Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2018 11:05

General Məmməd bəy Sulkeviç: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm

(II məqalə)

Səfərbərlik elan edilən vaxt səfərbərliyə cəlb edilənlər yaxınlıqdakı hərbi hissələrə gələrək hərbi vəziyyət dövrü üçün nəzərdə tutulan ştatı tamamlamalı və əgər səfərbərliyə cəlb edilənlərin sayı hissənin ştatından çox olardısa, onda onlar malik olduqları silahın və atların miqdarına görə könüllü partizan dəstələrində birləşməli idilər. Belə bir prinsipi rəhbər tutması, Sulkeviçin fikrincə hüquqi bazası olmadığı bir vaxtda səfərbərliyin daha asan həyata keçirilməsinə zəmin yarada bilərdi. Onun təklifinə görə səfərbərliyə cəlb edilənlər öz paltarlarında, silahları və varsa atları ilə gəlməli idilər. Hərbi hissələrin ştatlarından artıq olan səfərbərliyə cəlb edilmiş əhalidən isə partizan dəstələrinin yaradılması və onların nizami hərbi hissələr ilə döyüş əməliyyatları zamanı əlaqələrinin qurulması sahəsindəki işlərin görülməsini vacib sayırdı. Məhz bunun nəticəsi olaraq, 1919-cu il iyulun 11-də Nazirliyin hökumətə göndərdiyi təklifə əsasən, həmin ilin 18-23 iyul tarixlərində hökumət tərəfindən geniş müşavirə keçirildi və partizan dəstələrinin yaradılması, onların maliyyələşdirilməsi barədə təkliflər qəbul olundu. General Sulkeviçin bununla əlaqədar Gəncə, Xankəndi, Zaqatala qarnizon rəislərinə, Xaçmaz dəstəsinin komandirinə, Qarabağ və Qazax general qubernatorlarına və Bakı Möhkəmləndirilmiş istehkam hissəsinin rəisinə teleqramlar göndərərək süvari və piyada partizan dəstələri üçün səfərbərliklə bağlı siyahıların dəqiqləşdirilməsini tələb və xahiş etmişdir. General, həmçinin partizanlarla sınaq toplanışlarının keçirilməsini vacib saymış və bununla əlaqədar Hərbi nazirin qarşısında vəsatət qaldırmışdır. Bunun nəticəsi olaraq, 1919-cu ilin noyabrında Dövlət Müdafiə Komitəsində partizanların səfərbərliklə toplanması məsələsi müzakirə olundu və mühüm qərarlar qəbul edildi. General Məmməd bəy Sulkeviçin rəhbərliyi altında Baş Qərargah tərəfindən ümumi səfərbərlik elan edildiyi təqdirdə dəmir yol xətlərinin qorunması haqqında təlimat hazırlanmışdır. Təlimata uyğun olaraq, Azərbaycan yolu xətləri beş sahəyə bölünmüşdür: Poylu-Qovlar, Qovlar-Yevlax, Yevlax-Hacıqabul, Hacıqabul-Biləcəri-Bakı, Biləcəri-Samurçay sahələri. Təlimatda, həmçinin bütün dəmir yolu xətti, habelə Şollar su kəməri mövcud olan dəmir yolu mühafizə bölmələri tərəfindən qorunmalı olduğu göstərilir.
General Məmməd bəyin Cümhuriyyət ordusu üçün Hərbi dəmiryolçular məktəbinin yaradılmasında böyük əməyi olmuşdur. Həmin məktəbin yaradılması və 10 avqust 1919-cu il tarixdən fəaliyyətə başlaması Hərbi nazirin 390 nömrəli 4 sentyabr 1919-cu il tarixli və 459 nömrəli 7 oktyabr 1919-cu il tarixli əmrləri ilə qeyd edilmişdir.
