Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2018 09:18

“Biz qalib gələcəyik”

Heç zaman güman etməzdik ki, torpaqlarımızda yer verdiyimiz, süfrəmizi bölüşdüyümüz, qonşu hesab etdiyimiz ermənilər Azərbaycan torpaqlarına qəsd edəcək, xalqımızın sevincinə kədər qatacaq. Kim güman edərdi ki, Şuşanın, Xankəndinin, Ağdamın, Xocalının... küçələrində silahlar işə düşəcək, analarımız, bacılarımız gözüyaşlı qalacaq. Bu əməlin bir adı var - xəyanət!
Xəyanət isə bağışlanmır. Dövlət müstəqilliyinin qarantı olan Azərbaycan Ordusu, ordunun döyünən ürəyi olan Azərbaycan əsgəri xalqımıza qarşı törədilən xəyanəti bağışlamayacaq, torpaqlarımıza uzanan əlləri kəsib atacaq. Bu orduda torpaqlarının azadlığı uğrunda canı və qanı bahasına mübarizə aparmağa hazır olan, şəhidlərinin ruhunu hər zaman uca tutan, Vətənin bütövlüyü uğrunda mübarizədə əvəzsiz rol oynayan qəhrəman Azərbaycan oğulları çoxdu. Mübarizlərimizin, Fəridlərimizin, Çingizlərimizin... davamçıları kimi imkan vermərik ki, Vətənimizin, xalqımızın şərəfi tapdaqlar altında qalsın.
Xalqımız haqlı olaraq, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə güvənir. Bu güvən bizə ruh verir, düşmənlə amansız mübarizə aparmağa yardımçı olur. Bu ordu apreldə bənzəri görünməyən qəhrəmanlıqlar nümayiş etdirdi, ona olan güvənin haqlı olduğunu sübut etdi. Sübut etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi torpaqlarımızı tezliklə işğaldan azad edəcək, xəyanətin bədəlini düşmənə ödətdirəcək.
Düşmən yaxşı bilir ki, bizlər Vətənsiz yaşaya bilmərik. Kökünə, soyuna bağlı olan bir xalqın oğulları üçrəngli bayrağını Şuşada, Xankəndidə və tarixi torpaqlarda dalğalandırmayınca sakit dayanmayacaq. Çünki Qarabağ məsələsi bizim üçün həyati əhəmiyyətli məsələdir.
Bu gün mən torpaqlarımızın keşiyində dayanan, komandirlərimizin əmr və tapşırıqlarını olduğu kimi yerinə yetirən, xalqımızın iradəsinə, dəyərinə hörmətlə yanaşan, şəhidlərimizin ruhu qarşısında özünü borclu hesab edən, işıqlı hədəflərə çatmaq üçün əzmli, mətanətli bir Azərbaycan əsgəriyəm. Hər birimiz əminik ki, müharibə tezliklə arzusunda olduğumuz Qələbə ilə sona çatacaq, torpaqlarımız geri alınacaq, bax, yalnız onda biz şəhidlərimizin ruhu qarşısında öz borcumuzu yerinə yetirmiş olacağıq. Ona görə də bu gün Azərbaycan əsgərinin bir amalı var - xalqımızın arzusunun reallaşması, Böyük Qələbənin tezləşməsi!

Əsgər Kənan HƏSƏNOV, "N" hərbi hissəsi