Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2018 12:57

General Məmməd bəy Sulkeviç: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm

(I məqalə)
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkilatlanmasında, möhkəmlənməsində və onun yüksək döyüş qabiliyyəti olan bir orduya çevrilməsində son dərəcə dəyərli xidməti olmuş hərbçilərdən biri də general-leytenant Məmməd bəy Sulkeviçdir. O, çar Rusiya ordusunda general-leytenant rütbəsinə qədər yüksəlməklə çox zəngin hərbi təcrübə əldə etmişdi. Məhz buna görə də o, Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarov tərəfindən Azərbaycana dəvət edilmiş və onun tərəfindən Azərbaycan hökuməti qarşısında M.Sulkeviçin Cümhuriyyət ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi haqqında vəsatət qaldırılmışdı.
Məmməd bəy (Masey) Sulkeviç milliyyətcə Polşa tatarı idi və 20 iyun 1865-ci ildə Polşanın Kemeyşi malikanəsində anadan olmuşdu. Atası Aleksandr Sulkeviç Qusar alayında polkovnik hərbi rütbəsində xidmət edib.
İlk hərbi təhsilini Voronej Kadet Korpusunda və Mixaylov Artilleriya Məktəbində əldə edən Məmməd bəy (Masey) Sulkeviç Çar ordusunda hərbi xidmətə 1886-cı ildə başlamış və ilk zabit rütbəsini 1886-cı ildə almışdır. 1894-cü ildə Rusiya İmperiyasının Baş Qərargahının Hərbi Akademiyasını bitirir. 1910-cu ildə general-mayor, 1915-ci ildə isə general-leytenant hərbi rütbəsinə layiq görülür. O, 1900-1901-ci illər rus-çin və 1904-1905-ci illərdə isə rus-yapon müharibələrində iştirak edib. Rus-yapon müharibəsində general Səməd bəy Mehmandarovla və Əlağa Şıxlinski ilə tanış olur. Birinci Dünya müharibəsində isə, öncə korpusun qərargah rəisi, daha sonra Şimal cəbhəsinin 3-cü piyada diviziyasının və 37-ci piyada korpusunun komandiri vəzifələrində xidmət edib. O, hərbi xidməti ilə yanaşı, xeyriyyəçilik ilə məşğul olub və Polşa tatarlarının etnoqrafiyasının tətqiq edilməsində və yayılmasında xidmətlər göstərib. Həmin araşdırmaların dövri mətbuatda çap etdirilməsinə yardım etmişdir. Məhz 1902-ci ildə onun təşəbbüsü ilə Peterburq Universitetinin şərqşünaslıq üzrə polşalı professoru Muxlinckinin "Litva tatarlarının mənşəyi və vəziyyəti haqqında elmi araşdırması" kitabına ön söz yazmış, həmin kitabın Odessa Hərbi dairəsinin tipoqrafiyasında çapı ilə bağlı bütün xərcləri öz üzərinə götürmüşdür. 
Fevral inqilabından sonra, 1917-ci ilin iyulunda Kazanda Rusiya müsəlmanlarının qurultayında yaradılan "Əsgəri Şuraya" rəhbərlik etmiş, Müvəqqəti hökumətin qərarı ilə Rumıniya cəbhəsində olan hərbi hissələrdən 3 diviziya tərkibində "Müsəlman Korpusunun" yaradılmasına başlamış və həmin korpusun komandiri vəzifəsinə təyin edilmişdir. Qeyd etmək lazımdır ki, həmin korpusun komandir heyəti əsasən Polşa tatarlarından təmsil olunurdu.
General-leytenant Məmməd bəy Sulkeviç 1918-ci ilin son aylarına kimi Krımda yaradılmış yerli hökumətin baş naziri, eyni zamanda Müdafiə və Daxili işlər naziri kimi fəaliyyət göstərmişdir. 
Tam artilleriya generalı Səməd bəy Mehmandarov Rusiya ordusunda yaxşı tanınan və savadlı türk-müsəlman əsilli hərbçilərin Cümhuriyyət ordusuna cəlb edilməsini daim diqqət mərkəzində saxlamışdı. Məhz bu səbəbdən, hələ rus-yapon müharibəsindən tanıdığı generalı böyük məmnuniyyətlə Cümhuriyyət ordusuna dəvət etmişdi.