General Məmməd bəyin həmin dövrlərdə bolşeviklərin və digər xarici düşmənlərin orduya sızma imkanlarının və təxribatlarının qarşısının alınması məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyata cavabdeh bir qurumun rəisi kimi bir sıra qabaqlayıcı tədbirlərin görülməsində də böyük rolu olmuşdur. Onun vəzifəyə təyin olunmasından dərhal sonra 1919-cu il martın 31-də Cümhuriyyətin Daxili İşlər nazirinin müavini general-mayor Ağabəyova yazdığı məktub buna sübutdur. O yazırdı: 1919-cu il aprelin 5-də qoşun hissələrinin Bakıya gəlməsi ilə bağlı olaraq Hərbi nazir Səməd bəy Mehmandarov şəhərdə əks-kəşfiyyat işini təşkil etməyi əmr etmişdir. Bu məqsədlə Yasovul Yusifov Daxili İşlər Nazirliyi orqanlarına ezam olunur. Yasovul Yusifov əks-kəşfiyyat orqanları ilə Daxili İşlər Nazirliyi orqanları arasında bir əlaqə yaradacağını qeyd edir və bildirirdi ki, Bakı şəhərində casus şəbəkəsinin mövcudluğu şübhə doğurmadığı bir vaxtda onlara qarşı mübarizə işini ruslara və ermənilərə tapşırmaq olmaz. Bu məsul işə yalnız türk xalqlarının nümayəndələri cəlb edilməlidirlər. Həmin məktubu general belə bitirmişdir: "Güman edirəm ki, Siz də bu fikirdəsiniz ki, biz hər ikimiz Vətən naminə bu vacib işi qətiyyətlə həll etməliyik. Bu iş respublika naminə elə sonsuz sədaqət tələb edir ki, onu heç bir pulla almaq mümkün deyil". Generalın rəhbərliyi altında istər erməni qoşunlarının, istərsə də Denikin qoşunlarının fəaliyyətləri və planları barədə məlumat toplamaq üçün təşkil edilən kəşfiyyat kifayət qədər səmərəli işləmişdir. Bunun nəticəsi idi ki, Azərbaycanın istiqlaliyyəti üçün təhlükə törədən qüvvələrin hərəkətləri və niyyətləri barədə Hərbi Nazirliyin əlində zəruri məlumatlar olmuşdur. General Məmməd bəy Sulkeviç bütün varlığı ilə hərbçi idi, öz peşəsinə kifayət qədər bələd olan bir şəxs idi və hərbçilərdən də ancaq öz xidməti vəzifələri ilə məşğul olmağı tələb edirdi. General hərbi hissə komandirlərindən təkidlə tələb edirdi ki, hər cür siyasibazlıqdan uzaq olsunlar və yalnız öz vəzifə borclarının icrası ilə məşğul olsunlar. Onun 4-cü Zaqatala piyada alayının komandiri polkovnik Dibirova ünvanladığı teleqram bunu bir daha sübut edir. General Sulkeviç yazırdı: "Hər vasitə ilə siyasətə qoşulmaqdan uzaq olun. Bunun üçün başqa orqanlar mövcuddur. Böyük həcmli məktublar göndərməklə teleqrafı yükləməyin. Vacib və çıxılmaz hallarda baş verənlərin qısa mahiyyətini çatdırın". Bunun nəticəsi olaraq, onun tərəfindən hazırlanan və ordunun istifadəsinə verilən, Hərbi nazirin 12 oktyabr 1919-cu ildə 466 nömrəli əmri ilə qüvvəyə minmiş "Məxfi sənədlərin tərtib edilməsi, icrası və göndərilməsi qaydaları haqqında" təlimatı nümunə göstərmək olar.
