Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:47

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən II Dünya müharibəsi haqqında tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.
2. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.
3. Azərbaycan II Dünya müharibəsi illərində.
Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması
9 May - faşizm üzərində qələbə günüdür. Ümummilli liderimiz Heydər Əliyev bu qələbəni belə qiymətləndirmişdir: "Zaman keçdikcə, illər ötdükcə, bu qələbənin mənası, mahiyyət və tarixi əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır".
1933-cü ildə Almaniyada Adolf Hitler başda olmaqla faşistlər hakimiyyətə gəldilər. Həmin dövrdən öz hərbi qüdrətini artıraraq Avropanın işğalına hazırlaşan Almaniya 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Beləliklə, II Dünya müharibəsi başlandı. Qısa müddət ərzində Avropanın əksər dövlətlərini işğal edən və ya öz təsiri altına alan Almaniya keçmiş SSRİ-yə (Azərbaycan Respublikası o vaxtlar Sovet İttifaqının tərkibində idi) hücum ərəfəsində böyük hərbi potensiala malik idi.
Almaniya 1941-ci il iyunun 22-də qəflətən SSRİ üzərinə hücum etdi. 190 alman diviziyası SSRİ-nin bütünlükdə qərb sərhədləri boyunca hərəkətə gəldi. SSRİ-də yaşayan bütün xalqların, o cümlədən Azərbaycan xalqının həyatında ağır iz buraxmış Böyük Vətən müharibəsi başlandı. Müharibə başlanan gün Bakı şəhərində izdihamlı mitinq keçirildi. Alimlər, yazıçılar, neftçilər, maşınqayıranlar Azərbaycan xalqını bu ağır günlərdə birliyə, düşmən üzərində qələbə naminə səyləri birləşdirməyə çağırdılar.
Azərbaycanın digər şəhər və kəndlərində də mitinqlər təşkil edildi. Mitinqlərdən sonra insanlar hərbi komissarlıqlara gedir, ordu sıralarına yazılırdılar. Müharibənin ilk 3 günündə Azərbaycandan 25984 nəfər könüllü müharibəyə yola düşdü. Artıq 4 iyul 1941-ci il tarixdə Bakı şəhərində 75 min, Naxçıvan Muxtar Respublikasında 7 min, Gəncədə 10 min azərbaycanlı ordu sırasına yazılmışdı. Bütövlükdə Azərbaycan üzrə 1941-ci ildə 186,7 min nəfər belə dəstələrin sırasına qoşulmuşdu. 1943-cü il yanvarın 1-dək Azərbaycandan döyüşən hərbi hissələrə göndərilənlərin sayı 464.468 nəfər olmuşdur. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan müharibəyə 600 mindən çox insan getmiş, onların yarıdan çoxu cəbhədə həlak olmuşdur. Respublikada 87 atıcı taboru və 1124 ərazi özünümüdafiə dəstəsi yaradılmışdı. On minlərlə fəhlə, kəndli və ziyalı Azərbaycanda formalaşdırılmış diviziyalara səfərbər edilmişdi. 402-ci atıcı diviziya formalaşanda onun sıralarına 9 min döyüşçü cəlb olunmuşdu.
Qısa müddət ərzində döyüşən hissələr üçün respublikada 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü hazırlanıb cəbhəyə göndərilmişdi.
Azərbaycan döyüşçüləri Sovet ordusu sıralarında qəhrəmancasına vuruşurdular. 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaların tərkibində onlar Qafqaz dağlarında, Ukraynada, Pribaltikada və Şərqi Avropa ölkələrində vuruşaraq, faşizm üzərində qələbənin qazanılmasına öz layiqli töhfələrini vermişlər. 77-ci diviziya Kerç, Krım uğrunda döyüşlərdə iştirak edərək, 1500 yaşayış məntəqəsini düşməndən azad etmişdir. 416-cı diviziyaya Taqanroq şəhərini düşməndən azad etdiyinə görə 1943-cü il avqust ayının 30-da "Taqanroq diviziyası" adı verilmişdir. 416-cı diviziya Melitopol, Odessa, Kişinyov şəhərlərinin, Polşa torpaqlarının azad olunmasında iştirak etmiş, Almaniyanın paytaxtı Berlinə daxil olan, Reyxstaqın binasına hücum edən diviziyalar sırasında olmuşdur. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına, 14.369 nəfəri isə müxtəlif orden və medallara layiq görülmüşdür.
223-cü atıcı diviziya Qafqazın 50-dən çox yaşayış məntəqəsini düşməndən azad etmiş, Yuqoslaviyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında fərqlənmişdir.
Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları
Azərbaycan xalqının qəhrəman oğulları Həzi Aslanov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Qafur Məmmədov, Hüseynbala Əliyev, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Akim Abbasov və başqaları II Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar.
