Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:48

“Bayraqtəpə” ehtiramın kitabıdı

Aprel döyüşləri ədəbiyyatımızın da qələbəsi oldu. Döyüşlərdən az sonra neçə-neçə dəyərli əsərlər yazıldı, indi də yazılır. Hər biri ordumuzun gücünə sevginin, ordumuzun qüdrətinin, ordu ilə xalqın birliyinin bədii ifadəsidir. Oxucu oxuyur, düşünür, inanır. İnanır ki, belə qələbə qazanan ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu baxımdan dövlətçiliyimizə, ordumuza sevgisinin təzahürü olan belə əsərlərin əksəriyyəti təkcə tarixiliyi ilə deyil, həm də bədii dəyəri ilə səciyyəvidir. Şair-jurnalist Rəşid Faxralının "Lələtəpə" və "Bayraqtəpə" kitabları bu qəbildəndir. "Bayraqtəpə" kitabına 2016-cı ilin aprel döyüşlərini əks etdirən məqalələr,  Azərbaycan əsgərinə - aprel zəfərini qazananlara ithaf edilən "Zəfər sənin zəfərindi" poeması daxil edilib. Məqalələr faktların publisistikanın imkanlarıyca tarixləşdirilməsi baxımından, poema tarixi faktları, bütövlükdə döyüşlərin bədii təqdimi baxımından diqqət çəkir. Bu günlərdə "Bayraqtəpə" kitabı Gəncə hospitalında müalicə olunan hərbi qulluqçulara da çatdırıldı.
Rəşid Faxralı 2016-cı ilin aprel döyüşlərindən, döyüşənlərindən, şəhidlərdən, kitabın necə yazılmasından və niyə yazılmasından danışdı. "Bu kitabın mənəvi müəllifi o vaxtlar xidmət edən hərbi qulluqçularımızdı.  Mən, sadəcə, onların yazdığı tarixi sizə məqalələrə, poemaya çevirib gətirmişəm",  - Rəşid Faxralı belə dedi. Bu etiraf, bu fikir Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsinə, qələbə əzminə verilən dəyər kimi dinlənildi. "2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlətə, dövlətçiliyə, hərbi anda sədaqətinin timsalıdır. Bu döyüşlər azərbaycanlı zabitlərin hərbi səriştəsinin səviyyəsinin göstəricisidir. Bu döyüşlər Böyük Qələbənin başlanğıcı kimi tarixləşdi...".
Tədbirdə iştirak edənlər Rəşid Faxralının söhbətini maraqla dinlədilər: “Müharibədə, müharibə şəraitində söz də silahdı. Yüksək döyüş hazırlığına malik olan əsgərin ruh qardaşı olmayan şair, yazıçı necə deyə bilər ki, mən də bu xalqın oğluyam? Deyə bilməz, desə də kimsə ona inanmayacaq. Aprel döyüşlərindən iki gün sonra Lələtəpədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (indi gizirdi) Tahir Misirxanovla söhbətləşdik. Onda minlərlə yeniyetmənin,  birinci Qarabağ  müharibəsinin iştirakçısının döyüşlərə gəlmək istəyini demişdim. Tahir ani sükutdan sonra dillənmişdi:
- Ordumuz güclüdü, torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Bunu onlar da bilirlər. Mənəvi dəstək bəsdi. Bu mənəvi dəstək bizim gücümüzə güc deməkdi.
Onda qətiləşdirdim ki, ədəbiyyat da, jurnalistika da döyüşənlərə ciddi, çox ciddi mənəvi dəstək olmalıdır. 2016-cı ilin aprel zəfərini qazananlara hamımız minnətdarıq, bu tarixi yazanlara tarix də minnətdardı. İstər "Lələtəpə", istərsə də "Bayraqtəpə" bu qənaətin kitabıdı. Məni sizin əhatənizə gətirən məhz bu istəkdi - döyüşənlərə,  sülh  danışıqları baş tutmasa Ali Baş Komandanın əmriylə döyüşəcək siz əsgərlərə ehtiramı. Böyük Qələbənin son gülləsini atacaq əsgərdən müsahibə almağın təşnəsiyəm. O müsahibə indiyəcən yazdıqlarımın üzərliyi olacaq!..
Hospitalda müalicə alan hərbi qulluqçuların həm aprel döyüşlərinə, həm də döyüşlərə, şəhidlərə aid sualları təsdiqləyirdi ki, onlar bu tarixi zəfərin istər hərbi, istərsə də mənəvi dəyərini yaxşı anlayır, bu zəfərlə  qürurlanır, müəyyən mənada döyüşlərin iştirakçılarına həsəd aparırlar.
Özüm də jurnalist kimi, şair kimi, sıranızdayam sözüm də sıranızdadı. Bütün həmkarlarım da, mənim kimi sizin hər birinizi öz əzizi bilir, ordumuza güvənir, ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyinə inanır.”
Rəşid Faxralının "Zəfər sənin zəfərindi" poemasından oxuduğu misralar müalicə olunan hərbi qulluqçuları duyğulandırırdı.
Hamının təəssüratı eyni idi: "Bayraqtəpə" kitabı aprel döyüşlərinin iştirakçılarına şair-jurnalist ehtiramının kitabıdır!..

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"