Dövlət rəhbərinin ötən il imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncamı da, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması da bu diqqətin davamıdır. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 22 may 1998-ci il tarixli fərmanı ilə müasir Azərbaycan Ordusunun Cümhuriyyət ordusunun (26 iyun 1918-ci il) varisi 26 iyun Azərbaycanın Silahlı Qüvvələri günü elan edildi.
Ölkə başçısının sərəncamından irəli gələn vəzifələr orduda yüksək səviyyədə həyata keçirilir. İctimai-siyasi hazırlıq prosesində şəxsi heyətə  Cümhuriyyət tarixi dərindən öyrədilir, Azərbaycan Ordusunun yaradılması, formalaşması və Cümhuriyyət generalları haqqında məlumatlar onların diqqətinə çatdırılır.
Dünya müharibə tarixinə adı  qızıl hərflərlə həkk edilən, Cümhuriyyət Ordusunun qurucularından olan tam artilleriya generalı Əlağa Şıxlinskinin hərb elmindəki kəşfi özünə də, Vətəni Azərbaycana da şan-şöhrət qazandırdı. Görkəmli generalın 150 illik yubileyi barədə Prezidentin sərəncamında deyilir: "XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüşlərdəki şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir."
Əlağa İsmayıl oğlu Şıxlinski 23 aprel 1865-ci ildə Qazax  rayonunun Qazaxlı kəndində anadan olub. O, ilk təhsilini Tiflisdə özəl gimnaziyada alıb. Tiflis hərb gimnaziyasını, Peterburqda artilleriya məktəbini bitirən Əlağa Şıxlinski dördüncü Şərqi Sibir atıcı-topçu briqadasının tərkibində 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak edib. Port-Artur döyüşlərində qala müdafiəsi zamanı düşmən həmlələrinin dönə-dönə məhv edilməsində böyük xidmətləri olub, hərbi rəşadət göstərib. Qəhrəmanlığı altı ordenə "Müqəddəs Stanislav" ordeninin üç dərəcəsi, "Müqəddəs Anna" ordeninin dörd dərəcəsi, "Müqəddəs Vladimir" ordeninin ikinci, üçüncü, dördüncü dərəcələri, "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsi, bir çox xarici dövlətlərin orden və medallarına layiq görülən sərkərdə generalımız özünün "Xatirələrim"də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla xatırlayıram.
Hərb elminin mahir bilicisi olan həmyerlimiz 1908-ci ildə polkovnik, 1912-ci ildə general-mayor, 1917-ci ildə general-leytenant rütbəsinə layiq görülüb. O, çar ordusunda rus artilleriyasının Allahı sayılırdı.
Dünya şöhrətli general 1917-ci ildə hərbi fəaliyyətini Qafqazda davam etdirib. Bununla bağlı xatirələrində yazırdı: "1917-ci il noyabrın 15-də Qafqaza gəldim. Öz xalqımı baş verə biləcək xarici təsirlərdən və daxili qarışıqlıqlardan qorunmasına xidmət etmək arzusu ilə Azərbaycan korpusu təşkil etməyi lazım bilib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım."
1917-ci ilin dekabrın 11-də Zaqafqaziya komissarlığı müsəlman hərbi birləşməsinin yaradılması haqqında dekret verir. 1918-ci ilin əvvəllərinədək  korpus Tiflisdə yerləşirdi.
Zaqafqaziya Hərbi Komissarlığının qərarı ilə general-leytenant Əlağa Şıxlinski tərkibi əsasən azərbaycanlılardan ibarət olan Müsəlman Korpusuna rəhbərlik edirdi. Bu o dövrlər idi ki, artıq çar Rusiyası devrilmiş Şərqdə ilk demokratik respublika elan edilmişdi. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusunun komandiri general Əlağa Şıxlinskinin rəhbərliyi altında müstəqil Azərbaycan Ordusunun korpusda xidmət edən azərbaycanlılardan ibarət təməli qoyuldu.
Ölkədəki mövcud hərbi-siyasi durum Cümhuriyyət hökumətinin hərbi nazirliyinin, ordusunun yaradılmasını zəruri edirdi. Yenicə formalaşmaqda olan Əlahiddə Azərbaycan Korpusu Müsəlman Korpusunun bazasında təşkil olundu.
1918-ci il dekabrın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini təyin edilən görkəmli general Ə.Şıxlinskinin milli ordu quruculuğunda əvəzsiz xidmətləri olmuşdur. O, illərlə qazandığı təcrübəsinə əsaslanaraq Cümhuriyyət ordusunun yaradılmasına, formalaşmasına çalışdı və ömrünün müəyyən dönəmini milli ordu quruculuğuna həsr etdi. Cümhuriyyət ordusunun rəhbərlərindən sayılan Ə.Şıxlinski bununla bağlı deyirdi: "...Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir."
1920-ci il bolşevik işğalından sonra görkəmli hərb xadimi Ə.Şıxlinski həbs təhlükəsi ilə üz-üzə qalir, qırmızı terror onun da başı üzərində qara buluda çevrilir. O zaman Azərbaycan Xalq Komissarları Sovetinin sədri olan Nəriman Nərimanovun V.İ.Leninə yazdığı məktub S.Mehmandarovun və Ə.Şıxlinskinin həbsinin qarşısının alınmasında böyük rol oynayır.
Ə.Şıxlinskinin Sovet dönəmində hərbi elmi-pedoqoji fəaliyyəti milli hərbçi kadrlarının yetişdirilməsinə böyük töhfə olmuşdur.
Hərb elminin  mahir bilicisi olan böyük alim artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər: "Şıxlinski üçbucağı", "Şıxlinski formulu"  bu gün də hərbi təcrübədə tətbiq edilməkdədir.
O, "Cəbhədə səhra toplarının işlədilməsi", "Rusca-türkcə müxtəsər hərbi lüğət" kitablarını dərs vəsaiti kimi yazıb. "Öz qoşunlarının başı üzərindən atəş", "Gələcək müharibə", "Dağlıq şəraitdə topçu atəşinin xüsusiyyətləri" və digər elmi məqalələr Ə.Şıxlinskinin təxəyyülünün məhsuludur. Görkəmli generalımız Azərbaycanda ilk hərbi memuarın müəllifidir. Onun "Xatirələrim"  adlı hərbi memuarı ilk dəfə ölümündən bir il sonra 1944-cü ildə çap olunur.
Yaşadığı dövrün çətinliklərinə dərin təfəkkürü, iti ağlı və zəngin elmi istedadı ilə mərdliklə sinə gərən məşhur sərkərdə öz xatirələrini qələmə almaqla, Azərbaycan hərb tarixində yeni səhifələr açıb. "Xatirələrim"dəki "hazırkı dövrün insanlarının gözünə təmiz, vicdanla, dik baxıram", sözləri, əslində, onun şərəfli ömür yolunun təsdiqidir...
Doğma Vətəni Azərbaycana şan-şöhrət gətirən və onu dünyada tanıdan görkəmli həmyerlimiz Əlağa Şıxlinski 18 avqust 1943-cü ildə həyata gözlərini əbədi yumur. O, öz vəsiyyəti ilə Yasamal qəbiristanlığında dəfn edilib. Bu gün onun məzarı təkcə ordumuzun əsgər və zabitlərinin deyil, minlərlə vətəndaşların da daimi ziyarət yeridir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"