S.Mehmandarov onun Baş Qərargaha təyin edilməsini nəzərdə tutmuşdu. M.Sulkeviçə qədər Cümhuriyyət ordusunda Baş Qərargah rəisi vəzifəsi yox idi və bu vəzifə sahibinin görməli olduğu işlər başqa vəzifədə olan zabitlər tərəfindən icra olunurdu.
Ordunun Baş Qərargah rəisi vəzifəsinin təsis edilməsi ilə bağlı Hərbi nazir Səməd bəy Mehmandarov hökumətə ünvanladığı məktubda göstərirdi ki, qoşun təlim-tərbiyəsi, ordunun müharibəyə hazırlaşdırılması ilə gündəlik cari məsələlərin, təsərrüfat problemlərinin bir orqanda, yəni, həmin dövrdə mövcud olan Ümumi qərargahda birləşdirilməsi gözlənilən nəticəni vermir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat və təminat qayğıları da artır. Onların həlli xeyli vaxt apardığından ordunun təşkili, döyüş hazırlığının lazımi səviyyədə aparılması üçün kifayət qədər vaxt ayırmaq mümkün olmur. Belə bir boşluğun aradan qaldırılması üçün Baş Qərargahın təsis edilməsini məqsədəuyğun hesab edirdi. Onun fikrincə belə bir strukturun yaradılmamasına səbəb indiyədək hazırlıqlı kadrların olmaması idi. Hərbi nazir hökumətə ünvanladığı məktubunda əlavə edirdi ki, üç müharibə iştirakçısı, təcrübəli hərbçi general-leytenant Məmməd bəy Sulkeviçin Azərbaycana gəlişi belə bir strukturun təşkili üçün imkan yaratmışdır. Məhz bu səbəbdən, general-leytenant Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə hökumət qarşısında vəsatət qaldırıldı.  Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 mart 1919-cu il tarixli 147 nömrəli əmri ilə general-leytenant Məmməd bəy Sulkeviç Ordunun Baş Qərargah rəisi vəzifəsinin icrasına buraxılmışdı. Cümhuriyyət ordusuna qəbul olunma əmrində general Sulkeviçin adı Məmməd bəy kimi keçir, ona görə də onun Cümhuriyyət ordusuna qəbul olunmadan öncə Masey adını dəyişərək Məmməd bəy adını götürdüyünü ehtimal etmək olar. Həmin əmrin 2-ci və 4-cü paraqrafları Baş Qərargaha General-kvartirmeystr, Hərbi-topoqrafiya, Qoşunların daşınması üzrə idarənin, Rabitə və Avtomobil hissəsinin tabe edilməsi barədədir. 3-cü paraqrafda Baş Qərargaha qoşunların təşkili, təlimi və dislokasiya edilməsi kimi əlavə vəzifələr həvalə edilir. Eyni zamanda həmin əmrlə Baş Qərargah rəisinin Hərbi Şuraya üzv edildiyi göstərilir.
General Məmməd bəy Sulkeviç öncə vəzifənin icrasına buraxılmış və elə Hökumətin qərarı ilə Baş Qərargahın ştatının təsdiqi ilə 26 mart tarixindən həmin vəzifəyə təsdiq olunmuşdur. Hərb nazirinin 28 mart 1919-cu il tarixli 157 nömrəli əmri ilə Baş Qərargahın ştatının elan edilməsi ilə Baş Qərargahın tabeliyində olan idarələrin tabeliyində olan bölmələr bir daha açıqlanır. Baş Qərargaha tabe olan General-kvartirmeystrə operativ-səfərbərlik, nizami və hesabat hissələrin, kəşfiyyat və əks-kəşfiyyat, rabitə bölməsinin daxil olduğu göstərilir. Hərbi nazir eyni zamanda hərbi attaşeliyin idarə edilməsini də Baş Qərargahın tabeliyinə vermişdir. Məhz, Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusuna qəbul edilməsindən dərhal sonra ordunun "düşünən beyni" formalaşdırılmışdır. Həmin tarixədək bu vəzifələr qismən də olsa, Ümumi Qərargahın rəisi general-mayor Həbib bəy Səlimov tərəfindən icra edilmişdir. 
General-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi ordu hissələrinin formalaşmasında quruculuq işlərinin sürətinə və keyfiyyətinə böyük təsir göstərdi. 2-ci Bakı piyada və 3-cü Şəki süvari alaylarının formalaşdırılması və təşkili tezliklə başa çatdırıldı.
General Sulkeviçin 1919-cu ilin yazından və yayından başlayaraq Azərbaycanın şimal sərhədləri boyunca formalaşan Denikin təhlükəsinin qarşısının alınması üçün müdafiə tədbirlərinin həyata keçirilməsində xüsusi rolu olmuşdur. Arxiv sənədlərindən aydın olur ki, həmin dövrlərdə həyata keçirilən bir çox əsaslı müdafiə tədbirlərinin müəllifi general Sulkeviçdir. General ya vəzifə səlahiyyətləri çərçivəsində bu və ya digər müdafiə işlərinin icrasını təşkil edib, ya da lazımi tədbirlərin görülməsi məqsədi ilə hərbi nazirin qarşısında vəsatət qaldırıb. İrəli sürdüyü təklifləri yazılı şəkildə açıqlayıb, həmin sənədlər bu günədək Mərkəzi Dövlət Arxivində saxlanılmaqdadır. 1919-cu il iyulun 8-də Hərbi nazirə ünvanladığı raportda M.Sulkeviç şimal sərhədləri ilə bərabər Bakının da dənizdən qorunmasına xüsusi diqqət yetirilməsini vacib sayırdı. Həştərxandan Könüllü ordunun və bolşeviklərin dəniz qüvvələrinin istənilən vaxt Bakıya desant ata biləcəyini qeyd edərək yerləşdirilmiş topların müdafiə üçün yetərli olmadığını və bu məqsədlə bir sıra tədbirlərin dərhal həyata keçirilməsini lazım bilirdi. Onun göstərdiyi tədbirlər aşağıdakılar olmalı idi: dənizin müdafiəsi, dənizdən şəhərin həndəvərinin artilleriya müdafiəsinin təşkil edilməsi, ingilislərin getməsi ilə əlaqədar dənizdəki ticarət limanları Yollar Nazirliyinin sərəncamına keçməsi ilə əlaqədar Hərbi Nazirliyin strateji xarakterli məsələlərini nəzərə almaqla bütün hərbi dəniz məsələlərinin Hərbi Nazirliyin əlində cəmlənməsi.
Bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə şimal sərhədi, cəbhənin sağ cinahı və arxası dənizdən təhlükəyə məruz qala bilərdi. General Sulkeviçə görə dənizin müşahidəsinin təşkili həm sahil kəşfiyyatı, həm də üzən vasitələrlə əldə edilməlidir. Təklif edilirdi ki, ingilislərin "Qars", "Ərdahan" və "Göy Təpə" hərbi gəmilərinin Azərbaycan tərəfinə verməsini gözləmək olmaz və Yollar Nazirliyinin təklif etdiyi 2 ədəd paroxodun alınmasını, toplar və pulemyotlar quraşdırılmaqla onların döyüş imkanının artırılmasını, onların heyətinin azərbaycanlılarla komplektləşdirilməsi təmin edilsin. General, həmçinin şəhərin həndəvərinin artilleriya ilə müdafiə edilməsini və bununla da Bakı ətrafında peyda olmuş düşmən gəmilərindən müdafiə olunmasının mümkün olduğunu bildirirdi. O bildirirdi ki, Bakının dəniz kənarında yerləşməsinin xüsusiyyətləri onu etibarlı çarpaz top atəşləri ilə müdafiə etmək imkanı verir. Onun fikrincə Bayıl, Zığ və Nargin adasında yerləşdirilmiş toplar şəhərin müdafiəsini xeyli gücləndirə bilərdi. Bunun üçün o, Gürcüstandan iriçaplı sahil toplarının alınması və bununla nəinki şəhərin, hətta dəniz kənarında yerləşən digər məntəqələrin və sahil boyunca uzanan dəmir yolu xəttinin də mühafizəsinin təşkil etməyinin mümkünlüyünü bildirirdi.