Generalın Cümhuriyyət ordusu üçün ən böyük xidmətlərindən biri də Gürcüstanla bağlanan hərbi sazişin ərsəyə gəlməsi olmuşdur. General vəzifəyə təyin olunduqdan dərhal sonra ordunun müəyyən silah-sursatla komplektləşdirilməsi, zabit kadrların və əsgərlərin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi üçün Gürcüstanla hərbi əlaqələrin qurulmasını vacib sayırdı. Bu səbəbdən general dəfələrlə Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovla və ya ayrılıqda Gürcüstanın Tiflis şəhərində xidməti ezamiyyətlərdə olmuşdur. Xidməti ezamiyyətlər barədə Hərbi nazirin 11 iyul  1919-cu il tarixli 285 nömrəli, 19 oktyabr 1919-cu il tarixli 488 nömrəli, 10 noyabr 1919-cu il tarixli 519 nömrəli və 15 dekabr 1919-cu il tarixli 576 nömrəli əmrləri Mərkəzi Dövlət Arxivində saxlanılmaqdadır. Şübhəsiz ki, bu səbəbdən 1919-cu il iyunun 16-da iki ölkə arasında imzalanmış hərbi sazişi Cümhuriyyətin Xarici işlər naziri Məmmədyusif Cəfərov, Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov ilə yanaşı, general-leytenant Sulkeviç də imzalamışdır. Tiflisdə imzalanmış üç il müddətinə, on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublika ona mümkün hərbi  köməyi göstərməsi idi.  Bu sazişin  imzalanması həmin dövrdə Azərbaycan dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərməsini öz öhdəsinə götürdü. İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi 1920-ci il yanvarın 20-də təsis edilmiş Azərbaycan-Gürcüstan müştərək Hərbi Şurasına Hərbi nazirin köməkçisi general-leytenant Əlağa Şıxlinski ilə yanaşı, Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç də seçilmişdi.
General Məmməd bəy Sulkeviç Baş Qərargah rəisi kimi xidmətə başladığı aylardan Qarabağda vəziyyəti daim nəzarət altında saxlamışdır. 1920-ci ilin yanvarında Qarabağda vəziyyət mürəkkəbləşəndə Sulkeviç özü də bölgəyə gəlmiş, Ağdama iki ədəd zirehli avtomobil göndərmişdir. Vəziyyətlə tanış olduqdan sonra bölgədə hərbi texnikanın sayının artırılmasını məqsədəuyğun hesab etmişdir. O, həmçinin Qarabağın müdafiəsi üçün Qarabağın özündə əlavə kürd dəstələrinin yaradılması ideyasının da müəllifidir. O, vaxti ilə Türkiyədə yaradılmış olan kürd qeyri-nizami alaylarını nümunə gətirərək Qarabağda yaşayan yüksək hərbi keyfiyyətlərə malik kürd əhalisindən istifadə edilməklə süvari və piyada hissələrin yaradılmasını mümkün hesab etmişdir. General Məmməd bəyin bu təklifi Hərbi nazir Səməd bəy Mehmandarov tərəfindən bəyənilmiş və nazirin əmri ilə kürd hissələri təşkil edilmişdir. Hətta Azərbaycan Hərbi Məktəbi yaradılarkən orada kürd bölməsinin də yaradılması Nazirin 31 oktyabr 1919-cu il tarixli 507 nömrəli əmri ilə təsdiq edilmişdir.
 Generalın Cümhuriyyət ordusu üçün gördüyü xidmətləri və sədaqəti Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov daim yüksək qiymətləndirmişdi. 1919-cu il sentyabrın 18-də Parlamentdə hərbi qulluqçuların vəzifə maaşlarında Baş Qərargah rəisi üçün 6225 rubl təsdiq olunmasına baxmayaraq Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov 21 sentyabr 1919-cu il tarixli 422 nömrəli əmri ilə vəzifə maaşlarını elan edərkən əmrdə "şəxsən Sulkeviç üçün" yazmaqla daha yüksək, Nazir köməkçisinin maaşı qədər vəzifə maaşı verməsini göstərmişdir.
Lakin Qarabağdan qayıtdıqdan az sonra, Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç Hərbi nazirin 17 fevral 1920-ci il tarixli 105 nömrəli əmri ilə Azərbaycan Ordusu sıralarından tərxis oldu. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün çox dəyərli xidmət göstərmiş Məmməd bəy Sulkeviçin ordudan nə səbəbdən tərxis olunması Cümhuriyyət ordusunun bu günə kimi açılmamış qaranlıq səhifələrindən biridir. Ancaq general Sulkeviç ordudan ayrıldıqdan sonra Azərbaycanı tərk etməmiş, Azərbaycan hökumətinin çox məsul tapşırıqlarını yerinə yetirmişdir. O, Nazirlər Şurası sədrinin əmri ilə Bakıdan keçərək Rusiyaya hərəkət edən Könüllü Ordu qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin edilmişdir. 
