Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2018 10:22

Analara hədiyyə

1991-ci ilin martın əvvəllərində Füzulidə ezamiyyətdəydim. Rayon hərbi komissarının müavini mayor Rasim İbrahimovun müşayiətilə Qaradağlı kəndindəydik. Demişdilər ki, ermənilər kəndi müntəzəm artilleriya atəşinə tuturlar. Onu da demişdilər ki, bu kənddə şəhid olanlar, - vəfat edənlər ancaq gecələr dəfn olunurlar. Erməni xisləti mərhumların dəfnini də əngəlləyir. Yadıma "Yeddi oğul istərəm" filmindən bir epizod düşmüşdü: qəbiristanlıqda Bəxtiyarın dediklərini hər cür qarşıdurmadan, düşmənçilikdən də ucalıqlarda dayanan milli ucalıq kimi bir daha xatırlamışdım: "Qoyun ölülərini dəfn etsinlər. Sonra..."
Müharibənin, müharibəaparmanın özünəməxsus qanunları var. Bütün müharibələrdə dinc əhaliyə güllə atan tərəf qınanıb. Haaqa məhkəməsində alman-faşist işğalçılarına elan edilən ittihamlardan biri də əhaliyə işgəncələr verilməsiydi, öldürülməsiydi. Faktlar, hadisələr təsdiqləyir ki, ermənilik elə faşizm deməkdir.
Bu düşüncələrin cazibəsindəykən bir ağsaqqalın təsəllisinə sığınmışdıq:
- Qəddarlıqdı, insanlıq deyil. Qəddarlığın mənzili gödək olur. Bu oğullar ata yurdunu, kəndi, deməli, Vətəni qoruyur. "Gec edər, güc edər, a bala..."....
Səngərlərin o üzünü gözdən qoymayan əsgərlərin baxışları o qədər doğma, o qədər qətiyyətliydi ki...
Ağsaqqal köks ötürüb bizə, sonra qarşı tərəfə baxmışdı...
- Gec etməyəcək, ay dayı, həm də o güc düşmənin belini qıracaq! - az sonra öyrənəcəkdim ki, adı Vüqardı. Söhbətləşmişdik. "Bir-iki gündən sonra qadınlar bayramıdı. Ananı, bacını necə təbrik etmək istərdin?" - soruşmuşdum. Ani olaraq duruxmuşdu. "Özümü biləli anamı da, bacımı da təbrik etmişəm. Anam məni bağrına basıb "Aldığın "beş"lər mənə ən gözəl hədiyyədi", - deyərdi. O vaxtdan illər keçib. İndi döyüşçüyəm. Könüllü gəlmişəm. Anamı da, bütün anaları da, bacımı da, bütün bacıları da erməni şərini-xatasını sovuşdurmaqla təbrik etmək arzusundayam. Niyyətimiz ermənilərin murazını gözündə qoymaqdı! Bu, analarımıza, bacılarımıza, ən gərəkli, ən dəyərli bayram hədiyyəsi olacaq", - Vüqarın səsində hiss etdiyim qətiyyət səngərlərə sığmırdı, səngərin o üzünə meyillənirdi... Hamı bu uca niyyətin istisində isinmişdi. Ağacların xırdaca budaqlarında titrəşən yarpaqlara sığal çəkən meh o qədər munisiydi ki!..
Füzuli işğal  olunanda Rasim İbrahimov da şəhid oldu, Vüqar da.
1993-cü ilin qışında Murovdağdaydım. Qurban Qurbanovla, Bəhram Ləzimovla söhbətləşirdik. Vüqarı xatırlamışdım, onun niyyətini xatırlatmışdım. İkisi də duyğulanmışdı, ikisinin də barmaqları avtomatın qundağını sıxmışdı. Bəhram "Vüqarın niyyətini bu əsgərlər gerçəkləşdirəcək!.." - demişdi. O, qürurla əsgərlərə baxmışdı, mən - Bəhrama...
Kəlbəcər tərəfdən yel əsirdi. Bu çılğın mehi torpağın harayı bilmişdik, bu harayı Vüqarın niyyətinin carçısı...
...Bu yaxınlarda ezamiyyətdə söhbətləşdiyim əsgərlərdən biri o vaxtlar Füzulidə Vüqardan eşitdiyim mətləbin eynini dedi. "Milli  ruh döyüşçü ruhudu. Yaşadılır, yaşayır..." - düşündüm və Azərbaycan əsgərinin dünyaduyumunu ruhumuzun səyyarəsi bildim.  Mənə elə gəldi ki, şəhidlərimizin ruhları "Haqlısan..." - deyir...
O niyyət-hədiyyəni Vüqarın bütün şəhidlərimizin anasına, bacısına bu günün əsgərləri yetirəcək. Böyük Qələbə analara ən dəyərli, ən gərəkli hədiyyə olacaq, Azərbaycan əsgəri! Əsgər Nazim Cabbarov, sən də onların sırasında olacaqsan! O hədiyyəni siz verəcəksiniz! Həm öz adınızdan, həm də şəhidlərimizin ruhu adından! Hansı gün versəniz, analar o günü daha əziz bayram biləcək! O bayramın ovqatı əbədiyyən yaşadılacaq.

Səsimizə köklənəcək
Yerin səsi, göyün səsi
Qələbədi oğulların
Analara hədiyyəsi!..

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"