Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:31

“Ən böyük təltifim sağaltdığımız hərbi qulluqçuların təbəssümüdür”

Aprel döyüşlərində  hərbi səhiyyəmizin fəaliyyəti haqqında da yüksək fikirlər yazılıb. Həmin günlərdə səhra hospitalları da gücləndirilmiş rejimlə işləyirdi. Döyüşlərdə bu və ya digər dərəcədə yaralananlar olur. Yaralananlara vaxtında göstərilən ilk tibbi yardımdan sonra hospitala çatdırmaq, əməliyyat aparmaq, nəticə etibarilə hərbi qulluqçunu ölümdən xilas etmək hərbi səhiyyə işçilərimizin döyüşlərdə vəzifə borcudu. Gəncə hərbi hospitalının bir qrup hərbi qulluqçusu və tibbi personalı da bu tarixi hadisələrin iştirakçısı olub. Döyüşlərdə hospitalın cərrahiyyə şöbəsinin həkimləri əsl fədakarlıq göstərdilər. Hospitalın cərrahiyyə şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Raman Qurbanov o günləri belə xatırlayır:
- Cərrah ekstremal vəziyyətlərə həmişə hazır olmalıdır. Müharibədə, müharibə şəraitində belə vəziyyətlər olur. 2016-cı ilin aprel döyüşlərində bizim hospitalın personalı da iştirak etdi. Bu iştirak döyüş olmasa da, döyüş qədər məsuliyyətliydi. Biz döyüşdə yaralanan hərbi qulluqçularımızın həyatda qalması üçün mübarizə aparırdıq, müəyyən mənada ölümlə döyüşürdük. Ordu hissələrimiz döyüşdə qələbə qazandı, biz ölümlər üzərində.
Cərrahın əməliyyatları bu qədər həssaslıqla təsvir etməsini mən bir həqiqətin reallığı kimi anladım: Azərbaycanın hərbi səhiyyəsi yüksək səviyyəyə malikdir.
Tibb xidməti polkovnik-leytenantı Raman Qurbanov tibb universitetini bitirib. 1997-ci ilin noyabrından hərbi xidmətdədir. O, aprel döyüşlərində yaralananların həyata qaytarılmasında xidmətini təkcə vəzifə borcu bilmir, bunu bilavasitə vətəndaşlıq borcu olduğunu israr edir. Yaralılar bu hərbi hospitala da gətirilirdi. Hospitalın personalı bütün vasitələrdən istifadə edərək yaralıların həyatda qalması uğrunda mübarizə aparırdı. Elgün Əliyev ölənlərin siyahısındaydı. Raman Qurbanov hansı duyğunun təsiriyləsə ona yaxınlaşdı. Diqqətlə nəzərdən keçirdi və... Onun təcili əməliyyata götürülməsini tapşırdı. Elgündə həyat əlamətləri hiss etmişdi. Ölümü qabaqlamalıydı - əməliyyata bir niyyətlə gedirdi. Bu əməliyyatla döyüşən,  yaralanan Azərbaycan əsgərinin yaşamını təmin etməliydi.
Hər əməliyyat çətindir. Bu əməliyyatın çətinliyi yaralıya narkoz verilməsi ilə bağlı idi. Belə məqamlarda  həm nəzəri biliklər, həm təcrübə, həm də nəzəri biliklərlə təcrübənin vəhdəti cərrahın qətiyyətiylə uzlaşır. Cərrah bu çətin əməliyyatını uğurla başa çatdırdı. Bir əsgəri də ölümün əlindən aldı - əsgər Elgün Əliyevə yaşam verdi...
Aprel döyüşləri də təsdiqlədi ki, Azərbaycan əsgəri Hərbi anda, dövlətə sədaqətlidir, Azərbaycan həkimi, cərrahı həm Hippokrat andına, Hərbi andına, həm də dövlətə, dövlətçiliyə. Azərbaycan əsgəri Vətənin keşiyini çəkir, həkimlər Vətənin keşiyini çəkənlərin keşiyini. Bu andlar hər birinin vətəndaşlıq amalıdır.