Hələ müharibənin ilk ilində Moskva ətrafında gedən döyüşlər zamanı fədakar Azərbaycan oğlu İsrafil Məmmədov Novqorod vilayətinin Nustinko kəndi yaxınlığında kiçik bir dəstə ilə hitlerçilərin bir taborunun hücumunun qarşısını almış, 300 nəfərdən artıq faşist əsgər və zabitini məhv etmişdi. Stalinqrad döyüşlərində Həzi Aslanovun tank alayı düşmənin 45 tankını, 26 topunu, 50 avtomobilini və eyni zamanda 2 min nəfərədək zabit və əsgərini məhv etmiş, 13 tankını və 175 avtomaşınını ələ keçirmiş, 700 nəfəri əsir götürmüşdü. 1942-ci ilin dekabr döyüşlərinə görə alayın 100-dən artıq döyüşçüsü orden və medallarla təltif olunmuşdur. Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Tank qoşunları general-mayoru Həzi Aslanov yeganə azərbaycanlıdır ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
1944-cü ildə gedən döyüşlər zamanı Gəray Əsədov xalqımızın adını bir daha yüksəltdi. O öz sinəsi ilə düşmən pulemyotunu susduraraq yoldaşlarının hücumunu təmin etmişdi.
Müharibənin ilk günlərindən Azərbaycanın şahinləri faşistlərə qarşı mərdliklə vuruşurdular. 13 iyul 1941-ci ildə Leninqrad səmasının keşiyində duran leytenant Hüseynbala Əliyev 4 faşist təyyarəsini vurduqdan sonra özü 17 yara alsa da, təyyarəsini yerə endirə bilmişdi. Təyyarəçi Yusif Quliyev özünü qorxmaz səma döyüşçüsü kimi göstərmiş, 4 faşist təyyarəsi ilə döyüşə girərək, ikisini məhv etmiş, qalan ikisi isə qaçmışdır.
Azərbaycanlı döyüşçülər Avropa ölkələrində antifaşist azadlıq hərəkatında da qəhrəmancasına vuruşurdular. Adriatik dənizi sahillərində "Mixaylo" ləqəbli qorxmaz, fədakar azərbaycanlı balası Mehdi Hüseynzadənin partizanlar arasında göstərdiyi qəhrəmanlıqların sorağı hər yerə yayılmışdı. Qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadəyə müharibədən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
II Dünya müharibəsi illərində 123 nəfər Azərbaycan vətəndaşı göstərdikləri şəxsi igidliklərə və şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 34 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur.
Sovet İttifaqı Qəhrəmanlarından 43 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan biri olan Məlik Məlik oğlu Məhərrəmov 1943-cü ildə öz bölüyü ilə Dnepr çayını birinci keçərək qarşıya qoyulmuş döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onun həyat yolu və cəbhə qəhrəmanlıqları haqqında Abdulla Qurbaninin "Fırtınalar qoynunda" sənədli povestində ətraflı məlumat verilmişdir.
1941-1945-ci illərdə bütün SSRİ-dən cəmi 44 tibb işçisi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü ki, onların da 2-si Azərbaycan xalqının nümayəndəsidir. Müharibə illərində Azərbaycanın paytaxtı Bakı da düşmənin hava hücumlarına məruz qalmışdır. 1942-ci ildə alman təyyarələri Bakı səmasına 71 dəfə, 1943-cü ildə isə 3 dəfə hücum etmişlər. Bu hücumlar zamanı 96 düşmən təyyarəsi vurulmuşdur.
Azərbaycan II Dünya müharibəsi illərində
Cəbhəni silah və sursatla, ərzaqla, geyimlə təmin etmək üçün müharibə illərində bütün Azərbaycan iqtisadiyyatı səfərbər olunmuşdu. Sovetlər Birliyinin əsas neft bazası olan Azərbaycan müharibənin əvvəllərində SSRİ-də istehsal olunan neftin 70 faizindən çoxunu verirdi. Müharibə illərində neftçilərimiz cəbhəyə 75 milyon tona qədər neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərmişlər. Cəbhəyə göndərilən yüksək oktanlı təyyarə benzininin 85-90 faizi Bakıda istehsal olunurdu.
Azərbaycanlı qadınlar əldə silah Vətəni qorumaqla bərabər, arxa cəbhədə də yorulmadan çalışırdılar. Onlar cəbhədə vuruşan atalarını, qardaşlarını, ərlərini tarlada və dəzgah arxasında əvəz edirdilər. 24 iyun 1941-ci ildə 50 azərbaycanlı evdar qadın Əzizbəyov neft mədənlərinə işləməyə gəlmişdi. Artıq 30 iyun 1941-ci ildə neft sənayesində 1000 nəfərə qədər evdar qadın işləyirdi. 100 nəfər qadın müharibənin ilk günlərindən dəmir yollarında maşinist köməkçisi, növbətçi peşələrində işləyirdi. 1942-ci ilin əvvəllərində isə dəmir yolu işçilərinin əksəriyyətini qadınlar təşkil edirdi.
