Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2018 11:06

“Çox sağ olun, cənab Prezident!”

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri Azərbaycan Prezidentinin fərmanını böyük minnətdarlıqla qarşılayırlar
Ermənistan ərazi iddiasıyla Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İlk mərhələdə hücumların, həmlələrin qarşısını əhali, yerli müdafiə batalyonları, milislər alırdı, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra - yaradılan, vahid komandanlıq altında formalaşan ordu...
Döyüşlərdə şəhid olanların, itkin düşənlərin ailələrinə dövlət qayğısı həmişə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında fərmanı da bu qayğının təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların, itkin düşənlərin anaları, bacıları bu sərəncamı unudulmayacaq dərdə təsəlli bilir, dövlət başçısına minnətdarlıq edirlər.
Oğlum Əli Cabbarov 1971-ci ildə anadan olmuşdu. Zahirən həmyaşıdlarından fərqlənmirdi.
Təhsil aldı. 1985-1988-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxudu. 1988-ci ildə Daşkənddə hərbi məktəbə daxil oldu. Məlum səbəbdən bir ildən sonra təhsilini davam etdirə bilmədi, hərbi xidmətə çağırıldı. Sabiq SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdən sonra -1991-ci ilin avqustunda Vətənə qayıtdı. Nəşriyyatda işlədi. Hiss olunurdu ki, nələrdənsə narahatdı. Bu narahatlıq Vətənə görəymiş. Könüllü döyüşlərə getdi.
Şuşada döyüşürdü. Mayın 6-da telefonla danışdıq. Heç nədən narazılıq bildirmədi, "Şuşanı qoruyuruq", - dedi. "Erməniləri bu tərəflərdən təmizləyəndən sonra görüşərik...". Döyüşdə düşmənin tankını, neçə döyüşçüsünü məhv edən oğlumun nə özüylə görüşə bildik, nə də nəşiylə...
Əli mayın 8-də başından ağır yaralanıb. Döyüşçülər onu çıxarda bilməyiblər. O vaxtdan Qırmızı Xaç Cəmiyyəti müraciətlərimizə dəqiq cavab verə bilmir. Ermənilər oğlumu öldürdümü, əsirdimi oğlum, bilmirəm. Gözləyirəm. Son nəfəsiməcən gözləyəcəm. Qız nəvəm Məmmədrəfi Kərimov C.Naxçıvanski adına Hərbi Liseydə oxuyur. Dayısının yolunu davam etdirəcək. Bu da mənə bir təsəllidi...
Ölkə başçısının bu fərmanını çəkilməz dərdimə təsəlli bilirəm. Bu, həm də böyük mənəvi dəstəkdir. Oğlu şəhid olanların, itkin düşənlərin ailələrinə bu sayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlığımızı bildiririk. Oğlumuzun unudulmaması dərdimizi yüngülləşdirir. Bu fərman da təsdiqləyir ki, ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərə, şəhid olanlara, itkin düşənlərə dövlət səviyyəsində ehtiram göstərir. Çox sağ olun, cənab Prezident!.
Bətulə CABBAROVA, Bakı şəhəri, Yasamal rayonu Qızıl Şərq  küçəsi 98, mənzil 19
Ağdam rayonunun Abdal Gülablı kəndində yaşayırdıq... Ermənilərin hücumları, həmlələri ara vermirdi. 16 yaşlı oğlum Taleh də döyüşənlərin sırasındaydı, kəndi müdafiə edirdi. 18 yaşı tamam olanda - 1993-cü ilin avqustunda hərbi xidmətə çağırıldı. Oğlumdu deyə tərifləmirəm. Yaxşı xidmət edib. Xidmət yoldaşları da, onunla döyüşənlər də deyirlər ki, Taleh igid döyüşçüydü, mərd oğlanıydı. Ağdamın ağır günlərində Vətən naminə daha cəsarətlə döyüşüb.
Mərzili uğrunda gedən döyüşlərdə oğlum üstünə ələnən güllələrə məhəl qoymadan yaralanmış komandirini döyüşdən çıxardıb. Sonra yenidən döyüşə qoşulub. Ağır döyüşlərdə sol çiynindən yaralanıb. Sonrakı taleyindən xəbərsizik. Bu günəcən dəqiq məlumatımız yoxdu...
Ağır dərddi. Məzarı olsaydı, oğul əvəzi baş daşına baş qoyub ürəyimi boşaldardım. Oğlum itkindi. Prezidentimiz torpaq uğrunda döyüşənləri unutmur, onlara da, ailələrinə də həmişə ehtiram göstərir. Ölkə başçısının bu günlərdə imzaladığı fərman da bunun təsidiqidir. Mən itkin əsgər anası kimi cənab İlham Əliyevə bu mənəvi və maddi dəstəyə görə minnətdarlığımı bildirirəm. Oğul itirən anaların dərdi torpaqlarımız işğaldan azad ediləndə yumşalacaq. İnanıram ki, Prezidentimizin sərkərdəliyiylə əsgərlərimiz buna nail olacaqlar.
Gülnaz MEHDİYEVA, Bakı şəhəri,  Nizami rayonu Bəhlul Nağıyev  küçəsi 57, mənzil 35
Qardaşım Yadigar Rüstəmov 1976-cı il oktyabrın 6-da Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya gəlib. Elxan Süleymanov adına 253 nömrəli orta məktəbin şagirdi olan Yadigara yaşıdları kimi orta məktəbi bitirmək və son zəngin sevincini yaşamaq nəsib olmadı. Orta məktəbin son illərini Qarabağda - döyüşlərdə keçirdi. Bəzən evə, valideynlərinə baş çəkirdi - onu döyüşlərdən saxlamaq mümkün deyildi. Evdə otura bilmirdi. Elə bil onu hansısa bir qüvvə döyüşlərə çəkirdi. 1993-cü il aprelin 2-də Ağdərə uğrunda gedən döyüşlərdə həlak oldu. Döyüş yoldaşlarının dediyinə görə, onların yaxınlığına mərmi düşüb, qəlpələrdən biri Yadigarın həyatına son qoyub. Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Dünyasını dəyişib. Aprelin 4-də Şəhidlər xiyabanında komandiri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla bir sırada dəfn edildi.
Yadigar yaddaşların yadigarına çevrildi. Sahil qəsəbəsində büstü ucaldıldı. Şəhidlər xiyabanında, büstünün qarşısında dayananda düşündüm ki, hər kəsə şəhidlik nəsib olmur. İlboyu Şəhidlər xiyabanını ziyarətlər, qardaşım da daxil olmaqla, bütün şəhidlərimizin anılması, yada salınması şəhid bacısı kimi mənə toxtaqlıq verir, sakitləşdirir. Eyni zamanda, ən böyük təsəllim qardaşımın mənə şəhid bacısı adını miras qoymasıdı.
Digər böyük təsəllim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan əsgərinə, döyüşçüsünə, şəhidinə, qazisinə, eyni zamanda onların ailə üzvlərinə  göstərdiyi dövlət qayğısıdır. Onun sayəsində hər bir vətəndaşın, imtiyazlı təbəqənin dövlət və xalq qarşısında xidmətləri daim diqqət mərkəzində saxlanılır. Hər bir vətəndaşa göstərilən diqqət və qayğıya, Azərbaycan xalqına göstərilən xidmətə görə ölkə Prezidentinə təşəkkür edirəm. Azərbaycan xalqı gördü ki, Prezidentimiz şəhidlərə və onların ailə üzvlərinə böyük qiymət verir. Prezidentimizin səlahiyyətlərini icra etməyə başladıqdan sonra belə bir fərman imzalaması torpaqlarımız uğrunda canından keçən bütün şəhidlərimizə verilən qiymətdir. Bu fərman, həmçinin dövlət başçısı İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə  diqqət və qayğısının bariz nümunəsidir. Bu gün mən fəxr edirəm ki, Azərbaycan dövlətinin vətəndaşıyam, qardaşım Yadigar Rüstəmov Vətən, dövlət, torpaq uğrunda şəhid olub. Qürur duyuram ki, Prezidentimiz İlham Əliyevdi və onun yürütdüyü siyasətin mərkəzində, özünün də qeyd etdiyi kimi, Azərbaycan vətəndaşı dayanır.
Vətən uğrunda canından keçən şəhid övladlarını, şəhid ailələrini, şəhid analarını, atalarını, qardaşlarını, bacılarını diqqətdən kənar qoymayan Prezidentimizə minnətdarlığımı bildirirəm. Sizin şəhid ailələrinə olan diqqətinizi görmək, qayğınızı duymaq bir şəhid bacısı kimi məni çox qürurlandırır. Çox sağ olun, cənab Prezident!
İradə RÜSTƏMOVA, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 16, mənzil 56
Oğlum Zaur Ramazanov 24 dekabr 1969-cu ildə Bakı şəhərinin Nizami rayonunda anadan olmuşdu. 250 nömrəli məktəbdə təhsil almışdı. Moskva şəhərində müddətli həqiqi hərbi xidmətini yerinə yetirmişdi. 1992-ci ilin dekabrında könüllü olaraq Vətənin müdafiəsinə getmişdi. 1993-cü ilin yanvarında Ağdam rayonunun Sırxavənd uğrunda gedən döyüşlərdə itkin düşdü. 
75 yaşım var. Bu gün də deyirəm ki, dünyada Vətəndən şirin nemət yoxdur. Övladlarımızı da belə tərbiyə etmişik. Üç oğlum Qarabağ uğrunda gedən döyüşlərdə vuruşub. Böyük oğlum Çingiz əsgərliyini keçmiş Sovet ordusunda çəkib. Çernobıl əlili olsa da könüllü qatılmışdı ordu sıralarına. Şuşada vuruşub. Zaur da könüllü idi. Nazimin 18 yaşı tamam olanda ona da çağırış vərəqəsi gəldi. O, Ağdamda Sırxavənddə vuruşurdu. İki qardaşın biri-birindən xəbəri olmayıb. Qardaşı gedib Nazimə dəymişdi, Zauru isə...
Nə Böyük Vətən müharibəsində itkin düşən atasının, nə də oğlu Zaurun məzarına sarıla bilməyən atası Əli üçün dünyada Vətəndən əziz məfhum yox idi. Daim deyərdi: "Vətənə sevgi imandandır. Vətən torpağı səcdəgahdır, toxunulmazdır, müqəddəsdir". Övladlarını da bu amalla böyütmüşdü.
Zaur çox vətənpərvər idi. Vətənimizin başının üstünü qara buludlar alanda, məkirli qonşularımız torpaqlarımızı işğal edəndə rahatlıq tapa bilmirdi. Ürəyi Qarabağda idi. Daim deyirdi ki, Vətəni sən, mən qorumasaq, kim qoruyacaq. Zaurumun adını daşıyan nəvəm üçüncü sinifdə oxuyur, əsgər olacağı günü səbirsizliklə gözləyir... 
 Ordumuzun, igid oğullarımızın qazandığı xalqımıza belə bir sevinc yaşatdığı aprel zəfərindən sonra işğal altında olan torpaqlarımıza, Qarabağımıza qovuşacağımıza inamımız daha da artıb.
Əllərim oğlumun saçlarını sığallamaq üçün, qollarım boynuna dolanmaq üçün, səsini duymaq üçün darıxıb... Dövlət başçımız bu özləmi, bu həsrəti çəkənlərə çox duyğusal qayğı göstərir. Bu qayğı təsəllimiz olur.  Diqqətini, qayğısını hər an hiss etdiyimiz ölkə rəhbərimiz şəhid ailələrinin bütün problemlərinin həllinə köməklik göstərir.
 Respublikamızda şəhidlərimizin adı, xatirələri əbədiləşdirilir. Şəhid ailələrinə dövlətimizin köməyi və yardımı getdikcə daha da artır. Bu gün mən bir şəhid anası olaraq əminliklə deyə bilərəm ki, dövlətimizin qayğısını, dövlət başçımızın diqqətini hər an öz üzərlərimizdə hiss edirik. Bu fərmana görə ölkə Prezidentinə dərin minnətdarlığımı bildirirəm. 
Dilbər RAMAZANOVA, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev  küçəsi 67, mənzil 38