Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:47

“Bayrağımız qürur mənbəyimizdir”

Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəbdə  "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil Nazirliklərinin dəstəyi ilə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəbin müəllim və şagirdləri iştirak edən "Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirildi.
Tədbiri məktəbin gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən müəllimi Niyaməddin Novruzov Prezident, Ali Baş Komandan İlham Əliyevin "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır", - sözləri ilə açaraq bildirdi ki, bayraq, gerb və himn hər bir dövlətin rəsmi dövlətçilik atributudur. "Bu atributlar hər bir vətəndaş üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün canlar fəda olunur. Üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Biz şagirdlərimizi bu ideyalarla tərbiyə edirik".
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov bayrağın insanın, xalqın və millətin həyatında önəmindən, gənc nəslə daim təbliğ olunmasının vacibliyindən danışaraq bildirdi ki, "Bayrağımız qürur mənbəyimizdir" layihəsinin əsas məqsədi orta məktəblərdə bayrağa sədaqət andının təbliğiylə yanaşı, şagirdlərdə milli-mənəvi dəyərləri formalaşdırmaqdır. "Biz şagirdlər arasında söhbətlər apardıq, inşalar yazdırdıq. Onları oxuyarkən qürur duyduq. Hər birinin bayrağımıza sevgisi, bayraq haqqında fikirləri sevindiriciydi. Minlərlə şagirdimiz bayrağa sədaqət andı içib. Bu and hərbi andla daha dönməz olacaqdır. Sevindirici haldır ki, dünya dövlətləri arasında, ancaq bizdə bayrağa sədaqət andı içilir. Bu and insanların milli ruhunun yaşarılığı deməkdir. Şagirdlərimizdə milli-mənəvi ruhu daha da gücləndirməliyik. Bugünkü tədbirimizdə şagirdlər boyunlarına üçrəngli bayrağımızı təmsil edən qalstuklar taxıblar. Bu isə o deməkdir ki, biz aldığımız nəfəsə görə bayrağımıza borcluyuq". 
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Hafiz Həsənov səhnəyə gətirilən  Azərbaycan Respublikasının Dövlət Bayrağını 6 saylı məktəbin müəllimi  Niyaməddin Novruzova təqdim etdi. Bu təqdim etmənin qüruru məktəblilərin düşüncələrini titrətdi.
Azərbaycan əsgəri də, onlara güvənən məktəblilər də inanır ki, dövlət bayrağımız Şuşaya, Cıdır düzünə, işğaldan azad edəcəyimiz torpaqlara sancılmaq istəyir. Azərbaycan əsgəri bayrağımızın bu istəyini yaxın vaxtlarda yerinə yetirəcək!
Şagirdlər "Bayrağa sədaqət andı" içərək hər yerdə Azərbaycan Respublikasının bayrağını hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalanması üçün mübarizə aparacaqlarına söz verdilər.
- Üçrəngli bayrağımız yüz ildi "Mən azərbaycanlıyam" deyənlərin üzərində dalğalanır.  Bayrağımız dövlətimizin müstəqilliyi uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb, - deyərək sözə başlayan Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova Ulu Öndərin çıxışlarında dəfələrlə dediyi "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - kəlamını xatırlatdı. Bildirdi ki, bayraq milli ləyaqət, heysiyyat, dövlətə sədaqət simvoludur. "Onu başı üzərində daşımaq hər bir azərbaycanlının şərəf borcudur. Ölkəmizin hər bir vətəndaşı bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu bilməlidir".
Dövlət qulluqçusu 1990-cı ilin Qanlı Yanvarını xatırladı, xalqımızın azadlıq səsini boğmağa çalışan Sovet ordusunun törətdiyi dəhşətlərdən qorxmayan, nə qədər təhlükəli olsa da,  evlərinin eyvanından üçrəngli bayrağımızı dalğalandıranlardan söz açdı, o günlərlə bağlı xatirələrini bölüşdü.
Milli Qəhrəman Rafiq Nəsrəddinovun qızı Aynur xanım günümüzün gənclərinin vətənpərvərliyi ilə qürurlandığını bildirdi. Bir qədər kövrəkliklə, bir ürək tutumunca qürurla atasının Vətən, torpaq, bayraq uğrunda şəhid olmasıyla fəxr etdiyini dedi.
Müharibə veteranı, I dərəcəli kapitan Akif Qasımov çıxışında üçrəngli bayrağımızın tarixinə nəzər saldı: "Yetmiş ildən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın dövlət bayrağı olması barədə qərar qəbul edilməsi mühüm tarixi hadisə olmaqla yanaşı, həm də xalqımızın öz keçmişinə, milli-mənəvi dəyərlərinə olan dərin etimadının təzahürüydü. Fəxrlə demək olar ki, bu gün bayrağımız dünyanın 180-dən çox müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Çox yaxın vaxtda üçrəngli bayrağımız işğaldan azad edəcəyimiz ərazilərdə də dalğalanacaqdır".
Şagirdlərdən Rafiq Əliyev, Esma Nadirzadə, Sübhan Şəfizadə, Sevda Ələkbərova, Kənan Baxşəliyev, Azər Qurbanlı, Aysu Qəribova, İsmayıl Əlisoltanlı, Gülnar Qarazadə və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərini xatırlayaraq indi elmlə, təhsillə, böyüdükdən sonra əsl vətəndaşlıq mövqeyi və borcu ilə bayrağımızı göylərə qaldırmaq istəklərini dilə gətirdilər.  İdmanda əldə etdikləri uğurlarından söz açan məktəblilər ən böyük arzularının Şuşada sancılan bayrağın mənəvi kölgəsində futbol oynamaq olduğunu uşaq məsumluğuyla dedilər.
Şagirdlər bayrağı tərənnüm edən şeirlər dedilər. Mənə belə gəldi ki, onların baxışlarında tədbirin mahiyyətinin işığı görünür.
Sonda tədbir iştirakçıları  sənədli film izlədilər.
"Bayrağımız qürur mənbəyimizdir" tədbirinin mahiyyəti təsdiqlədi ki, bu günün yeniyetmələri - məktəblilər üçün bayraq həyat amalı, yaşam fəlsəfəsidi...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"