Aprel döyüşlərində bir fakt da təsdiqləndi: hospitallara çatdırılan yaralı mütləq şəkildə ölümdən xilas edilir. Cərrahlar mürəkkəb əməliyyatları uğurla aparır, yəni, Azərbaycanda  hərbi cərrahiyyə qibtə ediləcək dərəcədə inkişaf edib. Aprel döyüşlərində bu hərbi hospitalın cərrahiyyə şöbəsi, sözün həqiqi mənasında, döyüşlərin iştirakçısı olub. Güllə  və qəlpə yaralanmalarının hər biri ayrılıqda özünəməxsus üsulla əməliyyat olunur. Cərrah yaralanmanın xarakterini ilk baxışdan müəyyənləşdirməlidir - vaxt amili, ləngimənin nə ilə nəticələnə bilməsi narahatlığı, həyəcanı var. Bu narahatlıq, həyəcan əməliyyat başlayan andan sovuşur - cərrah nəyi necə edəcəyini qətiləşdirdiyi andan "döyüşə" başlayır və sonda - şükranlıq. Aprel döyüşlərində tibb xidməti polkovnik-leytenantı Raman Qurbanov da, şöbənin digər cərrahları, ordinatorları, tibb bacıları belə şükranlığı əməliyyatların sayı qədərincə yaşadılar. Tibb xidməti polkovnik-leytenantı İlqar Əliyev, tibb xidməti mayoru Samir Hüseynov, tibb xidməti mayoru Sidqi Mirzəliyev, baş tibb bacısı Dürdanə Babayeva və başqaları aprel döyüşlərinin qürurunu həm böyük qələbə kimi yaşayırlar, həm də bu qələbəni qazananlara xidmətin könül xoşluğuyla...
Aprelin döyüşlərində gecə hər yaralıya görə keçirdiyimiz  həyəcanı, bəzən sarsıntını da döyüşlərdən sonra yaşadıqlarımız unutdurur. Tibb xidməti polkovnik-leytenantı İlqar Əliyevin dediklərini hər bir Azərbaycan əsgərinin də düşüncələrində olduğuna əminik.
Azərbaycan əsgəri Vətən sevgisinə, dövlətimizə, dövlətçiliyimizə, Azərbaycanın hərbi səhiyyəsinə inanır, güvənir. Ona görə döyüşlərdə cəsarətlidi, qətiyyətlidi - qorxmur, çəkinmir...
Aprel döyüşlərindən 2 il keçir. O döyüşləri nə ictimaiyyət, nə döyüşənlər, nə də döyüşdə yaralananları həyata qaytaran hospitallarımızın tibbi personalı unudacaq. Əməliyyatlardan sonra tibb bacılarının yaralıya ana-bacı şəfqəti onların döyüş, qələbə ruhunun zərrəsi oldu. Tibb xidməti polkovnik-leytenantı Raman Qurbanov tam müalicə olunmuş yaralılardan birinin dediklərini xatırladır: “Bu qayğının ödənci Böyük Qələbə olacaq, həkim!”
Duyumum deyir ki, bütün yaralılar hərbi hissələrinə bu niyyətlə qayıdıb...
Aprel döyüşlərindən sonra tibb xidməti polkovnik-leytenantı Raman Qurbanov "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.
“Xidmətimə verilən dəyərə görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm. Ən böyük təltifim əməliyyat edib sağaltdığımız hərbi qulluqçuların təbəssümüdür...” Cərrahın dediklərini hərbi səhiyyəmizdə xidmət  edənlərin, işləyənlərin hamısının dediyinə zərrəcə şübhəm yoxdu; onların amalı hərbi qulluqçulara xidmətdi, bu xidmət həm də qələbə üçündü...
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"