Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2018 10:29

“Sizin Vətən sevginizə Vətən deyirəm”

Hər kitab oxucunun düşüncələrini tərpədə bilmir. Müharibədən yazılan kitablar ürəklə yazılıbsa, tarixi faktlara söykənirsə, həmin fakt və hadisələrin  qəhrəmanlarına vətəndaş sayğıısıyla yazılıbsa, həm maraqla oxunur, həm də oxuyanın düşüncələrinə hopur, yaşayır, yaşadılır. Azərbaycan Ordusunun tarixi qələbəsinə həsr olunan "Bayraqtəpə" kitabı belə kitablardandır. Əməkdar jurnalist, şair Rəşid Faxralının bu kitabı publisistika ilə poeziyanın vəhdətidir: aprel qələbəsinin necə qazanılmasından, qalib əsgər və zabitlərdən publisistik məqalələr və eyniadlı poema. Publisistikanın poetikası poemanın bədii dəyərini tamamlayır.
Məqalələr ayrılıqda və vəhdətdə aprel döyüşlərinin mahiyyətinə jurnalist ehtiramıdır və özünəməxsus üslubu ilə oxuyanın düşüncələrini tərpədir. Oxuyursan, düşünürsən və inanırsan ki, Azərbaycan əsgəri güclüdür, Azərbaycan Ordusu qüdrətlidir, Böyük Qələbəni də qazanmağa qadirdir.
Belə bir kitabın "N" hərbi hissəsində gənc əsgərlərə çatdırılması, həm də müəllifin özünün çatdırması, onların vətənpərvərlik duyğularının dərinləşməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi baxımından dəyərləndirilməlidir.
Baş leytenant Tural Tahirov "Bayraqtəpə" kitabının müəllifi, əməkdar jurnalist Rəşid Faxralını gənc əsgərlərə təqdim edərək bildirdi ki, sizin döyüş növbətçiliyinə bu kitabın qələbə ovqatıyla gedəcəyinizə əminəm. Ona da əminəm ki, siz kitabın ədəbi-bədii qəhrəmanlarının döyüş yolunu davam etdirəcəksiniz... 
Rəşid Faxralı aprel döyüşlərini həm publisist, həm də şair kimi yaşatmaq istəyib və buna nail olub. Aprel döyüşlərindən silsilə məqalələr yazıb, "Bayraqtəpə" formatında "Lələtəpə" kitabı nəşr olunub. Bu kitablar ordumuzun böyük qələbəsiylə nəticələnən aprel döyüşlərinə qürurun qoşa qanadı hesab edilməlidir...
Rəşid Faxralı gənc əsgərlərlə səmimi söhbət etdi. Söhbətin qayəsi vətənpərvərliyiydi. Vətənpərvər şairin yaxın vaxtlarda döyüş növbətçiliyi aparacaq əsgərlərlə qarşılıqlı ehtirama söykənən söhbəti Vətənə köklənmişdi. Əsgərlər aprel döyüşlərindən, o döyüşlərin qəhrəmanlarından, şəhidlərdən, Azərbaycan Ordusunun qüdrətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel döyüşlərinə verdiyi dəyəri xatırlatdı: "Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir".
- Siz belə ordunun əsgərlərisiniz. Hər birinizin Mübarizləşdiyinə, Çingizləşdiyinə hamı inanır. Hamı sizin Vətən sevginizə güvənir. Aprel döyüşlərinin qalib əsgərlərinə, qaliblər sırasında gördüyümüz şəhidlərinə qədərsiz ehtiramım hələlik "Lələtəpə", "Bayraqtəpə" kitablarıdır. "Cıdır düzü", "Ərgünəş", "Şükürataz", ... kitablarının da yazılacağı günün intizarındayam. O günü siz tezləşdirəcəksiniz, o kitabları siz yazdıracaqsınız, - Rəşid Faxralının səmimi kəlmələrinin gənc əsgərlərin düşüncələrinə, düşüncələrindən ürəyinə süzüldüyünü hiss etmək çətin deyildi.
- Bayrağımız hamımızın ruhudu. Bayrağımızı siz də sevirsiniz. Mübariz İbrahimov kimi, Samid İmanov kimi, Çingiz Qurbanov kimi... Bu dönməz sevgi sizin hərbi xidmət amalınızdır. "Bayraqtəpə" poemasının son misraları sizin, bizim, hamımızın misralarıdı, Azərbaycan əsgərinə inamdı:
Gecə üzərlik üstədi,
Qələbə ərlik üstədi...
Barmağın tətik üstədi,
Zəfər sənin zəfərindi...
Ədəbi taleyimdən çox razıyam ki, Vətənə, qəhrəmanlığa, qəhrəmanlara ad olan "Bayraqtəpə" kitabımı  sizə, gənc əsgərlərə təqdim edirəm. Hərbi xidmətdən bir xatirə kimi evinizə aparacaqsınız. Kitab rəfinizdə qazanacağınız qələbədən sonra yazılacaq kitablar da olacaq. Elə burada, elə indi sizə ad elədiyim misralar qələbədən sonra yazacağım kitablardan birinin epiqrafı olacaq:
Yad torpaqda
qönçələnməz yad çiçəkləri,
Siz qoruyan hər bir izə
Vətən deyirəm.
Vətən sizin qəlbinizdən
başlayır deyə,
Sizin Vətən sevginizə
Vətən deyirəm!..
Əsgərlər də, zabitlər də şair sözünü, publisist sözünü böyük maraqla dinlədilər. Hər kəlmədə Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna inam vardı...
Əsgərlərin Rəşid Faxralıya sualları adi suallar deyildi. Hər sualın mətləbində Vətən vardı, torpaq vardı, torpaqlarımızın işğaldan azad ediləcəyinə inam vardı. Əsgərlərin Vətən sevgisinə ad olan sevgisinə Vətən deyən şair-jurnalist sualları döyüşlərdə şahidi olduğu hadisələrə istinadən cavablandırdı. Əsgər Taleh Mirzəzadənin "Müharibədə sizi ən çox kövrəldən nə olub?" sualına cavab verəndə Rəşid Faxralının səsində qəhər hiss edildi:
- 1992-ci ilin yayında Zəngilanda ezamiyyətdəydim. Mahrızlıda hamı ev-eşiyini atıb getmişdi. Kənddə bircə Qəfəs nənə qalmışdı. Onu görəndə, mərhum Alı Mustafayev demişkən, məni dəli bir ağlamaq tutdu. O vaxtdan indiyəcən yadımdan çıxmır. Qəfəs nənənin ata yurduna sevgisini unuda bilmirəm, unutmayacam. Bu sevgidə bir bəşərilik vardı...
Əsgər Murad Mirzəyevin Ağdam haqqında bir bənd şeir istəməsi Rəşid Faxralını duyğulandırdı:
- Ata yurdunu sevməyən Vətənini də sevə bilməz. Azərbaycan əsgəri həm də ona görə güclüdür ki, ata yurdunu, deməli, Vətənini sevir. Bir neçə il əvvəl yazdığım "Müharibə" poemasından bir bayatını, əsgər Muradov, sənin timsalında bütün ağdamlılara ad edirəm:
...ağ dama,
Yol almışıq Ağdama.
Nərə çəkin, yağının
gözlərinə ağ dama!..
...Sonda  əməkdar jurnalist Rəşid Faxralı "Bayraqtəpə" kitabını əsgərlərə, zabitlərə hədiyyə etdi.
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"