Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:46

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan xanlıqları. Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.
Suallar:
1. Azərbaycan xanlıqları.
2. Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri.
  
Azərbaycan xanlıqları

Azərbaycan xanlıqları - XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.
Xanlıqların yaranması təsadüfi olmayıb, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanunauyğun mərhələ idi.
XVII yüzilliyin gedişində tədricən dövlət müstəqilliyini itirmiş Azərbaycanda istiqlal hərəkatı başlandı. Mərkəzi hökumət çıxışları hər dəfə amansızlıqla yatırır, sərt hərbi və inzibati-siyasi tədbirlər həyata keçirirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin bərpası ideyasını məhv etmək mümkün olmadı.  Azərbaycan ərazisində onlarla xanlıq yarandı. Azərbaycan İrandan vahid şəkildə ayrılmayıb xanlıqlara parçalandı. Bu, bir sıra səbəblərlə bağlı idi.
Birinci, mərkəzi hakimiyyətin məqsədyönlü siyasəti müstəqil Azərbaycan dövləti yaratmağı öz üzərinə götürə bilən vahid mərkəzin təşəkkülünə imkan vermədi. Səfəvi dövlətinin inzibati quruluşu buna örnək ola bilər. Bu dövlətin quruluşunda hakimlər tərəfindən idarə olunan "ölkələr" mühüm yer tuturdu. Ən mühüm inzibati idarə sistemi də mərkəzdənqaçma meyillərinin daşıyıcısı idi. Belə bir durum vahid dövlətin mövcud olduğu şəraitdə də xanlıqların təşəkkülü prosesinə rəvac verirdi.
İkinci, XVII yüzilliyin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr sıx deyildi.
Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.
Xanlıqların yaranmasının ümumi səbəbləri ilə yanaşı, bəzi önəmli tərəfləri də var idi.

Cənubi Azərbaycan xanlıqları

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dunbuli tayfasının əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığına Kazım xan (1747-1752) başçılıq edirdi. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirərək etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdılar.

Şimali Azərbaycan xanlıqları

Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: "İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxalı Hacı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".
Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.
Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq - Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".
Qarabağ xanlığı üçün ağır vaxtda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək onun inkişafına nail oldu.
O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilliyin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də, fayda vermədi".
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırmışdı. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.
Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760-1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdı.
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi.  Şahın   ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmış feodal dövləti idi. Xanlığın əsasını Mir Mehdi xan qoymuşdu. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edildi.
Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişikliklər baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.

Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı


1805-ci ildə İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən, paytaxtı Şuşa olmaqla, Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806-1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular. Nəhayət, 1826-cı ildə Rusiya Naxçıvan və İrəvan xanlıqlarını işğal etdi.
İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkitməyə çalışan Rusiya İmperiyası, ərazilərə İrandan və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdı. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdı.

Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri

Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı işğalçı siyasəti rəsmən 1804-1813-cü illər Rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Bu hadisə tariximizdə çox faciəvi rol oynamışdır.
1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə İran qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər.
Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradıldı.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mark Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza köçürülməsinə icazə verildi. Müqavilənin bağlanması münasibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi. Bu, o Qriboyedovdur ki, Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, Rusiyanın İranda səfiri təyin edilir.
Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki, qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi