Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2018 09:19

Bayramınız mübarək, əziz qadınlarımız!

8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Həyatımızda öz yeri, əhəmiyyəti olan günlərdən biri. Analarımızı, bacılarımızı, bir sözlə, xanımlarımızı ən xoş arzularla təbrik etdiyimiz gündü 8 Mart.
Cəmiyyətimizdə qadınların öz yeri var. Azərbaycan qadını tarix boyu ailəyə bağlılığı, xoş rəftarı, səmimiyyəti ilə tanınıb. Bizim qadınlar ən çətin, dar günlərdə də ömür-gün yoldaşlarına, sözün həqiqi mənasında, ən yaxın dost və sirdaş olublar. Cəmiyyətimizin bütün sahələrində qadınlar indi də öz fəallığı ilə seçilir, vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər. Dövlətimizin diqqət və qayğısı sayəsində cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımızın Azərbaycan cəmiyyətində rolu böyükdür. Vətənpərvərlik ali duyğusu insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə sevgi, hədəflərə inam aşılayır. Hərbçi qadınlarımızı bu peşəyə məhz bu ali, bu müqəddəs duyğular gətirib. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir. Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Onların hərbi xidmətə nümunəvi münasibəti təqdirəlayiqdir. Qadın hərbi qulluqçularımız, mülki vəzifələrdə işləyən qadınlar da torpaqlarımızın işğaldan azad ediləcəyi günün intizarındadı. Arzu edirik ki, gələn 8 Mart - Beynəlxalq Qadınlar Günündə qəzetimizdə dərc edəcəyimiz məqalələri işğaldan azad edilən torpaqlarımızda xidmət edəcək əsgər və zabitlərimizin təbriki ilə tamamlayaq!
Mayor Günel Abbasova Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2004-cü ildə bitirib. Təlim və Tədris Mərkəzində ixtisaslaşma kursu keçib.
Günel xanım bildirdi ki, III qrupa hazırlaşırdım. "Fransız dili üzrə keçirilən olimpiadada respublika üzrə ilk yerlərdən birinə layiq görülmüşdüm. Milli Qəhrəman Şikar Şikarovun Vətən sevgisi haqqında oxuduqlarım qəbul imtahanlarına 3 ay qalmış ixtisas seçimimi dəyişməyimə səbəb oldu. 550 balla hərbi məktəbə qəbul oldum.” 
Azərbaycan qadını öz dövlətini, xalqını bütün dünyada layiqincə təmsil etməyə qadirdir. İngiltərədə, Türkiyədə keçirilən konfranslarda Vətənimizi layiqincə təmsil edən  mayor Günel Abbasova deyir ki, dünyaya ikinci dəfə yox, 100-cü dəfə də gəlsəydim, yenə hərbçi peşəsini seçərdim... 
Dövlət müstəqilliyimizin bərpasından sonra qadınlarımız da dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmişdilər. Vəsilə Adıgözəlova Vətənimizin başının üstünü qara buludlar alanda Bakı Baş Tikinti İdarəsinin Layihə İnstitutunda işləyirdi. Ordumuzun yenicə yarandığı illərdə Vətən sevgisi onu da hərbiyə gətirib. 1993-cü ildən 2010-cu ilə qədər gizir kimi xidmət edən, 3 ay döyüş bölgəsinə ezam olunan Vəsilə xanım hərb sənətini seçməsiylə qürur duyur.  Bu gün təqaüddə olan gizir dovlət qulluğunda çalışır. Oğlunun müqəddəs Vətən borcunu yerinə yetirməsindən sevinclə, fəxrlə danışaraq qeyd etdi ki, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var: torpaqlarımızı işğaldan azad etmək.
Tamilla Əliyeva 14 il baş əsgər kimi xidmət edib. Təqaüdə çıxsa da, doğma kollektivindən ayrılmayıb. 2010-cu ildən dövlət qulluğunda çalışan Tamilla xanım nümunəvi xidmətinə görə xidmət müddətində rəhbərlik tərəfindən fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlanmasıyla qürurlanır. "Torpaqlarımızın işğalda olması mənim də ürəyimi sızladır. Xidmətdə olduğum illər ərzində dövlətimizin orduya diqqət və qayğısının, ordumuzda aparılan uğurlu islahatların səmərəli nəticə verdiyinin, necə gücləndiyinin şahidiyəm. Yaxın gələcəkdə ordumuzun bizləri qələbə xəbəri ilə müjdələyəcəyinə inanıram".
Hər bir hərəkətindən, kəlməsindən hiss olunur peşəsinə sevgisi, Vətənimizə bağlılığı. Xuraman Kərimovanın gözlərinin dərinliyində bir nisgil var. Kəlbəcərdə ziyalı ailəsində dünyaya göz açan Xuraman xanım hər gün, hər saat ata-baba ocaqlarına qayıdacaqları günün həsrəti ilə yaşayır. Aprel döyüşlərindən sonra bu istəyinin reallaşacağına inamı daha da güclənib. Düşmən doğma yurd-yuvalarına göz dikəndə qardaşları Ülfət, Zöhrab və Zahid də Vətənini canından əziz bilən oğulların sırasındaydılar. 1991-ci ildə Xuraman xanım Kəlbəcər xəstəxanasında tibb bacısı kimi könüllü olaraq xidmətə başladı. Doğma rayonları uğrunda gedən döyüşlərdə Ülfət qəhrəmancasına şəhid olub, Zöhrab və Zahid yaralanıblar. Qaçqınlıq həyatı, əzizlərinin şəhid olması Xuraman xanımın həyatını yenidən bu sahə ilə bağlamasına səbəb olub. 2010-cu ilədək baş gizir kimi xidmət edən, bu gün dövlət qulluğunda çalışan Xuraman xanım "Qardaşım Ülfət şəhid olduqdan sonra məni yaşadan hərbi xidmət oldu", - deyir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Aydan Səfərəliyeva İqtisad Universitetinin nəzdində Azərbaycan Dövlət Maliyyə İqtisad Kollecini bitirib. Aydan xanım deyir ki, atam Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllimdir. "Ailəmizdə söhbətlərin başlıca mövzusu Vətən, torpaq olardı. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən bir ümmandır".
Ürəyindəki o sevgiylə bu sahəyə üz tutub. Təlim və Tədris Mərkəzində kurs keçərək arzusuna çatıb. Aydan xanım qaynar xəttə daxil olan zəngləri cavablandırır. Burada Müdafiə Nazirliyinə müraciətlər əsasında raport hazırlanır, aidiyyəti üzrə ünvanlanır. 
Dövlət qulluqçusu Əzəmət Qəhrəmanova Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. Əzəmət xanım deyir ki, vətənpərvərlik özünün Vətənin bir parçası olduğunu dərk etməkdir. “Vətənpərvərliyə önəm verən cəmiyyətin, sözsüz ki, gələcəyi də var.”
Müsahibim 5 yaşlı oğlu Mikayılın "Azərbaycan" şeirini söyləməsindən danışarkən  qürurla "Mən sabahın əsgərini böyüdürəm", - dedi.
Əzəmət xanım bildirdi ki, XX əsrdə işgəncələrə məruz qalan, əsir düşən, Qarabağ müharibəsinin ağrı-acılarını, Xocalı faciəsinin dəhşətlərini unutmayan Azərbaycan qadını bütün dünyaya sülh istəyir. "Lələtəpənin, Bayraqtəpənin timsalında illərdir düşmən əlində əsir olan əzəli torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər birimiz kimi mənim də müqəddəs arzumdur".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natəvan Məmmədova Bakı Dövlət Universitetini bitirsə də, həmişə forma geyinmək arzusunda olub. O deyir ki, son illər orduda qadınların xidmətə başlamasına şərait yaradılması hərb sənətini sevən, bu sahədə xidmət etmək arzusunda olan qadınların istəyini gerçəkləşdirdi.  “Bu imkan mənim kimi xidmət etmək istəyən xeyli qadını sevindirdi. Respublikamızda istənilən sahədə inkişaf var. Müharibə şəraitində yaşadığımıza görə Azərbaycan Ordusunun daha da güclənməsi daim diqqət mərkəzindədir. Bu, hər birimizdə ruh yüksəkliyi yaradır.”
Vətənə sevgi ilə qulluq edən kiçik çavuş vəzifəsinin sirlərini dərindən öyrənib, işlərini günün tələblərinə uyğun qurur.
Zaqatalada dünyaya göz açan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Zahidət Əliyevanın hərb sənətinə sevgisi  sonsuzdur. Uşaqlığı müharibə dövrünə düşən Zahidət xanım sirli-sehirli nağıllarla deyil, 20 Yanvar şəhidliyinə, Xocalı faciəsinə, Qarabağa, Şuşaya həsrətdən yaranmış nağıllarla böyüyüb. Xalqımızın başına gətirilən müsibətlərin canlı şahidi olaraq seçib hərbçi peşəsini. "Hərbi formanı əynimə geyindiyim gün sevincimi bütün sevdiklərimlə, dostlarımla paylaşdım. O anlarda keçirdiyin hissləri sözlə ifadə etmək mümkün deyil. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan".
Həmsöhbətim deyir ki, zəngin, qüvvətli və müstəqil Azərbaycan Ordusu xalqımızın qürurudur. “Aprel döyüşlərində ordumuz lazımi qədər hərbi gücə malik olduğunu sübuta yetirdi".
Gözlərinin anlatdığını, qəlbinin dediklərini və ruhunun pıçıldadıqlarını duyuram onlarla söhbətdə. - Azərbaycan qadını çox güclüdür, - deyirdi bu pıçıltılar. - Doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə üzərimizə düşən yükü şərəflə daşıyırıq.
* * *
Zəriflik, gözəllik və müqəddəslik simvolu olan qadın adı, ana anlayışı həmişə uca zirvələrdə tutulub. Milli xalq təfəkküründə doğma yurdun, Vətən torpağının ana adı ilə birgə tutulması da təsadüfi deyil. Öz mərdliyi, cəsurluğu və fədakarlığı ilə seçilən Azərbaycan qadını tarixin müxtəlif səhifələrində öz sözünü deyib.
Bu gün ordu sıralarında xidmət edən xanım hərbi qulluqçular vəzifə borclarının öhdəsindən məsuliyyətlə gəlirlər.
Çavuş Günel Cəfərli  1983-cü ildə Beyləqan rayonunda müəllim ailəsində dünyaya göz açıb. Milli Qəhrəman Namiq Allahverdiyevin adını daşıyan 1 nömrəli orta məktəbi bitirib. Hələ orta məktəb illərində Namiq Allahverdiyevin Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirakını araşdırıb oxuyan gənc qızın hərb sənətinə həvəsi yaranmışdı. Elə bu səbəbdən də 2005-ci ildə hərbçi olmaq istəyilə müvafiq qurumlara müraciət edir. Lakin qadın hərbi qulluqçuların ordu sıralarına qəbul edilmədiyi cavabını alır. Bu cavabdan məyuslanmayan Günel "Hansı sahədə oluramsa olum, Vətənim üçün xeyirli övlad olmalıyam" prinsipi ilə təhsil aldığı məktəbdə İngilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayır.
- Hərbçi ola bilməmişdim, ama savadlı, Vətənə, millətə bağlı şagirdlər yetişdirirdim. Və bununla da Vətənə övladlıq borcumu yerinə yetirdiyimi düşünürdüm, - çavuş Cəfərli deyir.
Ordu sıralarında aparılan son islahatlardan sonra Günel öz arzusunun arxasıyca gedərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq taleyini Vətəni qorumağa həsr edir. "Bir də həyata gəlsəydim, yenə də hərbçi olardım, torpaqlarımızın azad olunması üçün fikirləşmədən canımdan keçərdim", - çavuş deyir. - 2 yaşım olanda atamı itirmişəm. Anam həm ata, həm ana olub bizə. Ondan səbrli olmağı, düzgün qərar qəbul etməyi, çətinliyə sinə gərməyi öyrənmişəm. Anamın timsalında mən də qürurlu, iradəli olmağı öyrənmişəm. Necə deyirlər: "Aslanın erkəyi, dişisi olmaz".
- Həyatda ən böyük arzunuz nədir?
- Əksər qadın ana olmaq arzusu ilə yaşayır. Mən bu arzuma çatmışam. Hazırda Türk liseyində oxuyan qızımı gələcəkdə uşaq həkimi görmək istəyirəm. Özümün isə həyat amalıma çevrilən yeganə istəyim zabit olmaqdır. Belə bir deyim də var axı, "general olmaq istəməyən əsgər əsgər deyil".
Hazırda ön xətt hərbi hissələrindən birində xidmət edən xanım hərbi qulluqçumuz çalışdığı sahədə dəqiqlilik və etibarlılığın başlıca meyar olduğunu bildirir. Bu sahənin sirlərini, eləcə də əsl hərbçi kimi davranmağı kapitan Ayxan Allahverdiyevdən öyrəndiyini və ona minnətdar olduğunu qeyd edir.
Həyatını ordu sıralarına bağlayanlardan biri də kiçik çavuş Aynur Suvarovadır. 2014-cü ildən Azərbaycan Ordusunda xidmət edir. Astara rayonundan olan Aynur “Vətən uğrunda fədakarlıq göstərmək şərəfdir”, deyərək xidmətə yollanıb. Hazırda baş aşpaz vəzifəsində çalışan hərbi qulluqçumuz əsgərlərin dadlı yeməklərlə qidalanması üçün əllərindən gələni etdiklərini bildirir:
- Ordu sıralarına qatılarkən üç övladım vardı. İndi isə gördüyünüz bütün əsgərləri öz oğlum bilirəm. Qida rasionuna uyğun olaraq milli mətbəxin bütün təamlarını hazırlayıb əsgərlərə təqdim edirik. Qoy əsgərlərimiz daha ürəklə xidmət etsinlər. Oğlum Xəyal cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində xidmət edib. Onu hərbi xidmətə yola salanda hərbi qulluqçuydum. Azərbaycan Ordusunun qüdrətinə bələd, əsgərlərimizə göstərilən diqqət və qayğının şahidi idim. Bu səbəbdən də ürəyim rahat idi.
- Sizcə, Vətən sevgisi nə deməkdir?
- Doğulub boya-başa çatdığın torpağa ürəkdən bağlı olmaq Vətən  sevgisidir. Həyatımın geridə qalanını bu sevgiyə, bu xidmətə həsr etməyi özümə borc bilirəm.
Əsgər Gülnisə Şərbətova 1982-ci ildə Astara rayonunda anadan olub. Ziyalı bir ailədə dünyaya göz açan xanım hərbi qulluqçu orta təhsillidir. Atası Sakit kişi dəmir yolunda işləyərək övladlarını Vətənə layiq böyüdüb. Astara rayonu 5 nömrəli orta məktəbdə təhsil alan Gülnisə məktəbə addım atdığı ilk günlərdən xatirəsinə həkk olunan anı heç zaman unutmayacağını bildirir:
- Uşaq çağlarımda dəcəl olmuşam. Məktəb yaşına çatanda artıq hərfləri bilir, rəqəmləri tanıyırdım. Ona görə də məktəbə həvəslə yollanmışdım. İlk gün ibtidai sinif müəllimimiz hər birimizə “böyüyəndə kim olmaq istəyirsən?” sualını verdi. "Əsgər olmaq istəyirəm" deyəndə onun qəribə baxışlarını üzərimdə hiss etdim. Lakin verdiyim cavabın müəllimim tərəfindən bəyənildiyini hiss etdim. Vətənpərvərlik və Vətən sevgisi anlayışının geniş izahını ilk o gün almışdım. Bir gün əsgər olacağıma qərar vermişdim. Qələmlə dəftərə Azərbaycan yazırdım, indi isə torpaqlarımıza qəsd edən mənfur düşmənin qanı ilə bu sözü işğaldan azad edəcəyimiz hər qarış torpağımıza yazmağa hazıram.
Gənc ananın ən böyük arzusu övladlarının hərbçi olmasıdır.
* * *
Bu gün cəmiyyətimizin o sahəsi yoxdur ki, orada qadın əməyi görünməsin. Qadın anadır, həm müəllim, həkim, mühəndis, idmançı, həm də hərbçidir. Müsahiblərim Cəmşid Naxçıvanski adına Hərbi Liseyin mülki qulluqçuları Firuzə Əliyeva və Gülnarə Budaqova gələcəyin zabitlərinə xidmət edən peşə sahibləridir.
Firuzə xanım 20 ildən artıqdır ki, kursantların sağlamlığı keşiyindədir. Hərbi liseyin tibb məntəqəsinin həkimi olan xanım hər bir kursantı özünə doğma övladı bilir. Müstəqilliyimizin ilk illərindən ömrünü  gələcək Vətən müdafiəçilərinin sağlamlıqlarının qorunmasına həsr edib. Bu gün müxtəlif zabit vəzifələrində xidmət edən yetirmələri ilə fəxr etdiyini deyən Firuzə xanım hərbçi peşəsinin müqəddəsliyindən danışır. "Mən bu günün 16-17 yaşlı kursantlarını sabahın möhkəm, sağlam cüssəli zabitləri kimi görür, onlara daim tibbi tövsiyələrimi verirəm. Onlar tam sağlam olmalıdırlar ki, sabah ağır, çətin şəraitlərdə Vətənə xidmət edəndə çətinlik görməsinlər".
Firuzə xanım ana nəvazişini doğma övladı qədər əziz bildiyi kursantlardan heç zaman əsirgəməyib. Deyir ki, kursantlardan kimsə  xəstələnəndə narahatlıq keçirir. Fikri qalır onların yanında. Evdə olanda da zəng edib maraqlanır, soruşur, nə etmək lazım gəldiyini növbətçiyə tapşırır.
- Axı o uşaqların anaları yanlarında deyil. Buna görə də onlardan ana qayğısını, ana nəvazişini heç zaman əsirgəmirəm, - Firuzə xanım deyir.
Hippokrat andına sadiq, olduqca məsuliyyətli, işini sevən Firuzə həkim Azərbaycan Tibb Universitetini bitirib. Hərbi liseyə qədər dövlət xəstəxanalarında çalışıb və böyük  təcrübə qazanıb.
İkinci həmsöhbətim Gülnarə Budaqova isə 18 ildir ki, liseydə biologiya fənnini tədris edir. Vaxtilə dərs dediyi  məzunlar Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində xidmət edirlər. Məzunlarının xoş sədalarını eşitdikcə ürəyi sevinclə dolur, qürur hissi keçirir. "Biz həm müəllim, həm də anayıq. Kursantlardan ana kimi qayğımızı da  əsirgəmirik. Aprel döyüşlərində yetirmələrimiz də iştirak ediblər. Bəziləri hospitalda müalicə alırdı. Yığışıb onlara baş çəkdik. Ömrümüzü gələcəyin zabitlərinin təlim-tərbiyəsinə həsr etmişik. İstəyirik ki, onlar gələcəkdə zəngin  dünyagörüşünə malik bilikli, savadlı olsunlar".
Gülnarə xanımın peşəsinin məsuliyyəti ailədən qaynaqlanır. O deyir ki, atası uzun illər keçmiş Sovet ordusunun yüksək rütbəli zabitlərindən olub. Hərbi mühitdə böyüyüb. Ona görə də hərbi sahədə çalışmağı çox sevir.
* * *
Hərbi Dəniz Qüvvələrində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Azərbaycan qadınının tarixdə rolu və cəmiyətdə yeri" mövzusunda tədbir keçirilib.
I dərəcəli kapitan Natiq Bağırov tədbiri açıq elan edərək, bayram münasibəti ilə qadınları təbrik edib, Beynəlxalq Qadınlar Gününün yaranma tarixindən, onun əhəmiyyətindən danışıb. O, Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu barədə çox uca olmasından söz açıb: “Ölkəmizdə qadınların ictimai-siyasi fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdə çıxış edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.”
Natiq Bağırov çıxışını ümummilli liderimiz Heydər Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı sözləri ilə bitirib. "Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...".

"Azərbaycan Ordusu"