Azərbaycanda bolşevik işğalı baş verəndə Məmməd bəy Sulkeviç də Cümhuriyyətin bir çox general və zabitləri kimi həbs edilmişdir. Başqa cür də ola bilməzdi. Çünki Cümhuriyyət ordusunun formalaşmasında böyük xidmətlər göstərmiş milli ruhlu bir şəxsin varlığını daşnak xislətli bolşeviklər qəbul edə bilməzdilər. Qısa müddətli həbsdən sonra Məmməd bəy Sulkeviç 1920-ci il iyulun 15-də sorğu-sualsız güllələndi.
Çox hörmətli Şəmistan Nəzirlinin "Cümhuriyyət generalları" kitabında Məmməd bəy Sulkeviçin həyatının son anlarının şahidi olmuş iki nəfərin xatirələri verilmişdir. Birinci xatirə M.Ə.Rəsulzadəyə istinad edilmişdir: "Qardaşım, parlament üzvü Mehmet Əli bəyin hekayətini ilk dəfə xalqa çatdırmaq istəyirəm. O, qorxmaz general Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Mehmet Əli bəy söyləyirdi: Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdür. Onun gözlərinə baxmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik... General Sulkeviç özü bizi qabaqladı. Sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Xudahafiz."
İkinci xatirənin müəllifi isə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şöbə müdiri işləmiş Meçislav Stanislavoviç Ruzdinski idi: "1920-ci il aprelin 28-də bolşevik çevrilişi baş verdi. Mən Polşa nümayəndə heyətinin üzvləri ilə birlikdə həbs edildim. Bir neçə gündən sonra bizi Fövqəladə Komitəyə apardılar. Az sonra general Məmməd bəy Sulkeviç də buraya gətirildi. Çevrilişdən bir neçə gün sonra sübh çağı çekistlər içəri girərək bir neçə nəfəri oyatdılar, əşyalarını yığmağı onlara əmr etdilər. Çekistlər tələsirdilər, haraya aparacaqları barədə heç nə demirdilər. Mən general Məmməd bəy Sulkeviçin yaxınlığında yatmışdım. General bizlərdən bir neçə nəfərin əlini sıxmağa macal tapdı. Xudahafizləşərkən tam əminliklə bilirdi ki, onu güllələməyə aparırlar. Onu da qeyd etməliyəm ki, general özünü çox ləyaqətli və mərdcəsinə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə əksinqilabi fəaliyyətdə ittihamlandırılanların güllələnməsi haqqında məlumatı oxuduq. Bu siyahıda general-leytenant Məmməd bəy Sulkeviçin də familiyası vardı. O da mənə məlumdur ki, general Sulkeviç haqqında heç bir araşdırma, məhkəmə istintaqı olmadı. O, Azərbaycan Demokratik ordusunun generalı olduğuna görə sorğu-sualsız güllələndi."
General-leytenant Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusu və Azərbaycan xalqı üçün xidmətləri daimi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Ordusunun 80 illiyi ilə əlaqədar çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu sahəsində xidmətləri ilə bu gün də millətə və Vətənə sədaqət nümunəsi sayıla biləcək peşəkar hərbçilərdən tam artilleriya generalları  -Hərbi nazir Səməd bəy Mehmandarov, nazirin köməkçisi Əlağa Şıxlinski ilə yanaşı, polyak millətindən olan Ordunun Baş Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviçin də adını çəkmişdir. Ümummilli liderimiz Heydər Əliyev bildirmişdir ki, onlar çox işlər görmüşlər. O vaxt gənc, müstəqil Azərbaycan Ermənistan təcavüzünə, Ermənistanın Azərbaycanda törətdiyi təxribatlara qarşı mübarizə, döyüşlər aparırdı və uğurlu işlər görürdü.
2017-ci il sentyabrın 7-də  Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimlərindən general-leytenant Məmməd bəy Sulkeviçin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmiş və Müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətləri barədə danışaraq, general-leytenant Məmməd bəy Sulkeviçin Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında əhəmiyyətli işlər gördüyünü qeyd etmişdir.
General ömrünün son anına kimi Cümhuriyyət ordusuna sədaqətini nümayiş etdirmiş, onun əqidə bütövlüyü, zabit əyilməzliyi və Azərbaycan xalqı qarşısında göstərdiyi təmənnasız və sədaqətli xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı və sədaqət nümunəsi sayılmalıdır.

Atamalı ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti