Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2018 11:06

“Hürriyyət və istiqlaliyyət üçün ölmək şərəfdir”

Cümhuriyyət Parlamentinin orqanı olan "Azərbaycan" qəzetinin 8 dekabr 1918-ci il tarixli sayında mart soyqırımılarına həsr olunmuş məqalədə  yazılır: "Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz təmkin və soyuqqanlılıqla, haqlı olduğumuzu tam dərk edərək, təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda olan bütün xalqlara münasibətdə bizim loyallığımız, səmimiliyimiz və sadəliyimiz kin və eqoist ehtirasların gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən,  nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək. Fakt göz qabağındadır. Kim istəyirsə, yoxlaya bilər."
Bu sətirlər Quba Soyqırımı Memorial Kompleksində yaradılan Abidə-muzeyin ekspozisiyasına xalqımızın 1918-ci il qırğınlarına münasibətini əks etdirən epiqraf kimi verilmişdir. Muzeyin ekspozisiyası ilə tanış olduqca  bir anlıq sanki o faciələrin  canlı şahidinə çevrilirsən. Qətliamlar, qırğınlar, talanlar gözlərimiz önündən kino lenti kimi gəlib keçir. Sənədlər, fotoşəkillər, ümumilikdə o dövrün soyqırımı hadisələrini əks etdirən bütün eksponatlar sanki canlıdır. Muzeyə gələnlərə o dəhşətli  insan qırğınlarından danışır.
Abidə-muzeyin giriş, əsas zal və çıxış hissələrində yerləşdirilmiş ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının beş qəzasında - Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarında yaşayan müsəlman əhalisinin soyqırımı tarixi öz əksini geniş tapıb. Eyni zamanda muzeyin memarlıq quruluşunda da hüznlüyü əks etdirən məqamlar yer alıb. Yaşanmış hadisələrin miqyası, ağırlığı və acılığı faciə qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq hər hansı dekorasiyadan  imtina edilərək matəm sükutunu təmkinlə təcəssüm etdirən möhtəşəm  ekspozisiya yaradılıb. Öyrənirəm ki, ekspozisiyanın müəllifi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohididir.
Bildiyimiz kimi, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilərək, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımılarından biri törədilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman, qismən də yəhudi əhalisi kütləvi şəkildə qətllərlə üzləşib.
2007-ci ilin aprelin əvvəllərində (burada insanların kütləvi qətlləri də 89 il əvvəl apreldə baş vermişdi) Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il aprel-may aylarında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına uyğun olaraq, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına qərar verilmişdi. Memorial kompleks 2012-2013-cü illərdə  inşa edilib. Bu gün Quba Soyqırımı Memorial Kompleksi xalqımızın, o cümlədən dünya azərbaycanlılarının ziyarət yerinə çevrilib.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın elmi işi də Quba bölgəsi ilə bağlıdır. Mövzusu "Azərbaycan Xalq Cümhuriyyətində Quba bölgəsi" adlanır. Quba soyqırımı ilə bağlı çoxlu sayda arxiv sənədlərinə əsaslanaraq geniş araşdırma apardığını söyləyən Rəxşəndə xanım qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti  hökuməti yarandıqdan ay yarım sonra ölkə ərazisində baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri sayır. Ona görə də 1914-cü ildən - Birinci Dünya müharibəsi başladığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədi ilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edilir. "Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən FTK-nın sədri dövrünün tanınmış hüquqşünası Ələkbər bəy Xasməmmədov idi. Təhqiqat komissiyası Quba qəzasında 1918-ci ilin dekabrından işləməyə başlayır. Qısa müddət ərzində onlarla şahid dindirilir, hadisələrin baş verdiyi yerlərə baxış keçirilir. Çoxlu sayda sənədlər toplanaraq üç cild, 451 vərəqdən ibarət istintaq materialı hazırlanır. Komissiyanın topladığı sənədlər ermənilərin cinayətlərini bütün təfərrüatı ilə ifşa etməklə yanaşı, Quba hadisələrinin də erməni millətçilərinin "Böyük Ermənistan"ın ərazisi kimi baxdıqları Azərbaycanın bütün regionlarında müsəlman əhalisinin sayının maksimum dərəcədə azaldılmasına can atan daha irimiqyaslı əməliyyatlarının, planlarının tərkib hissəsi olduğunu sübut edir."  
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Andrey Novatskinin Quba qırğınları ilə bağlı hazırladığı məruzələrdə, sənədlərdə dəhşətli faktlara rast gəldiyini deyən R.Bayramova söhbətində həmin məqamlara da toxundu: "Çoxsaylı sənədlər, o cümlədən komissiyanın materialları təsdiq edir ki, Amazaspın 3000 minlik hərbi birləşməsi Qubaya Şaumyanın başçılıq etdiyi Bakı Soveti tərəfindən göndərilmişdi və o yalnız cəza məqsədi güdmürdü. Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun əzəli torpaqlarından sıxışdırılaraq çıxarılması idi. Silahlı erməni quldur dəstələri hələ Qubaya yetişənə qədər Bakıdan Qubaya və geriyə hərəkət edərkən bütün dəmir yolu xətti boyunca yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, qarət və talanlardan sonra onları yandırır, məscidlərə, müqəddəs Quran kitablarına od vurur, qadına, uşağa, qocaya rəhm etmədən rastlarına çıxan bütün sakinləri öldürür, əmlaklarını isə talayırdılar. Şahidlərin dindirilmə protokolunda bildirilir ki, Quba şəhərinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar. Bir güllə əvəzinə, 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qarşılarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən  sonra isə meyitləri eybəcər hala salırdılar. Amazaspın qoşunları 9 gün ərzində şəhərin müsəlman əhalisinə görünməmiş vəhşilik və qəddarlıqla divan tutublar. Dinc insanları qətlə yetirdikdən sonra erməni əsgərləri evlərə hücum çəkir, qundaqda olan körpələrə belə rəhm etmədən bütöv ailələri məhv edirdilər. Hətta meyitlərin yığışdırılmasına, dəfn edilməsinə icazə verilmirdi. Şəhərin küçələri, həyətlər, evlər eybəcər hala salınmış kişi, qadın, uşaq cəsədləri ilə dolu idi. Komissiyanın sənədlərində belə tükürpədici faktlara çox rast gəlinir."
Quba qırğınlarından bir əsr ötsə də, qubalılar erməni-bolşevik qüvvələrinin törətdiyi qanlı hadisələri yaddan çıxarmır, faciə qurbanlarını daim anır, xatirəsini əziz tuturlar.
Yazımın sonunu 1919-cu il 29 mart "İstiqlal" qəzetində dərc edilən 31 mart soyqırımı qurbanlarının birinci ildönümünün Matəm gününə həsr olunan məqalədən sətirlərlə bitirirəm: "...Matəm bizə vətənpərvərliyi bildirəcək. Vətən yolunda ölməyin, Vətən üçün qurban verməyin mənəvi ləzzətini hiss etdirəcəkdir. Matəm istiqlal və hürriyyətimizin mənəvi dirəyi olacaqdır. Hürriyyət və istiqlaliyyət üçün ölmək bir şərəf, yaşamaq bir vəzifədir.
Rəhmət olsun Sizə, ey şəhidlər! Hörmət və təzim olsun sizə, ey Vətən qəhrəmanları! Salam və dua olsun sizə, ey millət fədailəri!"
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"