Neftayırma, neft-kimya və kimya sənayesində 1941-ci ilin axırında respublika üzrə bütün işçilərin 31 faizini, 1942-ci ildə 38 faizini, 1943-cü ildə 50 faizini, 1944-cü ildə isə 60 faizini qadınlar təşkil edirdilər. Beləliklə, xalq təsərrüfatının ayrı-ayrı sahələrində ən mürəkkəb məsələ - cəbhəyə getmiş kişilərin əvəz edilməsi məsələsi vaxtında həll edildi.
1941-42-ci illərdə Azərbaycanda yeni-yeni zavod, fabrik və sexlərin istismara buraxılması, cəbhə sifarişlərinin vaxtında yerinə yetirilməsi Azərbaycan xalqının ən böyük nailiyyətlərindəndir.
Xalq təsərrüfatının yenidən qurulması, ordunun yüksək keyfiyyətli yanacaqla, hərbi sursatla, ərzaqla təmin olunması Azərbaycan xalqı qarşısında ciddi vəzifələr qoyurdu. Müharibə dövründə sənaye istehsalının profilini dəyişmək və qısa müddət ərzində yeni növ məhsulların buraxılması tələb olunurdu. Azərbaycan sənayesi silah, hərbi texnika, sursat istehsalına başlamalı idi. Dəmir yolu, dəniz və hava yollarının qrafiklə işləməsinin təşkili böyük əhəmiyyət kəsb edirdi.
Kənd təsərrüfatında yeni sahələrin əkilməsi, məhsuldarlığın yüksəldilməsi, döyüşən ordunun kənd təsərrüfatı məhsulları ilə təmin olunması vəzifələri qarşıda dururdu.
Səfərbərlik nəticəsində orduya çağırılmış yüksək ixtisaslı kadrların, ümumiyyətlə, işçi qüvvəsinin az olması qoyulan vəzifələrin yerinə yetirilməsini daha da çətinləşdirirdi. 1942-ci ilin fevral-mart aylarında neftayırma və kimya sənayesi üçün cəbhədən 5175 nəfər ixtisaslı fəhlə və mütəxəssis geriyə, respublikaya çağırılmışdı. Eyni zamanda müharibədə əlil olanlar istehsalata, öz köhnə iş yerlərinə qayıdırdılar. 1941-42-ci illərdə 6304 nəfər, ümumiyyətlə, müharibə dövründə isə 36000 nəfər döyüşlərdə əlil olduqdan sonra istehsalata qayıtmışdı. Respublika zəhmətkeşləri qələbə naminə gündəlik normativləri yerinə yetirmədən evlərinə getmirdilər.
1942-ci ilin ikinci yarısında Azərbaycanda, əsasən, Bakıda 130 növ silah, sursat və hərbi texnika buraxılırdı. Bakı zavodlarında "Katyuşa" reaktiv artilleriya qurğusu yığılırdı. Yerli sənaye müəssisələri az bir vaxtda müdafiə sənayesi profilində işləməyə keçmişdi. Müharibənin ilk iki ilində yüngül sənaye işçiləri döyüşçülər üçün artıq 30 növ məhsul buraxmağa başlamışdı. Rostov şəhərindən köçürülmüş ayaqqabı fabrikinin bazasında Bakıda ayaqqabı fabriki tikilmiş və istehsal bərpa edilmişdi. Ət və süd sənayesi müəssisələri yenidən qurulmuşdu.
Azərbaycanda 70-dən çox hərbi hospital təşkil olunmuşdu və bu hospitallarda 441017 nəfər yaralı müalicə olunmuşdu. Azərbaycan dəmiryolçuları müharibə illərində cəbhəyə 1 milyon 300 min vaqon və 600 min sistern, Xəzər dənizçiləri isə 20 milyon ton hərbi və xalq təsərrüfatı yükləri daşımışlar.
Alimlərin, mühəndis-texniki, kənd təsərrüfatı mütəxəssislərinin yaradıcı gücü ordunun silah və sursatla təmin olunması, yerli resurslar hesabına sənaye və kənd təsərrüfatı məhsullarının artırılması işinə yönəldilmişdi. Görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılığı altında kimyaçı alimlər 28 gün fasiləsiz işləyərək, yüksək keyfiyyətli aviasiya benzininin texnologiyasını hazırladılar. Ümumiyyətlə, Azərbaycan kimyaçıları müharibə illərində 100 növ kimya məhsulları, o cümlədən 38 növ sürtgü yağı, 9 adda təyyarə benzini, 8 adda dizel yağı istehsal etmişlər. Beləliklə, Azərbaycan xalqı respublika iqtisadiyyatının hərbi qaydada yenidən qurulması üçün yüksək peşəkarlıq göstərmişdi.
Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi.
Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan dövləti tərəfindən həmişə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasından olan Böyük Vətən müharibəsi iştirakçılarının "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 fevral 2015-ci il tarixli sərəncamı buna əyani sübutdur.
Böyük Vətən müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqların araşdırılması və təbliği  bu gün də ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi