Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2018 12:57

Tarixin anları, anların tarixi

Hər şəkil bir anın yaddaşıdı, ideyalı, məzmunlu şəkil - tarix. Belə şəkillər yaşadılır, yaşadıldıqca  olmuşları yaşadır; belə şəkillər sənədliliyiylə, kövrəkliyiylə, qürurluğuyla dəyərlidir. Baxırsan, gördüklərin düşüncələrinə hopur. Çəkildiyi anın səssiz kəlmələrini eşidirsən. Bu an dövrdü, zamandı. Zamandan uzaqlaşdıqca yaddaşlaşan bir anın informasiyasının dəyəri daha da artır...
Güləhməd Vəliyev fotoqraf olub. Qarabağ müharibəsi iştirakçısıdı. Döyüşlər səngiyəndə məzmunlu anları yaddaşlaşdırıb. Aradan illər keçib. “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov bu şəkillərin tarixi dəyərinə tarixi qiymət verilməsinə vətəndaş təəssübkeşliyiylə sayğı göstərib. Onun təşəbbüsü (və cəfakeşliyi!) ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində bir qərinənin o üzündə qalan anların görüntülərini yaşadan şəkillərin  sərgisi təşkil edildi. Yeniyetmələr də baxıb o şəkillərə, cavanlar da, qocalar da. İndi yaşlaşmış müharibə iştirakçısı şəkillərdən birinin önündə ayaq saxlayır, baxır, bir-iki addım da yaxınlaşıb, yenə baxıb. Özünümü tanıyıb şəkildə, döyüşdə şəhid olan səngərdaşınımı? -  kövrəlib...
Ermənilər Bağanıs-Ayrımda (Qazax) faciə törətdi...
Ermənilər Ağdabanda (Kəlbəcər) faciə törətdi...
Ermənilər Meşəlidə (Ağdam) faciə törətdi...
Erməniliyin nə olduğunun dərki üçün Xocalı faciəsini xatırlamaq kifayətdir...
Bu şəkillər o illərdə çəkilib...
Ermənilərin təxribatlarının, həmlələrinin, hücumlarının qarşısını yerli müdafiə batalyonları və əhalinin əli silah tutanları alırdı. Təchizat zəif olsa da, silah-sursat çatışmasa da, bu çatışmazlıq döyüşlərə təsir göstərsə də, Xalq şairi Xəlil Rza demişkən, döyüşənlər Vətən sevgisiylə silahlanmışdı, döyüşənlər qətiyyətlə, cəsarətlə, mərdliklə döyüşürdü. Şəkillər o döyüşlərdə, döyüşlər ara verəndə çəkilib...
Hakimiyyət səriştəsizliyi, yaradılan ordunun peşəkar zabitlərlə komplektləşdirilməməsi, yerli müdafiə batalyonları arasında koordinasiyanın zəifliyi, vahid komandanlığın olmaması və s. kimi amillər torpaqlarımızın 20 faizinin işğalına səbəb oldu. Şəkillər o illərdə çəkilib.
1992-ci ilin iyununda Goranboy əməliyyatıyla Şaumyan (kənd) rayonu, neçə-neçə mühüm əhəmiyyətli  yüksəkliklər ermənilərdən təmizləndi. Az sonra ermənilər döyüşlə Ağdərədən çıxarıldı. Şəkillər o döyüşlərin şəklidi...
Şəkillər də əsgər dostluğunun  görüntülərinin şəklidi...
Bu şəkillərdə yaralı əsgərə qayğı var, sayğı var; bu qayğı, bu sayğı Azərbaycan əsgərinin döyüş, qələbə ruhundan süzülür...
Yaralıları döyüşün içindən çıxardıb təxliyəsini təmin edib döyüşə gedənlərin əzminin, torpaq sevgisinin şəklidi; əsgərlərin baxışlarında çırpınan qələbəyə təşnəlik aydınlığıyla duyulur...
Hər şəkildə kifayət qədər düşündürücü məzmun var; Güləhməd Vəliyev duyduğu anları tarixləşdirə bilib. Silahıyla döyüşüb, fotoaparatıyla yaşadıb. Sərginin təşkilatçısı 25-30 ilin o üzündə yaşanılmış anlara bu biçim yaşam verib. Şəkillər həm tarixdi, həm də zaman anlamında dünənlə bu günü müqayisə faktı. Şəkillər deyir ki, (və etiraf edir ki) ordumuz o vaxtkı ordu deyil, indi yüksək döyüş hazırlığına malik nizami ordumuz var. Ordumuz indi ən müasir silahlarla təchiz edilib, şəxsi heyətə yüksək səviyyədə şərait  yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır". 25-30 il əvvəl çəkilmiş şəkillərə bu inamın şəkli kimi baxılıb...
Şəkillərdə Yusif Mirzəyevi, Vəzir Orucovu, Mehman Hüseynovu, Mübariz İbrahimovu, ..., balaca Qəqənini, hamının Starik çağırdığı Həmzə kişini, ... görmək istədim. 1992-ci ilin qışında Murovdağda döyüş növbətçiliyinə necə gedildiyi anları, o hünərləri görmək istədim. Tanımadığım igidləri - ruh qardaşlarımı gördüm. "Zamanında döyüşçü olduğuna, döyüşə-döyüşə belə şəkillər çəkdiyinə görə çox sağ ol, Güləhməd!" - dedim. Tarixin anlarını, anların tarixini yaratma, yaşatma missiyası da qibtəediləcək vətəndaşlıqdı...
Hər şəkil müharibənin bir anının görüntüsüdü. Hücum əmri almış ekipaj, yaralıların təxliyəsi, mərmilərin yaraladığı yollar, yiyəsiz evlərin ürək göynədən görkəmi, mövqe qələbəsinin sevinci,... sülh danışıqları baş tutmasa yaxın vaxtlardan döyüşlərdən çəkiləcək şəkillərdə Böyük Qələbənin ovqatını da görəcəyik, özünü də. Onu Güləhməd Vəliyevin, bir də heç zaman unutmadığımız Əli Qafarovun davamçıları çəkəcək...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist