Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 10:15

“Zabit olmağı düşünəndə birinci sinifdə oxuyurdum”

Qarşımda idmançı görkəmində bir zabit əyləşib. Onun haqqında qəzetimizə yazı hazırlamaq məqsədim təsadüfi olmadı. Tabeliyindəki şəxsi heyətlə söhbətlərimdən, bölmədə yaradılan şəraitlə tanışlıqdan qazandığım xoş təəssürat məni bu yazını hazırlamağa ruhlandırdı. Hansı əsgərdən soruşdumsa, komandirindən razılıq etdi və onun həyat yolunu özünə örnək bildiyini dedi.
Yeniyetmə vaxtlarım idi,  həyətyanı sahədə ağaclara qulluq edəndə torpağa bağlı  qocaman əkinçinin sözlərini düşündüm. "Yer üzündə, canlı-cansız, nə varsa, hamısı qayğı, diqqət umur. Sən torpağa yaxşı qulluq etsən, çəkdiyin zəhmətin də bəhrəsini görəcəksən". Hərbi xidmətdə də belədir, komandirin təcrübəsi sayəsində peşəkar, vətənpərvər şəxsi heyət formalaşır. Müəllim yetirmələriylə fəxr etdiyi kimi komandir də bacarıqlı əsgərləri ilə öyünür. Bəs gənc zabit bütün bunlara necə nail olub?
Əvvəlcə onu tanıyaq. Baş leytenant Rəhimov Nüsrət Əli oğlu, 1 iyul 1991-ci ildə Ucar rayonunda anadan olub. Sadə bir ailədə tərbiyə alıb. 2005-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub, 2012-ci ildə isə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbini bitirib.
- Zabit olmağa nə vaxt qərar vermisən? - sualıma cavabı isə marağıma səbəb olur. Deyir ki, birinci sinifdə oxuyanda əfsanəvi general, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu özünə örnək seçib.
- Elədir, Həzi Aslanovdan bəhs edən bədii filmə ilk dəfə baxanda birinci sinifə gedirdim, - onu hərbə bağlayan hisslərini bölüşür. - Bu film məni yaman təsirləndirdi, həmyerlimizin uzaq bir diyarda göstərdiyi qəhrəmanlıqdan qürur duydum. İnsafən, generalın obrazını canlandıran aktyor da bu rolu ustalıqla yaradıb. Elə həmin vaxtdan da zabit olmaq arzusu düşüncələrimə hakim kəsildi. Üçüncü sinifdə "Mən kim olmaq istərdim?" mövzusunda inşa yazanda da hərbçi olacağımı bildirdim.
Gənc zabit haqlıdır, heç kim hansısa peşəni təsadüfdən seçmir, qarşılaşdığı hadisələr, yaxud təmasda olduqları həyatını dəyişir, arzularına istiqamət verir. Məşhur bir yazıçı məhbəs həyatından əsər yaratmaq üçün özü də müxtəlif vasitələrə əl ataraq bir illik həbsxana həyatını seçir. Məhz həmin müddətdə gördükləri, şahidi olduğu hadisələr əsasında çox maraqlı bir əsər yazır. Məncə, hər sahədə belədir, seçdiyin peşədə uğur qazanmaq üçün ona qəlbən, ruhən bağlı olmalısan. Zabit olmaq şərəfli olduğu qədər də çətin, məsuliyyətli peşədir. Gör neçə sayda əsgərin taleyinə cavabdehlik daşıyırsan, o gəncləri bacarıqlı döyüşçü kimi hazırlamaq vəzifəsi sənin üzərinə düşür. Məhz buna görə də hər bir zabit komandir olmaq üçün bu peşənin incəliklərinə bələd olmalıdır..
Tələbə olmuşuq, təhsil aldığımız illərdə çox vərdişlər qazanmışıq, dəyərli müəllimlərimiz bizə elmin, həyatın sirlərini aşılayıb, onların tövsiyələrindən öyrənmişik. Kursant həyatı da belədir, çoxları lap yeniyetmə vaxtlarında bu yola düşür, əvvəlcə hərbi liseydə, sonra isə ali hərbi təhsil müəssisələrindən birində oxuyur. Əslində kursant həyatı tələbə ömründən bir qədər fərqlidir. Çünki bura qapalı bir sahədir, gecə-gündüz məktəblə bağlanırsan, məhz  əsgəri xidmətdə olduğu kimi. Hərbin bütün sirlərinə alışmaq üçün burada istənilən şərait vardır.
- İlk dəfə hərbi formanı geyinəndə güzgü qarşısından çəkilmirdim, - baş leytenant deyir. - Fikirləşirdim ki, tezliklə çiynimdə zabit poqonu daşıyacam. Nə qədər qürurlanırdım. Atam da, anam da sevinirdilər. Sonralar qardaşım Vüsal da zabit olmağa qərar verəndə valideynlərimin sevinci daha da artdı. Atam deyirdi ki, o yeniyetmə olanda Azərbaycan müstəqil deyildi, yoxsa tərəddüd etmədən bu peşəni seçərdi.