1919-cu ilin avqustunda ingilislərin Bakını tərk etməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi və şimaldan gələn təhlükənin artması ilə əlaqədar general Sulkeviç 2-ci Azərbaycan piyada diviziyasının komandirinə göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərinin şimal tərəfdən qorunması həmin diviziyanın piyada alaylarına tapşırılacaqdır və onlara əlavə olaraq 5 minlik partizan dəstəsi veriləcəkdir.
General Sulkeviç Cümhuriyyət ordusunda nizamnamələrin təkmilləşdirilməsi sahəsində də xüsusi rol oynamışdır. Belə ki,  o, hərbi hissələrdə döyüş hazırlığının təşkili ilə yaxından tanış olduqdan sonra, 1919-cu ilin aprelin 12-də Hərbi nazirə yazdığı raportda qoşunların təlim-tərbiyəsinin qurulmasında rus ordusundan qalma nizami, piyada, süvari, topçu və çöl nizamnamələrinin, habelə piyada və topçular üçün atış təlimatlarının yenilənməsini və yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsinin vacib olduğunu bildirirdi.  General Sulkeviç yazırdı ki, bizim əsgərlərimizin öyrədilməsindəki çətinliklərin həlli əyani nümayiş, praktikanın nəzəriyyəyə görə üstünlük təşkil etməsini tələb edir. Nizamnamələrin təkmilləşdirilməsi ilə əlaqədar Sulkeviş təklif edirdi ki, 3 komissiya yaradılsın. Birinci piyada komissiyası, bu komissiya piyadalar üçün sıra və atış nizamnamələrini, ikinci komissiya süvari komissiyası, bu komissiya isə süvari nizamnaməsinin təkmilləşdirməli idi. Nəhayət, üçüncü komissiya,  ümumi komissiya adlanacaqdır və həmin komissiyanın üzvləri bütün qoşun növlərinin nümayəndələrini təşkil etməli idilər. Birinci komissiyaya 2-ci piyada diviziyasının komandiri İbrahimağa Usubovu, ikinci və üçüncü komissiyaya isə Süvari diviziyasının qərargah rəisi general-mayor Amaşukelinin sədr təyin edilməsi təklif etmişdir. O bildirirdi ki, nizamnamələrin məzmunu yalnız döyüş hazırlığına istiqamətləndirilməlidir.
General Sulkeviç, həmçinin ingilislərin Bakıda olmaqlarından yararlanaraq hərbi nazirlə razılaşdırıldıqdan sonra ingilis komandanlığı ilə ingilis toplarından Cümhuriyyət ordusunun hərbi qulluqçularının topçu işinin öyrənilməsinə kömək göstərilməsi üçün danışıqlar aparmış və razılıq alındıqdan sonra topların öyrənilməsi üçün 2-3 zabitin rəhbərliyi ilə 50-80 nəfərlik qrupların yaradılmasını məqsədəuyğun hesab etmiş və bu kurslara şəxsi heyətin cəlb edilməsi üçün hərbi hissə komandirlərinə göstəriş vermişdi.
Generalın Cümhuriyyət ordusu üçün gördüyü digər mühüm işlərindən biri də vəzifəyə təyin edildiyi gündən ölkənin səfərbərlik planının hazırlanması ilə məşğul olması idi. Belə bir tapşırıq ona Hərbi nazir, tam artilleriya generalı Səmədbəy Mehmandarov tərəfindən verilmişdir. Onun 1919-cu il aprelin 8-də Hərbi nazirə yazdığı məruzədə səfərbərliklə bağlı maraqlı təkliflər verdiyini görmək olar. General bildirirdi ki, səfərbərliklə bağlı müvafiq hüquqi bazanın olmaması müəyyən çətinliklər yaradır. O, səfərbərlik planının hazırlanması üçün Azərbaycanın Tiflisdəki hərbi attaşesinə "Səfərbərlik təlimatı"nın əldə edilib göndərilməsinə dair tapşırığın verildiyini bildirir və hazırkı durumda səfərbərlik məsələsinin aşağıdakı formada həll edilməsini təklif edirdi. Onun fikrincə, səfərbərlik edilən vaxt silah gəzdirməyi bacaran bütün müsəlman əhalisi çağırışa cəlb edilməlidir.
Atamalı ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti