Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2018 10:28

“Şəhidlər bəşərilik yolunu işıqlandırır”

Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur, İsgəndər Aznaurov kimi...
Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir".
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində dünyaya gəlib. 1963-1973-cü illərdə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 nömrəli orta məktəbdə təhsil alıb. 1975-1977-ci illərdə Ukraynanın Çerkassk şəhərində hərbi xidmətdə olub. O, nümunəvi xidmətinə görə dəfələrlə komandanlığın təşəkkürlərinə və fəxri fərmanlarına layiq görülüb. Daşkənd Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və İrriqasiya Mühəndisləri İnstitutunun məzunu olan İsgəndər təyinatla Daşkənd vilayətinin Akkurqan rayonu Qalyakudur sovxozuna göndərilib. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisində baş verən məlum olaylardan sonra İsgəndər də yüzminlərlə axıska türkü kimi oranı tərk etməyə məcbur olub. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib, Şəmkirin Kür qəsəbəsində məskunlaşıb...
Erməni işğalçılarının torpaqlarımıza basqını İsgəndəri rahat buraxmırdı...
 21 aprel 1992-ci il... İsgəndər Milli Ordu sıralarına könüllü yazılır. "N" hərbi hissəsinin artilleriya üzrə komandir müavini təyin edilir. Gədəbəy rayonunun Şınıx bölgəsində düşmənin mühüm hərbi bazalarının məhv edilməsində şəxsi nümunə göstərir.
18 aprel 1993-cü ildə İsgəndər Aznaurov döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 nömrəli orta məktəb onun adını daşıyır. Kür çılğın çaydır. İsgəndərin Vətən sevgisini Kürün çılğınlığına bənzətmək istərdim...
Məktəbin qarşısında büstü ucaldılıb. 2 nömrəli orta məktəbdə onun adına "Xatirə muzeyi" yaradılıb. Burada qəhrəmanın həyatını, keçdiyi döyüş yolunu əks etdirən foto-stendlər qurulub, şəxsi əşyaları toplanıb. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə "İsgəndər" adı verilib. Gədəbəydə "N" hərbi hissəsinin önündə də büstü ucaldılıb, Şınıx kəndinin Mormor yüksəkliyində "İsgəndər qalası" və ön xətdə "İsgəndər postu" düşmən üçün bir səddir. İsgəndərin istifadə etdiyi top nümunə olaraq saxlanılır. Qələbədən sonra da saxlanılacaq - müharibə tarixinin eksponatı kimi...
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım günü keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və Azərbaycan Ali Hərbi Məktəbinin rəhbərliyi, kursantlar iştirak edirdi.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri açıq elan edən polkovnik Rəhim Səmədov Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında geniş məlumat verərək bildirdi ki, Ulu Öndərin adını daşıyan  təhsil ocağında gənclərimizə nümunə olacaq bir qəhrəmanın ömür yoluna nəzər salmaq qürurverici hadisədir. Vətənimizin müdafiəsi, torpaqlarımızın qorunması uğrunda canından keçərək müqəddəs zirvəyə ucalan oğullarımızla həmişə fəxr edirik. Azərbaycanın üçrəngli bayrağı dalğalandıqca onlar daim bizim xatirələrimizdə, qəlbimizdə yaşayacaqlar. Qəhrəmanlarımızın qısa, amma şərəfli ömür yolu gənclərimizə örnəkdir. 
Qohumu Məhəmməd Şamilov qorxubilməz, səmimi insan olan Milli Qəhrəmanla bağlı xatirələrini danışdı və İsgəndərə verilən dəyərə görə bütün axıska türkləri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. "Şəhidlər bəşəriyyət ocağında bir şamdır. Onlar yanaraq bəşəriyyətin düz yolunu işıqlandırırlar".
"İsgəndərin sorağında" adlı sənədli filmin ssenari müəllifi və rejissoru Nizami Abbas çıxışında cəsur qəhrəmanla hələ sağlığında tanış olduğunu bildirdi. "Bu mənim üçün şərəfdir. Bəzən düşünürəm, görən şəhidlərimizlə aramızda nə qədər məsafə var. Məncə, böyük məsafə yoxdur. Sadəcə, bu addım atılmalıdır. İsgəndərə doğru, bütün şəhidlərimizə doğru, Qarabağa doğru bu addımı atmalıyıq. Qələbəni tezləşdirmək üçün atmalıyıq. Bu film məhz bu arzuyla, bu istəklə çəkilib. İnanıram ki, çox yaxında Qələbə ilə bağlı filmlər çəkəcəyik".
Şəhidin komandiri, ehtiyatda olan polkovnik-leytenant İlham Əliyev İsgəndərin keçdiyi döyüş yoluna nəzər saldı, onun çalışqan, bacarıqlı, öz üzərində işləyən  zabit olduğunu xatırlayaraq qeyd etdi ki, Aznaurov ixtisasca topçu olmasa da, tez bir zamanda artilleriyanın sirlərinə yiyələndi. "Topçu İsgəndər" kimi tanınan cəsur döyüşçü Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv etdi".
Döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşən ehtiyatda olan polkovnik-leytenant üzünü kursantlara tutaraq dedi: "Silah və texnikanın sirlərinə dərindən yiyələnin, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi bütün əmrlərə siz də, biz də  hazır olmalıyıq". 
Azərbaycan Ali Hərbi Məktəbin zabiti polkovnik Mirqiyas Rüstəmov, müəllimlərdən Yaqub Məmmədov, Azadə Bağırova Milli Qəhrəmanın şərəfli ömür yoluna nəzər salaraq bildirdilər ki, İsgəndər bizim də qəlbimizdədir, yaddaşlardan çıxmayıb, çıxmayacaq.
Sonda Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən "İsgəndərin sorağında" sənədli filmi hamımıza bir həqiqəti yenidən yaşatdı: Vətəni, torpağı candan əziz bilənlər dünyada əbədi bir nəğmə kimi qalır. İsgəndər Aznaurov kimi...
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"