İllər yel qanadlıdır, tez ötüb gedir və bir gün  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində növbəti buraxılış mərasimi keçirilir. Bu təntənəli tədbirə qatılanlar arasında kursant Nüsrət Rəhimov və onun valideynləri də vardı. Və bir gün də Müdafiə nazirinin əmri ilə hərbi hissəyə taqım komandiri təyin edilir.
- Yəqin ki,  komandir olduğun ilk günlər həyəcansız keçməyib?
Gözlərini məchul bir nöqtəyə dikir, bəlkə də xəyalı onu uzaqlara - ilk dəfə hərbi hissəyə gəldiyi vaxtlara qaytarır.
- Əlbəttə, həyəcanım az deyildi. Komandir olmaq məsuliyyətli vəzifədir. Tabeliyində olan bir qrup gəncin taleyi sənə tapşırılırsa, görün bu nə deməkdir? Amma Vətən sevgisi, peşəyə ürəkdən bağlı olmaq bütün maneələri üstələyir. Məncə, Vətəni qorumaq peşəsini seçən hər kəs çətinliklərə sinə gərməyə hazır olmalıdır.
- Nüsrət, xatırladığın, yaddaşında qalan əsgərlərin varmı?
- Var belələri. Bacarıqlı, nümunəvi əsgərlər daim komandirə başucalığı gətirir. Ümumiyyətlə, əsgərin gücü ordunun  hazırlığı deməkdir. Müdafiə nazirimiz  əbəs yerə demir ki, ən müasir silahı da idarə edən əsgərdir. Bəli, əsgər böyük qüvvədir. 2013-cü ilin oktyabrında bir əsgərim ehtiyata buraxılmışdı, Zaqatala rayonundan Vüsal Ramazanov idi. Neçə vaxt keçib, amma yenə də həmin əsgər haqqında düşünürəm. Qəbələ rayonundan da əsgərim olub - Səxavət Əhədli. Hər ikisi olduqca hazırlıqlı, nümunəvi, yüksək əxlaqi keyfiyyətlərə malik gənclər idi.
Baş leytenant qürurla söhbətinə davam edərək deyir ki, aprel döyüşlərində neçə əsgəri ona zəng edib və komandirləri ilə çiyin-çiyinə döyüşməyə hazır olduqlarını bildirib. Gənc zabitə görə, tabeliyindəki əsgərlərin inamını, etibarını qazanmaq komandirin ən böyük uğurudur. "Gərək ətrafındakıları özünə inandırmağı bacarasan. Bu, çox vacib şərtdir, amma buna asanlıqla nail olmaq mümkün deyil. Hər şeydən əvvəl komandir kollektivdə şəxsi nümunə olmağı bacarmalıdır. Bundan ötrü isə səndən tələbkarlıq, qayğıkeş, savadlı, dünyagörüşlü, bir sözlə, əsl hərbçi olmaq tələb olunur. Məsələn, intizamlı olmayan adam başqasından bu vərdişi tələb edə bilərmi? Əgər komandir şəxsi heyət qarşısında dayanırsa, bunun məsuliyyətini dərk etməlidir. Gərək bütün  keyfiyyətlərinlə tabeliyindəkilərə nümunə olasan.
- Yəqin ki, düşmənlə üz-üzə mövqelərdə xidmət etmək daha  məsuliyyətlidir?
- Həm də şərəflidir, - deyəndə qürurunu  hiss edirəm. Bir təcrübəli komandirdən müsahibə alanda demişdi ki, cəbhə bölgəsi cəsurların, qəhrəmanların ünvanıdır. Doğrudan da, ön xətdə xidmət etmək gənclərimizə bu vacib xüsusiyyətləri aşılayır, hansı ki bütün bunlar qəhrəmanlığa  səbəb olur. Zamanında Mübariz İbrahimov da, Çingiz Qurbanov da bu yolu keçiblər.
Zabitlə söhbətimdə aprel döyüşlərinə bir də qayıdırıq. Tanıdığımız insanlardan, şəhid zabitlərimizdən söz açırıq. Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik-leytenant Murad Mirzəyev haqqında söhbətimiz çox çəkir. Nüsrət də onun barəsində çox eşitdiyini, fədakar komandir olduğunu deyir. Və hesab edir ki, belə insanların ömür yolu  örnəkdir.
Gənc komandirlə sağollaşıb ayrılıram. Yolboyu onunla bağlı düşüncələrimdən ayrıla bilmirəm. "Savadlı, bacarıqlı zabitdir, uğurlarını hələ çox eşidəcəyik..."
Arif PƏNAHOV, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR