Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:45

“Vətənpərvərliyini döyüşlərdə də təsdiqlədi”

Vətən, torpaq, millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Şəhidlər xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur.
Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Binəqədi rayon, Biləcəri qəsəbəsi 298 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə şəhid İlqar Məmmədovun anım günü keçirildi. "Vətən, sənin şəhidlərin" tədbirində Müdafiə Nazirliyinin, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, məktəbin şagirdləri, "N" hərbi hissəsinin şəxsi heyəti iştirak edirdilər.
Məktəbin foyesində şəhidin foto-şəkillərindən, şəxsi əşyalarından ibarət sərgi təşkil olunmuşdu.
Şəhidin büstü önünə gül dəstələri və əklil qoyuldu.
Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Polkovnik-leytenant Zöhrab İmamquliyev tədbiri açaraq bildirdi ki, şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. "Şəhidlərimiz hər birimiz üçün əzizdir. Onlar öz qanlarıyla bu torpağı Vətənə çevirənlərdəndir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: "Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!.. Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!" İlqar da Vətəninin, millətinin gələcəyini canından əziz bilənlərin sırasındaydı. Vətənimiz belə oğulların sayəsində qorunur. 2016-cı ilin aprel döyüşlərində biz bir daha bunun şahidi olduq. Bizim güclü ordumuz var. Ordumuz hər an Ali Baş Komandanın əmrlərini icra etməyə hazırdır".
Məktəbin direktoru Şaiqə Hüseynova qeyd etdi ki, bu gün məktəbimizin adını fəxrlə daşıdığı şəhid məzunu İlqar Məmmədov təhsil ocağını gümüş medalla bitirib: "Məktəbimizdə oxuduğu müddətdə özünü çalışqan, məsuliyyətli, təşəbbüskar və vətənpərvər bir şagird kimi tanıdıb. Bir sıra idman yarışlarında uğurlar qazanıb. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində oxuyarkən könüllü olaraq cəbhəyə yollanıb. Qəhrəmancasına şəhid olub. İlqar kimi igid oğullarımızın həyatı gənclərimizə örnəkdir. Bu baxımdan da şəhid məzunların adlarının məktəblərə verilməsi çox təqdirəlayiq haldır. Bu hal gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıyır".      
Şərifə ana qürura qarışıq bir kövrəkliklə İlqardan söz açdı. Onun Vətən sevgisiylə qürurlandı. İlqarın könüllü olaraq döyüş bölgəsinə gedərkən ailəsinə yazdığı məktubdakı "Əzizlərim, mən həyatda sizlərə çox borcluyam. Amma Vətən qarşısında borcum daha böyükdür...Torpaq mənə hər şeydən əzizdir. Vətən təhlükə qarşısındadır" - sözlərini xatırladaraq ən böyük arzusunu dilə gətirdi: - İlqar üçün Vətən hər şeydən öndə gəlirdi. İlqarın məzarını ziyarət edib, Qələbə xəbərini müjdələmək ən böyük arzumdur.     
Şəhidlik ölümlərin ən şərəflisidir, - deyən Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsi Gülverdiyev bildirdi ki,  şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. "Biz  aprel döyüşlərində bu sevginin şahidi olduq. Şanlı ordumuz illərdir düşmənin yaratdığı "məğlubedilməz ordu" mifini də, Ohanyan səddini də yerlə-yeksan etdi. Göstərdi ki, ordumuz hər şeyə qadirdi. İşğaldan azad olunan torpaqlarımızda ölkə başçısının göstərişi ilə quruculuq işləri görülür və Böyük Qayıdışın ilk addımları atılır".  
İlqarın sinif rəhbəri Almaz Əliyeva üzünü İlqarın büstünə tutaraq, ona xitabən çıxışına başladı: "İlqar, sənə qonaq gəlmişik. Sən ən böyük arzunu heç kəsdən gizlətmirdin, əziz balam. Bir sözün, bir söhbətin vardı: Vətən, Vətən, Vətən... Heç cürə rahatlıq tapa bilmirdin. Deyirdin, Almaz müəllim, şəhidlərimizin, əsir düşmüşlərimizin qisasını almadan necə rahatlıq tapım, necə yaşayım? Amma sən əbədiyaşar oldun, oğlum. Aprel zəfərindən sonra ilk olaraq sənə gəldim. Qələbə xəbərinin sevincini səninlə bölüşdüm. Sən daima bizim ürəyimizdəsən, bizimləsən".  
Sinif yoldaşı Arzu Xəlilova bu dünyada hər birimizin müqəddəs sandığı anlayışlardan söz açaraq bildirdi ki, bunların başında Vətən gəlir, Vətən dəyişilmir, Vətən əbədidir, Vətən anadır, Vətən müqəddəsdir. "İlqar da Vətəni məhz belə sevirdi. Yaxşı yadımdadır: böyük şairimiz Məmməd Arazın "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim" adlı inşa yazmışdıq. İlqar inşasında Vətənimizə olan hisslərini, sevgisini necə səmimi şəkildə dilə gətirmişdisə, həyatda da bunu təsdiqlədi. İlqar əsl vətəndaşıydı."
Şəhidin komandiri olmuş Səxavət Mirzəyev çıxışında dedi ki, İlqarda Vətən eşqi güclü idi: "O, vətənpərvərliyini döyüşlərdə də təsdiqlədi. Həm həkim, həm rabitəçi, həm də döyüşçü idi. Onun səsi ən ağır döyüşlərdən gəlir, yaralı əsgərləri müalicə edirdi. Cəsarətliydi, qorxu hissinin nə olduğunu bilmirdi. Ən qaynar nöqtələrə can atırdı. Sonuncu döyüşü 1992-ci il avqustun 15-də "Şişqaya" əməliyyatı oldu... Güllə İlqarın sinəsindən dəymişdi".
Səxavət müəllim İlqarın xarakter etibarilə çox duyğulu gənc olmasından, şeirlər yazmasından söz açdı və qızğın döyüşlərin birindən sonra qələmə aldığı misraları xatırlatdı: "Ana, qələbəylə qayıdacağam."
Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Binəqədi rayon təşkilatının sədri İlham Qayıbzadə, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Mərkəzi Zabitlər Evinin Təbliğat və Hərbi Kütləvi İş bölməsinin rəisi kapitan Ramil Qasımov çıxış edərək İlqarın qısa, amma şərəfli ömür yoluna nəzər saldılar.
Tədbirin sonunda Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin "Qarabağ yol gözləyir" kompozisiyası təqdim olundu.
    
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"